Məhkəmə qərarları › İş №1(005)-467/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-467/2023

25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-467/2023 25.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il larixdə Füzuli rayonunun Alıxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonunun Alıxanlı kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs2 Agayetti oğluna sonuncunun oğlu Şahid1 Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəltməsinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs2 2020-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrostansiyasının yaxınlığında 2500 manat, təxminən 2-3 gün sonra Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Bakıxanov körpüsü” adlanan yerin yaxınlığında 1000 manat təxminən 2 gün sonra Sabunçu rayonu ərazisində yerləşən “Fidan” şadlıq sarayının yaxınlığında 2500 manat, təxminən 03 gün sonra Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Sərham” marketin yaxınlığında 2000 manat olmaqla 2020-ci ilin mart ayında ümumilikdə 8000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs1 sonuncunun dostu Türkiyə Respulblikasının vətəndaşı Süleyman Kılıcın Azərbaycan Respublikasına gəlməsi üçün Dövlət Miqrasiya İdarəsində sənədlərinin hazırlanmasına dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs1 2022-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında “Anatoli” restoranında 1500 manat, səhəri günü “Anatoli” restoranında 3.500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 5000 manat ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs3 sonuncunun qızı Sunay Əsədlini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəltməsinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs3 16 aprel 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin yaxınlığında yerləşən “İnci” şadlıq sarayının yanında 5000 manat, 19 aprel 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Ay İşığı” restoranının yaxınlığında 500 manat, 21 aprel 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Ticarət Mərkəzinin yaxınlığında 1000 manat, 23 aprel 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin yaxınlığında yerləşən “Araz” marketdə yerləşən “Milli Ön” ödəniş terminalı vasitəsi ilə “Leobank” bank kartına köçürülməklə 500 manat, 25 aprel 2022-ci il tarixdə saat 09 radələrində Nizami Rayon Polis İdarəsinin yaxınlığında yerləşən "Bazarstore” marketin qarşısında 1000 manat olmaqla ümumilikdə 8000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 sonuncunun oğlu Taleh Əliyevin diplomunu Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiq etdirməsinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs1 2022-ci ilin aprel ayının axırlarında Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında yerləşən “Anatoli” restoranında 300 manat, bir neçə gün sonra Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Akkord” binalarının yanında 200 manat, 03 may 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə Savxoz qəsəbəsində yerləşən “Everest” marketdən terminal vasitəsilə **********099142 saylı kart hesabına köçürülməklə 150 manat, 2022-ci ilin may ayında təxminən iki gün sonra isə Bakıxanov qəsəbəsində “Akkord” binalarının yanında 350 manat olmaqla, ümumilikdə 1000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs1 qarşı təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs4 həbsdə olan X5nun həbsdən azadlığa buraxılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq 12 noyabr 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Mado” restoranının qarşısında Zərərçəkmiş şəxs4 4500 manat pulunu ələ keçirərək təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs (mülki cavabdeh) ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, 2022-ci ilin əvvəllərində Bakı şəhəri, Nizami rayonu ərazisində Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Bir müddət sonra Xaliq ilə ona bildirmişdir ki, Türkiyə Respublikası vətəndaşı olan dostunun Dövlət Miqrasiya İdarəsində problemləri var və dostu Azərbaycan Respublikasına gələ bilmir. Həmin zaman o, Xaliqə həmin məsələni həll edə biləcəyini bildirmişdir. Bundan sonra 2022-ci ilin mart ayının əvvəllərində Xaliq ilə Bakı şəhəri, Nizami rayonu ərazisində Neftçilər metrostansiyasının yaxınlığında yerləşən “Anatoli” restoranında görüşmüş və dostu türk vətəndaşı olan şəxsin miqrasiya məsələsini həll edə biləcəyini, bunun üçün 5000 manat pul lazım olduğunu bildirmişdir. Həmin zaman Xaliq ona ilkin olaraq 1500 manat pul vermiş, qalan pulu isə hissə-hissə olmaqla verəcəyinə dair razılaşmışlar. Sonuncu dəfə “Anatoli” restoranında 3500 manat vermişdir. Ümumilikdə isə 5000 manat pul vermişdir. Xaliqə bildirmişdir ki, yaxın günlərdə Tükiyə Respublikası vətəndaşı olan dostu sərbəst şəkildə Azərbaycan Respublikasına gəlib-gedə biləcək. Həmin ərəfələrdə Xaliq ona bildirmişdir ki, oğlu online təhsil alıbdır və oğlunun diplomunu Təhsil Nazirliyində təsdiq etdirmək lazımdır. Xaliqə yalandan Təhsil Nazirliyində tanışının olduğunu bildirmişdir. Daha sonra 2022-ci ilin aprel ayının axırlarından 2022-ci ilin may ayının əvvəllərinədək hissə-hissə olmaqla ümumilikdə 1000 manat pul almışdır. Xaliqdən aldığı pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 bir neçə ildir tanıyır. 2020-ci ilin mart ayında Bakı şəhərində restoranların birində oturub nahar edərkən Cavanşir ona oğlu X3 Xidmətinə işə düzəltmək istədiyini bildirmişdir. Bu məqsədlə 2020-ci ilin təxminən mart ayının ortalarında Dəmir yol vağzalının yanında olan polis şöbəsinin qarşısında Cavanşir ilə görüşərək 2500 manat, bundan təxminən 2-3 gün sonra Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bakıxanov körpüsünün yaxınlığında Cavanşir ilə görüşərək 1000 manat, bundan təxminən 2 gün sonra yenə də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Fidan” şadlıq sarayının yaxınlığında Cavanşir ilə görüşərək 2500 manat və sonuncu dəfə təxminən 3 gün sonra Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Sərham” marketin yaxınlığında Cavanşir ilə görüşərək 2000 manat pul olmaqla ümumilikdə 8000 manat pul almışdır. Cavanşirdən pulları almaqda niyyəti həmin pulları ələ keçirmək olmuşdur. Cavanşirdən aldığı 8000 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra dəfələrlə Cavanşir ona zəng etsə də ona müxtəlif bəhanələr gətirmişdir. Bundan başqa 2022-ci ilin əvvəllərində Bakı şəhəri, Neftçilər metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs3 ilə çayxanada tanış olmuşdur. Əsəd ona qızı Sunayın işə düzəlməsinə köməklik etməsini xahiş etmişdir. Əsədə qızı X9 Nazirliyinə işə düzəldə biləcəyini və bu iş üçün 8000 manat pul lazım olduğunu, həmin işi orada işləyən tanışı Emin adlı şəxsin vasitəsi ilə həll edəcəyini bildirmişdir. Əslində isə orada işləyən Emin adlı tanışı yoxdur. Bundan sonra mobil telefon vasitəsi ilə Əsəd ilə əlaqə saxlayaraq görüşməyi təklif etmiş, 2022-ci ilin aprel ayının 15-də axşam saat təxminən 17 radələrində Əsəd ilə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında yerləşən “Anatoli" restoranında görüşmüşlər. Görüş zamanı Əsədə qızı X9 Nazirliyinə aparacağını, qızı Sunayı işə düzəldəcəyini və həmin idarəyə 8000 manat pulu verməli olduğunu bildirmişdir. Əsəd onunla razılaşmış, həmin günün səhəri yəni, 2022-ci ilin aprel ayının 16-da saat 13 radələrində Əsəd ilə Nizami RPİ-nin yaxınlığında yerləşən “İnci” Şadlıq sarayının yanında görüşmüşdür. Görüş zamanı Əsəd ona 5000 manat pul vermişdir. Bu vaxt Əsədə qalan 3000 manatı 10 gün ərzində ona verməli olduğunu demişdir və Əsəd də onunla razılaşmışdır. Daha sonra 19 aprel 2022-ci il tarixdə Əsədə zəng edərək 500 manat pulu təcili işin düzəlməsi üçün kiməsə verəcəyini bildirib ondan həmin pulu istəmiş, Əsəd həmin pulu ona tanımadığı taksi sürücüsündən göndərmişdir. Bundan 2 gün sonra yəni, 21 aprel 2022-ci il tarixdə səhər saat 11 radələrində Əsədə yenidən zəng edərək təcili işin düzəlməsi üçün kiməsə verəcəyini bildirərək ondan 1000 manat pul istəmişdir. Həmin gün yəni, 21 aprel 2022-ci il tarixdə saat 12 radələrində Əsəd ilə Nizami rayonu ərazisində yerləşən Ticarət Mərkəzinin yaxınlığında görüşmüş və Əsəd ona 1000 manat pul vermişdir. Əsədə qısa müddət ərzində qızı Sunayın işinin alınacağını və ona narahat olmamağı bildirmişdir. Bundan 2 gün sonra yəni 23 aprel 2022-ci il tarixdə saat təxminən 16 radələrində Əsədə zəng edərək yenidən ondan 500 manat pul istəmişdir. Daha sonra Əsəd həmin məbləği onun kart hesabına göndərmişdir. Daha sonra Əsədə guya kadrlar şöbəsinin uçot vərəqəsini ona verəcəyini bildirmiş və həmin uçot vərəqəsini ona gətirən zaman ona 1000 manat pul verməli olduğunu bildirmişdir. 24 aprel 2022-ci il tarixdə saat 12 radələrində Əsəd ilə Nizami rayonu ərazisində yerləşən Vərəm dispanserinin qarşısında görüşmüş, həmin vaxt həmin yerə dostu Daşqın ilə getmişdir. X14 aldatdığı barədə məlumatsız olmuşdur. Orada köşkdən aldığı 02 vərəqdən ibarət guya uçot vərəqəsi elan yəni CV-ni Əsədə vermiş və həmin vərəqi dolduraraq səhəri gün ona verməli olduğunu bildirmişdir. 25 aprel 2022-ci il tarixdə səhər saat 09 radələrində Nizami RPİ-nin yaxınlığında yerləşən “Bazarstore” marketin qarşısında Əsədlə görüşmüş və Əsəd ona həmin CV-ni və 1000 manat pul vermişdir. Daha sonra Əsəd dəfələrlə zəng etsə də ona Fövqəladədə olan tanışı vasitəsi ilə yaxın günlərdə qızı Sunayın işə düzəlmə məsələsinin həll olunacağını demişdir. Əslində isə orada heç bir tanışı olmamışdır. Əsəddən aldığı ümumilikdə 8000 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 2022-ci ilin oktyabr ayında tanışı X4 vasitəsi ilə Zərərçəkmiş şəxs4 tanımışdır. Aynurə və Vüsaləyə guya BMCMİ-də işlədiyini demişdir. Həmçinin Zərərçəkmiş şəxs4 oğlunun Abşeron Rayon Polis İdarəsi tərəfindən tutulduğunu və barəsində həbs qətimkan tədbiri seçildiyini bildirdikdə ona oğlunun azadlığa buraxılmasında köməklik edə biləcəyini demişdir. Vüsalə ilə danışdıqdan təxminən 1 gun sonra Vüsaləyə zəng edərək oğlunun azadlığa buraxılması üçün 4500 manat pul lazım olduğunu demiş, təxminən 2022-ci ilin noyabr ayının 12-də saat təxminən 14 radələrində Vüsalə və həyat yoldaşı ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Mado” restoranın qarşısında görüşərək Vüsalədən 4500 manat pul almışdır. Vüsalədən aldığı 4500 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 (mülki iddiaçı) ifadəsində bildirmişdir ki, 2020-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs ilə təsadüfən tanış olmuşdur. Belə ki, onunla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində bir neçə dəfə təsadüfən görüşüb çay evində çay içmiş və aralarında yaxşı münasibətləri olmuşdur. 2020-ci ilin mart ayının əvvəllərində yenə də təsadüfən Camaləddinlə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində görüşmüş və söhbət zamanı oğlu Şahid1 Dövlət Təhlükəsizlik Xidmətinə işə qəbul olunmaq arzusunun olduğunu Camaləddinə bildirmişdir. Bu zaman Camaləddin ona Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi idarəsində işləyən Elçin adlı yaxın qohumu olduğunu demişdir və onun vasitəsilə oğlu Ağahüseynin həmin idarəyə işə qəbul olunmasına köməklik edə bilər. Elçin adlı həmin qohumu ilə maraqlanıb ona xəbər edəcəkdir. 2020-ci ilin mart ayının ortalarında Camaləddin onun mobil telefonuna zəng etmiş və görüşüb söhbət etmək istədiyini bildirdikdə etiraz etməmişdir. Həmin gün Bakı şəhərində yerləşən “28 May” metrostansiyasının yaxınlığında Camaləddinlə görüşmüş, həmin vaxt Camaləddin bildirmişdir ki, oğlu X2 Xidmətinin xüsusi idarəsinə işə qəbul olunması barədə Elçin adlı qohumu ilə danışıb və Elçin bu işdə ona köməklik edəcəyini, oğlu Ağahüseynin bir il müddətində işə qəbul olunacağını ona bildirmişdir. Lakin bundan ötrü 16000 manat pul vermək lazımdır. Camaləddinlə razılaşmış, həmçinin Camaləddinlə aralarında olan razılığa əsasən ona ilkin olaraq hissə-hissə olmaqla 8000 manat pul verəcəkmiş. Geri qalan 8000 manat pulu isə iş düzəldikdən sonra verəcəkdi. Həmin vaxtı, yəni 2020-ci ilin mart ayının ortalarında Bakı şəhərində yerləşən “28 May" metrostansiyasının yaxınlığında Camaləddinə 2500 manat pul vermiş, qalan pulu isə az müddət ərzində çaldıracağını bildirmişdir. Həmin zaman yanlarında ikisindən başqa heç kəs olmamışdır. Camaləddin pulu ondan almış və sağollaşaraq çıxıb getmişdir. Bundan təxminən 2-3 gün sonra Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Bakıxanov körpüsü" adlanan yerin yaxınlığında Camaləddinə 1000 manat, təxminən 2 gün sonra Sabunçu rayonu ərazisində yerləşən “Fidan” şadlıq sarayının yaxınlığında 2500 manat pul vermişdir. Həmin pulları verən zaman yanlarında oğlu Ağahüseyn olmuşdur. Bundan təxminən 3 gün sonra Camaləddinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Sərham” marketin yaxınlığında 2000 manat olmaqla cəmi 8000 manat pul vermişdir. 21 sentyabr 2020-ci il tarixdə oğlu Ağahüseyn könüllü olaraq torpaqların uğrunda aparılan döyüşlərdə iştirak etmək üçün cəbhə zonasına getmişdir. Camaləddinin mobil telefonuna zəng edib oğlu Ağahüseynin işi ilə maraqlandıqda Cavaləddin ona bir qədər də gözləməyini, yaxın vaxtlarda Ağahüseynin işinin həll olunacağını bildirmişdir. Lakin, bundan sonra Camaləddin onun telefon zənglərinə cavab vermədiyinə görə onunla əlaqə saxlaya bilməmişdir. 2021-ci ilin yanvar ayında oğlu Ağahüseyn evə qayıtmış, həmin vaxtlarda Camaləddinin mobil telefonuna zəng edib işlərin nə yerdə olduğunu soruşduqda o bildirmişdir ki, Elçin adlı qohumu ilə birlikdə cəbhə bölgəsindədir. Bakı şəhərinə qayıdıb gələn kimi oğlu Ağahüseynin iş məsələsini həll edəcəkdir. Lakin, bundan sonra Camaləddinin onu aldatdığını başa düşmüş və ona verdiyi 8000 manat pulu qaytarmasını tələb etmişdir. Ona görə də baş vermiş hadisə barədə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Mülki iddia ilə məhkəməyə müraciət edərək sonda məhkəmədən mülki iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 (mülki iddiaçı) ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin əvəllərində adını xatırlamadığı tanıdığı taksi sürücüsü vasitəsi ilə tanımışdır. Belə ki, həmin şəxs ona Camaləddinin iş adamı olduğunu və geniş əlaqələrinin olduğunu demişdir. 2022-ci ilin fevral ayının axırlarında Camaləddin ilə görüşəndə ona demişdir ki, Türkiyə Respublikasından dostu Süleyman Kılıç Bakıya gəlmək istəyir və onun məsələsini Miqrasiyadan həll elmək lazımdır. Onda Camaləddin ona demişdir ki, Miqrasiya İdarəsində onun dostu işləyir və onun vasitəsilə köməklik edə bilər. 2022-ci ilin mart ayının əvvəllərində Camaləddin ilə Nizami rayonu ərazisində “Anatoli” restoranında görüşmüş və Camaləddin ona bildirmişdir ki, dostu türk vətəndaşı olan Süleyman Kılıcın miqrasiya məsələsini həll edib və buna görə 5000 min manat pul lazımdır. Həmin vaxtı üstündə pul az olduğundan Camaləddinə həmin restoranda ilkin olaraq 1500 manat pul vermişdir. Camaləddinin yanında Daşqın adlı tanışı olmuşdur. Lakin, Daşqınla onun hər hansı bir söhbəti olmamışdır. Eyni zamanda Daşqının yanında Camaləddinlə qeyd olunan məsələ ilə bağlı hər hansı bir söhbət olmamışdır. Səhərisi gün isə Cəmaləddin ilə təkrar olaraq Neftçilər metrosunun yanında yerləşən “Anatoli” restoranında görüşüb ona 3500 manat pul vermiş, həmin zaman yanlarında heç kəs olmamışdır. Camaləddin ona bildirmişdir ki, tez bir zamanda türk dostunun sənədləri hazır olacaq və o, sərbəst Bakı şəhərinə gələ biləcək. Bir müddətdən sonra Camaləddinə demişdir ki, oğlu X11 onlayn təhsil alıb və onun diplomunu burda Təhsil Nazirliyində təsdiq etdirmək lazımdır. Camaləddin ona demişdir ki, Təhsil Nazirliyində onun dostu işləyir. Bu məqsədlə Camaləddinə 1000 manat pul verməli və geri qalan 500 manat pulu isə iş hazır olduqdan sonra verəcədi. Bu məqsədlə Cəmaləddinə hissə-hissə olmaqla ümumilikdə 1000 manat vermişdir. Daha sonra Camaləddin ona bildirmişdir ki, türk dostunun məsələsi həllini tapıb və o, Bakıya gələ biləcək. Təxminən 2022-ci ilin may ayının 6-da türk dostu Süleyman Kılıç Bakıya gələn zaman onu Hava Limanında saxlamışlar və sənədləri düz olmadığı üçün Süleyman yenidən geri qaytarılmışdır. Onda Camaləddinin yalan danışdığını bilmişdir. Camaləddinə bir neçə dəfə bu haqda danışmış və Camaləddin ona bəhanələr gətirərək sənədlərdə başqa problem olduğunu demiş və tez bir zamanda işi həll edəcəyini demişdir. Lakin Camaləddin hər dəfə müxtəlif yalanlar danışaraq verdiyi vədinə əməl elməmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Mülki iddia ilə məhkəməyə müraciət edərək sonda məhkəmədən mülki iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 (mülki iddiaçı) ifadəsində bildirmişdir ki, 2022-ci ilin əvvəllərində Bakı şəhəri Neftçilər metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs Seyfulla oğlu ilə təsadüfən çayxanada tanış olmuşdur. Belə ki, Camaləddin onun yaşadığı evin yaxınlığındakı çayxanaya tez-tez gəlirmiş. Camaləddin özünü ona Fövqəladə Hallar Nazirliyinin işçisi kimi təqdim etmişdir. Həmçinin Camaləddin ona kimisə harasa işə düzəltmək lazım olarsa ona müraciət etməyini, Bakı şəhərində bütün dövlət qurumlarda tanışlarının olduğunu bildirmişdir. Həmin ərəfədə də qızı Sunay Əsədli işsiz olduğundan bu barədə Camaləddinə müraciət etmişdir. Camaləddin qızı X9 Nazirliyinə inspektor vəzifəsinə düzəldə biləcəyini və bu iş üçün ona 8000 manat pul lazım olduğunu, həmin işi orada işləyən Emin adlı tanışının vasitəsi ilə həll edəcəyini demişdir. Bundan sonra belə qərara gəlmişdir ki, 8000 manatı Camaləddinə verərək qızı Sunayı işə düzəltsin. Bundan sonra mobil telefon vasitəsi ilə Camaləddin onunla əlaqə saxlayaraq ona Neftçilər metrostansiyasının yaxınlığında yerləşən "Anatoli" kafesində axşam radələrində görüşərək oturub ətraflı danışacağını bildirmişdir. 2022-ci ilin aprel ayının 15də axşam saat təxminən 17 radələrində Camaləddin ilə “Anatoli" kafesində görüşmüş, görüş zamanı Camaləddin ona qızı X9 Nazirliyinin İstintaq Baş İdarəsində adını bilmədiyi əməkdaşın yanına aparacağını, qızı Sunayı işə düzəldəcəyini və 8000 manat pulu verməli olduğunu bildirmişdir. Həmin günün səhəri yəni, 2022-ci ilin aprel ayının 16-da saat 13 radələrində Camaləddinlə Nizami Rayon Polis İdarəsinin yaxınlığında yerləşən “İnci” Şadlıq evinin yanında görüşmüş, görüş zamanı Camaləddinə 5000 manat pulu vermişdir. Həmin zaman yanlarında heç kəs olmamışdır. Bu vaxt Camaləddin ona qalan 3000 manatı 10 gün ərzində ona ödəməli olduğunu bildirmişdir. Camaləddinlə razılaşmış və oradan uzaqlaşmışdır. xx.xx.2022-ci il tarixdə Camaləddin ona zəng edərək 500 manat pulu təcili işin düzəlməsi üçün kiməsə verəcəyini bildirərək ondan istəmişdir. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində tanımadığı taksi sürücüsü ilə 500 manat pulu Camaləddinə göndərmişdir. Bundan 2 gün sonra yəni, xx.xx.2022-ci il tarixdə səhər saat 11 radələrində Camaləddin yenidən ona zəng edərək təcili işin düzəlməsi üçün kiməsə verəcəyini bildirərək 1000 manat pul istəmiş, həmin gün Camaləddin ilə Nizami rayonu ərazisində yerləşən Ticarət Mərkəzinin yaxınlığında görüşərək 1000 manat pulu Camaləddinə vermişdir. Camaləddin ona qısa müddət ərzində qızı Sunayın işinin alınacağını və ona narahat olmamağı bildirmişdir. Bundan 2 gün sonra saat təxminən 16 radələrində Camaləddin ona zəng edərək yenidən ondan 500 manat pul istəmiş, həmin pulu onun istifadəsində olan kart hesabına göndərmişdir. Həmçinin uçot vərəqəsini ona gətirən zaman ona 1000 manat pul vermişdir. Bundan sonra bir neçə dəfə Camaləddinə zəng edərək qızının iş məsələsi ilə bağlı maraqlandıqda Camaləddin ona yaxın günlərdə məsələnin oz həllini tapacağını bildirmişdir. Bundan sonra hazırki günədək Camaləddin verdiyi vədə əməl etməyərək qızı X9 Nazirliyinə işə düzəltməmiş və ona verdiyi ümumilikdə 8000 manat pulu aldadaraq dələduzluq yolu ilə keçirmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Mülki iddia ilə məhkəməyə müraciət edərək sonda məhkəmədən mülki iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 (mülki iddiaçı) ifadəsində bildirmişdir ki, X1 2022-ci ilin oktyabr ayında rəfiqəsi X4 vasitəsi ilə tanımışdır. X5 2022-ci ilin oktyabr ayında yaşadığı evin yaxınlığında məhəllədə bir nəfər şəxsi bıçaqladığı uçun Abşeron Rayon Polis İdarəsi tərəfindən tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cəmaləddin onun oğlunu həbsdən azad etdirəcəyinə görə 4500 manat pul almışdır. Pulu 12 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "Mado" restoranın qarşısında vermişdir. Cəmaləddin ilə görüşə həyat yoldaşı ilə birlikdə getmişdir. 2022-ci ilin dekabr ayının əvvəllərində Camaləddin ilə əlaqə saxlamışdır və Camaləddin ona demişdir ki, oğlunun buraxılmasına az qalıb. 2022-ci ilin dekabr ayı ərzində mütəmadi olaraq Camaləddin ilə əlaqə saxlamış, əlaqə saxladığı müddətdə Camaləddin ona Rusiya Federasiyası Moskva şəhərində olduğunu bildirmiş və oğlunun yaxın günlərdə azadlığa çıxacağını demişdir. Daha sonra 2022-ci ilin dekabr ayının sonunda Camaləddinə zəng elsə də onunla əlaqə saxlaya bilməmiş və oğlu da azadlığa çıxmamışdır. Bundan sonra başa düşmüşdür ki, Camaləddin onu aldatmışdır. Hazırki günə qədər Camaləddin onun 4500 manat pulunu geri qaytarmamışdır. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Mülki iddia ilə məhkəməyə müraciət edərək sonda məhkəmədən mülki iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 və Şahid2 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Axtarışda olan şəxsin tutulmasına dair” 05 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nə təhvil verilmişdir. “Şəxsin tutulması haqqında” 05 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 06 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və onun dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” 06 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Axtarışda olan şəxsin tutulmasına dair” 18 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nə təhvil verilmişdir. “Tutma” haqqında 18 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə qətimkan tədbirinin şərtlərini pozduğundan tutulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 avqust 2023-cü il tarixli, 4(008)- 654/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. “Diskə baxış keçirilməsi barədə” 14 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 sonuncunun Türkiyə Respublikasında yaşayan tanışının Bakı şəhərinə gəlməsi üçün lazımi sənədləri həll etməsinə dair vermiş olduğu vədlərlə bağlı göndərdiyi səslərin olması müəyyən edilmişdir. “Sübutların qiymətləndirilməsi barədə” 14 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi ödəniş qəbzi və içərisində səsyazmalar olan bir ədəd CD disk maddi sübut hesab edilərək iş materiallarına əlavə edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29- cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını (əsas: iş materiallarına əlavə edilmiş portaldan çıxarış) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutma altında saxlanıldığı 01 gün müddət cəza müddətinə hesablanmalı, cəzaçəkmə müddətinin əvvəli – 18 avqust 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Həmçinin cinayət işi üzrə maddi sübut – Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş bir ədəd ödəniş qəbzi və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddiaların dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddialar tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ümumilikdə Zərərçəkmiş şəxs1 6000 manat məbləğində, Zərərçəkmiş şəxs4 4500 manat məbləğində, Zərərçəkmiş şəxs3 8000 manat məbləğində və Zərərçəkmiş şəxs2 8000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilindiyi üçün bu əməllərin törədilməsi ilə əlaqədar mülki iddiaçılara vurduğu maddi ziyan da onun tərəfindən ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia tam təmin edilməlidir. Maddi ziyana görə 8000 manat və ödənilmiş dövlət rüsumuna görə 100 manat, cəmi 8100 manat təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia tam təmin edilməlidir. Maddi ziyana görə 8000 manat və ödənilmiş dövlət rüsumuna görə 100 manat, cəmi 8100 manat təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 xeyrinə ödənilməlidir. Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddia tam təmin edilməlidir. Maddi ziyana görə 4500 manat və ödənilmiş dövlət rüsumuna görə 65 manat, cəmi 4565 manat təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 xeyrinə ödənilməlidir. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia tam təmin edilməlidir. Maddi ziyana görə 6000 manat və ödənilmiş dövlət rüsumuna görə 80 manat, cəmi 6080 manat təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 18 saata görə 108 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutma altında saxlanıldığı 01 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində 02 il 11 ay 29 gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 18 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia tam təmin edilsin. Maddi ziyana görə 8000 manat və ödənilmiş dövlət rüsumuna görə 100 manat, cəmi 8100 manat təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 xeyrinə ödənilsin. Cinayət işi üzrə Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia tam təmin edilsin. Maddi ziyana görə 8000 manat və ödənilmiş dövlət rüsumuna görə 100 manat, cəmi 8100 manat təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 xeyrinə ödənilsin. Cinayət işi üzrə Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddia tam təmin edilsin. Maddi ziyana görə 4500 manat və ödənilmiş dövlət rüsumuna görə 65 manat, cəmi 4565 manat təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 xeyrinə ödənilsin. Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia tam təmin edilsin. Maddi ziyana görə 6000 manat və ödənilmiş dövlət rüsumuna görə 80 manat, cəmi 6080 manat təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 xeyrinə ödənilsin. Cinayət işi üzrə maddi sübut – Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş bir ədəd ödəniş qəbzi və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 18 saata görə 108 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar