Məhkəmə qərarları › İş №1(005)-461/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-461/2021

16.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-461/2021 16.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 02 sentyabr 2021-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 2/14 ünvanının qarşısında olarkən, Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş, xidməti otaqda onun üzərinə keçirilən şəxsi axtarış zamanı ona məxsus olan əynindəki göy rəngli cins şalvarın sağ cibində bir ədəd siqaretin gümüşü rəngli kağız bükümdə 0,266 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Müharibə zamanı aldığı travmalarla əlaqədar başında möhkəm ağrılar əmələ gəlmiş və özünü çox narahat hiss etdiyi üçün son zamanlar narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. 02.09.2021-ci il tarixdə saat təxminən 17:30 radələrində ünvan 4 ünvanında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Söhbət zamanı ondan şübhələndikləri üçün onu 17-ci Polis Şöbəsinə gətirmişlər. Orada xidməti otaqda videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. İlk öncə ona üzərində hər hansı qanunsuz əşya və ya maddə varsa könüllü təqdim etmək təklif olunmuşdur. Şəxsi axtarış zamanı o, şalvarının cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə heroini və şəxsi əşyalarını çıxarıb könüllü olaraq təqdim etmişdir. O, bildirmişdir ki, həmin bükümdə narkotik vasitə heroin vardır və heroin özünə məxsusdur. Həmçinin, bildirmişdir ki, həmin heroini öz istifadəsi üçün 31.08.2021-ci il tarixdə 20 yanvar metrostansiyasının yaxınlığında əvvəllər tanımadığı və heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 25 manata almışdır. Təqdim etdiyi narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlə möhürlənmiş, bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Saxlanılan zaman ona qarşı fiziki və ya psixi təsir göstərilməmişdir. Yekunda əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞnin cinayət axtarış üzrə əməliyyat müvəkilli Şahid2 oğlu ifadəsində göstərdi ki, “Sərxan” adlı şəxsin narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması və üzərində narkotik vasitə daşıması barədə Nərimanov RPİ-nin 17-ci PŞ-yə əməliyyat məlumatı daxil olmuş, həmin şəxsin geyimi və xüsusi əlamətləri bildirilmişdir. Bu barədə Nərimanov RPİ-nin 17-ci PŞ-nin rəisinə raportla müraciət olunduqdan sonra əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. 02.09.2021-ci il tarixdə saat 17:30 radələrində keçirilən tədbir zamanı Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 2/14 ünvanının qarşısında “Sərxan” adlı şəxs saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına gətirilmiş və şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Xidməti otaqda videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş qəhvəyi rəngli maddəni könüllü olaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə narkotik vasitə heroin olduğunu və həmin maddəni 31.08.2021-ci il tarixdə 20 yanvar metrostansiyasının yaxınlığında tanımadığı və hər hansı anket məlumatlarını bilmədiyi şəxsdən 25 manata alaraq öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə qablaşdırılmış və bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman və daha sonra ona qarşı fiziki və ya psixi təsir göstərilməmişdir. İş üzrə Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunarkən məlum oldu ki, o, iş üzrə digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 02 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 02 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı X3, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin baş əməliyyat müvəkilli X2, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkilli Şahid2, Təqsirləndirilən şəxs və “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində olan əşyaları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol cibindən 1 ədəd ağ rəngli “LD” siqaret qutusunu, 1 ədəd yaşıl rəngli alışqanı, 1 ədəd ağ rəngli Samsung markalı mobil telefonu, 10 manat pulu, həmin şalvarın sağ cibindən isə 1 ədəd “BAKİ KART”ını, özünə məxsus hərbi biletini və 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü təqdim etmiş və təqdim etdiyi həmin bükümün narkotik maddə heroin olmasını və həmin narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Vətəndaş Təqsirləndirilən şəxs həmin 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitəyə bənzər maddəni 31.08.2021-ci il tarixdə saat 17:00 radələrində onlayn yolla 20 yanvar metrostansiyasının yaxınlığında əvvəllər tanımadığı, lakin hər hansı anket məlumatını bilmədiyi şəxsdən 25 manata şəxsi istifadəsi məqsədilə almasını qeyd etmişdir. Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitəyə bənzər büküm özünün və polis əməkdaşlarının iştirakı ilə zərfə qoyaraq 219 №-li möhürlə möhürlənmişdir. Vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması Nərmanov RPİnin kriminalistik tədqiqatlar qrupunun inspektor-kriminalisti Emil Yusubov tərəfindən “Panasonic” markalı video kamera vasitəsi ilə qeydə alınmışdır. Protokol ucadan oxunmuş, heç bir əlavələr olmadığından imzalarla təsdiq edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2021-ci il tarixli, 6/3841 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs götürülmüş...” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,266 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manatdır; “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 04 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; “Qətimkan tədbiri seçilməsi haqqında” 04 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “CD diskə baxış keçirilməsi haqqında” 04 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X5 icraatında olan ********* nömrəli cinayət işi ilə əlaqədar iş materiallarına əlavə edilmiş, 02.09.2021-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-yə dəvət edilmiş və üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməsi, qəbulunda şübhəli bilinən 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılarkən video kamera vasitəsi ilə qeydə alınan video görüntülərin əks edildiyi 1 ədəd ağ rəngli CD diskə baxış keçirmişdir. Həmin CD diskdə olan görüntülərə baxış keçirilməsi üçün disk kompyuterin prosessoruna qoyulmuş və ekranda “756 132” KB rəqəmləri yazılmış fayl açılmışdır. Həmin fayla baxış keçirilən zaman müəyyən olunmuşdur ki, fayldakı görüntülər 04 dəqiqə 47 saniyə davam edir. Görüntüdə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs görüntünün faylın 02-ci dəqiqə 43-cü saniyəsində əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız və sellofan bükümdə narkotik vasitəyə bənzər maddəni təqdim edir və həmin gümüşü rəngli kağız və sellofan bükülünün içində narkotik vasitə olduğunu, onu 31.08.2021-ci il tarixdə saat 17 radələrində onlayn yolla 20 yanvar metrostansiyasının yaxınlığında əvvəllər tanımadığı və heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 25 manata alaraq özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş maddə axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılmışdır. CD diskə baxışla bağlı protokol tərtib edilərək disklə birlikdə iş materiallarına əlavə edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 mart 2019-cu il tarixli hökmü ilə CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq 1 (bir) il 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 22.05.2020-ci il tarixdə cəza müddəti başa çatdığından məhkum qeydiyyatdan çıxarılmışdır; Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 mart 2019-cu il tarixli, 1(101)-328/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 (bir) il 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; “Maddi sübut kimi tanıma haqqında” 01 noyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 0,266 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalan təmiz çəkisi 0,216 qram olan narkotik vasitə heroin Nərimanov Rayon Polis İdarəsinə təhvil verilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 09 oktyabr 2021-ci il tarixli, 3854 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; “Sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanımaq haqqında” 11 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş video görüntünün olduğu 01 ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,266 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; Vətən müharibəsinin iştirakçısı olmasını və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsini (əsas: iş materiallarında olan İ-2790 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsi); himayəsində azyaşlı uşağının olmasını (əsas: iş materiallarında olan 2 saylı Bakı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surəti). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (02-04 sentyabr 2021-ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-də saxlanılan narkotik vasitə heroinin qalıq çəkisi məhv edilməli, şəxsi axtarış zamanı çəkilmiş video görüntünün olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-də saxlanılan və qalıq çəkisi 0,216 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş video görüntünün olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar