Məhkəmə qərarları › İş №1(005)-447/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-447/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-447/2024 27.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 və onun nümayəndəsi “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Muğam oğlunun, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 və onun müdafiəçisi “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X7 şikayətini onunla əsaslandırmışdır ki, o və əri X5 08:00 - 18:00 saat aralığında işdə olduqlarından, körpə uşaqları həmin müddətdə nəzarətsiz qalmamaları üçün dayə xidmətinə baş vurmuşlar. Bu sahədə vasitəçilik xidməti göstərən bir şəxsin vasitəsi ilə X8 adlı şəxsin belə bir xidmət göstərdiyini bilmiş və bu təklifi qəbul etmişlər. 05 İyul 2023-cü il tarixdən etibarən X8 evimizdə dayə xidməti göstərməyə başlamışdır. 11 İyul 2024-cü il tarixinə kimi, onun haqqında tam həqiqətləri bildiyi ana qədər, o, ona evini, ailəsini və övladlarını etibar etmişdir. 2023-cü ilin noyabr ayında X8 işinə geri dönüş etdikdə, həmin ərəfədə hələ əri ilə bir yerdə olduğu dövrdə, evlərinə onun tərəfindən yoluxucu xəstəlik - qotur gətirildiyi məlum oldu. Onlar bir müddət evlərində olan bu problemin nə olduğunu başa düşə bilməmişlər. Dəfələrlə həkim qəbulunda olmuş, fərqli ehtimallar eşitmiş, nəhayət dermatoloq həkim Emil Əlizadənin qoyduğu diaqnozdan bunun qotur olduğu aşkar edilmişdir. Etdiyi etirafdan aydın oldu ki bacısı oğlu əsgərlikdən qoturla qayıtmış, öz ailəsini yoluxdurmuş və X8 dayəlik etdiyi evlərində biri 4 aylıq, digəri isə 1 yaş 8 aylıq 2 körpə uşağın olduğunu nəzərə almadan bacısı gilə dəfələrlə qonaq getmiş və ailəmizə qotur gətirmişdir. Bu xəstəlik nəticəsində o, əri, iki körpə uşaqları və o dönəmdə onlarla təmasda olan anası, hamilə olan gəlinləri bu infeksiyaya yoluxdu və müalicələri 6 aya yaxın vaxt apardı və belə bir halla ilk dəfə rastlaşdıqlarından böyük panikaya düşmüşlər. İki körpə övladı ilə kirayədə yaşadığı mənzil, hələ ailə qurmazdan öncə valideynləri ilə birlikdə yaşadığı mənzilin yerləşdiyi binadadır. Artıq 15 ilə yaxındır ki, ətraf qonşular, digər insanlar onları, yəni valideynlərini, onu, digər ailə üzvlərini həmin ərazidə tanıyırlar. Həsənova Rövşanə 15 ildən artıq yaşadıqları həyətdə digər dayələrlə ünsiyyət qurmuş, şərəf və ləyaqətlərini alçaltmaq məqsədi ilə haqlarında yalan və uydurulmuş məlumatları, eləcədə ailə sirlərini müzakirə edərək yaymışdır, ünvanlarına təhqiramiz sözlər istifadə etmişdir. Övladının özəl bir fizioloji durumunu 3-cü şəxslərlə paylaşmışdır. Evindən gizli çəkilişlər edərək 3-cü şəxslərə ötürmüşdür. Onun icazəsi olmadan şəxsi kompüterinə daxil olmuş oradan whatsapp xidmətindən yararlanmış və onun barəsində digər şəxslərlə alçaldıcı ifadələrlə danışmış, ona və ailəsinə rişxənd etmişdir. 2024-cü ilin iyun ayında boşanma ilə bağlı məhkəmə işi başlanıldıqdan sonra, evlərində qotur səbəbindən kömək məqsədli gəldiyini bildirərək 2 ay qalan qaynanası boşanmaqlarına səbəb olduğu üçün, dayəyə bildirmişdir ki, qaynanası ilə heç bir əlaqə yaratmasın. Qayınanasının da belə bir cəhd edəcəyini bildiyi üçün bu hal yaşandıqda ona məlumat verməsini bildirmişdir. İyul ayının 1-də atası rəhmətə getmiş, onun ilk cümə axşamında atasına aid bir şəkil götürmək üçün kirayə yaşadığı evə gələndə kompüterinə daxil olduqda şahid olduğu mənzərənin ağır sarsıntısını yaşamışdır. Belə ki, onun başının qarışıqlığından istifadə edərək, onun şəxsi kompüterinə daxil olaraq, orada web whatsapp xidmətindən yararlanmışdır. Qayınanasının adı İlhamə olduğu halda, onun nömrəsini Mədiş 2 adı altında qeyd edərək, onunla saatlarla o və ailəsi haqqında, hətta dünyasını dəyişmiş atası haqqında təhqiramiz söhbətlər apardığını görmüşdür. Ona öz kart nömrəsini ataraq pul müqabilində evindən məlumatlar ötürmüşdür. Övladları ilə bağlı bir plan qurulacağından qorxmuşdur və çox böyük bir həyəcan yaşamışdır. Hətta digər şəxslərlə də danışmışdır. Ona bir çox hallarla bağlı şər və böhtan atmış, qayınanasından əlavə bir neçə ətrafında olan şəxslərlə bu formda danışaraq onun ləyaqətini alçatmışdır. X1 Azərbaycan Respublikası CM-nin 147, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X7 və nümayəndəsi Müdafiəçi2 Muğam oğlu məhkəmə iclasında çıxış edərək şikayəti tam müdafiə edib, şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X8 və müdafiəçisi Müdafiəçi1 məhkəmə iclasında çıxış edərək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə X3 məhkəməyə müraciət etdiyi xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Xüsusi ittiham qaydasında şikayətdən göründüyü kimi X2 Nərmin Ramiz qızı barədə səsləndirdiyi fikirləri yaşadıqları ünvanın həyətində digər dayələrə deməsini göstərmişdir. Qanunvericliyin məzmunundan göründüyü kimi məlumatların bu tərzdə yayımlanması kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina olunmaqla həmin şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar