Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-465/2024 25.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Tərcüməçi – X1 iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi ev 134, mənzil 18-də qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni və narkotik vasitəni xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,308 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və xeyli miqdarda təmiz çəkisi 0,374 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla ünvan 1 ünvanın qarşısına daşımış, 28 avqust 2024-cü il tarixdə saat 14 radələrində həmin ünvanın yaxınlığında özünü şübhəli apardığı üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin inzibati binasına gətirildikdən sonra, xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,308 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,374 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, həmin maddələri Bakı şəhər ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən alıb istifadə edir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Nəsimi rayonu “Semaşko” adlanan xəstəxananın yaxınlığında olarkən, üzdən tanıdığı, adının “Mahir” olduğunu bildiyi şəxsdən 20 manata özü istifadə etmək üçün bir ədəd bükümdə heroin və bir ədəd bükümdə metamfetamin almışdır. Bundan sonra yaşadığı evə gedərkən, saat 14 radələrində yaşadığı evin yaxınlığında yəni, ünvan 1 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edib Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin zaman üzərində psixotrop maddə və narkotik vasitə olduğundan həyəcanlanıb şübhəli hərəkətlərlə polis əməkdaşlarının yanından uzaqlaşmaq istəmişdir. Bundan sonra polis əməkdaşları ondan şübhələnib onu Nərimanov RPİ-nin 18ci PŞ-nə dəvət etmişlər. Şöbədə vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş, baxış zamanı o, üzərində olan heroini və metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Sonda əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nin sahə rəisi Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə rəisi Şahid1 ilə birlikdə ünvan 1 ünvanın yaxınlığında xidmətdə olarkən bir nəfər şəxsin hərəkətlərindən özünü şübhəli apardığını görmüşlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim etmək istəməyərək verdikləri suallardan yayınmağa və oradan uzaqlaşmağa çalışmışdır. Həmin şəxsin rabitəsiz danışığından narkotik vasitənin və ya psixotrop maddənin təsiri altında olmasından və üzərində narkotik vasitə və ya psixotrop maddə saxlamasından şübhələnmişlər. Həmin şəxs narkotik vasitə alüdəçisi olduğunu etiraf etmişdir. Bundan sonra həmin şəxsi saxlamışlar və Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasına gətirmişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Daha sonra Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə gətirilməsi barədə raportla şöbə rəhbərliyinə məruzə etmişlər və raportun icrası şöbənin baş təhqiqatçısına həvalə olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından onun hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdən sonra, sonuncu şübhəli şəxs qismində tutularaq şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə özünün, 18-ci PŞnin sahə rəisi, polis mayoru Şahid1, müdafiəçinin iştirakları ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmadığı soruşulmuş, əgər vardırsa həmin əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarının sol yan cibindən 01 ədəd qara rəngli “Samsung” markalı sadə mobil telefonu və özünə məxsus şəxsiyyət vəsiqəsini, şalvarının sağ yan cibindən isə 02 ədəd gümüşü rəngli kağız bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi kağız bükümlər açılarkən, birinin içərisində ağ rəngli, kristal halında maddə, digər bükümün içərisindən isə qəhvəyi rəngli, toz halında maddə olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa əşya və ya predmet aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs ilkin sorğu zamanı sonuncu üzərindən aşkar edilmiş bükümlərdə olan maddələrin “şüşə” və “kola” olduğunu, həmin maddələri “Semaşko” adlanan yerdə “Mahir” kimi tanıdığı, lakin anket məlumatlarım və yaşadığı ünvanını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədilə 20 manata aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 28 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 28 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa, könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 02 ədəd gümüşü rəngli kağız kəsiyinə bükülmüş birinin içərisində qəhvəyi rəngli, digərində ağ rəngli, kristal şəkilli spesifik qoxuya malik maddələri təqdim etmişdir. Əlavə olaraq üzərindən heç nə aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş maddənin narkotik vasitə hesab olunan “kakos” və “şüşə” olduğunu bildirmişdir. Aşkar olunmuş 02 ədəd gümüşü rəngli kağız kəsiyində bükümlər iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırılmış və 224 nömrəli möhürlə möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 avqust 2024-cü il tarixli, 3-16-16/2-6/4372 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Zərflər üçün №224” möhür əksi, “Vət.Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,308 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdiqata təqdim olunmuş üzərində: AR DİN “Zərflər üçün №224” möhür əksi, “Vət.Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,374 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. “Diskə baxış keçirilməsi barədə” 30 avqust 2024-cü il tarixli protokoldan görünür ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa, könüllü surətdə təqdim etməyi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 02 ədəd gümüşü rəngli kağız kəsiyinə bükülmüş birinin içərisində qəhvəyi rəngli, digərində ağ rəngli, kristal şəkilli spesifik qoxuya malik maddələri təqdim edir. Üzərindən aşkar edilmiş maddənin narkotik vasitə hesab olunan “kakos” və “şüşə” olduğunu bildirir. Aşkar olunmuş 02 ədəd gümüşü rəngli kağız kəsiyində bükümlər iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırılmış və 224 nömrəli möhürlə möhürlənir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 30 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal saxlanıldığı MSY-dən azad edilmişdir. “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 30 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 sentyabr 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X2 31 avqust 2024-cü il tarixli, 5982 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” 09 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman aşkar edilmiş narkotik vasitə və psixotrop maddə ilə bağlı videolentə alınmış görüntülərin əks edildiyi 01 ədəd disk və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,374 qram narkotik vasitə heroin və 0,308 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,324 qram narkotik vasitə heroin və 0,258 qram metamfetamin saxlanılması üçün Nərimanov Rayon Polis İdarəsinə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən 0,15 qram metamfetamin xeyli miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən 0,15 qram heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını (əsas: portaldan çıxarış) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu, cəmi 02 gün müddət nəzərə alınmalı (CM-69.3), Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının ümumi dəyəri 60 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan psixotrop maddənin qalığı – 0,258 qram metamfetamin və 0,324 qram narkotik vasitənin qalığı heroin məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 avqust 2024-cü il tarixdən 30 avqust 2024-cü il tarixədək tutulduğu, cəmi 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan psixotrop maddənin qalığı – 0,258 qram metamfetamin və narkotik vasitənin qalığı – 0,324 qram heroin məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 60 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-465/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-465/2024
25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver