Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-46/2023 01.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayonu Yeni Günəşli Y/M “V” Massivi ev 25 mənzil 117-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını açıq talama məqsədilə 05 noyabr 2021-ci il tarixdə saat 23:30 radələrində ünvan 1 ünvanda yerləşən köşkdə satıcı işləyən, əvvəllər tanımadığı və heç bir münasibətinin olmadığı Zərərçəkmiş şəxs yaxınlaşaraq ilk öncə kofe sifariş vermiş, ona kofe hazırlanıb təqdim edildikdən sonra söhbət əsnasında özünə məxsus Azərbaycan Respublikası kiçik məbləğdə pul vəsaitini 02 ədəd Azərbaycan Respublikası 100 manatlıq pul əskinasına bütövləməsini xahiş etmiş, sonuncu onun xahişinə etiraz etməyib bu məqsədlə cibindən 02 (iki) ədəd 100 manatlıq Azərbaycan Respublikası pul əskinasını, yəni cəmi 200 (iki yüz) manat pulu ona təqdim etmək istədikdə isə ani məqamda qeyd olunan məbləğdə pulu onun əlindən alaraq özgə əmlakını açıq yolla talayıb hadisə yerindən iti addımlarla uzaqlaşaraq Zərərçəkmiş şəxs cəmi 200 (iki yüz) manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 noyabr 2021-ci il tarixdə gecə saatlarında, yadında olmasına görə təxminən 23:30 radələrində, Bakı şəhəri “8-ci kilometr” adlanan ərazidə olarkən adını xatırlamadığı restoranların birində əvvəllər tanımadığı müştərini idarə etdiyi avtomobillə Nərimanov rayonu, Atatürk prospektinə gətirmişdir. Həmin müştərini lazımi ünvana gətirib avtomobilini park etdikdən sonra yol kənarındakı müxtəlif su və siqaretlərin satıldığı köşkə yaxınlaşmışdır. Köşkdə cavan bir oğlanla söhbət etməyə başlamışdır. Söhbət zamanı həmin şəxsə üzərində xırda pul vəsaitinin olduğunu və həmin xırda pul vəsaitinin yüz manatlıq əskinaslara dəyişməsini xahiş etmişdir. Həmin şəxs ona köşkün şüşəsinin arxasından iki ədəd 100 manatlıq pul əskinası uzatmışdır. O, iki ədəd 100 manatlıq Azərbaycan Respublikası pul vəsaiti əskinasını, yəni cəmi 200 manat pulu onun əlindən alıb iti addımlarla köşkdən uzaqlaşıb taksi avtomobilinə minərək oradan uzaqlaşmışdır. Satıcının əlindən aldığı 200 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Nərimanov rayonu, Atatürk prospekti 2 saylı ünvanda yerləşən köşkdə satıcı işləmişdir. Həmin köşkdə müxtəlif siqaretlər və içkilər satmışdır. 2021-ci ilin noyabr ayında saat 23:30-də bir nəfər əvvəllər tanımadığı şəxs ona yaxınlaşaraq ümumi saylarının dörd olduğunu, yəni ondan başqa üç nəfər tanışının da olduğunu deməklə içməyə kofe hazırlanmasını xahiş elmişdir. Söhbət zamanı həmin müştəri ilk öncə özünə kofe hazırlanmasını xahiş etmişdir. Həmin vaxt aralarında müxtəlif məzmunda söhbət yaranmış, əvvəllər tanımadığı, sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs ondan əmək haqqısının nə qədər olduğunu, iş saatını və harada qaldığını soruşmuşdur. O, həmin şəxsin suallarına cavab vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona əmisinin “rent a car”, yəni avtomobillərin icarəyə verilməsi şirkətinin olduğunu demiş, ona orada işləməyi təklif edərək yüksək əmək haqqı veriləcəyinə dair vədlər vermişdir. Daha sonra mobil nömrələrini biri-birinə vermişlər ki, gələcəkdə bununla bağlı əlaqə saxlasınlar. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində xırda pul olduğunu bildirmiş, ondan cəmi 300 manat bütöv pul istəmişdir. O, həmin şəxsə 300 manat olmadığını 200 manat verə biləcəyini bildirib köşkün şüşəsinin arxasından ona iki ədəd 100 manatlıq pul əskinaslarını uzatmışdır. Bundan sonra, əlində olan pulu alaraq iti addımlarla köşkün qarşısından görə bilmədiyi istiqamətə getmişdir. O, həmin şəxsin qaçmaq niyyətinin olduğunu hiss edib köşkdən bayıra çıxmış və görmüşdür ki, Təqsirləndirilən şəxs iti addımlarla uzaqlaşaraq çıxıb getmək istəyir. Həmin vaxt o başa düşmüşdür ki, az öncə tanış olduğu Təqsirləndirilən şəxs əsil məqsədi onun 200 manat pulunu ələ keçirmək olmuşdur. Bu səbəbdən o, Əsgərin ardınca iri addımlara gedib onu səsləyərək geri qayıtması barədə şüarlar işlətmişdir. Lakin, Əsgər gözdən itdiyindən və artıq gecə saatları olduğundan ona çata bilməmiş, onun mobil nömrəsinə zəng edib getməsinin səbəbi ilə maraqlanmaq istəmiş, lakin onun mobil nömrəsinə artıq zəng çatmamışdır. Bundan sonra, o, DİN-nin 102 Zəng mərkəzi xidməti ilə telefon əlaqəsi saxlayıb hadisə barədə məlumat vermiş, daha sonra isə hadisə barədə polisə şikayət ərizəsi ilə müraciət etmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulan maddi ziyanının ödənilmədiyini və ona qarşı şikayətçi olduğunu bildirmişdir. Cinayət işinin 21-24-cü vərəqələrində olan “Baxış keçirilməsi haqqında” 08 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhər BPİ TŞ-nin XMİÜ baş təhqiqatçısı Şövqi Əhmədov Azərbaycan Respublikası CPM-nin 51, 236-cı maddələrinin tələblərinə uyğun olaraq həmin protokolu ondan ötrü tərtib etmişdir ki, xx.xx.2022-ci il tarixdə BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə daxil olmuş vətəndaş X1 şikayət ərizəsi əsasında X1 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirmişdir. Baxış zamanı müəyyən olundu: Baxış keçirilən yer ünvan 1 ünvandır. Baxış keçirilən ticarət köşkü Atatürk prospekti 2 saylı ünvanda yerləşən beş mərtəbəli yaşayış binası ilə üzbəüzdə piyada səkisinin kənarında yerləşən icarət köşküdür. Köşk tünd yaşıl rəng ilə rənglənmiş, dəmir-metal konstruksiyalardan inşa edilmişdir. Bir ədəd şüşə qapıdan və bir ədəd kiçik örtülü şüşə nəfəslikdən ibarətdir. Köşkün ön tərəfindəki şüşə qapıdan köşkə daxil olduqda sağ tərəfdə içərisində sirab yazıları ilə üzəri yaşıl rəngə boyanmış içərisində sirab suları olan 01 ədəd soyuducu, qapı ilə üzbəüzdə 01 ədəd Klimasan markalı içərisində kola firmasına məxsus içkilər, rəflərdə müxtəlif markalı siqaret qutuları, sol tərəfdə içərisində pivə olan butulkalar səliqə ilə düzülmüşdür. Giriş qapısı ilə soldan üzbəüzdə digər soyuducu və içərisində müxtəlif içkilər vardır. Nəfəslik ilə üzbəüz rəfin üzərində alışqanlar və saqqızlar düzülmüşdür. Köşkə baxış zamanı X2 bir daha təsdiq edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 00:00 radələrində işdə olan zaman köşkün nəfəsliyinə müştəri qismində yaxınlaşan şəxs onun əlindən 200 manatı alıb qaçmışdır. Bundan sonra hadisə yerinə baxış başa çatmış, ərizə və şikayət daxil olmamış, protokolun düzgünlüyü imzalarla təsdiq olunmuşdur. Cinayət işinin 68-69-cu vərəqələrində olan “Şəxsi tanınmaya təqdim etmə haqqında” 04 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş 03 nəfər şəxslə yan-yana dayanmış Təqsirləndirilən şəxs tanıyaraq, onun tərəfindən 200 manat pulunun cinayət yolu ilə ələ keçirilməsini bildirmişdir. Bu barədə protokol ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq edilmiş, fotocədvəl tərtib edilərək protokola əlavə edilmiş, protokol cinayət işinin ibtidai istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 75-76-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Lerik rayonu Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə həbsdən azad edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata CM-nin 73-1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Cinayət işinin 102-103-cü vərəqələrində olan “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 04 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 109-112-ci vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-142/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi üzrə cinayət məsuliyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və onun, dərhal məhkəmə iclas zalından azad olunması qərara alınmışdır. Cinayət işinin 114-123-cü vərəqələrində olan Lerik Rayon Məhkəməsinin 1(048)- 08/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının həbsə alındığı 06 mart 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş digər sübutlarla birlikdə tədqiq edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-419/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə onun dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli, xx/xx-5999 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, hazırki cinayət böyük ictimai təhlükə törətməyən cinayət olduğundan Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməməsi, cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 07 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-46/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-46/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver