Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-464/2024 24.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X1 vəkili Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmasına dair X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, X9 xx.xx.1956-cı ildə Ağsu rayonunun Pirhəsənli kəndində doğulmuş, ali savadlı elmi işçisi, ailəlidir, DİN-in 1-ci dərəcəli Qarabağ əlilidir. 1978-ci ildən leytenant, 1986-cı ildən baş leytenantdır. 1991-ci ildən brondan könüllü imtina edib, AMEA-dan zabit komanda heyətində Qarabağ savaşında iştirak etmişdir, 1993cü ilin martında batalyon komandiri vəzifəsində ağır baş-beyin travması alıb, Qarabağ əlili olmuşdur. Barəsində şikayət verdiyi şəxs X11 DİN Daxili Qoşunlarının (DQ) hüquqşünası kimi məhkəmələrlə qeyri-prosessual münasibətə girərək, Konstitusiya ilə təminat verilən məhkəmə təminatı hüququna qadağa qoydurur, saxta aktlar, qərarlar, yalan məlumatlar verir, hətta X4 təhqir etməkdən çəkinmir. Sonuncu dəfə Nərimanov məhkəməsində (hakim Ramin Quliyev) xx.xx.2024cü üdə barəsində yalan məlumat vermiş, şəxsi işini, təminatını soruşduqda, təqdim etməmiş, saxta olduğunu bilə-bilə, ona vermədən, şəxsi kabinetdə yerləşdirmədən, əlbəəl hakimə saxta sənəd verib, X4 isə təhqir edib ki, hər adama məlumat verilmir. Ona görə də, cinayətin yeri Nərimanov rayonu olduğundan və barəsində şikayət verilən şəxs Mahir Əsgərov özü də, ünvanını gizlədib, Nərimanov rayonu göstərdiyindən, şikayət Nərimanov rayon məhkəməsinə verilir. Konkret faktlar: 1978-ci ildən zabit olduğu halda, DİN-ə, dövlət hakimiyyəti orqanlarına Azərbaycan Silahlı qüvvələrində zabit rütbəsində xidmətdə olmadığı barədə DQ-də məlumat olmadığı bildirilib. (Çoxsaylı məktublardan biri əlavə olunur) Bu təhqirdir, zabit şərəfinin kobud aşağılanması deməkdir. 46 ilin zabitinin Azərbaycan Silahlı Qüvvələrində sıravi xidmətdə olmasını məktublarla, internetlə, məhkəmə iclaslarında bildirmək ən ağır təhqir, işgüzar nüfuzu, zabit şərəfini ləkələməkdir. 2019-cu ildə 2 saylı Bakı İnzibati Məhkəməsində (hakim Etibar Mustafayev) Mahir Əsgərov (DQ-nin digər nümayəndəsi X13 da iştirak edib) onu təhqir edib ki, hər yoldan ötən 5-6 ay xidmət etsin, biz də ona işdənçıxarma pulu, müavinət və s.verək? Özü də bu təhqir məhkəmə iclas zalında olan çoxsaylı insanların qarşısında edilib və protokola da yazılıb. xx.xx.2020-ci ildə Bakı İnzibati Məhkəməsində (hakim Elvin Əliyev) Mahir Əsgərov məhkəmə iclasında onu şantaj edib ki, DQ-dən X5 hər 2-3 aydan bir ***-**** manat arası yardım edilir və həmin yardımı edən şəxs gəlib məhkəmədə üzünə duracaq. Yardımı təsdiq edən maliyyə sənədini tələb edilsədə isə, sənədsiz edildiyini bildirib. Bu fakt həm şantajı, həm saxta məlumatla böhtan atmağı, həm də adına pul yazılıb yeyilməsi cinayəti sübut edir. Həmin xx.xx.2020-ci ildə Ali Məhkəmədə DİN-ə qarşı saxta, olmayan X16 Məhkəməsinin xx.xx.2019-cu il tarixli iddianın mümkün sayılmamasını qüvvədə saxlayan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019 tarixli qərardadından kassasiya şikayəti üzrə iclas vardı. DİN-in saxta vəkili və nümayəndəsi, VK-nin intizam komissiyasının üzvü Əlirza Həbilov özü Ali Məhkəmədə hüquqverici sənəd olmadan iştirak edib, kassasiyanı mümkünsüz saydırıb. Məhkəməyə etirazında DQ rəsmiləri bildirib ki, X9 döyüşlərdə iştiraka, müharibəyə “xidməti ezamiyyətəgöndərilmiş, yaralanıb qospitalda “məzuniyyətdə” dincəlmişdir. (Əlavə olunur) Bunun özü ən böyük təhqir, işgüzar nüfuza ləkə vurmaqdır. X9 AMEA-da elmi işini atıb, 2 körpə uşaqlı ailəsini Allahın ümidinə qoyub Vətənin müdafiəsinə getmiş, bu yolda müharibə əlili olmuş, DQ-nin qərargahda oturanları “müharibəyə xidməti ezamiyyətə getdiyini, qospitalda “məzuniyyətdə olduğunu bildirir!(?) Onun döyüşlərdə batalyon komandiri, ümumiyyətlə döyüşçü kimi iştirakını Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalı verdiyi xx.xx.1993 tarixli arayışla təsdiq edib (əlavə olunur). Bunlar yaxşı bilir ki, 1-ci dərəcəli Qarabağ əlilinin nəinki 30 milyon manata, heç 3 min manata da gücü çatmaz verməyə. Məqsəd əlili borca yükləyib həbs etdirmək olub. Göstərilənlər barəsində şikayət etdiyi X6 barəsində CM-in 147 və 148 maddələri əsasına cinayət işi qaldırılmasına əsasdır. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 vəkili X10 şikayət ərizəsində göstərilənləri müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmuş barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X11 məhkəmə hazırlıq iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbinə və əsassız olduğuna görə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası; Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.1 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə və xüsusi ittiham qaydasında şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 301.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticəsində xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyrimümkünlüyünə səbəb olan hallar olmadıqda və xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1) şikayət həmin məhkəməyə aid olmadıqda; 2) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3) şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4) cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6) cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7) şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8) şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlardan birini qəbul edir: 1)şikayət həmin məhkəməyə aid olmadığı müəyyən edildiyi halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 2)barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduğu halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 3)şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildiyi; şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7cimaddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığı; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi; şikayəti vermiş şəxs şikayətindən imtina etməsi və təqsirləndirilən şəxslə barışması və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Məhkəmənin hazırlıq iclasında müəyyən edilməli olan məsələlərlə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məhkəmənin hazırlıq iclasında hər bir halda baxılmalı olan məsələ olmaqla yanaşı, həmin məhkəməyə aid olmaması müəyyənləşdirildiyi təqdirdə məhkəmə baxışının təyin edilməsini qeyri-mümkün edən hallardan biridir. Tədqiq edilmiş materiallarından da aydın olur ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 tərəfindən verilmiş şikayət ərizəsində qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi harada, nə vaxt və necə törədilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi və hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə, hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməlidir. X9 şikayətdə X3 CMin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməsini bildirmiş, lakin şikayətdə göstərilən cinayətin törədilmə halları hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edilməmişdir. X9 şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələrini (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), şikayətin verildiyi yeri göstərməmişdir. Eyni zamanda əməldə cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olması öz təsdiqini tapmır. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 2 və 3-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri- qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32-ci maddəsinin İİ və İİİ hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fikir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10- cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulub-pozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 4-cü bəndində məhkəmələr nəzərə almalıdırlar ki, Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fıkri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafıəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olub-olmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir (bax, X8rşı, 27 mart 1996-cı il, § 39). Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir (bax, başqa bir çox mənbələrlə yanaşı, De Haes və Gijsels Belçikaya qarşı, § 37 və Kolombani və digərləri Fransaya qarşı, § 55). Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, məqbul olan tənqidin hüdudları fərdi şəxslə müqayisədə ictimai xadim, o cümlədən siyasətçi ilə bağlı daha genişdir. Birincidən fərqli olaraq ictimai və ya siyasi xadim sözlərinin və hərəkətlərinin jurnalistlər və ümumiyyətlə ictimaiyyət tərəfindən yoxlanılmasına qaçılmaz olaraq və bilə-bilə açıq edir və buna görə o, daha böyük dərəcədə dözümlülük nümayiş etdirməlidir (bax, Lingens Avstriyaya qarşı, § 42). CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Xüsusi ittiham qaydasinda şikayətin məzmununa və təqdim edilmiş sənədlərə əsasən müəyyən edilir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X9 ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında inzibati orqanların aktları və hərəkətləri(hərəkətsizliyi) ilə əlaqədar mübahisə yaranmışdır. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətdə onun X3 böhtan və təhqirindən, məhkəməyə saxta sənəd verib, məhkəmə müdafiəsi hüququna qadağa qoymasından, zabit şərəfini, nüfuzunu aşağılayıb, qərəzlə pensiyanı mülki şəxs kimi hesablatmasından ölçüyəgəlməz maddi-mənəvi ziyan çəkdiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xüsusi ittihamçı iddia etdiyi ona dəymiş mənəvi ziyana, şərəf və ləyaqətinin alçadılmasına görə şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi və zərərin əvəzinin ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında ümumi məhkəməyə müraciət edə bilər. X1 şərəf və ləyaqətini alçaldan, böhtan xarakterli məlumatların yayılması müəyyən edilməmiş və X3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət tərkibinin əlamətlərini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Ona görə də şikayətdə istinad edilmiş sübutlar şikayətçinin dəlillərini təsdiqləmədiyindən, əsassız hesab edilməli və CPM-in 300.1.3-cü maddəsinə əsasən icraata qəbul edilməkdən imtina edilməlidir. CPM-in: 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Əlavə olaraq məhkəmə hesab edir ki, X5 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 06 (altı) iş saatı üçün cəmi 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. X10 tərəfindən X1 hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 06 (altı) iş saatı üçün cəmi 36 (otuz altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-464/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-464/2024
24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver