Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-447/2023 05.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş X1 iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X5 şikayətini onunla əsaslandırmışdır ki, vəzifəli şəxs X6 "Pravda.az”, “Azsiyaset.com” saytları rəhbərlərinin sifarişi ilə barəsində yalan olduğunu bilə-bilə “Adı qalmaqalda hallanan Eldar İsmayılovla bağlı kəskin bəyanat: Dövləti sabotaj etmək yolverilməzdir və ən ağır cinayətdir!” başlığı altında şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə səbəb olan nifrət, qərəz dolu, alçaldıcı leksik məzmunlu söz və ifadələrdən, jestlərdən istifadə etməklə kəsgin bəyanat yazmış, məni dövlət hakimiyyəti əleyhinə ağır cinayətdə günahlandırmış, bu azmış kimi, həm də, sabiq yüksək vəzifəli şəxslərin himayəsi altında Bakının mərkəzində ərazi zəbt edərək orada tikinti aparma cinayətlərini törətməkdə ittiham etməklə ona böhtan atmış, həmin bəyanatı 4 aprel 2022-ci ildə, saat 22:00-da qanuni təmsilçisi və sədri olduğu Gələcək Azərbaycan Partiyası (GAP) adından kütləvi nümayiş etdirilən internet resursunda - partiyanın rəsmi Facebook səhifəsində dərc edərək yaymaqla, həmçinin, "Pravda.az", "Azsiyaset.com”, "Konkret.az”, “Pia.az” və digər saytlara göndərərək yayımına nail olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2. və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bu saytların hamısı bəyanatın Gələcək Azərbaycan Partiyasından daxil olduğunu qeyd etmişdir. Bəyanatın yayımı aşağıdakı linklərlə hazırda da yayımlanmaqdadır. Cinayət əməli, Bakı şəhərində, Nərimanov rayonunda, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi X3 qeydiyyatda olduğu və yaşadığı ünvanda törədilmişdir. Belə ki, böhtan bəyanat rəsmi iş vaxtında deyil, 4 aprel 2022-ci ildə saat 21 - 22 radələrində özü tərəfindən tərtib edilmiş, bəyanatın rəsmi Facebook səhifəsində dərc edilməsi üçün səlahiyyətli nümayəndəsi X7 tapşırıq vermişdir. İnternet şəbəkəsində kütləvi şəkildə yayımlanan bu böhtan bəyanat ona və yaratdığı, 28 ildən bəri rəhbəri olduğu Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) kimi nüfuzlu bir təşkilata ağır maddi və mənəvi zərər vurmuşdur. Maddi və mənəvi zərər ondan ibarətdir ki, həmişə mənə və təşkilatımıza böyük hörmət bəsləyən əlaqədar rəhbər dövlət və ictimai təşkilatların, sponsor şirkətlərinin başçıları, həmçinin, təşkilatımızın 28 ildən bəri üzvü olduğu X12 İttifaqının (AİPS EUROPE) və X8 Assosiasiyasının (AİPS) rəhbərlərinin onlara münasibətləri mənfiyə doğru dəyişmiş, fəaliyyətlərinə dəstəyi dayandırmışlar. Son 2 ildə AİJA-nın bank hesabına sponsorların yardımları tamamilə kəsilmişdir. Bu böhtan bəyanatdan sonra xeyli müddət bizi mühüm dövlət tədbirlərinə, demək olar ki, dəvət etməyiblər. Bunlar həmin böhtanlarla əlaqədar şərəf və ləyaqətinin, işgüzar nüfuzunun davamlı müddətdə kəsgin şəkildə aşağı enməsinin nəticəsidir. Əlbəttə, bütün bunlar səhhətinə də təsirsiz ötüşməmişdir. Ciddi mənəvi sıxıntılar keçirmiş, ev şəraitində davamlı müalicə kursları qəbul etməyə məcbur olmuşdur. Bəyanat yayıldıqdan sonra təkcə 2022-ci ilin aprel - dekabr aylarında rəhbərlik etdiyi milli ictimai birlik AİJA əvvəlcədən planlaşdırdığı 12 layihə və tədbirin 10-u sponsor yardımı olmadığından şəxsi vəsaiti hesabına gerçəkləşdirilmişdir. Bu vəsaitin, yəni, ona vurulmuş maddi ziyanın məbləği orta hesabla 21 000 manat təşkil etmişdir. Cinayət nəticəsində ona dəyən mənəvi zərəri isə 50 000 manat qiymətləndirir. İnternet resurslarında, GAP-ın rəsmi Facebook səhifəsində qeyd etdiyi siyasi partiyanın hüquqi ünvanı, mərkəzi iqamətgahının yerləşdiyi yer, sədrinin soyadı, əlaqə vasitələri haqda heç bir məlumat tapa bilməmişdir. Bu faktları əldə etmək, barəsində böhtan və iftira dolu, düşmənçilik və nifrət aşılayan bu gözlənilməz bəyanatın, məhz, kim tərəfindən, hansı faktlara əsasən yazılması və sosial şəbəkədə, onlayn media vasitələrində geniş yayılması barədə dəqiq bilgilər əldə etmək üçün böyük çətinliklərə məruz qalmışdır. Nəhayət öyrənə bilmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş bu əməli barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi, qeydiyyat ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Bakuvi küçəsi ev 1 mənzil 2 olan X6 törətmişdir. 11 fevral 2023-cü ildə həmin ünvana Azərpoçtun 73 saylı filialından sifarişli qaydada barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi X4 (Gələcək Azərbaycan Partiyasının (GAP) qanuni təmsilçisi və sədri) yazılı sorğu göndərmişdir. Sorğuda onun göndərilməsinin səbəbi barədə müfəssəl məlumat verməklə konkret olaraq yazdığı suallara aydınlıq gətirməsini, həmçinin bəyanatın onlayn media subyektlərindən, sosial şəbəkədən çıxarılmasını, həmin yazıların yerinə əhatəli təkzib verilməsini və atdıqları böhtana görə ondan üzr istənilməsini bildirmişdir. Sorğunu qanunvericiliyin tələblərinə görə ən geci 7 iş günü ərzində cavablandırmalı olduğu halda cavabdeh vəzifəli şəxs X6 hərəkətsizlik nümayiş etdirdi. Onu ağır cinayətdə təqsirləndirən böhtan bəyanat isə onlayn media subyektlərində və Facebook sosial şəbəkəsində hələ də yayımlanmaqda davam edir. X6 barədə rəhbərlik etdiyi siyasi partiyanın hüquqi ünvanının yerləşdiyi Binəqədi Rayonunun Məhkəməsinə bəyanatın məhz kim tərəfindən yazılması və kim tərəfindən internet resursuna yerləşdirilməsini öyrənmək məqsədilə informasiya əldə əmək hüququnun pozulmasına dair verdiyi iddia ərizəsi və ona əlavə olunmuş sənədlər məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(001)-2770/2023 №-li qərardadı ilə cavabdehin ünvanının ərizədə göstərildiyi ünvan 3EMİS” elektron məhkəmə informasiya sistemində Bakı şəhəri, Nərimanov rayonu Bakuvi küçəsi 1, 2 olması səbəbindən geri qaytarılmışdır. Nərimanov Rayon Məhkəməsinə yazılı sorğusuna “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun göstərişlərinə uyğun qaydada, sübutedici sənədlərin təsdiqlənmiş surətlərini təqdim etməklə ən qısa müddətdə yazılı cavab verməsi öhdəliyinin Gələcək Azərbaycan Partiyasının sədri və qanuni təmsilçisi cavabdeh X3 üzərinə qoyulması tələbi ilə iddia ərizəsi göndərmişdir. Məhkəmə şikayətinin əsaslı olduğunu müəyyən edərək iddianı xx.xx.2023-cü il tarixli 2(005)-1959/2023 №-li Qətnamə ilə təmin etmişdir. X6 bu günə kimi ona sorğusuna qanunvericiliyin tələbləri səviyyəsində cavab təqdim etməyib. Lakin məhkəmənin göndərdiyi, imzası, təmsil etdiyi və rəhbəri olduğu partiyanın möhürü ilə təsdiq etdiyi məktubda sualları cavablandırıb, bəyanatı özü yazdığını və tapşırığı ilə səlahiyyətli nümayəndəsi X9 tərəfindən Gələcək Azərbaycan Partiyasının Facebook sosial şəbəkəsində mövcud olan rəsmi səhifəsində paylaşıldığını etiraf edir. Məlum bəyanat iddiaçı X1 Azərbaycan Respublikasında fəaliyyət göstərən, dövlətçiliyə xidmət edən bir sıra müstəqil media orqanlarını və onların baş redaktorlarını əsassız olaraq məhkəməyə verməsi və müstəqil mətbuatı boğmağa xidmət edən əməllərini ictimai qınağa gətirərək milli dövlətçiliyiə mümkün bədnam əməldən iddiaçını yayındırmaq məqsədilə qəbul edilmişdir. Təşəbbüs 4 aprel 2022-ci il tarixində Gələcək Azərbaycan Partiyasının İdarə heyətinin toplantısında "Siyasi Partiyalar" haqqında qanunun verdiyi hüquq və səlahiyyətlər daxilində şəxsən mənim təşəbbüsüm əsasında müzakirəyə çıxarılmışdır. Müzakirə əsasında Gələcək Azərbaycan Partiyasının sədri olaraq müstəqil Azərbaycana xidmət edən müstəqil media quruluşlarının ictimai müdafiəsinin təşkil edilməsi məqsədilə partiya adından bəyanat vermək, çıxış etmək səlahiyyəti mənə verilmiş və məlum bəyanat "Siyasi Partiyalar haqqında" Azərbaycan Respublikası qanunu əsasında tərəfindən tərtib edilmişdir. Sonda “Adı qalmaqalda hallanan Eldar İsmayılovla bağlı kəskin bəyanat: Dövləti sabotaj etmək yolverilməzdir və ən ağır cinayətdir!” başlığı altında təmsil etdiyi Gələcək Azərbaycan Partiyası adından bəyanat yazmaqla, kütləvi informasiya vasitələrində və kütləvi nümayiş etdirdiyi halda internet informasiya ehtiyatında yaymaqla barəmdə yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, dövləti sabotaj etmək, yüksək çinli məmurların himayəsi altında Bakının mərkəzində, strateji bir yerdə ərazi zəbt etməklə orada qanunsuz tikinti aparmaq cinayətlərini törətməkdə ittiham edən, ona böhtan atan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2. və 148-ci maddələrində təsbit olunan cinayət əməli törətməsi faktı tanınması, cinayət təqibi başlanılmasını və barəsində müvafiq hökm çıxarılmasını, ona vurduğu ağır mənəvi ziyana görə X2 xeyrinə 21 000 (iyirmi bir min) manat maddi, 50 000 (əlli min) manat mənəvi ziyana görə - cəmi 71 000 manat tutulması, “Adı qalmaqalda hallanan Eldar İsmayılovla bağlı kəskin bəyanat: Dövləti sabotaj etmək yolverilməzdir və ən ağır cinayətdir!” başlığı altında Gələcək Azərbaycan Partiyası (GAP) adından yayılan bəyanatın saytlardan və fasebook sosial şəbəkəsindən silinməsini, əhatəli təkzib verilməsi və atdığı böhtana görə Eldar İsmayılovdan üzr istənilməsi öhdəliyi Gələcək Azərbaycan partiyasının (GAP) qanuni təmsilçisi və sədri X3 üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəməyə gəlməmiş, məhkəmə iclasına gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, şikayətdə əməlin məhz X6 tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməmiş, həmçinin bundan əlavə, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), habelə hansı digər sübutlarla təsdiq edildiyi şikayətdə əks etdirilməmişdir. Bundan əlavə şikayətdə böhtan və təhqir xarakterli məlumatların sonuncu yayılması yeri kimi Facebook səhifəsi göstərilsə də, lakin həmin səhifənin Ağasif İbrahimova aid olmasına dair işə hər hansı mötəbər sübut əlavə edilməmişdir. Habelə şikayətdə böhtan və təhqir xarakterli məlumatların hansı tarixlərdə yayılması göstərilməmişdir. Həmçinin məhkəmə xüsusilə qeyd edir ki, şikayətdə barəsində şikayət verilmiş şəxsin CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi göstərilsə də, məlumatın hansının və ya hansı hissəsinin şikayətdə göstərilən CM-nin 147.2 və ya 148-ci maddələrinin tərkibinin yaratdığı konkretləşdirilməmişdir. Yəni yayılması iddia edilən məlumatlardan hansındakı konkret hansı əməlinin CM-nin 147.2 və ya 148-ci maddələrinin tərkibinin yaratdığı əsaslandırılmamışdır. Eyni bir əməlin həm CMnin 147.2, həm də 148-ci maddəsinin tərkibinin yaratmasının da əsaslılığı şikayətdə göstərilməmişdir. Qeyd olunanlarla yanaşı həmçinin şikayətin verildiyi yer də göstərilməmişdir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən, məhkəmə hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayətin məzmunu Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyil. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndində görə kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsinə dair X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-447/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-447/2023
05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver