Məhkəmə qərarları › İş №1(005)-455/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-455/2025

08.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-455/2025 08.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X5 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0.396 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla 19 avqust 2025-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Ulduz” metrostansiyasının yaxınlığına daşımış, 19 avqust 2025-ci il tarixdə saat 19:37 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən “Ulduz” metrostansiyasının yaxınlığında saxlanılaraq üzərinə video çəkilişlə keçirilən üstünün yoxlanılması zamanı əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibindən çıxardığı siqaret qutusunu içərisindən 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümdə xeyli miqdarda ümumi təmiz çəkisi 0.396 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5 il olar ki, psixotrop maddə metamfetamindən istifadə etmişdir. Narkotik vasitələri qəbul etməyə başlayanda Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan yerdə adını bilmədiyi, lakin üzdən tanıdığı bir şəxslə tanış olmuş və həmin şəxs ona bildirmişdir ki, narkotik vasitə və ya psixotrop maddə lazım olanda ondan ala bilər. O da narkotik vasitə lazım olanda Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan yerə gedərək həmin şəxsi tapıb sonuncudan almışdır. Narkotik vasitəni aldıqdan sonra bədənində ağrılar olan zaman münasib yer taparaq orada qəbul etmişdir. 19 avqust 2025ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan yerə gedib həmin şəxsi taparaq görüşmüdşür. Orada həmin şəxsə 10 manat pul verib ona psixotrop maddə metamfetamin gətirməsini istəmişdir. Təxminən 10-15 dəqiqə sonra həmin şəxs ona 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə psixotrop maddə metamfetamini gətirib vermişdir. O, psixotrop maddə metamfetamini siqaret qutusunun içərisinə qoyduqdan sonra əynində olan qəhvəyi rəngli şalvarının sağ yan cibinə qoymuşdur ki, bədənində ağrılar olan zaman istifadə etsin. 19 avqust 2025-ci il tarixdə saat 17:37 radələrində avtobusdan düşüb piyada ünvan 2 ünvanında yerləşən “Ulduz” metrostansiyasının yaxınlığında hərəkətdə olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib ondan özünü təqdim etməyini istəmişlər. O da özünü polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt polis əməkdaşları ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu, buna görə də üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü təqdim etməyi bildirmişlər. O, artıq çıxılmaz vəziyyətdə olduğunu görüb əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibindən siqaret qutusunu çıxarıb içərisində olan 01 ədəd içərisi boş olan gümüşü rəngli kağız bükümü və 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə olan psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim edərək həmin bükümün içərisində psixotrop maddə metamfetamin olmasını, həmin psixotrop maddəni şəxsi istifadə məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan yerdə tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra aşkar edilmiş psixotrop maddə metamfetamin qablaşdırılaraq möhürlənmiş və onlar imzaları ilə zərfin üzərini təsdiq etmişlər. Polis əməkdaşları onu Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində psixotrop maddə metamfetamini təqdim etməyi barədə protokol tərtib edilmişdir. Protokolun doğruluğunu onlar imzaları ilə təsdiq etmişlər. Sonra ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə təqdim etdiyi psixotrop maddə metamfetaminə baxış keçirilmiş və yenidən zərfə qoyularaq möhürlənmişdir. Sonra isə bütün hərəkətlər protokollaşdırılmış və onlar imzaları ilə protokolun dosruluäunu təsdia etmişlər. O, həmin psixotrop maddə metamfetamini adlanan yerdə adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən şəxsi istifadə məqsədi ilə əldə etmişdir. O, heç vaxt narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Yekunda əməlindən peşman olmasını, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantıdır. 19 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu ərazisində narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Ondan, Nərimanov RPİ-nin 17-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. O, Məmmədhüseyn və Vüsal ilə birlikdə məlumat əsasında xx.xx.2025-ci il tarixdə saat 17:37 radələrində ünvan 2 ünvanında yerləşən “Ulduz” metrostansiyasının yaxınlığına getmişlər. Həmin vaxt xarici görkəm əlamətlərinə görə Natiqin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını, özünü şübhəli aparmasını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Natiqə narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif etmişlər. Natiq də əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibindən siqaret qutusunu çıxarıb içərisində olan 02 ədəd gümüşü rəngli kağız bükümü təqdim edərək, həmin bükümün birinin içərisinin boş, digərində psixotrop maddə metamfetamin olmasını, həmin psixotrop maddəni şəxsi istifadə məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan yerdə tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirən zaman içərisindən ağ rəngli, kristallik formalı, psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edildi. Digər bükümün içərisinin boş olması müəyyən edilmişdir. Aşkar edilmiş bükümdə olan ağ rəngli maddə qablaşdırılaraq möhürlənmiş, üzəri iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 17-ci PŞ-nə aparmışlar. Polis şöbəsində Natiqin psixotrop maddə metamfetmini təqdim etməyi barədə protokol tərtib edilmişdir. Protokolun doğruluğu iştirakçılar və Natiq tərəfindən imzalar ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması təhqiqatçı Orxan Abaslıya həvalə edilmişdir. Orxan Abaslı da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində aşkar edilərək 1ablaşdırılmış 01 ədəd zərfdə olan bükümə baxış keçirilmişdir. Sorğu maddə metamfetamin olduğunu, həmin maddəni şəxsi istifadə məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan yerdə tanımadığı şəxsdən əldə etdiyini demişdir. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Natiq tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 və Şahid2 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 19 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli şalvarının sağ yan cibində 1 ədəd siqaret qutusunun içərisində heç bir kütlə, əşya olmadan siqaretin gümüşü kağızı və 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü təqdim etmişdir. Təqdim edilmiş maddə qablaşdırılaraq protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 19 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:37-də şübhəli şəxs qismində tutulmuşdur. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 19 avqust 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan 01 ədəd zərfə baxış keçirilmişdir. Zərf bağlı vəziyyətdə olmuş və zərfin tamlığı pozulmamışdır. Zərfin içərisində psixotrop maddəyə bənzər kütlə aşkar edilmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə ona məxsusdur və psixotrop maddədir . Məlikəmə-kimyəvi ekspertizasının 20 avqust 2025-ci il tarixli, 6/2823 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №219” dairəvi möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs (İmza)” yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,396 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,396 qr, tədqiqata sərf edildi 0.05. qr, qalıq 0.346 qr. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 21 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 21 avqust 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04 sentybr 2025-ci il tarixli tələbnamədən və hökmdəm görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə-narkoloji ekspertizasının 21 avqust 2025-ci il tarixli, 5156 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 22 oktyabr 2025ci il tarixli protokollardan görünür ki, disk içərisindəki görüntülər “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 19 avqust 2025-ci il tarixli protokolu və “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 19 avqust 2025-ci il tarixli protokolu ilə eynilik təşkil edir. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 31 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, 02 ədəd disk və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,396 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, 02 ədəd disk cinayət işinin materillarına əlavə olunmuş və tədqiqata sərf edildikdən sonra qalmış qalıq, yəni 0,346 qram psixotrop maddə metamfetamin Nərimanov RPİ-nin saxlanc yerinə verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,396 qram təşkil etmişdir. Qeyd olunan siyahıya əsasən, psixotrop maddə olan metamfetaminin həmin miqdarı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli, 08 saylı qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra - 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edibetməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CMin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən ilk dəfə cinayət törətməsini, cinayəti etiraf etməsini, peşman olmasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (19-21 avqust 2025-ci il) həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır (CM-69.3). Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspert tədqiqatdan sonra qalan təmiz çəkisi 0,346 qram olan psixotrop maddə metamfetamin qalıq çəkisi məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 330 manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş qalıq çəkisi 0,346 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 30 iş saatı üçün cəmi 330 manat məbləğində vəsait dövlət büdcəsindən Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar