Məhkəmə qərarları › İş №1(005)-471/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-471/2025

05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-471/2025 05.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ 12:45 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhər 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum edilmiş və məhkumluğu qanunla ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verən rəsmi sənəd hesab edilən Rusiya Federasiyasının saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra həmin saxta sənədi Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə saxta sənəd əsasında Azərbaycan Respublikasının original sürücülük vəsiqəsini almaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs və ya qeyriləri tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilməklə qanunsuz hazırlanmış, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının "B. C,” kateqoriyalı 99 04 305618 nömrəli sürücülük vəsiqəsini istifadə etmək məqsədilə əldə edərək 20 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 36 ünvanında fəaliyyət göstərən 1 saylı Bakı "ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinə saxta olduğunu bilə-bilə təqdim etməklə istifadə etmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016-cı ildə Rusiya Federasiyasına səfər etmişdir. Səfər etməkdə məqsədi işləmək olmuşdur. Orada olduğu müddətdə Məhəmməd adlı bir azərbaycanlı ilə tanış olmuşdur. Onu çox insan “Maqa” deyə tanıyır. Toğrul həmin vaxt eşitmişdir ki, Maqa orada olan azərbaycanlılara yaşamaq və s. üçün sənədlər təşkil edə bilir. Azərbaycanlıların çoxu Rusiyada yaşamaq üçün müvəqqəti qeydiyyat sənədlərini ona hazırladırmış. Sürücülük vəsiqəsi əldə etmək istəmiş və “Maqa”nın vasitəsi ilə asan yolla əldə edə biləcəyimi fikirləşmişdir. Həmdə Maqanın ona 800 manat borcu var imiş. Bu səbəbdən dost-tanış vasitəsi ilə onunla əlaqə yaratmağa çalışmışdır. Çünki Rusiyanın sürücülük vəsiqəsini Azərbaycanda heç bir imtahan vermədən öz sürücülük vəsiqəsini dəyişdirə biləcəyini bilirmiş. O, 2023-ci ilin sonlarında “Maqa” ilə əlaqə saxlamışdır. Maqanın ona olan 800 manat borcu qarşılığında Rusiya Federasiyasına aid sürücülük vəsiqəsi təşkil etməsini istəmişdir. Maqa heç bir problemin olmadığını və təşkil edə biləcəyini demişdir. Maqa ilə danışdıqdan təxminən 10-20 gün sonra Maqa həmin sürücülük vəsiqəsini Rusiyadan Azərbaycana gələn bir nəfər tanımadığı azərbaycanlı şəxs vasitəsilə ona göndərmişdir. Həmin şəxs barəsində halhazırda heç bir məlumatı yoxdur, vəsiqəni hava limanından birbaşa götürmüşdür. Bundan sonra 20 aprel 2024-cü il tarixdə Yasamalda İnqilab ərazisində olan 3 saylı Asan Xidmətə vəsiqəni dəyişmək üçün müraciət etmişdir. Asan Xidmət əməkdaşı ondan verilmə tarixi xx.xx.2023-cü il göstərilmiş “RUS” yazılı, B, C kateqoriyaları üçün nəzərdə tutulmuş, 99 04 305618 nömrəli sürücülük vəsiqəsini təhvil alaraq onun saxta olduğunu və bu barədə aidiyyəti üzrə məlumat verəcəklərini bildirmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, hər hansı imtahan vermədən, kurs oxumadan əldə etmişdir vəsiqəni. Düşünmüşdür ki, Azərbaycanda dəyişdirmək problem olmaz. Vəsiqəni hazırlayarkən özü Azərbaycan Respublikasında olmuşdur. Saxta olacağını düşünməmişdir. Rusiyanın sürücülük vəsiqəsini əldə etməyi mümkün deyil, üstəlik. Bu səbəbdən sürücülük vəsiqəsinin saxta üsullarla hazırlanacağını başa düşsədə fikirləşmiş ki, heç bir problem olmaz və Azərbaycanda dəyişdirə bilər. Əməlindən peşmandır, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-16/2-77646/2024 nömrəli məktubdan və həmin məktubun əlavə edilmiş raportan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş, həqiqiliyi şübhə doğuran sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 36 ünvanında fəaliyyət göstərən 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmişdir. Belə ki, yoxlama zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi xx.xx.2023-cü il tarixli 99 04 305618 nömrəli Rusiya Federasiyasına məxsus sürücülük vəsiqəsi haqqında məlumatlar tapılmamışdır. Sürücülük vəsiqəsinin verilməsi və idarəetmə hüququnun yoxlanılması ilə bağlı nəticələri özündə əks etdirən və iş materiallarına əlavə edilən Azərbaycan dilinə tərcümə olunmuş sənəd surətindən görünür ki, aparılmış yoxlama zamanı xx.xx.2023-cü il tarixli 99 04 305618 nömrəli sürücülük vəsiqəsi haqqında hər hansı məlumat aşkar edilməmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Sənədlərin məhkəmə-texniki ekspertizası”nın 16 aprel 2025-ci il tarixli 5/247 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş 99 04 305618 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı mətbəə çap üsulu ilə deyil, printer vasitəsilə çap edilmişdir. Həmçinin tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş 99 04 305618 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı Mərkəzdə olan “SDU ultra” məlumat sistemindəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etmir. “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx xxxxxx 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sonuncu dəfə Azərbaycan Respublikasının ərazisini 17 avqust 2019cu il tarixdə İran İslam Respublikası istiqamətində tərk etmiş, 29 avqsut 2019-cu ildə isə həmin istiqamətdən Azərbaycan Respublikasına qayıtmışdır. 29 avqust 2019-cu ildən sonra Təqsirləndirilən şəxs ölkə ərazisini hər hansı istiqamətə tərk etməmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə AR CM 221.1-ci maddəsi ilə 06 ay islah işləri növündə cəza təyin edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə AR CM 234.1-ci maddəsi ilə 01 il 06 ay azadlığın məhdudlaşdırılmsı cəzası təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmənin hüquqi mövqeyi və hüquqi mövqeyinin əsaslandırılması: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu Məcəllənin 320.2-ci maddəsinə əsasən Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini, düzgün olaraq Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs onun nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verən rəsmi sənəd hesab edilən Rusiya Federasiyasının saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra həmin saxta sənədi Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə saxta sənəd əsasında Azərbaycan Respublikasının original sürücülük vəsiqəsini almaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs və ya qeyriləri tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə sənədin hazırlanma qaydalarına uyğun olmayaraq mətbəə üsulu ilə deyil, printer vasitəsilə çap edilmiş, eyni növ sənədin rəsmi nümunəsi ilə eynilik təşkil etməyən tam saxta sənəd hazırlamış və 20 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 36 ünvanında fəaliyyət göstərən 1 saylı Bakı "ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinə təqdim etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs sənədin saxta olmamasını bildirsə də, bu məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilmiş ifadə hesab edilməlidir, çünki təqsirləndirilən şəxs sürücülük vəsiqəsi almaq üçün heç bir imtahandan keçməmiş, hətta sənəd Rusiya Federasiyasında hazırlanarkən özü Azərbaycan Respublikasında olmuşdur. Bu da onu təsdiq edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqdim etdiyi sürücülük vəsiqəsinin saxta olduğunu dərk etmiş və buna baxmayaraq həmin sənədi rəsmi orqana təqdim etməklə ondan istifadə etmişdir. Bu hal onun hərəkətlərində birbaşa qəsdin olmasını göstərir. Təqsirləndirilən şəxsin bu əməli dövlət orqanlarının normal fəaliyyətinə və rəsmi sənədlərin dövriyyəsinin etibarlılığına zərər vurmaqla ictimai təhlükəlilik yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsində bu cinayət əməli idarəetmə qaydası əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi idarəetmə faəliyyətini predmetləri vəsiqə və ya digər rəsmi sənədlərin, dövlət təltiflərinin, möhürlərin, ştampların və blankların hazırlanmasını, onlardan istifadənin və həmin predmetlərlə davranışın qanunverciliklə müəyyən olunmuş qaydası çıxış edir. Nəzərə alınmalıdır ki, dövlət əleyhinə olan cinayətlər ictimai təhlükəli əməllər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CMin 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cərimə cəzası təqsirləndirilən Təqsirləndirilən şəxs fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut - Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2023-ci il tarixli 99 04 305618 nömrəli nömrəli sürücülük vəsiqəsinə oxşar sənəd maddi sübut hesab edilərək cinayət işi materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından görə Bakı şəhər 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd edilənlərə əsasən və CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2000 (iki min) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işinə əlavə edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2023-ci il tarixli 99 04 305618 nömrəli nömrəli saxta sürücülük vəsiqəsi cinayət işi materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından görə Bakı şəhər 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar