Məhkəmə qərarları › İş №1(005)-45/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-45/2025

07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-45/2025 07.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Hüseynova (Əzimova) Elnarə Nadir qızının və onun müdafiəçisi 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Kürdəmir rayonunda anadan olmuş, orta təhsilli, işləməyən, subay, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri,Binəqədi rayonu, 2-ci Mədən, 12-ci korpus, nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Hüseynova (Əzimova) Elnarə Nadir qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, X13 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda olmaqla 01 ədəd bükümdə təmiz çəkisi 1,009 qram olan psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış və 28 may 2024-cü il tarixdə saat 02:20 radələrində ünvan 3 ünvanın qarşısında olarkən, Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 5 ünvanında yerləşən Nərimanov RPİ-nin 16-cı PŞ-nin inzibati binasına gətirilmiş, xidməti otaqda onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara-sarı rəngli koftasının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,009 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, X13 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X13 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 5-6 aya yaxın olar ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. xx.xx.2024-cü il tarixində günorta saatlarında özünün istifadəsi üçün Bakı şəhəri, Nərimanov rayonu, ’’Papanin” adlanan ərazidə üzdən tanıdığı, lakin adını, soyadını, ünvanını bilmədiyi şəxsdən 10 manata 01 ədəd bükümdə “patı”və ya”şüşə” adı ilə tanınan metamfetamin alaraq, əynindəki sarı- qara rəngli koftanın sol yan cibində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 02:10 radələrində ünvan 3 ünvanın qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, onu 16-cı PŞnə aparmışlar. Polis şöbəsində olarkən şübhəli şəxs qismində tutularaq, hüquq və vəzifələri ona izah edilmiş, özünün vəkil-müdafiəçi tutmağa maddi imkanı olmadığından, dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Vəkillə təklikdə görüşüb, həmin vəkilin onun hüquqlarının müdafiə edilməsinə etirazı olmadığını bildirdikdən sonra, müdafiəçinin və onu PŞ-nə aparan polis əməkdaşlarının iştirakı ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir maddə, əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynindəki sarı- qara rəngli koftanın sol yan cibindən şəffaf selofanda, içərisində metamfetamin olan bir ədəd bükümü təqdim etmişdir. Üzərində şəxsi axtarış davam etdirildikdə başqa əşya, maddə aşkar edilməmişdir. Ondan aşkar edilmiş, içərisində metamfetamin olan bir ədəd büküm təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri onun, müdafiəçisinin və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Sonra bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgünlüyü onun, müdafiəçisinin və polis əməkdaşları tərəfindən imzalarla təsdiq edilmişdir. Ondan aşkar edilmiş psixotrop maddəni özünün şəxsi istifadəsi üçün əldə etmiş, kimsəyə satmamış, satmaq məqsədi olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 02:10 radələrində Nərimanov RPİ- nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən ünvan 8 ünvanın qarşısında dayanmış bir nəfər qadının hərəkətlərindən özünü şübhəli aparmasını görüb, bu səbəbdən ona yaxınlaşıb, xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək, Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları olmalarını bildirmişlər. Bundan sonra həmin qadından özünü təqdim etməsini istəmişlər. X3 olaraq təqdim edən həmin şəxs danışarkən verilən suallardan yayınmağa və oradan getməyə çalışmışdır. Onun rabitəsiz danışığından narkotik vasitələrin təsiri altında olmasından və üzərində narkotik vasitə daşımasında şübhələnib Nərimanov RPİ-nin 16-cı PŞ-nə dəvət etmişlər. PŞ-də həmin şəxsin həqiqətəndə X13 olduğu müəyyən olunmuşdur. X7 16-cı PŞ-nə gətirilməsi barədə raportla PŞ-nin rəhbərliyinə məruzə etmişlər. Bundan sonra Nərimanov RPİ-nin 16-cı PŞ-nin inzibati binasındakı xidməti otaqlardan birində Nərimanov RPİ-nin 16-cı PŞ- nin təhqiqatçısı, polis baş leytenantı Elvin Cəfərov tərəfindən Elnarə Hüseynova şübhəli şəxs qismində tutulmaqla, ona hüquq və vəzifələri izah edilərək, özünün vəkil tutmağa maddi imkanının olmadığını bildirdiyindən hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Daha sonra hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkilinin və onların iştirakı ilə, videoçəkilişlə Elnarə Hüseynovanın üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şübhəli şəxs qismində tutulmuş Elnarə Hüseynovaya təhqiqatçı tərəfindən paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyalar və ya sənədlər varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Elnarə Hüseynova əynindəki qara-sarı rəngli koftanın sol yan cibindən içərisində ağ rəngli kütlə olduğu görünən bir ədəd şəffaf sellofan bükümünü, sağ yan cibindən bir ədəd elektron qəlyanını çıxararaq təqdim etmişdir. Elnarə Hüseynova təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümünün içərisindəki ağ rəngli kristalik kütlənin ”şüşə” adı ilə tanınan psixotrop maddə metamfetamin olduğunu, xx.xx.2024-cü il tarixdə özünün istifadəsi üçün Nərimanov rayonu “Papanin” adlanan yerdə üzdən tanıdığı, lakin adını ünvanını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Elnarə Hüseynovdan aşkar olunmuş içərisində ağ rəngli kütlə olan bir ədəd büküm təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri Elnarə Hüseynova, onun müdafiəçisi və onlar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Məhkəmə iclasına şahid qismində Nərimanov RPİ-nin 16-cı PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X13 xx.xx.2024-cü il tarixdə, saat 02:35-də şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 may 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs X13 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bundan sonra X13 əynində olan qara-sarı rəngli koftanın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü və sağ yan cibindən bir ədəd elektron qəlyanı çıxarıb təqdim etmişdir. Şəffaf büküm açıldıqda içərisindən ağ rəngli kristalşəkilli maddə aşkar olunmuşdur. Daha sonra X13m üzərində dəvət edilmiş qadın tərəfindən şəxsi axtarış aparılmış, və başqa əşya pretmet, maddə aşkar edilməmişdir. X7 üzərindən aşkar edilmiş, içərisində ağ rəngli kristalşəkilli kütlə olan 1 ədəd büküm içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri DtN-in 218 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi, iştirakçılar və tərəfindən imzalanmışdır. X11 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş bükümdəki kütlənin “şüşə” adlanan psixotrop maddə olduğunu,25 may 2024-cü il tarixdə Nərimanov rayonu “Papanin” adlanan yerdən üzdən tanıdığı adını, ünvanını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata əldə etdiyini bildirmişdir. Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün olduğu DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin 01 ədəd ağ rəngli DVD diskdə olan görüntülərə baxış keçirilməsi üçün disk kompüterin prosessoruna qoyulmuş və ekranda açılmış fayla baxış keçirilən zaman müəyyən olunmuşdur ki, görüntüdə X3 kimi təqdim edən şəxsə üzərində qanunsuz olaraq əldə edilməklə, saxlanılan hər hansı bir əşya, kütlə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra X13 əynində olan qara-sarı rəngli koftanın sol yan cibindən içərisində ağ rəngli kütlə olduğu görünən bir ədəd şəffaf sellofan bükümünü, sağ yan cibindən bir ədəd elektron qəlyanı çıxarıb təqdim etmişdir. X7 üzərində şəxsi axtarış davam etdirilərkən başqa hər hansı bir əşya, maddə aşkar edilməmişdir. Elnarə Hüseynova təqdim etdiyi bir ədəd şəffar sellofan bükümündə olan ağ rəngli kütlənin “şüşə” adı ilə tanınan metamfetamin olduğunu, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, “Papanin” adlanan ərazidən üzdən tanıdığı, ancaq adını, ünvanını bilmədiyi kişidən 10 manata özünün istifadəsi üçün alaraq üzərində saxlamaqla daşıdığını bildirmişdir. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 may 2024-cü il tarixli, 3-16-16/2-6/3002 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 218 dairəvi möhür əksi və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,009 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd metamfetaminin təmiz çəkisi 1,009 qr. Tədqiqata sərf edildi 0,1 qr, qalıq 0, 909 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 manatdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi Ambulator X2 dair 30 may 2024-cü il tarixli, 3834 nömrəli rəydən görünür ki, müayinə zamanı X9 psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X20 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 30 may 2024-cü il tarixli, 1580 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs X13 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Buna görə də, X13 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. X7 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması barədə” 29 may 2024-cü il tarixli qərardan görünür ki, X13 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, X13 barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmış və o, Nərimanov RPİnin MSY-dən dərhal azad edilmişdir; “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” 29 may 2024cü il tarixli qərardan görünür ki, X13 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X13 məhkumlugu olmayan şəxsdir. “Sübutların qiymətləndirilməsi barədə” 28 may 2024-cü il tarixli qərardan görünür ki, X12 üzərində şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin olduğu 01 ədəd CD diskin cinayət işi üzrə maddi sübut hesab edilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X13 tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs X7 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 1,009 qram təşkil etmişdir. Qeyd olunan siyahıya əsasən, psixotrop maddə olan metamfetaminin həmin miqdarı X7 cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli, 08 saylı qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra - 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1- 1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X13 barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X7 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, X10 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi və əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, X10 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, X10 məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X13 CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (28-29 may 2024-cü il, 1 sutkadan çox olmuşdur), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspert tədqiqatdan sonra qalan təmiz çəkisi 0,909 qram olan psixotrop maddə-metamfetaminin qalıq çəkisi məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), təqsirləndirilən şəxs X7 üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), X10 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X7 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X7 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş 16 Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Hüseynova (Əzimova) Elnarə Nadir qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X7 həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X13 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X8 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X8 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası X7 yaşayış yeri üzrə İcra və Probasiya idarəsinə həvalə edilsin. X10 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş ekspert tədqiqatdan sonra qalan təmiz çəkisi 0,909 qram olan psixotrop maddə-metamfetamin məhv edilsin. İş üzrə ekspertiza xərci 114 manat X5 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X6, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut- X7 üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Müdafiəçi tərəfindən X7 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz saksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar