Məhkəmə qərarları › İş №1(005)-45/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-45/2022

28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-45/2022 28.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, daimi yaşayış yeri olmayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 19:10 radələrində ünvan 2 ünvanında yerləşən “AZİZA” mebel mağazasına müştəri qismində daxil olaraq həmin mağazanın içərisində yerləşən divanın üzərindən Zərərçəkmiş şəxs məxsus “İphone 11” markalı mobil telefonu gizli yolla talayaraq Zərərçəkmiş şəxs 1735 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. Buna görə də qazanc yeri olmadığından oğurluq edir. xx.xx.2021-ci il tarixdə, saat 19:00 radələrində o, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ilə “Şəki” restoranı istiqamətində yolla gedərkən pula ehtiyacı olduğu üçün yol kənarında olan mağazalardan birinə daxil olub oğurluq etmək qərarına gəlmişdir. Yolun kənarında “Aziza” mebel salonunu görüb ora daxil olmuşdur. Mağazada bir nəfər satıcı qız onu qarşılayıb mağazada olan bir neçə mebelləri ona göstərmişdir. Mağazanın birinci mərtəbəsində giriş hissəsində olan divanın üzərində 01 ədəd “İphone 11” markalı mobil telefon görmüş və həmin mobil telefonu oğurlamaq qərarına gəlmişdir. Satıcı qızın başının qarışmasından istifadə edib o, həmin mobil telefonu oğurlayıb cibinə qoymuşdur. Daha sonra mağazadan çıxıb “20 Yanvar” metro stansiyasının yanına getmişdir. Bir neçə dəqiqə orada gəzdikdən sonra “Xutor” qəsəbəsinə getmişdir. Həmin gecə oğurladığı “İphone 11” markalı mobil telefonu “Tap.az” elan saytında 450 manata satışa qoymuşdur. Səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə telefonla bağlı maraqlanan olmadığından və təcili pula ehtiyacı olduğundan telefonun qiymətini 200 manata endirmişdir. Həmin gün saat təxminən 18:00 radələrində bir nəfər şəxs zəng edib telefonu almaq istədiyini demişdir, o da həmin şəxs ilə “20 Yanvar” metrostansiyasının yaxınlığında görüşüb mobil telefonu həmin şəxsə 200 manata satmışdır. Daha sonra həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Tutduğu əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində çağırılmış Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, müdafiə tərəfinin razılığı ilə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, təxminən 1 ildir ki, ünvan 3 ünvanında yerləşən “AZİZA” mebel mağazasında satıcı işləyir. xx.xx.2021-ci il tarixdə, saat 19:10 radələrində o, işdə olan zaman bir nəfər qara papaqlı oğlan mağazaya daxil olmuşdur. Həmin şəxs stullarla maraqlanmışdır. O da mağazada olan stulları həmin şəxsə göstərmişdir. Həmin şəxs stullardan birini seçib qiymətində nə qədər endirim edə biləcəklərini öyrənməsini istəmiş, o da qiymətlə bağlı maraqlanmağa getmişdir. Bir neçə dəqiqədən sonra o, geri qayıtdıqda həmin şəxsin mağazada olmadığını görmüşdür. Qeyd etmişdir ki, həmin vaxt artıq onlar mağazanı bağlamışlar. Mobil telefonu isə mağazada olan divanın üzərində olmuşdur. O, mobil telefonunu götürmək istədikdə mobil telefonunun orada olmadığını görmüşdür. Ətrafı axtarsa da, telefonu tapa bilməmişdir. Daha sonra mağazanın təhlükəsizlik kameralarına baxdıqda məlum olmuşdur ki, bir neçə dəqiqə əvvəl müştəri qismində gələn papaqlı oğlan onun başının qarışmasından istifadə edib mobil telefonunu götürmüşdür. O da dərhal DİNnin 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tutma haqqında” 13 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2021-ci il tarixdə, saat 20:40-da tutulmuşdur. “Təqdim olunmuş diskə baxış keçirilməsi haqqında” 13 iyul 2021-ci il tarixli protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə 01 ədəd CD diskə şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 19:10 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 20 ünvanında yerləşən “AZİZA” mebel mağazasına müştəri qismində gəlmiş bir nəfər oğlan satıcı xanımın başının qarışmasından istifadə edib mağazanın giriş hissəsində olan divanın üzərindən Zərərçəkmiş şəxs məxsus mobil telefonu götürüb oradan gedir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin şəxsin özü olduğunu bildirdi. “Təqsirləndirilən şəxsin MSY-dən azad etmə və qətimkan tədbirinin seçilməsi barədə” 15 iyul 2021-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs tutulmadan azad edilərək saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 30 dekabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir; “Sübutların qiymətləndirilməsi haqqında” 09 avqust 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə 01 ədəd CD diskin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 1(005)- 370/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilməsi və tutularaq dərhal həbs edilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması, Təqsirləndirilən şəxs tutulduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına etap olunması və yerləşdirilməsi, qərarın icrasının Bakı şəhəri Nərimanov Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 05 sentyabr 2022-ci il tarixli, 078-25300-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaqı aparılmış və təqsirli bilinərək xx.xx.2022-ci il tarixdə həbs edilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin məhkəmədə səsləndirdiyi ifadələri, həmçinin zərərçəkmiş şəxsin iş materiallarında olan ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30 dekabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. O, hazırkı iş üzrə cinayət əməlini yuxarıda göstərilən hökm üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törədib. Buna baxmayaraq, təqsirləndirilən şəxsin əməlində residiv mövcud deyil. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 177.1-ci maddəsində nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən cinayət sayılır. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbinə əsasən isə böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər talama cinayəti törədərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı iki gün (13 iyul- 15 iyul 2021-ci il) ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməli (CM-69.3), cəzaçəkmə müddətinin əvvəli barəsində məhkəmə hazırlıq iclasının qərarı ilə həbs qətimkan tədbirinin seçildiyi tarixdən, yəni 16 sentyabr 2022ci il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6, CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. (CPM-132). «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir., Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar