Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-456/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi iştirakları ilə, 23 avqust 1993-cü ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanıda qeydiyyatda olan, ünvan 2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mitsubishi Grandis” minik markalı, **- CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə 06 avqust 2021-ci il tarixdə saat 23:44-də Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti istiqamətindən metronun “Koroğlu” stansiyası istiqamətinə hərəkətdə olarkən Nərimanov rayonu, Z.Bünyadov prospekti 2090cı məhəllə ünvanının qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, yəni sürücü hərəkət üçün təhlükə yarandığnı gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, habelə həmin qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq avtomobilin qabaq orta hissəsi ilə Z.Bünyadov prospekti ilə avtomobil yolunu adi qaçışla sağdan sola keçən piyada X1 vurmuş, ehtiyatsızlıqdan piyada Məzahir Əfəndizadə ağır travmatik şokla müşayiət olunan 2-ci boyun fəqərəsinin fəsadlaşmış sınığı, çıxığı, üst və alt çənənin sınıqları, soldan 7-8-9-cu qabırğaların sınıqları, soldan çanaq sümüklərinin sınıqları, sol topuğun sınığı-çıxığı, başın, üzün, bədənin, ətrafların çoxsaylı əzilmiş-cırılmış yaraları, iki tərəfli paraorbital hematoması dərəcəsinə görə həyat üçün təhlükə törədərək ölümünə səbəb olduğundan sağlamlığa AĞİR zərər vurmaya aid xəsarətlər yetirməklə piyadanın ölməsi ilə nəticələnən yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmuşdur. Bununla da, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, «BC» kateqoriyalı sürücülük vəsiqə olmaqla etibarnamə əsasında ona məxsus «Mitsubishi Grandis» markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edir. 06 avqust 2021-ci il tarixdə saat 23:44-də idarə etdiyi həmin avtomobillə Nərimanov rayonu, Z.Bünyadov prospekti istiqamətindən metronun “Koroğlu" stansiyası istiqamətinə hərəkətdə olarkən Nərimanov rayonu, Z.Bünyadov prospekti 2090-cı məhəllə ünvanının qarşısında 5 zolaqlı hərəkət zolunun soldan 1-ci cərgəsi ilə 60-70 km/saat sürətlə hərəkət etmişdir. Həmin vaxt onunla paralel soldan 2-ci cərgə ilə «Opel» markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil hərəkət etmişdir. Qəflətən «Opel» markalı avtomobilin qarşısından yolun soluna tərəf bir nəfər piyada kişi qaçaraq hərəkət zolağına çıxmış, «Opel» markalı avtomobilin sürücüsü sürətini azaltmış, bu zaman piyada qəfildən adi qaçışla yenidən 3 və ya 4 addım məsafə qət etdiyindən o, elə bilmişdir ki, piyada dayanacaq, belə ki, piyada sonradan təxminən 2 saniyə dayanmış və onun hərəkət zolağına daxil olmuşdur. O, piyadanı vurmamaq üçün avtomobili bir qədər sağa istiqamətləndirsə də, idarə etdiyi avtomobilin ön orta hissəsi ilə piyadanı vurmuşdur. Piyada zərbənin təsirindən hərəkət zolağına yıxılmışdır. O, dərhal avtomobili saxlamış, piyadaya yaxınlaşaraq onu avtomobilinə mindirib, dərhal Neyrocərrahiyə xəstəxanasına aparmışdır. Sonra Nərimanov RPİ-dən polis əməkdaşlaprının gələrək onun sərxoşluq müayinəsindən keçirmiş, hadisə yerinə onun iştirakı ilə baxış keçirilmişdir.Polis idarəsində hadisə barədə izahat vermiş və ona məlum olmuşdur ki, vurduğu piyada Ağstafa rayon sakini X4r. O, piyadanın müalicəsinə lazım olan yardımları göstərməyinə baxmayaraq 07 avqust 2021-ci il səhər saatlarında piyada xəstəxanada ölmüşdür. Təqsirləndirilən şəxs həmçinin ifadəsində piyadanı görən anda aralarında təxminən 3-4 metr məsafə olduğunu, piyadanın «Opel» markalı avtomobilin qarşısından qəfildən adi qaçışla onun hərəkət zolağına daxil olduğunu, piyadanın təxminən 2 saniyə dayandığını, piyadanı öz hərəkət zolağında vurduğunu, avtomobildə yük olmadığını, avtomobilin texniki cəhətdən saz vəziyyətdə olduğunu, hadisə günü spirtli içki, psixotrop maddə, narkotik vasitə qəbul etmədiyini, hadisə baş verən bədən xəsarəti almadığını bildirmişdir. Son olaraq əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ona dəyən ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə izahatında göstərmişdir ki, mərhum X8 onun əridir. Onlar 1993-cü ildə rəsmi ailə həyatı qurmuş və birgə nikahdan bir qız övladı var. 06 avqust 2021-ci il tarixdən 07 avqust 2021-ci tarixə keçən gecə Nərimanov rayon polis idarəsinin polis əməkdaşları onun mobil telefon vasitəsilə əlaqə saxlayaraq əri X2 baş vermiş yol-nəqliyyat hadisəsi zamanı vəfat etdiyini bildirmişlər. Belə ki, əri Məzahir Əfəndiyev 06 avqust 2021-ci il tarixdə saat 23:44-də Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospektində avtomobil yolunu keçmək istəyən zaman əvvəllər tanımadığı və hər hansı münasibəti olmadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs onu idarə etdiyi «Mitsubishi Grandiz-minik» markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobillə vuraraq bədən xəsarətləri yetirmiş, əri X8 aldığı bədən xəsarətlərdən xəstəxanada ölmüşdür. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın aradan qaldırıldığını, təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 07 avqust 2021-ci il tarixli, 2/22559 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında akt”dan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin QİŞ tərəfindən 29.08.2018-ci il tarixdə verilmiş AB seriyalı 776685 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin sürətindən görünür ki, “Mitsubishi Grandiz” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X3r; “Nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair” 19 sentyabr 2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X6 mülkiyyətində olan “Mitsubishi Grandizminik” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini hüququ olduqda idarə etmək, sərəncam vermək və s. səlahiyyətini 19.09.2021-ci il tarixədək Təqsirləndirilən şəxs etibar etmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ Lənkəran RQİTBŞ tərəfindən 22.08.2014-cü il tarixdə verilmiş AE seriyalı 412431 nömrəli sürücülük vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs BC kateqoriyalı sürücüdür; “Baxış keçirilməsi haqqında” 21 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi X10, CM-in 263.2-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası DİN-in X7 Xidmətindən daxil olmuş 18 avqust 2021-ci il tarixli 003-11044-1221 saylı məktuba əlavə edilmiş 01 ədəd DVD diskin yaddaşında olan məlumata baxış keçirmişdir. Daxil olmuş 01 ədəd DVD-RW diski Nərimanov RPİ-nin istintaq şöbəsinin 54 saylı xidməti otağında, HP markalı xidməti kompyuterin disk oxuyucusuna daxil etdikdə diskin yaddaşında faylın olduğu müəyyən edilmişdir. Həmin fayllar TŞ9-089-2021-08- 06_23h44min00s000ms.mp4, adlanan fayllardır. Qeyd olunan fayllar açıldıqda 06 avqust 2021-ci il tarixdə hadisənin baş verməsindən 15 dəqiqə sonrakı, yəni saat 23:44-də artıq hadisənin baş verəndən sonra yol-nəqliyyat hadisəsinin videogörüntüləri, avtomobil yolunda hərəkətin dayandığı videogörüntülərə baxış zamanı yuxarıda, qərarlarda, baxış protokolunda qeyd edilən zaman və yer öz əksini tapıг. başqa hər hansı sübut əhəmiyyəti kəsb edən məqam müşahidə edilmir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 publik hüquqi şəxsin 07 avqust 2021-ci il tarixli, 101 nömrəli meyitin ekspertizası rəyindən görünür ki, mərhum X2 məhkəmə tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər: -2-ci boyun fəqərəsinin fəsadlaşmış sınığı, çıxığı, üst və alt çənənin sınıqları, soldan 7-8-9cu qabırğaların sınıqları, soldan çanaq sümüklərinin sınıqları, sol topuğun sınığı-çıxığı, başın, üzün, bədənin, ətrafların çoxsaylı əzilmiş-cırılmış yaraları, iki tərəfli paraorbital hematoması həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 06.08.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələgələ bilərdi və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidirlər. Ölümünə səbəb almış olduğu travma kompleksi nəticəsində baş vermiş ağır dərəcəli travmatik şok olmuşdur. Ölüm xəstəxanada 07.08.2021-ci il tarixdə saat 04:20-də baş vermişdir, bunu ilkin meyit əlamətlərinin inkşaf dərəcəsi təsdiq edir. X2 meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində 1,37%-li etil spirti aşkar edilmişdir, bu qatılıq rəsmi cədvəl üzrə yüngül dərəcəli alkoqol sərxoşluğun əlamətlərini daşıyır. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salsilatlar aşkar edilməmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş 29 oktyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon polis İdarəsinin 078-1211-1221 nömrəli, 01 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, Mərkəzi İnformasiya sisteminin məlumatına əsasən Təqsirləndirilən şəxs 21.08.2014-cü il tarixdə “BC” kateqoriyalı, AE 412431 seriya nömrəli sürücülük vəsiqəsi verilmişdir. Həmin sürücülük vəsiqəsi 22.08.2024-cü il tarixədək aktivdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 sentyabr 2021-ci il tarixli, 8/2097 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “Mitsubishi Grandizminik” markalı, 99CL635 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbacan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir; “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 02 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-in X7 Xidmətindən 18 avqust 2021-ci il tarixli 003-11044-1221 saylı məktubla alınmış 01 ədəd DVD disk iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmışdır; “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 02 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə qızının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə aralarında barışıq olmuşdur, ondan heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Ona dəyən ziyan ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144- 146-cı maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 sentyabr 2021-ci il tarixli, 8/2097 nömrəli nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi cinayəti etiraf edərək əməlindən peşman olmasını; zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, ona dəyən ziyanı ödəməsi (CM-in 59.1.12-ci maddəsi); ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə ilə barışmış, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmış və sonuncu tərəfindən ona qarşı şikayət və tələb olmamaqla yanaşı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirən hal Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi CM-in 263.2-ci maddəsi ilə həmin Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-in X7 Xidmətindən 18 avqust 2021-ci il tarixli 003-11044-1221 saylı məktubla alınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-in X7 Xidmətindən 18 avqust 2021-ci il tarixli 003-11044-1221 saylı məktubla daxil olmuş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD– 210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-456/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-456/2021
23.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver