Məhkəmə qərarları › İş №1(005)-464/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-464/2022

12.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-464/2022 12.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 6,893 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil olan narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 aprel 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 12:30-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4da yerləşən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 3,277 qram və 3,616 qram olmaqla ümumi təmiz çəkisi 6,893 qram narkotik vasitə heroin əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində “Papanin” adlanan ərazidə olduğu zaman orada “Sabir” adlı şəxslə təsadüfi şəkildə tanış olmuşdur. Həmin şəxs onun narkotik vasitə heroin istifadə etdiyini bildikdə ona heroin təklif etmişdir O isə razılaşaraq həmin şəxsdən iki ədəd sellofan bükümdə heroin almışdır. Həmin bükümləri şalvarının cibinə qoymaqla üzərində saxlamış, lakin həmin bükümlərdə olan narkotik vasitədən istifadə etmək imkanı olmamışdır. Həmin narkotik vasitələrə görə Sabir adlı şəxsə 60 manat pul vermişdir. 28 aprel 2022-ci il tarixdə saat 12:30-da Yasamal rayonu, Salamzadə küçəsində işlətdiyi dükanın qarşı tərəfində olduğu zaman bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu, bununla bağlı əməliyyat axtarış tədbiri keçirildiyini bildirmişlər və onu Baş idarəyə dəvət etmişlər. O artıq polis əməkdaşlarının məlumatlarının olduğunu başa düşüb heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Baş İdarəyə gəlmişdir. Polis idarəsinə gətirildikdən sonra müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra üzərində şəxsi axtarış və götürmə aparılacağı ona izah edilmişdir. Şəxsi axtarışda müdafiəçisi də iştirak etmiş və şəxsi axtarış videoçəkilişdən istifadə olunmaqla aparılacağı bildirilmişdir. Buna da hər hansı bir etiraz etməmişdir. Şəxsi axtarış zamanı ilk öncə ona üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş başqa əşyaların olub-olmaması soruşulmuşdur. O da üzərində narkotik vasitə olmasını etiraf edərək əynində olan cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü, əynində olan cins şalvarın sol yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu və 67 manat nağd pulu, şalvarın sağ arxa cibindən 65 qəpik nağd pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş və təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlərin içərisində heroin olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümlərin içərisinə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, həmin bükümlərin içərisində spesifik iyə malik, qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddələr vardır. Şifahi sorğu zamanı aşkar olunmuş 02 ədəd bükümün özünə məxsus olduğunu, şəxsi istifadə məqsədilə xx.xx.2022-ci ildə saat 22 radələrində "Papanin" adlanan ərazidən "Sabir" kimi tanıdığı şəxsdən 60 manata aldığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər maddələr 01 ədəd zərfin içərisində qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd İphone" markalı mobil telefon maddi sübut əhəmiyyəti kəsb etmə ehtimalı nəzərə alınaraq götürülmüşdür. Bundan başqa şəxsi axtarış zamanı aşkar olunmuş 67 manat 65 qəpik nağd pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Sonra şəxsi axtarış, baxış və götürmə keçirilməsi barədə polis əməkdaşı tərəfindən protokol tərtib olunmuşdur. Protokol ona və iştirakçılara ucadan oxunmuş, protokol düzgün olduğu üçün onun və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 28 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşımaları bərədə ona əməliyyat məlumatı daxil olmuşdur. Əldə etdiyi məlumat barədə raportla rəhbərliyə müraciət etmiş və daha sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq əməliyyat qrupu yaradılmışdır. Qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 daxil edilmişlər. Qrupa rəhbərlik isə tərəfindən keçirilmişdir. 28 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Yaşamal rayonu, Salamzadə küçəsi 73 ünvanının yaxınlığında olması müəyyən edilmişdir. Qabaqcadan Təqsirləndirilən şəxs zahiri görünüşü dəqiqləşdirilmiş və qrup üzvləri tərəfindən təlimatlandırıldıqdan sonra qeyd olunan həmin yerə getmişlər. Saat 12:30-da həmin ünvanın qarşısında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Baş İdarəyə gəlmişdir. Baş idarədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıla bilməsi üçün müdafiəçi ilə təmin edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edilmiş və üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan şalvarın cibindən 02 ədəd şəffaf sellofan bükümü, üzərində olan bir ədəd “İphone” markalı mobil telefonu, və 67 manat 65 qəpik nağd pulu masa üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra onun üzərində aparılan şəxsi axtarış zamanı başqa hər hansı bir qanunla qadağan edilmiş əşya aşkar edilməmişir. Təqsirləndirilən şəxs masa üzərinə qoyduğu iki ədəd sellofan bükümə baxış keçirilən zaman, həmin bükümlərin içərisindən spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı həmin iki ədəd bükümdə narkotik vasitə heroin olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə saat 22 radələrində "Papanın” adlanan ərazidə "Sabir" adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 67 manat 65 qəpik pul əhəmiyyət kəsb etmədiyi üçün geri qaytarılmış, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütlə təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənməklə götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan başqa iş üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş “İphone” markalı mobil telefon da təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunub iştirakçılara ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 18-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 28 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 26-28-ci vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 aprel 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən aparılacağı barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bidirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olmasını etiraf edərək aynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü, əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu və 67 manat nağd pulu, əynində olan tünd göy rəngli cins şalvarın sağ arxa cibindən 65 qəpik nağd pulu çıxarıb masanın üzərinə qoymaqla, təqdim olunmuş 02 ədəd şəffaf sellofan bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümlərin içərisinə keçirilən baxış zamanı müəyyən edildi ki, həmin bükümlərin içərisində spesifik iyə malik, qara rəngli, narkotik vasitə heroinə oxşar maddələr vardır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş 02 ədəd bükümün özünə məxsus olduğunu, şəxsi istifadəsi məqsədilə xx.xx.2022-ci ildə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən “Sabir” kimi tanıdığı şəxsdən aldığını, “Sabir” adlı şəxsin anket məlumatlarının ona məlum olmadığını, sonra Təqsirləndirilən şəxs aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər maddələr 01 ədəd zərfin içərisində qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tarəfindən imzalandı. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon maddi sübut əhəmiyyəti kəsb etmə ehtimalı nəzərə alınaraq götürüldü. Bundan başqa Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı aşkar olunmuş 67 manat 65 qəpik nağd pul vəsaitləri iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldı. Cinayət işinin 42-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2022-ci il tarixli, 6/2457 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün N6”-li dairəvi möhür əksi və “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..." yazısı və imzalar olan paketdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,277qr və 3.616 qram, ümumi təmiz çəkisi 6,893 qram tünd qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə herondir. Cinayət işinin 98-102-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-499/2022 saylı qərarından görünür ki, vəsatət və təqdimatın təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 4 (dörd) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 28 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 106-107-ci vərəqələrində olan “Maddi sübut hesab edilməsi haqqında” 04 may 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalmış 6,793 qram qalığın maddi sübut hesab edilməsi və BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 117-ci vərəqində olan Bakı şəhər İcra Hakimiyyəti 138 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 118-119-cu vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 132-ci vərəqində olan 3 saylı Bakı “Asan xidmət mərkəzi”nin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İV seriyalı, 137639 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X3 atası kimi Təqsirləndirilən şəxs, anası kimi X4 qeyd olunmuşdur. Cinayət işinin 146-147-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin Ambulator X1 dair xx.xx.2022-ci il tarixli, 2150 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 155-166-cı vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 22 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videogörüntünü özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 02 bükümdə narkotik vasitə heroini təqdim etməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 6,893 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür.». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 28 aprel 2022-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 28 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 6,793 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar