Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-456/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə X5 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X3 CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X8 xx.xx.2021-ci il tarixdə, Azərbaycan Respublikasının bütün ərazisində yayımlanan "Yenixeber.orğ" informasiya portalına X3 barədə bilə-bilə yalan, böhtan xarakterli məlumat verərək, həmin məlumatın yayımlanmasını istəmişdir. Bundan sonra "Yenixeber.orğ" informasiya portalı bu yalan və böhtandan ibarət olan informasiyanı sosial şəbəkələrdə yayımlamışdır. X9 yaydığı yalan informasiyada bildirilir ki, guya X11 ondan 305 min ABŞ dolları almış, daha sonra həmin pulu ona qaytarmaqdan boyun qaçırmışdır. Bundan sonra 26 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda "Hüriyyət" TV kanalına gələrək, orada Sərdar Cəlal tərəfindən yayımlanan "Gündəm" adlı proqramda eyni yalan və böhtan informasiyanı canlı şəkildə danışaraq yayımlamışdır. Bundan əlavə, Əbülfəs Daşdəmirov böhtan xarakterli eyni məlumatları müxtəlif xəbər saytlarında anasının vasitəsi ilə müraciət edərək yayımlamışdır. Dəfələrlə hüquq müdafiə orqanlarına qeyd olunan məlumatları yazaraq şikayət məktubları ilə müraciət etmişdir. Lakin mötəbər sübutların olmaması səbəbindən cinayət işinin açılmasının rədd edilməsi haqqında qərar edilmişdir. X11 Azərbaycanda kifayət qədər tanınmış din xadimidir. Bakıda fəaliyyət göstərən Abubəkir məscidinin imamıdır. Bundan əlavə, onun sosial şəbəkələrdə yayımlanan din sahəsinə aid maarifləndirici çıxışlarını izləyən çoxsaylı izləyiciləri vardır. X2 arasında əvvəllər dini inancla əlaqəli dostluq və yoldaşlıq əlaqələri olmuşdur. Sonradan onların arasında dini inanc sahəsində fikir ayrılığı yaranmışdır. Bu səbəbdən X3 məqsədi sosial şəbəkələrdə yayımladığı yalan və böhtan məlumatlar vasitəsi ilə X5 şərəf və ləyaqətini alçaltmaq və onu nüfuzdan salmaqdır. X11 dəfələrlə X6 ona qarşı istifadə etdiyi şər-böhtandan əl çəkməsini təklif etmişdir. Lakin Əbülfəs ya kimlərinsə təsiri altında, yaxud da özünün əqidəsi ilə bağlı olan inancına görə ona böhtan atmaqdan əl çəkmir. Bununla həm X5 şərəfini və ləyaqətini ləkələyir, həm də rəhbəri olduğu Abubəkir məscidinin, mütəmadi olaraq gah özü, gah da anasının vasitəsi ilə sosial şəbəkələrdə barəsində yalan məlumatlar yaymaqda davam edir. Ona görə də X3 CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab olunur ki, X8 yuxarıda qeyd olunan hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. X3 barəsində Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət işinin açılması və icraata başlanması haqqında qərar qəbul edilməsi, X3 Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cəzalardan birinin seçilməsi barədə hökm qəbul edilməsi xahiş olunmuşdur. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə hazırlıq iclasına gəlməmişdirlər. Məhkəmə, hazırlıq iclasının qeyd edilən şəxslərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 299.11-ci maddəsinə əsasən məhkəmə hazırlıq iclasını xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, X11 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbinə görə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ilkin olaraq aşağıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun deyildir, həmçinin şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 43.2-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası; Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.1 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə və xüsusi ittiham qaydasında şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 301.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticəsində xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyrimümkünlüyünə səbəb olan hallar olmadıqda və xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1) şikayət həmin məhkəməyə aid olmadıqda; 2) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3) şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4) cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6) cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7) şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8) şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlardan birini qəbul edir: 1)şikayət həmin məhkəməyə aid olmadığı müəyyən edildiyi halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 2)barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduğu halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 3)şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildiyi; şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7cimaddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığı; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi; şikayəti vermiş şəxs şikayətindən imtina etməsi və təqsirləndirilən şəxslə barışması və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Tədqiq edilmiş materiallarından da aydın olur ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 tərəfindən verilmiş şikayət ərizəsində qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi harada, nə vaxt və necə törədilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi mötəbər sübutlarla təsdiq edildiyi göstərilməlidir. X11 şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, doğulduğu il); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələrini (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), şikayətin verildiyi yeri göstərməmişdir. Eyni zamanda əməldə cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olması öz təsdiqini tapmır. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 2 və 3-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri- qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32-ci maddəsinin İİ və İİİ hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fikir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulub-pozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 4-cü bəndində məhkəmələr nəzərə almalıdırlar ki, Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fıkri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafıəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olub-olmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir (bax, X12rşı, 27 mart 1996-cı il, § 39). Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir (bax, başqa bir çox mənbələrlə yanaşı, De Haes və Gijsels Belçikaya qarşı, § 37 və Kolombani və digərləri Fransaya qarşı, § 55). Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, məqbul olan tənqidin hüdudları fərdi şəxslə müqayisədə ictimai xadim, o cümlədən siyasətçi ilə bağlı daha genişdir. Birincidən fərqli olaraq ictimai və ya siyasi xadim sözlərinin və hərəkətlərinin jurnalistlər və ümumiyyətlə ictimaiyyət tərəfindən yoxlanılmasına qaçılmaz olaraq və bilə-bilə açıq edir və buna görə o, daha böyük dərəcədə dözümlülük nümayiş etdirməlidir (bax, Lingens Avstriyaya qarşı, § 42). “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 17-ci bəndində izah olunur ki, Məhkəmələrə izah edilsin ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzrlü səbəblər göstərmədən təkrarən məhkəmə hazırlıq iclasına gəlmədiyi hallarda da verilir (CPM-nın 43.1.1 və 43.2-ci maddələri). Məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayət üzrə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla xitam verilməsi haqqında qərarın qəbul edilməsi zərərçəkmişin təkrarən eyni ittiham üzrə məhkəməyə müraciət etməsini istisna edir CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməlidir. Xüsusi ittihamçı X1 Əbülfəs Nəsib oğlunın tərəfindən cəmiyyət içərisində təhqir olunduğunu qeyd etsə də, şikayətində həmin şəxslərin, şahidlərin kimliyi barədə dəqiq məlumatlar (ad, soyaq, ata adı və digər şəxsi identifikasiya məlumatlarını) göstərməmiş və həmin hadisənin baş verməsini təsdiq edə bilməmişdir. Xüsusi ittihamçı X11 xüsusi ittiham qaydasında şikayət verən şəxsin soyadını düzgün qeyd etməmişdir. O, X5 əvəzinə X7 xüsusi ittiham qaydasında şikayət verən şəxs kimi şikayət ərazisində göstərmişdir. Bununla da xüsusi ittihamçı X11 “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 11-ci bəndinin və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, iş materiallarında da göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş X11 17 oktyabr 2024, 28 noyabr 2024 və 05 dekabr 2024-cü il tarixlərə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, X11 üzrlü səbəblər olmadan məhkəmə iclaslarına gəlməmişdir. Bu isə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin tələblərinə əsasən xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Ona görə də şikayətdə istinad edilmiş sübutlar şikayətçinin dəlillərini təsdiqləmədiyindən, əsassız hesab edilməli və CPM-in 300.1.3-cü maddəsinə əsasən icraata qəbul edilməkdən imtina edilməlidir. CPM-in: 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 X8 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-456/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-456/2024
05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver