Məhkəmə qərarları › İş №1(005)-465/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-465/2025

21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-465/2025 21.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X7 Bəhram oğlunun sədrliyi, Məmmədova Aygün Fərhad qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, hazırda işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarında psixotrop maddə metamfetamini əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 1,141 qram psixotrop maddə metamfetamin əldə edib saxlamaqla, 11 iyul 2025-ci il tarixdə ünvan 2 ünvanın qarşısına daşımış və Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 iyul 2025-ci il tarixdə, saat 17:07 radələrində həmin ünvanın qarşısında saxlanılaraq, üzəri yoxlanılarkən əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd kibrit qutusunun içərisindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,141 qram olmaqla, xeyli miqdarda ağ rəngli kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 4 ay olar ki, narkotik vasitədən istifadə edir. O, 11 iyul 2025-ci il tarixdə “Qara” ləqəbi ilə tanıdığı şəxslə “İnstaqram” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayaraq şəxsi istifadəsi üçün bir büküm “patı” sifariş edərək bükümü götürdükdən sonra ona dediyi kart hesabına 20 manat pul göndərəcəyi barədə onunla razılaşdıqdan sonra həmin şəxs ona Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov parkında məkan göndərib həmin narkotik vasitənin orada olduğunu bildirmişdir. O, maddəni götürdükdən sonra üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində həmin ünvan yaxınlığında 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirdikdən sonra onun narkotik vasitə istifadə edib-etmədiyini soruşduqda o, etiraf edərək onlarla birlikdə polis bölməsinə getmiş, orada üzərinə baxış keçirilmiş, baxış zamanı onun üstündən 1 büküm metamfetamin aşkar olunaraq götürüldüyünü bildirmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 11 iyul 2025-ci il tarixdə, saat 17:07 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və həmin şöbənin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə aldıqları məlumat əsasında ünvan 4 ünvanın qarşısında 1 nəfər şəxsin özünü şübhəli aparmasını görüb, bu səbəbdən ona yaxınlaşaraq özlərini təqdim etmiş və xidməti vəsiqələrini göstərmişlər. Narkotik maddənin təsiri altında olduğundan şübhələnərək, qanunvericiliyi tələblərinə uyğun olaraq üzərinə videoçəkiliş aparmaqla baxış keçirilmiş, Təqsirləndirilən şəxs da əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd büküm təqdim etmiş və bükümü açarkən içində ağ rəngli kristalşəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni şəxsən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi “Qara” ləqəbli bir şəxsdən 20 manat müqabilində aldığını bildirmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 və Şahid3 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 11 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.(Cild 1 i.v 21-22) “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 11 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:07 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 5 ünvanın qarşısında saxlanılaraq şübhəli şəxs qismində 18-ci PŞ-nə gətirilimişdir. 18-ci PŞdə ona üzərində hər hansı bir qanunsuz əşya və maddəni könüllü təqdim etmək təklif olundu. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən kibrit qutusunun içərisində ağ rəngli, kristalşəkilli sellofana bükülmüş bükümü və qara rəngli şalvarının sol arxa cibindən 01 ədəd “Samsung A23S” markalı mobil telefon aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 01 ədəd bükümün içərisində psixotrop maddə hesab olunan metamfetamindir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddə olan 01 ədəd bükümü 20 manat pulun qarşılığında “Qara” ləqəbli, şəxsən tanımadığı şəxsdən almışdır. Aşkar olunan psixotrop maddə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılmış və 224 nömrəli möhürü ilə möhürlənmişdir. .(Cild 1 i.v 09-10, 35-36) Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 12 iyul 2025-ci il tarixli, 6/2415 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №224” dairəvi möhür əksi olan 01 (bir) ədəd bükümdəki təmiz çəkisi – 1.141 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 1.141 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 1.091 qram (Cild 1 i.v: 43-47) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 dair 14 iyul 2025-ci il tarixli, 4171 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixindən Mingəçevir şəhər Narkoloji Dispanserində F15.2 diaqnozu ilə dispanser qeydiyyatındadır.(Cild 1 i.v: 130-131) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 69.3 və 93.1.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası seçilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu olan hesab edilmişdir. (Cild 1 i.v: 106- 107) Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 1.141 qram olan psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla qalıq qalmış 1.091 qram psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1 i.v: 163-164) “Şəxsi axtarış və götürmə aparılması” haqqında 11 iyul 2025-ci il tarixli istintaq hərkətinin videoçəkilişi əks etdirilmiş 02 ədəd “DVD” formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1 i.v: 11, 37) “Telefon məlumatlarının götürülməsi haqqında” 25 iyul 2025-ci il tarixli qərardan görünür ki, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsinə daxil olan, çıxan zənglər və SMS-lər, siyahıdakı hər bir abonent barədə məlumatlar, nömrədən zəng olunan həmin nömrəyə zəng gələn nömrənin hansı ötürücü antenin əhatə dairəsində olması, göndərilən və qəbul edilən SMSlərin mətnləri barədə məlumatların "xxxx" MMC-dən və Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən ələ keçirilərək götürülməsi üçün Nərimanov Rayon Məhkəməsinə təqdimat verilmiş, bu barədə Nərimanov Rayon Məhkəməsinin qərarı icra olunması üçün "xxxx" MMC-nə Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsinə göndərilmişdir. (Cild 1 i.v: 100-103, 109, 111-112) “DVD diskə baxış keçirilməsi haqqında” 10 noyabr 2025-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə “sms” mətnlərinin tarixçəsi, zənglərin detallaşması və zənglərin məxsusluq tarixçələrinin əks olunduğu, "xxxx" MMC-dən alınmış 01 ədəd DVD diskinə baxış keçirilmiş və cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı bir məlumat aşkar olunmamışdır. (Cild 1 i.v: 135) “DVD diskə baxış keçirilməsi haqqıında” 10 noyabr 2025-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə “sms” mətnlərinin tarixçəsi, zənglərin detallaşması və zənglərin məxsusluq tarixçələrinin əks olunduğu, Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən alınmış 02 ədəd DVD diskinə baxış keçirilmiş və cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı bir məlumat aşkar olunmamışdır. (Cild 1 i.v: 136) Təqsirləndirilən şəxs qismində cəlb etmə xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1 i.v: 59) Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsinin imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə 13 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Ayxan Səfərlinin 13 iyun 2025-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. (Cild 1 i.v: 83-84) Təqsirləndirilən şəxsin qətimkan tədbirlərinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilməsi və cinayət işinin icraatının dayandırılması haqqında 12 avqust 2025ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və cinayət işi üzrə icraat dayandırılmışdır. (Cild 1 i.v: 121) “Axtarışda olan şəxsin könüllü gəlmə və yayınmaması” barədə 10 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Nərimanov RPİ-nin İŞnə gələrək, istintaqdan yayınmadığını və İŞ-nə çağırılması barədə məlumatının olmadığını bildirmişdir. (Cild 1 i.v: 134) Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında 10 noyabr 2025-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. (Cild 1 i.v: 132) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 11 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 1.141 qram olan psixotrop maddə ekspertiza tədqiqatından sonra təmiz çəkisi 1.091 qram metamfetamin və şəxsi axtarışın gedişatının videogörüntüləri olan 01 ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, eləcə də şahidlərin ifadələri ilə, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olması cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddələrinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) il müddətinin axımı onun Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 11 iyul 2025-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət (11-13 iyul 2025-ci il) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6,), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-in 93.1.2), iş üzrə maddi sübut - metamfetamin qalıq çəkisi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 yanvar 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 1,091 qram olan narkotik vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı VÖEN **********, AZ41NABZ********************, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar