Məhkəmə qərarları › İş №1(005)-461/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-461/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-461/2023 24.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Calalov Nizami Firdovsi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi «Yusifbəyli və Partnyorları»Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay və bir azyaşlı övladı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, 05 sentyabr 2023-cü il tarixli qərarla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 iyul 2018-ci il tarixdən başlayaraq övladı 04 iyul 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, bir uşağa 154,00 manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxs xeyrinə ödəməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 12 fevral 2019-cu il tarixli, 2(005)- 172/2019 saylı qətnaməsinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən həmin məhkəmənin 19 fevral 2021-ci il tarixli, 3(005)-495/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün və 28 noyabr 2022-ci il tarixli, 3(005)- 3748/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilməsinə, məhkəmə aktını icra etməsi ilə əlaqədar ona 05 dekabr 2022-ci il, 11 yanvar 2023-cü il, 05 may 2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 18 iyul 2023-cü il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 5440,00 manat aliment borcunu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödəməmiş, habelə sonuncuya maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o fərdi əmək fəaliyyəti ilə məşğul olur, yəni qeyri rəsmi olaraq sürücü işləyir və aylıq gəliri 800,00 manat təşkil edir. 2018-ci ildə aliment tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində Zərərçəkmiş şəxs tərəfindən ona qarşı iddia qaldırmış, və iddia təmin edilmişdir. Hər ay, bir uşağa 154,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o, isə maddi imkanı olmadığından alimenti ödəməmiş, icra məmuru alimentin ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, məhkəmə tərəfindən 2 (iki) dəfə olmaqla Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilmişdir. Son olaraq o məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, maddi çətinlik çəkdiyi və işləyə bilmədiyi üçün aliment ödəyə bilmir. Aylıq borcundan hissə-hissə ödəniş edəcəkdir. Bundan əalvə o hal-hazırda zərərçəkmiş şəxsə borcundan 1000 manat verdiyini və qalan borcu da qısa üddət ərzində ödəyəcəyini söyləmişdir. Qeyd olunanları nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, övladının saxlanması ilə əlaqədar maddi köməklik göstərmədiyi üçün ona qarşı aliment tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 12 fevral 2019-cu il tarixli, qətnaməsi ilə iddia təmin edilərək hər ay, bir uşağa 154,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq onun xeyrinə ödənilməsi qət edilmiş, qətnamənin icrası ilə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim edilsə də sonuncu alimenti ödəməkdən yayınmışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs ona ümumi borcundan 1000 manat ödəniş edibdir. Lakin onunlar barışmamışdır və təqsirləndirilən şəxdən ona pulun tam şəkildə ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov rayon icra şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, əvvəli 02 iyul 2018-ci il tarixdən hesablanmaqla 04 iyul 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, bir uşağa 154,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 12 fevral 2019-cu il tarixli, 2(005)-172/2019 saylı qətnaməsi icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək 15 aprel 2019-cu il tarixdə icraata başlanma haqqında qərar qəbul edilmiş, tələbin könüllü icra müddətində təmin edilməsi üçün Təqsirləndirilən şəxs bildiriş təqdim edilməsinə baxmayaraq o, alimenti ödəmədiyi üçün məcburi icra tədbiri olaraq sonuncunun əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, bundan sonra o, şöbəyə dəvət olunaraq izahatları alınmış, habelə qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, Təqsirləndirilən şəxs isə izahatlarında fərdi əməklə məşğul olduğunu bildirsə də alimenti ödəməmiş, üzərindən uzun müddət keçsə də sonuncu icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından həmin məhkəmənin 19 fevral 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün və 28 noyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilmiş, qətnaməni icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də hərəkətlərini davam etdirməklə məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmiş iş üzrə Şahid2 ibtidadi istintaqda verdiyi ifadəsi elan edilmiş və ifadəsi digər Şahid1 ilə eyni məzmunlu olmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-172/2019 saylı qətnamədən görünür ki, xx.xx.2017-ci il tarixdə X1 yetkinlik yaşına çatanadək onun saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2018-ci il tarixdən hər ay Təqsirləndirilən şəxs 154 manat sabit pul məbləğində aliment, 30 manat məbləğində dövlət rüsumu tutulub Zərərçəkmiş şəxs ödənilməsi qeyd edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “İcraata Başlamaq haqqında” xx.xx.2019-cü il tarixli qərardan görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 172/2019 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs borcunun könüllü şəkildə ödənilməsi barədə məlumat verilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, 3(005)-495/2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 10 gün müddətində inizbati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, 8(005)-515/2021 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli, 3(005)-3748/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 10 gün müddətində inizbati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə baxışında tədqiq edilmiş “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Elektorn Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri kimi Məmmədova Fatimə adlı xx.xx.2017-ci il təvəllüdlü övladı, atası və anası vardır. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 1000 (min) manat pul ödəmişdir, qalan borc 4440 (dörd min dörd yüz qırx) manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüququnda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin qanunun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-nin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda həmçinin qeyd edilir ki, CM-nin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İşdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-172/2019 saylı qətnaməsinə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hakiminin inzibati xəta haqqında iş üzrə xx.xx.2021-ci il tarixli, 3(005)-495/2021 saylı qərarına, həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(005)-3748/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 dəfə inzibati həbs tətbiq edilməsi, habelə üzürlü səbəblər olmadan borcunu ödəməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb olunacağı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, yenidən qərəzli olaraq, qeyd edilən icra sənədini icra etməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, qismən zərərçəkmiş şəxsə ödəniş etməsini, himayəsində atasının və anasının olması və ailəsinin yeganə gəlir mənbəyi olması yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsində göstərilir ki, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulan vəzifələri qoyur və CM-nin 52-1.3-cü maddəsində nəzərdə tutulmuş vəzifələri qoya bilər. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Təqsirləndirilən şəxs sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, “Elektron məhkəmə” informaisya sistemində əks olunan iclas və vaxtları nəzərə alınmaqla 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfləri və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin ona 1 (bir) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar