Məhkəmə qərarları › İş №1(005)-455/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-455/2022

14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-455/2022 14.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2i yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq 142648 nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1960-cı ildə istehsal olunmuş, 16 kalibrli TOZ-B modelli, çaxmağlı, hamar qoşa lüləli, texniki cəhətdən saz və atəşə yararlı, odlu yivsiz silah hesab edilən, lüləsi və qundağı kustar üsulu ilə kəsildiyi üçün hazırda öz təyinatını itirmiş 01 ədəd 16 kalibrli ov tüfənginin kəsiyini və bir tərəfi kəsici, ucu deşici xassəyə malik, istifadəyə yararlı, soyuq silah hesab edilən 01 ədəd ümumi təyinatlı ov bıçağını əldə edib üzərində və idarə etdiyi avtomobildə saxlamaqla Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 23/41 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdə saat 17:30-da Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 23/41 ünvanında saxlanılaraq Baş İdarəyə gətirilmiş, Baş İdarədə həmin tarixdə saat 18:39-dan etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi bir tərəfi kəsici, ucu deşici xassəyə malik, istifadəyə yararlı, soyuq silah hesab edilən 01 ədəd ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 19:48-dən etibarən Təqsirləndirilən şəxs idarə etdiyi “Toyoto Prius” markalı, ** DH *** qeydiyyat nişanlı avtomobilə baxış zamanı yük bölməsindən qanunsuz olaraq əldə edib saxladığı 142648 nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1960-cı ildə istehsal olunmuş, 16 kalibrli TOZ-B modelli, çaxmağlı, hamar qoşa lüləli, texniki cəhətdən saz və atəşə yararlı, odlu yivsiz silah hesab edilən, lüləsi və qundağı kustar üsulu ilə kəsildiyi üçün hazırda öz təyinatını itirmiş 01 ədəd 16 kalibrli ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin iyun ayının əvvəllərində yaşadığı Buzovna qəsəbəsində yerləşən evin yaxınlığında zibil qutularının qarşısında 01 ədəd qara torbanın olmasını görmüşdür. Qara torbanın içərisinə baxdıqda orada 01 ədəd bıçaq və 01 ədəd silahın olmasını görmüşdür. Ətrafa baxıb kiminsə onu görmədiyinə əmin olduqdan sonra həmin torbanı götürüb yaşadığı ünvana gətirmişdir. Evə gəldikdən sonra torbanı açıb yenidən oradakı əşyalara baxmışdır. 01 ədəd bıçaqı torbadan götürüb açılıb-qatlanan bıçaq olduğunu, 01 ədəd silahın isə qundağının kəsildiyini görmüşdür. Bundan sonra həmin silahı götürüb idarə etdiyi "Toyoto Prius” markalı avtomobilin baqajına qoymuşdur. Bıçağı isə evdə yaşadığı otağa qoymuşdur. 14 iyun 2022-ci il tarixdə saat 17 radələrində qeyd olunan bıçağı şalvarının sağ yan cibinə qoyub idarə etdiyi avtomobilə əyləşmişdir. 14 iyun 2022-ci il tarixdə saat 17:30-da Nizami rayonu, Babək prospektində idarə etdiyi avtomobilin qarşısında dayandığı zaman 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb, xidməti vəsiqələrini göstərməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını qeyd etmişlər. Sonra ondan özünü təqdim etməyini xahiş etmişlər. O, özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onu idarə etdiyi avtomobil ilə birlikdə polis idarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxs axtarış zamanı üzərində bıçaq, idarə etdiyi avtomobildə isə tüfəng olmasını etiraf edərək əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd açılıbqatlanan bıçağı və 01 ədəd avtomobil açarını, əynində olan şalvarın sol yan cibindən isə 01 ədəd "İphone” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Baxış davam etdirilərkən üzərində hər hansı bir əlavə predmet və əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı üzərindən aşkar olunan predmetin özünə məxsus olan açılıb-qatlanan bıçaq olduğunu, həmin bıçağı təxminən 10-15 gün öncə yaşadığı Buzovna qəsəbəsində yerləşən evin yaxınlığından zibil qutularının qarşısından tapdığını, bıçaqdan əlavə həmin yerdən 01 ədəd "obrez” kimi tanıdığı tüfəng də tapdığını, həmin tüfəngin hazırda idarə etdiyi avtomobilin baqajında olduğunu, silaha həvəsi olduğu üçün həmin predmetləri götürərək özündə saxladığını, həmin predmetlərdən istifadə etmədiyini, silahların satışı ilə məşğul olmadığını, üzərindən aşkar olunan mobil telefonun özünə məxsus olduğunu, aşkar olunmuş avtomobil açarının isə saxlanılan zaman qarşısında olduğu və baş idarəyə gətirilmiş avtomobilin açarı olmasını, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş bıçaq polis əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Eyni zamanda üzərindən aşkar olunmuş 01 ədəd İphone markalı mobil telefonun iş üzrə əhəmiyyət kəsb etdiyindən polis əməkdaşı tərəfindən götürülmüş, idarə etdiyi avtomobilin açarı isə özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır. Daha sonra idarə etdiyi avtomobilə baxış keçirilmiş və avtomobilin yük bölməsində 01 ədəd qundağı və lülə hissəsi kəsik vəziyyətdə olan tüfəng olması aşkar olunmuşdur. Şifahi sorğu zamanı həmin tüfəngin özünə məxsus olduğunu, tüfəngi təxminən 10-15 gün öncə yaşadığı evin yaxınlığında zibil qutularının qarşısından üzərindən aşkar olunan bıçaqla bərabər tapdığını, tüfəngdən istifadə etmədiyini, satışı ilə məşğul olmadığını, həmin əşyaları tapmağı barədə heç bir hüquq mühafizə orqanına məlumat vermədiyini bildirmişdir. Bundan sonra avtomobilin yük bölməsindən aşkar olunmuş 01 ədəd qundağı və lülə hissəsi kəsik vəziyyətdə olan tüfəng polis tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra avtomobilə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 14 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. Əməliyyat qrupunun digər üzvlərini təlimatlandırarkən Baş İdarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə etməsi, üzərində saxlamaqla daşıyıb gəzdirməsi barədə məlumat daxil olması və Təqsirləndirilən şəxs xarici əlamətlərini bildirmişdir. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs Nizami rayonu, Babək prospektində olacağı bildirildiyindən 14 iyun 2022-ci il tarixdə Baş İdarədən çıxıb qeyd olunan ünvana getmişlər. Həmin ünvana çatıb bir qədər müşahidə apardıqdan sonra saat 17 radələrində Nizami rayonu, ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs idarə etdiyi “Toyoto Prius” markalı, **-DH-*** qeydiyyat nişanlı avtomobilin durmasını və qarşısında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər şəxsin dayanmasını görmüşlər. Qeyd olunan ünvanın qarşısında həmin şəxsi saxlayıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib saxlamaqla üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib idarə etdiyi avtomobil ilə birlikdə Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edildikdən sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində bıçaq, idarə etdiyi avtomobildə isə tüfəng olmasını etiraf edərək əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd açılıb-qatlanan bıçağa bənzər dəmir predmeti və 01 ədəd avtomobil açarını, əynində olan cins şalvarın digər cibindən isə 01 ədəd "İphone" markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərində hər hansı bir əlavə predmet və əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan predmetin özünə məxsus olan açılıbqatlanan bıçaq olduğunu, həmin bıçağı təxminən 10-15 gün öncə yaşadığı Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən evin yaxınlığından zibil qutularının qarşısından tapdığını, bıçaqdan əlavə həmin yerdən 01 ədəd “obrez” kimi tanıdığı tüfəng də tapdığını, həmin tüfəngin hazırda onun idarə etdiyi və onunla birlikdə baş idarəyə gətirilmiş avtomobilin yük bölməsində olduğunu, silaha həvəsi olduğu üçün həmin predmetləri götürərək özündə saxladığını, həmin predmetlərdən istifadə etmədiyini, silahların satışı ilə məşğul olmadığını, üzərindən aşkar olunan mobil telefonun özünə məxsus olduğunu, idarə etdiyi avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bıçağa bənzər dəmir predmet 01 ədəd zərfin içərisində qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd “İphone” markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etmə ehtimalı olduğundan götürülmüşdür. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib olunaraq tərəflərindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi "Toyoto Prius” markalı, **- DH-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs “Toyoto Prius" markalı avtomobildə odlu silah, döyüş sursatları, o cümlədən digər qanunsuz əşya və ya predıııetlər gizlədib saxlayırsa təqdim etsin. Bu Təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yük bölməsində tüfəng olmasını yenidən etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilmiş və avtomobilin yük bölməsindən 01 ədəd üzərində qeydiyyat nömrəsi olan, qundağı və lülə hissəsi kəsik vəziyyətdə olan tüfəngə bənzər dəmir predmet aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan predmetin özünə məxsus ov tüfəngi olduğunu, həmin predmeti təxminən 10-15 gün öncə yaşadığı Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən evin yaxınlığından zibil qutularının qarşısından tapdığını, silaha marağı olduğu üçün götürərək özündə saxladığını, həmin predmetdən istifadə etmədiyini, heç kəsin onda silah olması barədə məlumatının olmadığını, silahların satışı ilə məşğul olmadığını, bundan başqa avtomobilində və özündə hər hansı qanunla qadağan olunan əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yük bölməsindən aşkar olunmuş 01 ədəd qundağı və lülə hissəsi kəsik vəziyyədə olan tüfəngə bənzər dəmir predmet 01 ədəd göy sellofan paketin içərisində qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmaqla götürülmüşdür. Avtomobilə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşı Şahid3 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 18-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 14 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tutmanın əvvəli 14 iyun 2022-ci il tarixdə saat 17:30dan hesablanmışdır. Cinayət işinin 26-27-ci vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat idarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Mürsəlov Azər oğlu Azərbaycan Respublikası CPM-in 51, 86, 242- 247-ci maddələrinin tələblərinə əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Şahid3, barəsində axtarış və götürmə aparılan şübhəli şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - X2 iştirakları ilə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında 14 iyun 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 17:30-da Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 23/41 ünvanında idarə etdiyi «Toyota Prius» markalı, ** DH *** qeydiyyat nişanlı avtomobilin qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və daşımaqla üzərində gəzdirməkdə şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 iyun 2022-ci il tarixli qərara əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində 14 iyun 2022-ci il tarixdə saat 18:39-da şəxsi axtarış və götürmə aparmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində bıçaq, idarə etdiyi avtomobildə isə tüfəng olmasını etiraf edərək əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd açılıb- qatlanan bıçağa bənzər dəmir predmeti və 01 ədəd avtomobil açarını, əynində olan açıq göy rəngli cins şalvarın sol yan cibindən isə 01 ədəd “İphone” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoydu. Təqdim olunan dəmir predmetə baxış zamanı müəyyən edilmişdir ki, həmin bıçağa bənzər dəmir predmetin üzərində “Stainless Steel USA” yazısı olmaqla tutacaq hissəsi açıq qəhvəyi rəngdədir. Predmətin tiyə hissəsinin keçirilməsi üçün bıçaqın tutacaq hissəsində xüsusi qoruyucu mövcuddur. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərində hər hansı bir əlavə predmet və əşya aşkar edilmədi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan predmetin özünə məxsus olan açılıb-qatlanan bıçaq olduğunu, həmin bıçağı təxminən 10-15 gün öncə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən evin yaxınlığından zibil qutularının qarşısından tapdığını, bıçaqdan əlavə həmin yerdən 01 ədəd “obrez” kimi tanıdığı tüfəng də tapdığını, həmin tüfəngin hazırda onun idarə etdiyi və onunla birlikdə baş idarəyə gətirilmiş avtomobilin yük bölməsində olduğunu, silaha həvəsi olduğu üçün həmin predmetləri götürərək özündə saxladığını, həmin predmetlərdən istifadə etmədiyini, silahların satışı ilə məşğul olmadığını, üzərindən aşkar olunan mobil telefonun özünə məxsus olduğunu, aşkar olunmuş avtomobil açarının isə saxlanılan zaman qarşısında olduğu və onunla birlikdə baş idarəyə gətirilmiş avtomobilin açarı olmasını, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bıçağa bənzər dəmir predmet 01 ədəd zərfin içərisində qablaşdırılıb Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd “iphone” markalı mobil telefonun iş üzrə sübut əhəmiyyəti kəsb etmə ehtimalı olduğundan tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd avtomobil açarı iş üzrə əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə axşam vaxtı, xidməti iş otağımda, süni və təbii işıqlandırma şəraitində aparılmışdır. Şəxsi axtarış 14 iyun 2022-ci il tarixdə saat 18:52-də başa çatmışdır. Şəxsi axtarış və götürmə zamanı “SONY” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparılmışdır. Cinayət işinin 29-30-cu vərəqələrində olan “Baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” 14 iyun 2022-ci il tarixli protokoldan görünür ki, 14 iyun 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 17:30-da Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 23/41 ünvanında idarə etdiyi «Toyota Prius» markalı, ** DH *** qeydiyyat nişanlı avtomobilin qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və daşımaqla üzərində gəzdirməkdə şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən 01 ədəd açılıb-qatlanan bıçağa bənzər dəmir predmet aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı idarə etdiyi «Toyota Prius» markalı, ** DH *** qeydiyyat nişanlı avtomobilin yük bölməsində tüfəng olduğunu bildirərək, həmin avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini qeyd etmişdir. Buna görə də həmin avtomobildə odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola bijəcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Baxış və götürmə aparılması haqqında” 14 iyun 2022-ci il tarixli qərara əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının həyətyanı sahəsində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə 14 iyun 2022ci il tarixdə saat 19:48-də baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs baxış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmişdir, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu baxış və götürmə aparılması haqqında qərarla tanış edərək, idarə etdiyi avtomobildə olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yük bölməsində tüfəng olmasını yenidən etiraf etmişdir Bundan sonra Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirildi və avtomobilin yük bölməsindən 01 ədəd qara rəngli, üzərində qeydiyyat nömrəsi kimi “14 2648 60” rəqəmlərin olduğu qundağı və lülə hissəsi kəsik vəziyyətdə olan tüfəngə bənzər dəmir predmet aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan predmetin özünə məxsus ov tüfəngi olduğunu, patronunun mövcud olmadığını, həmin predmeti təxminən 10-15 gün öncə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən evin yaxınlığından zibil qutularının qarşısından tapdığını, silaha marağı olduğu üçün götürərək özündə saxladığını, həmin predmetdən istifadə etmədiyini, heç kəsin ondan silah olması barədə məlumatının olmadığını, silahların satışı ilə məşğul olmadığını, bundan başqa avtomobilində və özündə hər hansı qanunla qadağan olunan əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi avtomobilin yük bölməsindən aşkar olunmuş 01 ədəd qundağı və lülə hissəsi kəsik vəziyyədə olan tüfəngə bənzər dəmir predmet 01 ədəd göy sellofan paketin içərisində qablaşdırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Prius» markalı, ** DH *** qeydiyyat nişanlı avtomobilə baxış axşam vaxtı süni işıqlandırma şəraitində keçirilmişdir. Baxış keçirilməsi 14 iyun 2022-ci il tarixdə saat 20:00-da başa çatdı. Cinayət işinin 49-52-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 22/427R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 142648 №-li silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1960-cı ildə istehsal olunmuş 16 kalibrli TOZ-B modelli, çaxmağlı, hamar qoşa lüləli ov tüfəngidir, yivsiz odlu silahdır. Həmin ov tüfənginin lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsilmişdir, hal-hazırda ümumi uzunluğu 630 mm olan öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir, yivsiz odlu silahdır, texniki cəhətdən sazdır və hər iki lülədən atəş üçün yararlıdır. DİN-in KTİ-də yalnız yivli odlu silahların qeydiyyatı aparıldığından qərarın 2-ci sualında qeyd olunan “təqdim edilmiş 01 ədəd qundağı və lülə hissəsi kəsik vəziyyətdə olan tüfəngə oxşar predmet odlu silah hesab edilirsə, həmin silah DİN-in KTİ-də yerləşən “güllə giliz" kartotckası üzrə yoxlanılsın” sualına cavab verilmədi. Cinayət işinin 84-86-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-713/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 14 iyun 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 87-88-ci vərəqələrində olan “Maddi sübut kimi tanınma haqqında” 16 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd 142648 №-li, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1960-cı ildə istehsal olunmuş 16 kalibrli TOZ-B modelli, çaxmağlı, hamar qoşa lüləli, oldu yivsiz silah hesab edilən, lüləsi və qundağı sonradan kustar üsul ilə kəsilmiş, texniki cəhətdən saz və hər iki lülədən atəş üçün yararlı, hazırda ümumi uzunluğu 630 min olan öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyi öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınması, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 115-117-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022 il tarixli, 3/815 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, istifadəyə yararlıdır, soyuq silah hesab edilir. Cinayət işinin 118-119-cu vərəqələrində olan “Maddi sübut kimi tanınma haqqında” 10 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir tərəfi kəsici, ucu deşici xassəyə malik, istifadəyə yararlı, soyuq silah hesab edilən 01 ədəd ümumi təyinatlı ov bıçağının öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınması, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİnin maddi sübutları saxlama yerinə təhvilməsi qərara alınmışdır. Cinayət işinin 126-133-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 14 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə, idarə etdiyi avtomobilə keçirilən baxış və götürmə zamanı çəkilən videogörüntüləri özündə saxlayan 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin 148-149-cu vərəqələrində olan “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 15 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 162-163-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla — üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir.». “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi;xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, onun bu məhkumluğu (Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü) azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 228.1 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla cəza müəyyən edilməli (CM-66.2.), üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş bir ədəd 142648 №-li, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1960-cı ildə istehsal olunmuş 16 kalibrli TOZ-B modelli, çaxmağlı, hamar qoşa lüləli, oldu yivsiz silah hesab edilən, lüləsi və qundağı sonradan kustar üsul ilə kəsilmiş, texniki cəhətdən saz və hər iki lülədən atəş üçün yararlı, hazırda ümumi uzunluğu 630 min olan öz təyinatını itirmiş 16 kalibrli ov tüfəngi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik, istifadəyə yararlı, soyuq silah hesab edilən 01 ədəd ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə axtarış götürmə, eləcə də idarə etdiyi avtomobilə baxış və götürmə keçirilməsini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 14 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş bir ədəd 142648 №-li, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1960-cı ildə istehsal olunmuş 16 kalibrli TOZ-B modelli, çaxmağlı, hamar qoşa lüləli, oldu yivsiz silah hesab edilən, lüləsi və qundağı sonradan kustar üsul ilə kəsilmiş, texniki cəhətdən saz və hər iki lülədən atəş üçün yararlı, hazırda ümumi uzunluğu 630 min olan öz təyinatını itirmiş 16 kalibrli ov tüfəngi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik, istifadəyə yararlı, soyuq silah hesab edilən 01 ədəd ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə axtarış götürmə, eləcə də idarə etdiyi avtomobilə baxış və götürmə keçirilməsini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 64,00 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar