Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-471/2022 19.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X5 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Rusiya Federasiyası, Saratov Vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X12 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 1,495 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil olan psixotrop maddə metamfetamin və 0,846 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil olan narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində yerləşən “Oba” marketin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində İlkin Şahbazov 07 iyun 2022-ci il tarixdə saat 23:20-də yuxarıda qeyd edilən ünvanın yaxınlığında saxlanılaraq adı çəkilən Baş İdarəyə dəvət edilmiş və orada xidməti otaqların birində 08 iyun 2022-ci il tarixdə saat 01:02-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 05 ədəd sellofan bükümündə ayrıayrılıqda təmiz çəkiləri 0,323 qram, 0,302 qram, 0,287 qram, 0,304 qram və 0,279 qram olmaqla, ümumilikdə təmiz çəkisi 1,495 qram psixotrop maddə metamfetamin, 04 ədəd sellofan bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,167 qram, 0,174 qram, 0,266 qram və 0,239 qram olmaqla, ümumilikdə təmiz çəkisi 0,846 qram narkotik vasitə heroin, şalvarın arxa sol cibindən bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, sosial şəbəkələrin birində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxslə tanış olmuşdur. Ondan bir neçə dəfə narkotik vasitə almışdır. Onlayn ödəmə terminalları vasitəsilə onun göndərdiyi bank hesabına pul göndərirdi. Daha sonra isə o sifariş verdiyi narkotik vasitə və psixotrop maddəni adamları vasitəsilə Bakı şəhərində müxtəlif ünvanlara yerləşdirib şəklini ona göndərirdi. O, da həmin yerə gedib oradan sifariş verdiyi narkotik vasitə və ya psixotrop maddələri götürürdü. Sonuncu dəfə tutulmamışdan 2 gün qabaq o, “Vhatsaap" vasitəsilə Əli adlı şəxsə heroin və metamfetamin sifariş vermişdir. Həmin maddələrə görə onlayn ödəmə terminalları vasitəsilə Əli adlı şəxsə 120 və ya 130 manat pul göndərmişdir. Daha sonra Əİi adlı şəxs sifariş verdiyi narkotik vasitə və psixotrop maddəni Xırdalan şəhəri ərazisində, Bakı- Sumqayıt yolunun kənarında yerləşdirdiyini bildirdi, oda gecə saatlarında gedib həmin bükümləri oradan götürmüşdür. Götürdüyü 04 sellofan büküm heroin və 05 sellofan büküm metamfetamin idi. Həmin bükümləri götürdükdən sonra şəxsi istifadəsi üçün saxlamışdır. 07 iyun 2022-ci il tarixdə saat təxminən 23:20 radələrində o, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində “Oba" marketin yaxınlığında olduğu zaman bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildiriblər və onun da özünü təqdim etməsini istəmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları ona bildirdilər ki, narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə məlumat var, əməliyyat axtarış tədbiri keçirilir. Bununla bağlı onu qəbul edilmiş əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib, onu Baş İdarəyə dəvət etmişlər. O, artıq polis əməkdaşlarının məlumatlarının olduğunu başa düşüb heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Həmin zaman Əli adlı şəxsdən aldığı psixotrop maddə və narkotik vasitə üzərində idi. Polis idarəsinə gətirildikdən sonra müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulmuş, hebələ ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra üzərində şəxsi axtarış və götürmə aparılacağı izah edilmişdir. Şəxsi axtarışda müdafiəçi də iştirak edirdi və şəxsi axtarış videoçəkilişdən istifadə olunmaqla aparılacağı bildirilmşdir. Buna hər hansı bir etiraz etməmişdir. Şəxsi axtanş zamanı ilk öncə ona üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş başqa əşyaların olub-olmaması soruşulmuşdur. Oda tutulduğunu başa düşərək heç bir etiraz etməmiş və üzərində metamfetamin və heroin olmasını etiraf edərək əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, 03 ədəd “Samsung" markalı mobil telefonu, şalvarın arxa sol cibindən isə bir ədəd elektron tərəzini masanın üzərinə qoymaqla təqdim etmiş və sellofan bükümün içərisində metamfetamin və heroin olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofan büküm açıldıqda içərisində 9 ədəd sellofan büküm aşkar edilmişdir. Şifahi sorğu zamanı aşkar olunmuş 09 ədəd bükümün özünə məxsus olduğunu, şəxsi istifadə məqsədilə üzərində saxladığı, həmin maddələri isə tutulmamışdan qabaq İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Əli” adlı şəxsə sifariş verməklə Bakı-Sumqayıt yolunun kənarından gedib götürdüyünü etiraf etmişdir. Bundan sonra aşkar olunmuş 09 ədəd şəffaf sellofan bükümləri və bir ədəd elektron tərəzi 01 ədəd zərfin içərisində qablaşdırılıb möhürlə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış zamanı aşkar edilmiş 03 ədəd “Samsung” markalı mobil telefon da maddi sübut əhəmiyyəti kəsb etmə ehtimalı nəzərə alınaraq götürülmüşdür. Sonra şəxsi axtarış, baxış və götürmə keçirilməsi barədə polis əməkdaşı tərəfindən protokol tərtib olunmuşdur. Protokol ona və iştirakçılara ucadan oxunmuş, protokol düzgün olduğu üçün o, və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Sonda təqsirləndirilən şəxs X12 törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in BMCMİ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 08 iyun 2022-ci il tarixdə X5 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra İlkin Şahbazovun barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edildi. Həmin qərarın icrası ilə bağlı olaraq əməliyyat qrupu yaradıldı. 08 iyun 2022-ci il tarixdə X11 rayonu, Məştağa qəsəbəsi, İ.Həsənov küçəsində yerləşən “Oba” marketin yaxınlığında olması müəyyən edilmişdir. X1 zahiri görünüşü dəqiqləşdirilmiş və həmin yerə getmişlər. Saat 23:20-də həmin yerdə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib onun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək X12 olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etdikdən sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O da etiraz etmədən onlarla Baş İdarəyə gəlmişdir. Baş idarədə onun üzərində şəxsi axtarış aparıla bilməsi üçün o müdafiəçi ilə təmin edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmişdir. Bundan başqa İlkin Şahbazov təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edilmiş və üzərində şəxsi axtarış keçiriləcəyi ona izah olunmuşdur. Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən X5 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtanş zamanı videoçəkilişdən istifadə edildi. Əvvəlcə Təqsirləndirilən şəxs təklif edildi ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və sənədləri könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra İlkin Şahbazov üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan şalvarın cibindən bir ədəd sellofan büküm çıxarıb masa üzərinə qoymuşdur. Bundan başqa şalvarın cibindən üç ədəd “Samsung” markalı mobil telefon, arxa cibindən isə bir ədəd elektron tərəzi çıxardaraq onları da masa üzərinə qoymaqla tədim etmişdir. Şəxsi axtanş davam etdirilərkə onun üzərindən başqa bir predmet və əşya aşkar edilməmişdir. Daha sonra İlkin Şahbazovun üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümə baxış keçirilmişdir. Həmin sellofan büküm açıldıqda içərisində daha 09 ədəd sellofan bükümlərin olması müəyyən edilmişdir. Həmin bükümlərə baxış keçirilərkən isə bükümlərin 4 ədədində narkotik vasitə heroinə oxşar, qalan 5 ədədində isə psixotrop maddə metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Aşkar edilmiş bükümlər və bir ədəd elektron tərəzi polis əməkdaşı tərəfindən bir ədəd zərfə qoyulub qablaşdırıldıqdan sonra üzərinə möhür vurulmuşdur. Zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. X10 üzərindən aşkar edilmiş 3 ədəd Samsung markalı mobil telefon da iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şifahi sorğu zamanı İlkin Şahbazov üzərində aşkar edilmiş 4 ədəd bükümdə narkotik vasitə heroini və 5 ədəd bükümdə olan psixotrop maddə metamfetamini “İnstaqram” sosial şəbəkəsində tanış olduğu “Əli” adlı İran İslam Respublikasının vətəndaşından sifariş verməklə aldığını bildirmişdir. Belə ki, tutulmamışdan iki gün qabaq həmin maddələri Əli adlı şəxsə “Vhatsap” vasitəsilə sifariş verdiyini, həmin maddələrə görə Əli adlı şəxsin verdiyi bank hesabına 120-130 manat pul köçürdüyünü, daha sonra isə sifariş verdiyi maddələri Bakı-Sumqayıt yolunun kənarından gedib götürdüyünü qeyd etmişdir. Bundan sonra İlkin Şahbazovun üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunub iştirakçılara ucadan oxunmuşdur. Heç bir əlavə və eyd daxil olmamışdır. Protokol doğru hesab edilərək iştirakçılar tərəfindən imzalanmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Azərbaycan Respublikası DİNin BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 19-cu vərəqində olan “Şübhəli olan şəxsin tutulması haqqında” 08 iyun 2022-ci il tarixli protokoldan görünür ki, X12 08 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. X12 azdlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 07 iyun 2022-ci il tarixdən saat 23:20-dən tutulmuş hesab edilmişdir. Cinayət işinin 29-30-cu vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 iyun 2022-ci il tarixli protokoldan görünür ki, DİN-nin BMCMİ-nin İstintaq və Təhqiqat idarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Haqverdiyev oğlu həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-nin 51, 86, 242-247-ci maddələrinin tələbinə əsasən Azərbaycan Respublikası DİN-in BMCMİ-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid1, şübhəli şəxsin və müdafiəçinin iştirakları ilə şübhəli şəxs X5 üzərində axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. X5 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əməliyyat müvəkkillərinin iştirakı ilə ona paltarlarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra X12 üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü, 03 ədəd "Samsung” markalı mobil telefonu əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd elektron tərəzini çıxarıb masanın üzrinə qoymaqla təqdim edir. Təqdim etdiy bir ədəd sellofan bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirdi. 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində əlavə 09 ədəd sellofan büküm aşkar edildi. Həmin 09 ədəd sellofan açıldıqdan sonra 04 ədəd sellofan bükümün içərisində narkotik vasitə heroinə oxşar maddə və 05 ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilir. Bundan sonra İlkin Şahbazovun üzərindən aşkar olunmuş 09 ədəd olmaqla 04 ədəd sellofan bükümün içərisində narkotik vasitə heroinə oxşar maddə və 05 ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Daxili İşlər Nazirliyinin ‘‘Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanır. Eyni zamanda aşkar edilmiş 03 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülür. Şəxsi axtarış davam etdirilərkən İlkin Şahbazovun üzərindən digər əşya və predmetiər aşkar edilmir. Cinayət işinin 48-52-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2022-ci il tarixli, 6/3200 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs X5 üzərindən....” yazı və imzalar olan kağız paketdəki 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,167 qr, 0.174 qr, 0.266 qr, 0,239 qram ümumi təmiz çəkisi 0,846 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, beş ədəd bükümdə ayn-ayrılıqda təmiz çəkiləri 0,323 qr, 0,302 qr, 0,287 qr, 0,304 qr, 0,279 qr, ümumi təmiz çəkisi 1,495 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparıİmadığmdan bu barədə qoyulmuş sual cavablandırılmadı. Cinayət işinin 89-93-cü vərəqələrində olan Bakı Şəhəri Nərimaov Rayon Məhkəməsinin 4(005)-673/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X5 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilməsi, həbsetmənin əvvəlinin 07 iyun 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 111-112-ci vərəqələrində olan “Maddi sübut hesab edilməsi haqqında” 13 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X5 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin ekspertiza tədiqatından sonra qalmış 1,395 qram, narkotik vasitə heroinin isə 0,766 qram qalığının maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 125-128-ci vərəqələrində olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-951/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum X5 cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilərək azadlıqdan məhrumetmə cəzasından 03 (üç) ay 21 (iyirmi bir) gün şərti olaraq vaxtından əvvəl azad edilməsi qərara alınmışdır. Cinayət işinin 129-133-cü vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-365/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli hökmündən görünür ki, X5 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin 24 iyun 2019-cu il tarixdən hesablanması, X5 barəsində seçilmiş «həbs» qətimkan tədbirnin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, X8 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi hökm edilmişdir. Cinayət işinin 136-137-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, X5 əvvələr məhkum olunmuşdur. Belə ki, o, sonuncu dəfə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının 03 ay 21 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Cinayət işinin 139-140-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X2 xx.xx.2022-ci il tarixli, 3850 nömrəli rəyindən görünür ki, X6 Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 163-173-cü vərəqələrində olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünü ki, X5 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş 01 ədəd CD diskin maddi sübut hesab edilməsi və ********* saylı cinayət işinə əlavə edilməsinin nəzərə alınması qərara alınmışdır. Məhkəmə iclasında X5 üzərində şəxsi axtarış və götürmə aparılan zaman video kamera vasitəsi ilə qeydə alınan video görüntünün əks edildiyi 1 ədəd CD diskə baxış keçirilərkən, onun əynindəki göy rəngli şalvarının sağ yan cibindən 05 ədəd sellofan bükümündə psixotrop maddə metamfetaminin, 04 ədəd sellofan bükümündə narkotik vasitə heroinin, şalvarın arxa sol cibindən bir ədəd elektron tərəzinin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X12 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxs X5 törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X12 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs X5 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X5 əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X5 əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayəti törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 6 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Azərbaycan Respublikası CM-in 18-ci maddəsində və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında da qeyd olunur ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Göstərilən xüsusatlardan irəli gələrək qeyd etmək lazımdır ki, X5 hazırki cinayət işi üzrə ittiham olunduğu cinayəti törətdiyi müddətdə məhkumluğu ödənilməmişdir. Belə olan halda X5 törətdiyi cinayət cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs X5 məhkumluğu (Sabunçu rayon məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CMnın 83.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X5 məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-951/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 03 ay 21 gün gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən, yəni xx.xx.2020-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, X12 hazırki cinayət əməlini 07 iyun 2022-ci il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, X8 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri X8 Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 07 iyun 2022-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan X5 üzərinə şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X12 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 07 iyun 2022-ci il tarixdən hesablansın. X12 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 1,395 qram psixotrop maddə metamfetamin və 0,766 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - X5 üzərinə şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 81,00 (səksən bir) manat X4 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-471/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-471/2022
19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver