Məhkəmə qərarları › İş №1(005)-457/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-457/2023

09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-457/2023 09.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçiələri Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, X2 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti aşağıdakı faktlarla sübut olunur: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 12 saylı Vəkil Bürosunda vəkilik edən X4 öz adına qeydiyyatdan keçmiş “Facebook” səhifəsindən istifadə edərək Alaif Hasanov adlı facebook istifadəçisinin şərh bölməsində qərəzli olaraq onu “separatist” və “qeyri milli” (yəni bizim millətdən olmayan) adlandırmışdır. (Milli ayrı seçkilik). Daha dəqiq desək, həmin şərhdə A.X9 adlı facebook istifadəçisinin yazdığı şərhə müdaxilə edərək əslində ona aid olmayan, onun şəxsi mənafeyinə toxunmayan söhbətə qoşularaq belə bir ifadə paylaşıb: “Alaif Hasanov boş şeydir, kollegiyada nəyə desən inanaram amma rüşvət və korrupsiyaya görə əlimi balta altına qoyaram! Əlaif, son milli adamsan, heç olmasa separatçı Camal Bağırovla bir sırada dayanma...”. Bu insan ləyaqətini alçaldan kinli və qərəzi ifadələr bütün dünyanın izlədiyi sosial şəbəkəsi sayılan facebook internet səhifəsində yayılmış və bu yazıları minlərlə insan oxumuşdur. Səfərəliyevin hansı əsaslarla onu “separatist” adlandırması ona aydın deyil. O bunu öz şərhində açıqlamır. Səfərəliyev açıq-aydın onu “separatist” kimi ağır cinayətdə ittiham edərək ona böhtan atmış, həm də onu “qeyri milli” adlandırmaqla bir azərbaycanlı kimi ona qarşı ayrı-seçkilik etməklə milli hissiyatına toxunmuş və onu ağır təhqir etmişdir. O, bu ifadələri işlətməklə təkcə onun şərəf və ləyaqətini, milli hissiyatını alçaltmamış, həm də açıq-aydın onu ağır cinayət sayılan “separatçılıqda” ittiham etmişdir. Aydın məsələdir ki, o, bilə-bilə onu ağır cinayətdə ittiham etmişdir. Həmin an facebook istifadəçisi Alaif Hasanov onun bu sözləri ilə razılaşmadığını desə də, Səfərəliyev yazdıqlarını pozmamış yaxud da üzrxahlıq etməmişdir. Halbuki, Alov Səfərəliyev özü vəkildir və vəkil kimi insan hüquq və azadlıqlarını müdafiə etmək barədə and içmişdir. İndi isə həmin andını pozmuş və hətta cinayət etmişdir. O ki, qaldı “separatism” sözünün mənasına və belə bir əməlin ictimai təhlükəliliyinə dəqiqləşdirmişdir ki, Separatizm — istənilən formada dövlətin və cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla, ölkənin milli təhlükəsizliyinə ciddi təhlükə mənbəyi ola bilən fəaliyyətdir. Deməli, A.Səfərəliyev onu faktiki olaraq dövlətimizin milli təhlküsəzliyi üçün ciddi təhlükəli bir şəxs kimi qələmə verməklə onu ağır və xüsusiilə ağır cinayətdə ittiham edir, bu isə qərəzli böhtan və təhqirdir. Bu ifadələri sosial şəbəkədə yaymaqla Səfərəliyev həm də Azərbaycan xalqını milli və qeyri-milli hissələrə ayırmış, onların arasında milli, etnik ayrı-seçkiliyə gətirib çıxaran “qeyri milli olmayan” şəxslərə qarşı açıq nifrət nümayiş etdirməklə ictimai təhlükəli əməl törətmişdir. Məlumdur ki, Səfərəliyev bu sözləri işlətməklə təkcə onu yox, ola bilsin onun timsalında bütün cənub zonasının azsaylı xalqlarını “qeyri milli” sayır. Onun deməyindən elə çıxır ki, kim milli deyilsə, deməli o bu xalqın və dövlətin düşmənidir. Deməli əgər sən, milli deyilsənsə, bu xalqın, bu dövlətin düşməni olan separatistsən. Səfərəliyev “MİLLİ” deməklə hansı milləti nəzərdə tutursa bunu məhkəmə aydınlaşdırar. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycanda yaşayan bütün xalqlar dinindən, dilindən, irqindən, milliyətindən asılı olmayaraq bərabərdirlər. Xalqı milli və qeyri-milliyə bölmək, eləcə də kimisə qərəzli olaraq separatist adlandırmaq cinayətdir. Onu da deyir ki, Səfərəliyev tez-tez cənub zonasının insanlarına qarşı və xüsusən də ona qarşı belə bir mövqedə olmuşdur. Bəlkə Səfərəliyev onlara düşmən olan dövlətlərin xalqımız arasında milli ədavəti qızışdırmaq barədət tapşırığını yerinə yetirir? İndiki zamanda bu ən azından düşmən dəyirmanına su tökməkdir. Bu şəxs belə ifadələrinə görə mütləq məsuliyyətə cəlb olunmalıdır. Təbii ki, Alov Səfərəliyev separatizmin mənasını bir hüquqşünas kimi anlayır və bunun məsuliyyətini bilməmiş deyil. Alov Səfərəliyev onun separatist olmadığını gözəl bilir. Məhkəmədə isə onun separatist olduğunu artıq sübut etməlidir. Sadəcə olaraq X10 rayonunda anadan olduğunu əsas götürüb imkan düşən kimi onu və doğulduğu yeri təhqir etmişdir. A.Səfərəliyevin bu qərəzli hərəkətinin səbəbi məlumdur. Alov Səfərəliyev onun Vəkillər Kollegiyası rəhbərliyi ilə bağlı məhkəmə çəkişmələrindən narahat olaraq belə ağır ittihamlarla onu cəmiyyətin və onu tanıyan hüquqşünasların gözündən salmağa çalışır. A.Səfərəliyev bundan əvvəl də ona qarşı facebookda belə ifadələr işlətmişdir. Bu birinci hal deyil. A.Səfərəliyevin onu separatizmdə ittiham etməsi ona dərin mənəvi iztirab verir. O, dost-tanışların yanında rüsvay olmuşdur. İndi hamı ona separatçı kimi baxır. Səfərəliyev bu ittihamla onu və ümumiyyətlə cənub zonasını “qeyri milli” şəxs kimi qələmə verərək xalqlarımız arasında ayrı-seçkilik yaradır. Məsələn paylaşmada X8 yazır: “Sən milli adamsan, Camal Bağırov isə separatistdir” deməsi, açıq aydın milli, dini, irqi, ayrı-seçkiliyə işarədir. Bu isə bilavasitə irqçilikdir. Əslində, separatizm əlamətləri Səfəliyevin özündə tüğyan edir. Baxmayaraq ki, Alaif Hasanov onun cavabını vermiş və ona irad tutmuşdur ki, o, Camal bəyi separatist kimi tanımır. Amma Səfərəliyev bundan nəticə çıxarmayaraq digər kütləvi yerlərdə də bu ifadələri işlətmişdir. Göstərilənləri nəzərə alaraq onu xüsusi ittihamçı tanımaqla şərəfini, ləyaqətini və milli hissiyatını ləkələyən məlumatları yayıb onu ağır cinayətdə təsirləndirdiyinə görə və ona böhtan atdığına görə A.M.Səfərəliyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddələrin sanksiyaları daxilində ən ağır cəza verilməsi xahiş edilmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayət ərizəsində göstərilənləri müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçiələri Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 ayrı-ayrılıqda çıxış edərək xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə hesab edir ki, X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbinə görə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.1 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə və xüsusi ittiham qaydasında şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 301.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticəsində xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyrimümkünlüyünə səbəb olan hallar olmadıqda və xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1) şikayət həmin məhkəməyə aid olmadıqda; 2) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3) şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4) cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6) cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7) şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8) şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə həmçinin qeyd edir ki, CPM-nin 302.1.3-cü maddəsinin tələbindən göründüyü kimi xüsusi ittiham qaydasında şikayət ərizəsi Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrinə istinadən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində 1) şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 2) törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 3) cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 4) şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 5) cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 6) şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 7) şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Məhkəmədə müəyyən edilmişdir ki, X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Belə ki, CPM-in 293.3.1-ci maddəsinə əsasən şikayət vermiş şəxs özü haqqında, yəni soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi barədə məlumatları şikayətində göstərməli olduğu halda, şikayət vermiş şəxs X6 vermiş olduğu xüsusi ittiham qaydasında şikayətdə özü haqqında məlumatları tam şəkildə qeyd etməməklə, doğulduğu il, məşğuliyyət növü və vəzifəsi barədə məlumatları göstərməmişdir. Bundan başqa, CPM-in 293.3.6-cı maddəsinin tələbləri pozulmaqla şikayətin verildiyi tarix (il, ay və gün) və tərtib edildiyi yer qeyd edilməmişdir. Məhkəmə işin hallarını irəli sürülmüş ittiham həddində tədqiq edərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətdə şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutlar əks etdirilməmişdir. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə X2 “Facebook” səhifəsində X6 barəsində böhtan xarakterli, yəni şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan və həqiqəti əks etdirməyən yalan məlumatlar işlətdiyi bildirilmiş, X2 X1 olaraq “Separatçılıq” kimi ağır cinayət törətməkdə ittiham etməsi göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə məsuliyyət müəyyən edir. Qanunverici orqan CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibinin yaranması üçün mühüm tövsifedici əlamət kimi ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham etməklə böhtan atmanı müəyyən etmişdir. Cinayətlərin təsnifatı cinayət qanunvericiliyində konkret meyarlar əsasında müəyyən edilmişdir. Bu və ya hər hansı cinayət əməlinin ağır və ya xüsusilə ağır cinayət əməli hesab edilməsi, onun sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həcmi ilə müəyyən edilir. Məhkəmə xüsusilə vurğulayır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində “Separatçılıq” cinayəti nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət o zaman əsaslı hesab edilə bilər ki, şikayətdə istinad olunan əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirməsi, eləcə də qeyd olunan əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq mötəbər sübutlarla əsaslandırılsın. Odur ki, şikayətdə göstərilənlər müvafiq sübutlarla təsdiqlənmirsə, belə şikayət əsassız hesab edilməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X6 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və CPM-in 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 tərəfindən X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar