Məhkəmə qərarları › İş №1(005)-458/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-458/2022

07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-458/2022 07.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Köbər Zəyzid kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, fərdi tikili evdə kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan bir nəfər zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ verən «BCD» kateqoriyalı sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz olan DAF AD 85 XC markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili 10 yanvar 2022-ci il tarixdə saat 18:13 radələrində Binəqədi rayonu istiqamətindən Baksol yolu ilə Keşlə qəsəbəsi istiqamətinə saatda 10 km sürətlə idarə edərkən yolun ünvan 1 ünvanı hissəsinə çatdıqda piyada X6 yolun hərəkət hissəsinə daxil olub soldan sağa keçməsini, hərəkət üçün təhlükə yaranmasını görüb piyadaya yol vermək məqsədilə avtomobilin surətini azaldaraq dayandırmış, piyada F.İbrahimovun onun idarə etdiyi avtomobilin qarşısından keçməyə imkan yaratmış və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələbinə riayət etməklə, yəni hərəkətə başlamazdan əvvəl piyadanın yolun hərəkət hissəsini boşaltmasını gözləməli və hərəkətin təhlükəsizliyinin təmin olunmasına tam əmin olmalı, hərəkətin digər iştirakçıları üçün mane yaratmamaqla yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, həmin yol hərəkəti qaydalarını pozub piyadanın avtomobilin qarşısından tam keçməsini və hərəkət hissəsini boşaltmasını gözləmədən avtomobili hərəkətə gətirməsi ehtiyatsızlıqdan piyada Fəzail İbrahimovun avtomobilin qabaq sağ hissəsi ilə vurularaq təkərin altına düşməsinə və onun üzərindən keçib sürütləməklə Fəzail İbrahimovun kəllə-tağı və əsası sümüklərinin çoxsaylı qəlpəli açıq sınıqları, baş beynin və qişalarına qansızma, boyun nahiyəsinin əzilmişcırılmış yarası, sağ və sol diz oynağında, sol sağrı nahiyəsinin, sol aşıq-baldır oynağının sıyrılmış yaraları, kəllə tağı və əsası sümüklərinin sınığı nəticəsində baş beyin toxumasının əzilməsi, yan mədəciklərə və qişaları altına qansızma ilə müşayiət edilən həyati xəsarətlər almasına kəllə tağı və əsası sümüklərinin sınığı nəticəsində baş beyin toxumasının əzilməsi, yan mədəciklərə və qişaları altına qansızma kimi aldığı xəsarətlər zərərçəkmış Fəzail İbrahimovun hadisə yerində ölməsinə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublıkası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham edildiyi əməldə özünü təqsirli bilmədiyini bildirərək ifadəsində göstərmişdir ki, o, dolanışıq məqsədilə X4 adına olan DA 1 AD 85 XC markalı **-HZ-*** nömrəli beton qarışdıran yük maşınını etibarnamə ilə idarə edir, həmin maşınla müştərilərin verdikləri sifarişləri yerinə yetirərək qazanc əldə edir. Maşının sahibi ilə aralarında olan razılığa görə işlərdən əldə olunmuş qazancı yarı bölürlər. 10 yanvar 2022-ci il tarixdə, saat 18:00 radələrində işlərini qurtarıb yaşadığı evə getmək üçün idarə etdiyi yük maşını ilə Baksol yolu ilə Binəqədi rayonu ərazisi istiqamətindən Keşlə qəsəbəsi istiqamətinə yola düşmüşdür. Həmin vaxt avtomobil yolunda tıxac olduğundan o, yük maşınını saatda 10 km sürətlə idarə etmişdir, maşının kabinində ondan başqa dostluq münasibətində olduğu Fikrət olmuşdur. Avtomobil yolu ilə hərəkətdə olub ünvan 2 ünvanda yerləşən dəmir yol xəttini keçərkən təxminən 4-5 metr aralı məsafədən yolun sol tərəfindən piyada, əvvəllər tanımadığı adını sonradan bildiyi X6 əlində sellofan torba, asta yerişlə yolun ortasına kimi keçməsini görmüşdür. Təqsirləndirilən şəxs piyadaya yol vermək məqsədilə idarə etdiyi surətini tam azaldıb dayanmış, piyada Fəzail İbrahimov hərəkətini davam etdirib onun idarə etdiyi maşının qarşısından keçmişdir. O, piyadanın maşının qarşısından tam keçdiyini görüb daha sonra hərəkətə başlayıb yolunu davam etdirmiş və dəmiryol xəttini keçib həmin yerdən təxminən 30 metr məsafə qət etdikdən sonra qara rəngli “Nissan” markalı, nömrəsinə diqqət yetirə bilmədiyi avtomobilin sürücüsü onun idarə etdiyi avtomobili ötüb və Təqsirləndirilən şəxs saxlatdırmağa çalışmışdır. O, avtomobili yolun kənarına yönəldib saxladıqdan sonra həmin avtomobilin sürücüsü idarə etdiyi avtomobili onun avtomobilinin qarşısında saxlamışdır. Təqsirləndirilən şəxs maşından düşdükdən sonra həmin avtomobilin sürücüsü də avtomobilindən düşmüş, ona yaxınlaşmış və Təqsirləndirilən şəxs piyadanı vurması barədə məlumat verib geriyə qayıtmalı olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs piyadanı vurmasını hiss etmədiyi üçün harada, kimi vurmasını soruşmuşdur. Həmin şəxs ona geri bir az öncə keçdiyi dəmir yolu xəttinin yanına qayıtmağı və orada vurduğu piyadanı görəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilində sərnişin qismində olan Fikrətlə birlikdə piyada həmin şəxsin dediyi yerə qayıtmış və çatanda bir az əvvəl yolu keçmək üçün yol verdiyi piyada Fəzail İbrahimov yerdə uzanmış vəziyyətdə olmasını və ətrafına çoxlu adamlar yığışmasını görmüşdür. Oradakı insanlardan eşitdiyi qədər həmin şəxsi beton qarışdıran maşının vurmasını öyrənmişdir. İnsanlara yaxınlaşaraq beton qarışdıran maşını idarə etdiyini bildirsə də, həmin insanlar ona hadisənin onunla bir əlaqəsinin olmadığını bildirmişlər. Bir az keçmiş hadisə yerinə polis əməkdaşları gəlib baxış keçirmişlər və orada olduğu üçün onu da hadisə yerində görmüşlər. Baxış keçirdikdən sonra polislər piyada Fəzailin meyitini maşınla tibbi müayinə olunması üçün ölüxanaya göndərmiş və hadisə yerindən getmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, X8 o vurmamışdır. O, Fəzail İbrahimovun yolu keçdiyini gördüyü üçün nəqliyyat vasitəsini saxlamış, piyadanın tam keçdiyini gördükdən sonra hərəkətini davam etdirmişdir. Lakin piyadanın yolu keçdiyini görməsi üçün yan və arxa güzgülərə baxa bilməmişdir. Belə ki, həmin güzgülərə baxdıqda ondan arxada “Shacman” markalı yük maşınını görmüşdür. Fəzail İbrahimovun yas mərasimində iştirak edərək yas mərasiminin xərclərinin qarşılaması əsası kimi isə bildirmişdir ki, hadisədə onun bir təqsiri olmasa da, sadəcə insanların çoxu günahkar kimi onu gördüyü üçün o da bunu etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs X6 hüquqi varisi X10 bildirmişdir ki, 10 yanvar 2022-ci il tarixdə, axşam vaxtları saat 19:00 radələrində işdən evə gedən zaman atasının iş yoldaşı Bəhruz adlı şəxs ona telefon vasitəsi ilə zəng vurub bildirmişdir ki, bir az əvvəl atası Fəzaili işdən çıxıb evə gedərkən evin yaxınlığında yolu keçən zaman maşın vurmuşdur və atası aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. O, bunu bildikdən sonra dərhal hadisə baş vermiş yerə yəni, ünvan 2 ünvanda yerləşən Setka Toxuma sexinin bərabərliyindəki avtomobil yoluna gəlmiş və orada ona məlum olmuşdur ki, polislər hadisə yerinə baxış keçirdikdən sonra atasının meyitini xəstəxanaya göndərmişlər. Dəqiqləşdirmişdir ki, atasının meyitini ekspertiza müayinəsi üçün Bakı şəhəri 5 saylı xəstəxananın həyətində yerləşən morqa aparıblar və həmin yerə gəlmişdir. Həmin yerə gəldikdə görmüşdür ki, orada polis əməkdaşları və başqa tanımadığı şəxslər var. Həmin yerdə olan polis əməkdaşları ilə söhbət etdikdə ona məlum olmuşdur ki, atası Fəzaili Ə.Qayıbov küçəsində yolu keçərkən avtomobil yolu ilə hərəkət edən sürücü əvvəllər tanımadığı adı polislərdən ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi yük maşını ilə vurub xəsarət yetirmişdir. Bundan sonra atası Fəzailin meyitini həkimlər tibbi müayinə etdikdən sonra təhvil almışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 10 yanvar 2022-ci il tarixdə, saat təxminən 18:00 radələrində işə getmək üçün yaşadığı Masazır qəsəbəsində əvvəllər tanımadığı, adını sonradan bildiyi Ülvi adlı şəxsin idarə etdiyi “Nissan” markalı nömrəsinə diqqət yetirmədiyi taksi maşınına arxa oturacaqda əyləşmişdir. İş yerinin yerləşdiyi yerə getmək üçün Ülvi maşını idarə edib Baksol yolu ilə Binəqədi rayonu ərazisi istiqamətindən Keşlə qəsəbəsi istiqamətində hərəkət edirdi. Həmin vaxt avtomobil yolunda tıxac olduğundan və hava qaranlıq olduğundan Ülvi maşını asta sürətlə idarə edirdi. Həmin vaxt hərəkətdə olduqları maşının qarşısında təxminən 10 metr aralı məsafədə adını sonradan bildiyi Rüfət adlı şəxs idarə etdiyi beton qarışdıran yük maşını ilə hərəkət edirdi. Tıxac səbəbindən yavaş hərəkət etdikləri üçün diqqət yetirmişdir ki, Rüfətin idarə etdiyi yük maşını **-HZ-*** qeydiyyat nömrəlidir. Avtomobil yolu ilə hərəkətdə olub ünvan 2 ünvanda yerləşən dəmir yolu relslərinə çatıb keçərkən təxminən 10 metr aralı məsafədən görmüşlər ki, qarşıda hərəkət edən Rüfətin idarə etdiyi maşının altından əvvəl sellofan torbada olan iki çörək və arxası ilə tanımadığı kişi çıxıb yerə düşdü. Həmin vaxt Ülvi dərhal piyadanın düşdüyü yerdən aralı məsafədə avtomobili saxladı və görmüşlər ki, Rüfətin maşının altından çıxan piyada yerdən durmadı və yolun ortasında qaldı. Hadisə baş verdiyini görüb həmin yerdə hərəkət edən bütün sürücülər maşınları dayandırdılar. Həmin vaxt Rüfət yük maşınını hərəkət etdirib hadisə baş vermiş yerdən aralaşdı. Rüfətin maşınla hadisə yerindən aralaşdığını görüb ona hadisə barədə məlumat vermək məqsədilə Ülvi idarə etdiyi avtomobili hərəkət etdirib onun maşınının arxası ilə getdi və təxminən 30 metr aralaşdıqdan sonra səs siqnalı verib onun idarə etdiyi maşının qarşısına keçib dayandırmasını işarə etdi. Rüfət maşını saxladıqdan sonra Ülvi idarə etdiyi maşını yolun kənarında Rüfətin maşınının qarşısında bir az aralıda saxlayıb maşından düşüb ona tərəf yaxınlaşdı. Həmin vaxt o da maşından düşüb onlara yaxınlaşmışdır. Rüfət maşından düşüb onlara yaxınlaşdıqda o, sürücü Ülvi ilə birlikdə ona demişlər ki, yolu keçən piyada maşının təkərinə ilişib altından çıxıb yerə düşdü və hazırda yolun ortasında qalıb. Həmin vaxt onun yanında bir nəfər tanımadıqları kişi var idi. Bunu dedikdən sonra Rüfət həyacandan əlləri ilə başını tutub onlara heç bir söz demədən geri hadisə yerinə getmişdir. Həmin vaxt o, işə gecikdiyi üçün hadisə yerində qala bilməmiş və Ülvi ilə birlikdə həmin yerdən aralaşaraq iş yerinə gəlmişdir. Sonradan nə baş verməsi barədə heç bir məlumatı yoxdur. O, piyadanın beton qarışdıran yük maşınını idarə edən Rüfətin maşınının altından çıxıb yerə düşdüyünü görmüşdür. Həmin vaxt hərəkətdə olduğu maşını idarə edən Ülvi adlı şəxs bunu görüb piyada düşdüyü yerə çatana qədər aralı məsafədə maşını saxlamışdır. Lakin hadisə baş verən vaxt hava qaranlıq olduğundan maşın onlardan irəlidə hərəkət etdiyi üçün piyadanı necə vurmasını görə bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 10 yanvar 2022-ci il tarixdə, saat 18:00 radələrində tanışı Rüfətlə birlikdə sonuncunun idarə etdiyi beton qarışdıran yük maşını ilə Baksol yolu ilə Binəqədi rayonu ərazisi istiqamətindən Keşlə qəsəbəsi istiqamətinə hərəkət etmişlər. Həmin vaxt avtomobil yolunda tıxac olduğundan Rüfət yük maşınını saatda 10 km sürət ilə idarə etmişdir. O, maşının kabinində Rüfətin yanında əyləşmişdir. Avtomobil yolu ilə hərəkətdə olub ünvan 2 ünvanda yerləşən dəmir yol xəttinə çatıb keçərkən təxminən 4-5 metr aralı məsafədən yolun sol tərəfindən piyadanın əlində sellofan torba ilə asta yerişlə yolun ortasına kimi keçib və hərəkətini davam etdirməsini görmüşdür. Rüfət həmin piyadaya yol vermək məqsədilə idarə etdiyi maşının sürətini tam azaldıb dayandırmış və piyada Fəzail İbrahimov hərəkətini davam etdirib hərəkətdə olduqları maşının qarşısından keçmişdir. Rüfət piyada Fəzailin maşının qarşısını tam keçdiyini görüb sonra maşını hərəkət etdirib yoluna davam etməyə başlamışdır və dəmiryol xəttini keçib həmin yerdən təxminən 30 metr aralanmışdır. Hərəkətdə olan zaman görmüşdür ki, qara rəngli “Nissan” markalı nömrəsinə diqqət yetirə bilmədiyi maşının sürücüsü hərəkətdə olduqları maşını ötüb və sonra onları saxlatdırmağa çalışır. Rüfət maşını yolun kənarına verib saxladıqdan sonra həmin maşının tanımadığı sürücüsü idarə etdiyi maşını onlardan irəlidə saxlamışdır. O, və Rüfət maşından düşdükdən sonra həmin maşının sürücüsü maşından düşüb Rüfətə yaxınlaşmış, və «sən maşınla adam vurmusan, hara gedirsən geri qayıtmaq lazımdır» demişdir. Rüfət idarə etdiyi maşınla hansı adamı vurduğunu soruşanda həmin şəxs geri dəmir yol xəttinin yanına qayıtmağı və orada maşınla vurulanı görəcəyini söyləmişdir. Bundan sonra Rüfətin avtomobili orada qalmış və onlar birlikdə piyada həmin şəxsin dediyi yerə qayıtmışlar. Hadisə yerinə gəldikdə bir az əvvəl yol verdikləri piyadanın yerdə uzanmış vəziyyətdə olduğunu və ətrafına çoxlu adamlar toplaşdığını görmüşlər. Həmin şəxslərə yaxınlaşdıqda məlum olmuşdur ki, Fəzail yolu keçərkən maşınla vurulması nəticəsində xəsarət alıb yerə yıxılıb və aldığı xəsarətlər ağır olduğu üçün ölmüşdür. Rüfət orada olan şəxslərə bildirmişdir ki, o, betonqarışdıran maşının sürücüsüdür. Bundan sonra Rüfət hadisədən həyəcanlı olduğundan və əvvəl nə baş verdiyini tam anlaya bilmədiyindən bir söz demədən kənara çəkilmişdir. Rüfətin həyacanlı olduğunu gördüyü üçün dəstək olmaq məqsədilə yanında dayanmışdır. Hadisə yerinə polis əməkdaşları gəlib baxış keçirmişlər və Rüfəti hadisə yerində görmüşlər. Baxış keçirdikdən sonra polislər piyada Fəzailin meyitini maşınla meyidxanaya göndərmişlər və hadisə yerindən getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 10 yanvar 2022-ci il tarixdə, saat 18:00 radələrində Binəqədi rayon ərazisində olan işini görüb, idarə etdiyi yük maşınında qalan metal yükünü «Şeş Beş» adlanan ərazidə yerləşən yerdə boşaltmaq üçün Binəqədi rayon ərazisi istiqamətindən Baksol yolu ilə hərəkət etmişdir. Həmin vaxt qeyd olunan yolda avtomobil tıxacı olduğu üçün maşını saatda 10-15 km sürət ilə idarə etmişdir, maşının kabinində ondan başqa kimsə olmamış, maşının yük yerində təxminən 2-3 ton ağırlığında metal hissələri olmuşdur. Həmin vaxt ondan qarşıda təxminən 1 metr aralı məsafədə markasına və nömrəsinə diqqət yetirmədiyi sedan maşını hərəkət etmiş, həmin maşından təxminən 1 metr aralı məsafədə «DAF» markalı nömrəsinə diqqət yetirə bilmədiyi yük maşını hərəkət etmişdir. Qeyd olunan avtomobil yolu ilə hərəkətdə olub ünvan 3 ünvanda yerləşən dəmiryol relslərini keçmək üçün təxminən 1 metr məsafə qalmış diqqət yetirmişdir ki, ondan irəlidə hərəkət edən sedan markalı maşının sürücüsü qarşısında yaranmış hansısa maneədən qaçmaq üçün idarə etdiyi avtomobili qəflətən sola istiqamətləndirdi. Buna görə o, əvvəl ehtiyatlandığı üçün ayağını maşının qaz pedalından çəkmişdir. Həmin vaxt o, yolun ortasında çörək olduğunu görüb maşının təkəri ilə çörəyin üstündən keçməmək üçün maşının sükanını sola burub ortalama çörəyin üstündən ötüb keçmişdir və sonra diqqət yetirmişdir ki, hərəkət yolunun sağ kənarında yerə yıxılmış və uzanıqlı vəziyyətdə tanımadığı orta yaşlı kişi var və ətrafına tanımadığı 3 nəfər adam yaxınlaşaraq yığışmışlar. Düşünmüşdür ki, yəqin həmin şəxs sərxoşdur və bu səbəbdən yolun kənarında verə uzanıb. Buna baxmayaraq o, ehtiyat məqsədi ilə idarə etdiyi maşının tormozunu sıxıb həmin yerdə keçən dəmiryol relslərinin üstündə maşını tam dayandırmışdır. Həmin vaxt yerə uzanmış vəziyyətdə olan şəxsə yaxınlaşmış tanımadığı şəxslərdən biri əl işarəsi ilə ona işarə edib maşını hərəkətsiz vəziyyətdə saxlamağını bildirmişdir. Sonra həmin şəxs əl işarəsi ilə ona maşınla hərəkət edib həmin yeri ötüb keçməyini bildirmişdir. O, maşını hərəkət etdirib dəmiryol relslərini keçib hərəkətini davam edərək həmin yerdən aralaşmışdır və qeyd etdiyi ünvana gedib maşında olan yükü boşaltmışdır. Həmin gün yükü boşaltdıqdan sonra o, yaşadığı evə gəlmişdir və evdə olan zaman bir nəfər şəxs zəng vurub özünü təqdim edərək polis əməkdaşı olduğunu bildirmiş və sonra ona Nərimanov Rayonu 17-ci Polis Şöbəsinə gəlməyini demişdir. O, çağırışla bağlı qeyd olunan Polis Şöbəsinə gəldikdən sonra polis əməkdaşlarından ona məlum olmuşdur ki, Baksol yolunda qeyd etdiyi yerdə yolun kənarında yerə yıxılaraq uzanıqlı vəziyyətdə olan şəxs əvvəllər tanımadığı adını sonradan bildiyi X13 maşınla vurulması nəticəsində xəsarət alaraq yerə yıxılmışdır və aldığı xəsarətlər ağır olduğundan hadisə yerində ölmüşdür. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə” 11 yanvar 2022-ci il tarixli, 2/240 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur. “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X11 tərəfindən etibar edilən Təqsirləndirilən şəxs 31 may 2022-ci il tarixdə DAF AD 85XC yük markalı nəqliyyat vasitəsini istifadə etmək üçün etibarnamə verilmişdir. AC 738600 seriya və nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə xx.xx.2029-cu il tarixədək etibarlı olan “BCD” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 11 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsin saxlanıldığı MSY-dən azad edilməsi və şübhəli şəxs statusuna xitam verilməsi haqqında” 13 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi və barəsində şübhəli şəxs statusuna xitam verilməsi qərara alınmışdır. “Paltarların götürülməsi və baxış keçirilməsi haqqında” 17 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, mərhum piyada X6 hadisə zamanı əynində olmuş 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd poliver, 01 ədəd mayka, 01 cüt corab, 01 ədəd alt tumanı və 01 cüt ayaqqabı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 X20 02 fevral 2022-ci il tarixli, 04 nömrəli meyitin ekspertizasının rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – kəllə - tağı və əsası sümüklərinin çoxsaylı qəlpəli açıq sınıqları, baş beyin və qişalarına qansızma, boyun nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ və sol dız oynağında, sol sağrı nahiyəsinin, sol aşıq-baldır oynağının sıyrılmış yaraları, həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidirlər. X1 ölümünə səbəb – kəllə tağı və əsası sümüklərinin sınığı nəticəsində baş beyin toxumasının əzilməsi, yan mədəciklərə və qişaları altına qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi təsdiq edir. “Diskə baxış keçirilməsi haqqında” 10 fevral 2022-ci il tarixli protokoldan görünür ki, kameranın müşahidə zonasının qarşısında yerləşən avtomobil yolunda fiksə edilmiş görüntünün 18:13:30 saniyəsində, yəni kameranın görüntü monitorunda qeydə alınmış qeyd olunan saniyəsində avtomobil yolu ilə hərəkət edən beton qarışdıran maşının altından çıxan insan yolun ortasına düşür və həmin vaxt onun dərhal arxası ilə aralı məsafədə hərəkət edən avtomobillərin sürücüləri hadisəni görüb dərhal idarə etdikləri avtomobilləri dayandırırlar. Beton qarışdıran yük maşını isə hərəkətini davam etdirərək həmin yerdən aralaşır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasına dair 6/487-3/109-6/508 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “DAF AD 85 XC” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən götürülmüş lif nümunələri olan süngərlərin səthindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında təqdim edilmiş geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, X9 məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin, 01 ədəd şalvarın, 01 ədəd poliverin, 01 ədəd maykanın, 01 cüt corabın, 01 ədəd alt tumanın və 01 cüt ayaqqabının səthləri üzərində avtonəqliyyata aid boya mikrohissəcikləri və ya lak-boya örtüyünün sürtünmə izləri yoxdur. Təqdim edilmiş “DAF AD 85 XC” markalı, **- HZ-*** dövlət nömrə nişanlı avtomobilin üzərində olan zədələr, izlər hər hansı bərk və bərk olmayan predmetlə kontakda olması, dəyməsi nəticəsində yaranması mümkündür. Lakin zədə kənarında xüsusi əlamətlər olmadığından konkret olaraq insanla təmasda olması nəticəsində yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş geyim əşyalarından gödəkçənin, jaketin, şalvarın üzərində rəyin təsviri hissəsində şərh olunan zədələr, izlər vardır. Həmin zədələr, izlər öz formasına, quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk (küt) predmetlə kontakda olması, ilişməsi, sürtünməsi nəticəsində yaranması mümkündür. Həmin zədələr yol nəqliyyat hadisəsi zamanı yarana bilər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 254 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasına dair 24 iyun 2022-ci il tarixli, 8/1605 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, DAF AD 85 XC markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18 iyul 2022-ci il tarixli məktubundan görünür ki, X2 məlumatına əsasən, vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə “BCD” kateqoriyalı, AC 738600 seriya və nömrəli sürücülük vəsiqəsi verilmişdir. Həmin sürücülük vəsiqəsi xx.xx.2029-cu il tarixədək aktivdir. “Cinayət işləri üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi və əməlin tövsif edilməsi barədə” 27 iyun 2022-ci il tarixli qərardan görünür ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 236.2 və 264-cü maddələrindən həmin Məcəllənin 263.2-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs həmin maddə ilə ittiham verilməsi üçün kifayət hesab edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 264-cü maddəsinin tərkibi olmadığından həmin hissədə barəsində cinayət təqibinə xitam verilməsi, baş vermiş hadisənin fiksə edildiyi və köçürülərək istintaqa təqdim edildiyi 01 ədəd CD disk sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınması və iş materiallarına əlavə edilməsi, istintaq zamanı götürülmüş mərhum piyada X6 hadisə zamanı əynində olmuş 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd poliver, 01 ədəd mayka, 01 cüt corab, 01 ədəd alt tumanı və 01 cüt ayaqqabı sübut əhəmiyyəti olduğundan maddi sübut kimi tanınması və məhkəmə baxışınadək saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 28 iyun 2022-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. AZ-İİ № 615810 nömrəli və AZ-İ 894632 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs müvafiq olaraq 27 sentyabr 2010-cu il təvəllüdlü X15 adlı və 24 yanvar 2007-ci il təvəllüdlü X14 adlı 2 övladı vardır. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin, habelə şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, Təqsirləndirilən şəxs bu ifadələri cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə, həmçinin istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və digər sənədlərlə tam sübuta yetirilir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin, zərər çəkmiş şəxsin hüquqi varisinin iş materiallarında olan ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə 24 iyun 2022-ci il tarixli 88/1605 nömrəli rəyindən görünür ki, DAF AD 85 XC markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı övladının olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxs X6 hüquqi varisi X10 ilə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbi olmamış və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.1059.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 11 yanvar 2022-ci il tarixdən 13 yanvar 2022-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının ümumi dəyəri 339,0 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd poliver, 01 ədəd mayka, 01 cüt corab, 01 ədəd alt tumanı və 01 cüt ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisi X7 qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut – 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd poliver, 01 ədəd mayka, 01 cüt corab, 01 ədəd alt tumanı və 01 cüt ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisi X7 qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri – 339,0 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar