Məhkəmə qərarları › İş №1(005)-448/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-448/2025

18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-448/2025 18.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İİ qrup əlil, məhkumluğu olmayan, Neftçala rayonunun Xıllı qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən xeyli miqdarda psixotrop maddə olan metamfetamini və narkotik vasitə heroin əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq ayrı-ayrılıqda 0,010 qram və 0,379 qram olmaqla ümumi təmiz çəkisi 0,389 qram çəkidə xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, əldə edib üzərində saxlamaqla 30 iyul 2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu Araz küçəsi 7 ünvanına daşımış, 30 iyul 2025-ci il tarixdə saat 19:20 radələrində ünvan 2 ünvanın qarşısında olarkən, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbiri zamanı saxlanılaraq, video çəkilişlə üstünün yoxlanılması zamanı ona məxsus olan əynindəki açıq boz rəngli şalvarın yuxarı ön tərəfinin içəri hissəsində gizlətdiyi qutunun içərisindən ayrı-ayrılıqda 0,010 qram, 0,379 qram olmaqla ümumi təmiz çəkisi 0,389 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 0 015 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd başı sınmış şüşə ampula və bir ədəd 2ml şpris aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, beş altı ilə yaxın müddətdir ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. 30.07,2025-ci il tarixdə saat 19:20 radələrində ünvan 4 ünvanın qarşısından keçib gedən zaman 3 nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və video kamera çəkilişinin iştirakı ilə üstünün yoxlanılması keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklifi olunmuşdur. Üstünün yoxlanılmaısı zamanı o, əynində olan açıq boz rəngli şalvarın arasında olan qutunun içərisindən iki ədəd bükümdə psixotrop maddə olan metamfetamini, bir ədəd bükümdə narkotik vasitə heroini, bir ədəd başı sınmış şüşə ampulanı və bir ədəd 2 ml şpirisi könüllü olaraq təqdim etmişdir. Təqdim etdiyi psixotrop maddə, narkotik vasitə və digər əşyalar polis əməkdaşları tərəfindən zərfə qablaşdırılıb möhürlə möhürlənmişdir. Bundan sonra onlar Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə gəlmişlər. Orada ondan aşkar olunan psixotrop maddə, narkotik vasitə və digər əşyalar təhqiqatçıya təqdim olunmuş, müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. O bildirmişdir ki, həmin əynindəki şalvarının arasından aşkar olunan qutunun içərisindəki bükülmüş psixotrop maddə metamfetamin və narkotik vasitə heroin onundur və ona məxsusdur, onu özü qəbul etmək üçün xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu “Kubinka" adlanan ərazidə üzdən tanıdığı lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 18 manata özü istifadə etmək üçün almışdır. Təqdim olunan psixotrop maddə və narkotik vasitə heroin təhqiqatçı tərəfindən yenidən qablaşdırılıb möhürlə möhürlənmiş, bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təstiq olunmuşdur. Bundan başqa o, üzərində olan psixotrop maddədən və narkotik vasitədən hər hansı bir şəxsə istifadə etmək üçün vermədiyini, narkotik vasitənin yaxutda psixotrop maddənin satışı ilə məşğul olmadığını, üzərində olan psixotrop maddənin özü istifadə etmək məqsədi ilə ayrı ayrı bükümlərdə olduğunu başqa bir niyəti məqsədi olmadığını, psixotrop maddə metamfetamini siqaretə doldurub yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul etdiyini bildirmişdir. Bundan başqa üzərində olan psixotrop maddə metamfetamindən yaxutda narkotik vasitə heroindən hər hansı bir şəxslə istifadə etmək fikrində, niyətində məqsədində olmadığını yalnız özü istifadə etmək olduğunu, bundan başqa hər hansı bir cinayətlər törətmədiyini, polis əməkdaşları tərəfindən Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə gətirilən zaman hər hansı bir şəxs tərəfindən ona qarşı fiziki, psixi yaxutda digər bir üsulla təsir göstərən olmadığını bildirmişdir. Yekunda barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatında «Təvəkkül» adlı şəxs Nərimanov rayonu, Araz küçəsi 7 ünvanının qarşısında olacağı və üzərində narkotik vasitə olacağı, həmin şəxsin geyimi və xüsusi əlamətləri bildirilmişdir. Bu barədə Nərimanov RPİ-nin 17-ci PŞ-nin rəisinə raportla müraciət olunduqdan sonra əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edib, Nərimanov rayonu prokuroruna və rayon məhkəməsinin sədrinə məlumat verildi. xx.xx.2025-ci il tarixdə saat 19:20 radələrində polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Nərimanov rayonu Araz küçəsi 7 ünvanının qarşısında «Təvəkkül» adlı şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində video çəkilişlə keçirilən şübhəli şəxsin üstünün yoxlanılması və aşkar edilmiş maddi sübutun götürülməsi zamanı ona məxsus olan əynindəki açıq boz rəngli şalvarın arasından bir ədəd taxta qutunu çıxarıb təqdim etmişdir. Həmin qutuya baxış keçirilən zaman oradan iki ədəd bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə, bir ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, bir ədəd sınmış şüşə ampula və bir ədəd 2 ml həcmli şprisi könüllü olaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu və həmin metamfetamini və heroini xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu Kubinka adlalan ərazidən üzdən tanıdığı lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 18 manata özü qəbul etmək üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə və narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılmişdır. Bundan sonra Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına gətirilmiş, xidməti otaqda Təqsirləndirilən şəxs aşkar olunan psixotrop maddə və narkotik vasitə və digər əşyalar təhqiqatçıya təqdim olunmuş, müdafiəçinin iştirakı ilə həmin maddəyə baxış keçirilmiş və bu barədə protolol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təstiq olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman və Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində üzərinə baxış keçirilən zaman onun tərəfindən yaxutda başqa bir şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki yaxutda psixi təsir göstərən olmadığını bildirmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 və Şahid3 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Saxlanılmış şəxsin üstünün yoxlanılması və aşkar edilmiş maddi sübutun götürülməsinə dair” 30 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində 01 ədəd bükümdə tozşəkilli qəhvəyi rəngli maddə, 01 ədəd bükümdə ağ rəngli kristallik maddə, 01 ədəd siqaretin gümüşü rəngli kağızında ağ rəngli tozşəkilli kütlə, 01 ədəd içərisində tünd qəhvəyi rəngli kütlə olan şüşə kapsul və 01 ədəd şpris olan qutu ayrı-ayrı zərflərdə qablaşdırılmış və möhürlənmişdir. Protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 30 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19:20-də şübhəli şəxs qismində tutulmuşdur. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” 30 iyul 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində 01 ədəd bükümdə tozşəkilli qəhvəyi rəngli maddə, 01 ədəd bükümdə ağ rəngli kristallik maddə, 01 ədəd siqaretin gümüşü rəngli kağızında ağ rəngli tozşəkilli kütlə, 01 ədəd içərisində tünd qəhvəyi rəngli kütlə olan şüşə kapsul və 01 ədəd şpris olan qutuya baxış keçirilmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş maddələr ona məxsusdur. Məlikəmə-kimyəvi ekspertizasının 31 iyul 2025-ci il tarixli, 6/2621 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №129" dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs aşkar edilmiş əşyalar sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,010 qram, 0,379 qram ümumi təmiz çəkisi 0,389 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,015 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd sınmış şüşə ampulada və pambıq qalıqlarında narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisi müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Bir ədəd 2ml həcmli şprisdə narkotik vasitələrə, psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. Qeyd: heroinin təmiz çəkisi-0.015 qram, tədqiqata sərf edildi -0.005 qram, qalıq-0.01 qram, metamfetaminin təmiz çəkisi -0.389 qram, tədqiqata sərf edildi-0.01 qram, qalıq- 0.379 qram. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. “CD-diskə baxış keçirilməsi haqqında” 01 avqust 2025-ci il tarixli protokoldan görünür ki, CD diskə baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilir. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs 30 iyul 2025-ci il tarixdə saat 19:20 radələrində ünvan 2 ünvanın qarşısında olarkən, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanılaraq, üzərində video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı ona məxsus olan əynindəki açıq boz rəngli şalvarın arasından bir ədəd taxta qutunu çıxarıb təqdim etmişdir. Həmin qutuya baxış keçirilən zaman oradan iki ədəd bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə, bir ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, bir ədəd sınmış şüşə ampula və bir ədəd 2 ml həcmli şprisi çıxararaq polis əməkdaşlarına təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qutunun içərisinə 17-ci PŞ-də təhqiqatçı tərəfindən baxış keçirilir. Baxış zamanı həmin qutunun içərisindən iki ədəd bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə, bir ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə: bir ədəd sınmış şüşə ampula və bir ədəd 2 ml həcmli şpris aşkar edilir. Təqsirləndirilən şəxs sorğu zamanı bildirir ki, təqdim etdiyi qutunu içərisindəki maddə psixotrop maddə olan patı adı ilə tanınan metamfetamindir, digər bükümün içərisindəki isə narkotik vasitə olan kakos adı ilə tanınan heroindir, həmin patını və kakosu xx.xx.2025-ci il tarixdə Nəsimi rayonu “Kubinka” adlanan ərazidən üzdən tanıdığı lakin adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən 18 manata alaraq özü qəbul etmək üçün almışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində maddə olan büküm ağ rəngli zərfə qoyularaq qablaşdırılır. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 01 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir. “Qətimkan tədbiri seçilməsi haqqında” 01 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə-narkoloji ekspertizasının 27 avqust 2025-ci il tarixli, 5279 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs ikinci dərəcəli əlil olması ilə əlaqədar narkomaniyadan məcburi müalicə təyin edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində xx.xx.2025-ci il tarixindən F19x2 diaqnozu ilə dispanser qeydiyyatındadır. “Sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanımaq haqqında” 17 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş tədqiqata təqdim edilmiş təmiz çəkisi 0,015 qram narkotik vasitə heroin və təmiz çəkisi 0,389 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalan təmiz çəkisi 0,01 qram narkotik vasitə heroin, 0,379 qram psixotrop maddə olan metamfetamin, bir ədəd sınmış şüşə ampula, pambıq qalıqları və bir ədəd 2ml həcmli şpris maddi sübut qismində tanınaraq saxlanılması üçün Nərimanov RPİnin saxlanc yerinə verilmişdir. 02 ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,389 qram təşkil etmişdir. Qeyd olunan siyahıya əsasən, psixotrop maddə olan metamfetaminin həmin miqdarı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,389 qram təşkil etmişdir. Qeyd olunan siyahıya əsasən, psixotrop maddə olan metamfetaminin həmin miqdarı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli, 08 saylı qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra - 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edibetməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CMin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsini, peşman olmasını və əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (30 iyul-01 avqust 2025-ci il) həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır (CM-69.3). Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspert tədqiqatdan sonra qalan təmiz çəkisi tədqiqatdan sonra qalan təmiz çəkisi 0,01 qram narkotik vasitə heroin, 0,379 qram psixotrop maddə olan metamfetamin, bir ədəd sınmış şüşə ampula, pambıq qalıqları və bir ədəd 2ml həcmli şpris məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 23 iş saatı üçün cəmi 253 (iki yüz əlli üç) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (gün) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11(on bir) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixindən F19x2 diaqnozu ilə Bakı Narkoloji Mərkəzində dispanser qeydiyyatında olması nəzərə alınsın. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş qalıq çəkisi 0,01 qram narkotik vasitə heroin, 0,379 qram psixotrop maddə olan metamfetamin, bir ədəd sınmış şüşə ampula, pambıq qalıqları və bir ədəd 2ml həcmli şpris məhv edilsin. İş üzrə maddi sübut 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 23 iş saatı üçün cəmi 253 (iki yüz əlli üç) manat məbləğində vəsait dövlət büdcəsindən «Presedent» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar