Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-463/2023 11.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X9, Təqsirləndirilən şəxs – X7, Tərcüməçi – X2 iştirakları ilə, xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X15 özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, X15 özgənin əmlakını ələ keçirmək məqsədi ilə 20 iyun 2023-cü il tarixdə saat 17 radələrində ünvan 3 ünvanında yerləşən “Miray Parfume” adlı ətir mağazasına müştəri qismində daxil olub satıcı Zərərçəkmiş şəxs məxsus içərisində 10 manat dəyərində ***-***-**-** və 15 manat dəyərində ***-***-**-** mobil nömrələr olan 650 manat dəyərində 128 GB yaddaşlı “Samsung A52” markalı mobil telefonu mağazadakı vitrinin üzərindən Zərərçəkmiş şəxs gözü qarşısında iradəsinə zidd ələ keçirərək oradan uzaqlaşmaq istədikdə sonuncu onun köynəyindən tutaraq saxlamağa çalışmış, ondan telefonu qaytarmasını tələb etməsinə baxmayaraq Vaqif Heydər buna əhəmiyyət verməyib hadisə yerindən qaçaraq həmin telefonu açıq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 675 manat ziyan vurmaqla soyğunçuluq etmişdir. Bununla da X15 Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X15 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 iyun 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nərimanov metrostansiyasının yaxınlığına gəlmiş, maddi cəhətdən sıxıntıları olduğu üçün fikirləşmişdir ki, yaxınlıqda olan mağazalara girib hər hansı dəyərli bir əşya oğurlayıb sataraq gəlir əldə edər. Bu məqsədlə Nərimanov rayonu, A.Neymətulla küçəsi ilə piyada hərəkət etməyə başlamış, piyada gəzərkən həmin küçədə olan mağazalara göz gəzdirmişdir. Bu zaman “Miray Parfume” adlı ətir satılan mağazanın şüşədən olan vitrinin üzərində mobil telefon görmüş və düşünmüşdür ki, mağazaya daxil olub gizlicə həmin mobil telefonu götürər. Mağazaya daxil olan zaman bir nəfər qadın satıcı onu hörmətlə qarşılamış və hansı ətir istədiyini soruşmuşdur. O isə həmin qadın satıcıya ətiri özü seçmək istədiyini deyib mağazanın divarına bərkidilmiş rəflərdəki ətirlərə baxmağa başlamışdır. Həmin vaxt qadın satıcının başının qarışıq olduğunu görüb şüşədən olan vitrinin üzərindən qara rəngli “Samsung” markalı mobil telefonu enerji qoruyucudan çıxarıb cibinə qoymuşdur. O, “Samsung” markalı mobil telefonu cibinə qoyan zaman həmin qadın satıcı bunu görüb vitrinin arxasından çıxıb onun əynində olan köynəkdən tutaraq telefonu ona verməyini tələb etmiş, o isə həmin qadına əhəmiyyət verməyib qaçaraq dükandan uzaqlaşmışdır. Daha sonra həmin telefonu 80 manata satmışdır. Sonda əməlindən səmimi peşman olduğunu bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Nərimanov rayonu, A.Nemətulla küçəsi, 31 ünvanında yerləşən “Miray Parfume” adlı mağazanı icarə əsasında işlədir. Mağazada müxtəlif növ kişi və qadın ətirləri satır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 17 radələrində icarə əsasında işlətdiyi mağazaya gəlmiş və divara bərkidilmiş rəflərdə və şüşədən olan vitrindəki ətirlərə baxmışdır. O, həmin şəxsdən soruşmuşdur ki, hansısa ətir lazımdır, lazım olsa köməklik edə bilər. Həmin şəxs isə özünə aid ətir almaq istədiyini və alacağı ətiri özünün seçməsini bildirmişdir. O, həmin şəxsə bir söz deməyib ətir qablarına 100 və 200 qramlıq ətirlər doldurmağa başlamışdır. Birdən həmin şəxsin şüşə vitrinin üzərindən ona məxsus “Samsung A52” markalı, 128 GB yaddaşı olan mobil telefonu götürdüyünü görmüş, dərhal həmin şəxsə yaxınlaşaraq telefonu geri qaytarmasını tələb etmiş, həmin şəxsin mağazadan çıxıb qaçmaq istədiyini hiss edərək onun əynində olan qısa qol köynəyindən tutmuşdur. Həmin şəxs fiziki cəhətdən ondan güclü olduğu üçün onu tutmağına baxmayaraq ona müqavimət göstərmədən əlindən çıxmış və dərhal mağazadan qaçaraq uzaqlaşmışdır. Bundan sonra o, digər mobil telefonu ilə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur və ona dəymiş ziyan ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 20 iyun 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində ünvan 4 ünvanında yerləşən “Miray Perfume” mağazasında olarkən bir nəfər tanımadığı şəxs onun “Samsung A52” markalı mobil telefonunu dükandan götürərək qaçıb uzaqlaşmışdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” 05 iyul 2023-cü il tarixli protokoldan görünür ki, 4 nəfər şəxs tanınmaya təqdim edilmişdir və onları tanıyan şəxs-Zərərçəkmiş şəxs tanınmalı olan şəxsi- X10 tanımışdır və xx.xx.2023-cü il tarixdə ona qarşı soyğunçuluq edən şəxsin məhz həmin şəxs olduğunu bildirmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 05 iyul 2023-cü il tarixli protokoldan görünür ki, X15 05 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Zərərçəkmiş şəxs tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Ona dəymiş zərər tam şəkildə ödənmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X15 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Fuad Babayevin xx.xx.2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və X15 barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, X1 Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 07 iyul 2023-cü il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, X15 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “İfadənin yerində yoxlanılması haqqında” 11 iyul 2023-cü il tarixli protokoldan görünür ki, X7 istiqamətləndirməsi əsasında ünvan 4 ünvanında yerləşən “Miray Perfume” mağazasına gəlmişlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə həmin mağazaya daxil olaraq şüşədən olan vitrinin üzərindən 2 ədəd mobil nömrələr olan bir ədəd “Samsung A52” markalı mobil telefonu götürüb qaçmağa çalışmışdır. Satıcı ondan telefonu qaytarmağını tələb etsə də buna məhəl qoymamışdır. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, X5 Rayon Xalq Məhkəməsinin xx.xx.1992-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.1993-cü ildə Nərimanov Rayon Xalq Məhkəməsinin qərarı ilə 02 il 03 ay 11 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. X15 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. X15 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad edilmişdir. X15 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 01 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən xx.xx.2020-ci il tarixli hökm ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmışdır. xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsinin 25 iyul 2023-cü il tarixli, 4727 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı X8 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X14 Hüquqi Şəxsinin 25 iyul 2023-cü il tarixli, 2055 nömrəli ekspert rəyindən görünür ki, X8 ictimai təhlükəli əməli törədən zaman, ondan əvvəl xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir, onda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. X15 ictimai təhlükəli əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də X16 ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X15 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama-üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxs X7 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsə dəymiş zərəri tam olaraq ödəməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş X7, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və X7 cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu ödənilməmiş və ya vaxtından əvvəl götürülməmiş X15 ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 2 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Bununla yanaşı məhkəmə qeyd edir ki, X7 əvvəllər də dəfələrlə cinayət törətdiyinə görə məhkum olunmasını, buna baxmayaraq onun islah yoluna qədəm qoymaması onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. X11 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi məqsədəuyğundur. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, X7 məhkəməyədək icraat dövründə 05 iyul 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixədək tutulduğu, cəmi 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X11 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs X7 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. X3 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X4 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 iş saatına görə 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X7 05 iyul 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixədək tutulduğu, cəmi 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanaraq onun üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X15 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 11 oktyabr 2023-cü il tarixdən hesablansın. X15 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. X15 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X11 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X17 tərəfindən təqsirləndirilən şəxs X7 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 iş saatı üçün cəmi 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-463/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-463/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver