Məhkəmə qərarları › İş №1(005)-462/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-462/2021

10.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-462/2021 10.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi – “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx xxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib, üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə xalis çəkisi 0,314 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üstündə saxlamaqla daşımış və 22 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində ünvan 2 ünvanın qarşısında Nərimanov RPİ-nin 16-cı PB-nin və ƏÇPA-nın 1-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb Nərimanov RPİ-nin 16-cı PB-nə dəvət olunmuş, orada video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan xardal rəngli şalvarının sağ yan kiçik cibindən qeyd olunmuş çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin ondan aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, o, 22 sentyabr 2021-ci il tarixdə səhər saatlarında şəxsi istifadəsi üçün Nəsimi rayonu, «Kubinka» adlanan yerə gedərək orada üzdən tanıdığı, lakin ünvanını, adını və soyadını bilmədiyi şəxsdən 10 manat pul verərək 01 ədəd bükümdə narkotik vasitə olan heroin almışdır. Həmin günü saat 14.30 radələrində yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi 50 ünvanından keçərkən polis əməkdaşları ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Nərimanov RPİ-nin 16-cı PBnin və ƏÇPA-nın 1-ci bölüyünün əməkdaşları olduqlarını bildirmiş, sonra onu 16-cı PB-nə dəvət etmişlər. Polis bölməsində üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərində olan 01 ədəd bükümdəki narkotik vasitə olan heroini çıxarıb könüllü olaraq təqdim etmişdir. Son olaraq törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Məhəmmədcan oğlu ifadəsində göstərmişdir ki, o, 22 sentyabr 2021-ci il tarixdə saat 14:30-da Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin polis sahə rəisi Şahid1 ilə birlikdə inzibati ərazidə gəzinti apararkən ünvan 5 ünvanın qarşısında bir nəfər şəxsin yerişindən və hərəkətlərindən özünü şübhəli apardığını görmüş və bu səbəbdən Şahid1lə birlikdə həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və xidməti vəsiqələrini göstərib Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsdən özünü təqdim etməsini istədikdə o, danışarkən suallarından yayınmağa, oradan getməyə cəhd etmiş, həmçinin onun danışığından narkotik vasitələrin təsiri altında olduğundan və üzərində narkotik vasitə olmasından şübhələnib onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daha sonra bölmə rəhbərliyinə raportla müraciət edib Təqsirləndirilən şəxs barəsində araşdırma aparılmasını xahiş etmişlər. Bundan sonra 16-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı Rəşad Əhmədov tərəfindən xidməti iş otağında onun, Şahid1 və bölmənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs gözlərinin önündə və vəkilin iştirakı ilə əynində olan xardal rəngli şalvarının sağ yan kiçik cibində saxladığı siqaretin qara rəngli kağızına bükülmüş vəziyyətdə, spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan 01 ədəd bükümdəki heroinə bənzər kütləni çıxarıb könüllü olaraq təqdim etmişdir. Bundan sonra həmin narkotik vasitə olan heroin təhqiqatçı tərəfindən qablaşdırılaraq protokol tərtib olunmuş və həmin protokol imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin narkotik vasitə olan heroin olmasını və həmin heroini şəxsi istifadəsi üçün 22 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu, «Kubinka» adlanan yerə gedərək orada üzdən tanıdığı, lakin adını, soyadını və ünvanını bilmədiyi şəxsdən 10 manat pul verərək əldə etməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 Məhəmmədcan oğlunun ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 22 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. «Şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında» 22.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı ona təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa onları könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, əynindəki xardal rəngli parçadan olan şalvarının sağ yan kiçik cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan siqaretin qara rəngli kağızına bükülmüş 01 ədəd bükümü könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki maddə narkotik vasitə hesab olunan “kakos” adı ilə tanınan heroindir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 sentyabr 2021-ci il tarixli 6/4217 nömrəli materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,314 qr olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: heroinin təmiz çəkisi 0,314qr, tədqiqata sərf edildi: 0,05 qr, qalıq: 0,264qr. Aparılmış ekspertiza tədqiqatı 114, 00 manat təşkil edir. Diskə baxış keçirilməsi haqqında 23 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçi Kamal Əliyevin iştirakı ilə könüllü olaraq əynində olan xardal rəngli parçadan olan şalvarının sağ yan kiçik cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan siqaretin qara rəngli kağızına bükülmüş 01 ədəd bükümü və sol yan cibindən 01 ədəd «Jinga» markalı mobil telefonu könüllü olaraq təqdim etdi və bildirdi ki, bükülünün içərisindəki maddə narkotik vasitə hesab edilən «kakos» adı ilə tanınan heroindir, həmin heroini şəxsi istifadəsi üçün 22.09.202l-ci il tarixdə Kubinka adlanan yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata almışdır. Daha sonra müdafiəçi Kamal Əliyevin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə zərfə qoyulur, möhürlənir və imzalarla təsdiq olunur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 24 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə 24.09.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Etibar Hüseynovun 24.09.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və onun Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Qətimkan tədbiri seçilməsi haqqında 24 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 01.10.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, o, Nərimanov rayon Məhkəməsinin 14.03.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddələri təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 24.10.2012-ci il tarixli qərar ilə CM-nin 76.3.1 maddəsinə əsasən o, vaxtından əvvəl şərti azad olunub. AZ-İİ№ 564665 və AZ-İİ№ 082719 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 11.10.2010-cu il təvəllüdlü X5 və 17.01.2008-ci il təvəllüdlü X3 olmaqla iki azyaşlı övladı vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 15.10.2021-ci il tarixli 3969 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asıllıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Sübutların qiymətləndirilməsi haqqında 06 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0314 qram narkotik vasitə heroin maddi sübut kimi tanınması və ekspert tədqiqatından sonra qalıq qalmış 0,264 qram narkotik vasitə olan heroin saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına verilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməprosesini əks etdirən videogörüntünün olduğu 1 ədəd disk maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən 0.15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və himayəsində iki azyaşlı övladının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 22.09.2021-ci il tarixdən 24.09.2021-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, onun 22.09.2021-ci il tarixdən 24.09.2021-ci il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət nəzərə alınmalı (CM-69.3), Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Ekspertiza tədqiqatının dəyəri 114,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan narkotik vasitənin qalığı – 0,264 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22.09.2021-ci il tarixdən 24.09.2021-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut –Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan narkotik vasitənin qalığı – 0,264 qram çəkidə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar