Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-451/2023 04.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, işsiz, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 10/13 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə 0,413 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə saat 17:00-da ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq DİN-in ünvan 3 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilib gətirildikdən sonra orada həmin gün saat 19:20-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən qeyd edilən şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə 0,413 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sol yan cibindən çıxarıb təqdim etdiyi “SOBRANİE” markalı siqaret qutusunun içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 0,330 qram və 0,083 qram olmaqla 02 ədəd bükümlərdə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, üzərindən aşkar edilmiş həmin iki ədəd bükümdə olan psixotrop maddə metamfetamini sadəcə özü çəkib qəbul etmək üçün alıb saxlamış, onu heç kimə satmaq, yaxud vermək məqsədi, niyyəti olmamışdır. Təxminən bir ilə yaxın müddətdir ki, psixotrop maddə «patı» adı ilə tanınan metamfetamin qəbul edir. Ona görə də 09 may 2023-cü il tarixdə Bakı şəhəri Mərdəkan qəsəbəsi bağlar sahəsində təsadüfən tanış olduğu, adını və soyadını dəqiq bilmədiyi bir nəfər şəxsdən özü qəbul etmək üçün 30 manat pul verib bir ədəd bükümdə metamfetamin almışdır. Alandan sonra həmin metamfetamini özü iki ədəd bükümə ayırıb «Sobranıe» siqaret qutusunun içində saxlamışdır. 11 may 2023-cü il tarixdə saat təxminən 17 radələrində Mərdəkan qəsəbəsində olarkən kənardan ona tərəf mülki geyimli şəxslər yaxınlaşaraq onu saxlamış, həmin şəxslər özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olduğunu bildirmişlər. Daha sonra onu İdarəyə gətirmişlər. İdarədə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı o, üzərində gəzdirdiyi metamfetamini könüllü olaraq təqdim etmişdir. Sonda əməlindən peşman olduğunu, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, istifadəsində olan mobil telefona gələn “sms”ləri həyat yoldaşı yazmışdır. Həyat yoldaşının onun narkotik vasitədən istifadə etməsindən xəbəri olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə Bakı şəhəri Mərdəkan qəsəbəsi ərazisində saxlanılması ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirində, həmçinin onun üzərində şəxsi axtarış və götürmə aparılması prosesində əməliyyat qrupunun rəhbəri olaraq iştirak etmişdir. Belə ki, 11 may 2023-cü il tarixdə işlədiyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə bu kimi maddələri əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Özü həmin məlumatı Baş İdarənin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bu məqsədlə əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. Bundan sonra həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əməliyyat qrupu olaraq Təqsirləndirilən şəxs olduğu yer barədə əldə etdikləri məlumat əsasında xarici əlamətlərinə görə ona oxşar şəxsi 11 may 2023-cü il tarixdə saat 17:00-da ünvan 2 ünvanın yaxınlığında müəyyən edib dərhal saxlamışlar. Xidməti vəsiqələri ona göstərməklə özlərini təqdim etmişlər, təkliflərinə əsasən həmin şəxs də özünü təqdim edərək anket məlumatlarını söyləyib Təqsirləndirilən şəxs olduğunu təsdiqləmişdir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah etmişlər, onunla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış etməklə bildirmişlər ki, onun narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları var, əgər üzərində bu kimi qanunsuz maddə varsa məlumat versin. Təqsirləndirilən şəxs da bildirmişdir ki, üzərində özü çəkib qəbul etmək üçün saxladığı «şüşə» adı ilə tanınan iki büküm psixotrop maddə metamfetamin var. Bundan sonra onu özləri ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib gətirmişlər. Təqsirləndirilən şəxs idarədə BMCMİ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Babək Haqverdiyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, onun hüquqlarının müdafiə edilməsi üçün vəkil də dəvət olunaraq ona təqdim olunmuş, heç bir etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış prosesi keçirilməyə başlanmış, bu barədə onun özünə də izah olunmuşdur. Şəxsi axtarış prosesi zamanı baş təhqiqatçı Babək Haqverdiyev tərəfindən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində olan əşyaları, eləcə də qanunsuz saxladığı narkotik vasitə və psixotrop maddələr varsa çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Sobranıe” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuş, həmçinin şalvarının sağ yan cibində olan bir ədəd «İphone» markalı mobil telefonunu və sol arxa cibindən iki manat pulunu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin “Sobranıe” markalı siqaret qutusunun içərisinə baxış keçirildikdə onun içindən iki ədəd kiçik kağız bükümlər aşkarlanmışdır. Sonra həmin bükümlər açıldıqda onların hər birinin içərisindən psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Həmin bükümlər içərisindəki maddə ilə birgə elə aşkar olunduğu qaydada da götürülüb qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzəri özləri tərəfindən də yoxlanılmış, başqa qanunsuz heç nə aşkar edilməmişdir. Şifahi sorğu sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərin içindəki maddə metamfetamindir, onu özü çəkib qəbul etmək üçün Mərdəkan qəsəbəsində tanımadığı şəxsdən almışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş iki manat pul onun şəxsi pulu olduğu üçün özünə qaytarılmış, bir ədəd «İphone» markalı mobil telefonu isə iş üzrə əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq baş təhqiqatçı Babək Haqverdiyev tərəfindən götürülmüşdür. Sonda isə videoçəkiliş dayandırılmaqla şəxsi axtarış prosesi başa çatdırılmış, bununla bağlı baş təhqiqatçı Babək Haqverdiyev tərəfindən protokol yazılaraq ucadan oxunmuş, özü və digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 11 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Şəxs axtarış və götürmə aparılması haqqında” 11 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə saat 17:00-da ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilib gətirildikdən sonra orada həmin gün saat 19:20-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sol yan cibindən çıxarıb təqdim etdiyi “SOBRANİE” markalı siqaret qutusunun içərisində 02 ədəd bükümlərdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra həmin maddə iş üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 2023-cü il tarixli, 6/2763 nömrəli materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd üzərində “Sobranie” yazılan siqaret qutusunun içərisində olan 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,330 qram, 0,083 qram, ümumi təmiz çəkisi 0,413 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Təqdim olunmuş 2 ədəd bükümdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-712/2023 nömrəli, 13 may 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 may 2023-cü il tarixdən hesablanmışdır. “Mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında” 13 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “İphone” markalı mobil telefon aparatına baxış keçirilmiş və baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən məlumatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.nun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaqı aparılan material Xəzər RPİ-nin icraatındadır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 1(003)-236/2023 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. “Azercell Telekom MMC-dən daxil olmuş telefonla aparılan danışıqlara və ötürülən məlumatlara dair CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında” 21 iyul 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı ***-***-**-** saylı mobil nömrənin "xxxx" Telekom MMC-də Təqsirləndirilən şəxs öz adına qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 12:09-da “Şüşe de sen cekirsen bu gün de inşalla aparalar seni” məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 21:53-də “şeherde gec cixdun adam kişi olar qaz da doldurdun şüşe cekmeye gedün balsefnen” məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 21:15-də “Nermanın deyeri yoxdu şüşe cek orda” məzmunlu, qeyd edilən mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 20:07-də “Şüşe cek yaxşi olcey elvida” məzmunlu, qeyd edilən mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 18:25-də “Direm sene Nerman qusur sen elə ilişmisen şüşe cekmeye uşaqindan vacib” məzmunlu SMS mətnlərinin göndərilməsi faktlarının qeydə alındığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 17 iyul 2023-cü il tarixli, 4509 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 23 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, onun üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi – 0,313 qram çəkidə psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə aparılan şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 01 ədəd DVD diskin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, 0,313 qram çəkidə psixotrop maddə metamfetaminin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İİ siyahının 5-ci qrafasına əsasən 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi isə 0,413 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində üç azyaşlı uşaqlarının olmasını (əsas: portaldan çıxarış və arayış (i.v.117)) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı, cəmi 04 ay 23 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 09 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı, cəmi 04 ay 23 gün müddət nəzərə alınmalı (CM-69.3), Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının ümumi dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan psixotrop maddənin qalığı 0,313 qram metamfetamin məhv edilməli və 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixdən həbsdə saxlanıldığı cəmi 04 ay 23 gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 09 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 05 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan psixotrop maddənin qalığı 0,313 qram metamfetamin məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri 65,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-451/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-451/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver