Məhkəmə qərarları › İş №1(005)-477/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-477/2023

25.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-477/2023 25.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayaraq zərər çəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə ilə 30 may 2023-cü il tarixdə saat 17:40 radələrində ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs işlədiyi un məmulatları sexinin giriş qapısının qıfılını sındırıb saxlanc yerinə qanunsuz daxil olub sexin içərisindən Zərərçəkmiş şəxs məxsus olan pul kisələrinin birindən 1500 manat məbləğində nağd pulu, digər pul kisəsindən 25 manat məbləğində pulu, 1 ədəd 20 manat dəyərində “Nokia” markalı mobil telefonu və həmin telefonun üzərində olan 1 ədəd 5 manat dəyərində 055 *** ** ** “Bakcell” mobil telefon nömrəsini ələ keçirərək vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 1550 manat dəyərində özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmədiyinə görə oğurluq etmək qərarına gəlmişdir. 30 may 2023-cü il tarixdə axşam saatlarında Maygül xanımın işlətdiyi peraşki sexinin qapısını taxta parçası ilə açaraq içəri daxil olmuşdur. İçəri daxil olduqdan sonra qadına məxsus əl çantasını götürüb içərisini axtarmışdır. Çantanın içərisindəki pul kisəsini açdıqda görmüşdür ki, içərisində bir neçə ədəd 100 manatlıq pul əskinasları vardır. Həmin vaxt pulu saya bilməmişdir. Daha sonra pulları saydıqda 700 manat olduğunu görmüşdür. Son olaraq əməlindən peşmançılıq çəkməsini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, dolanışıq məqsədilə təxminən 2-3 il müddətində ünvan 3 ünvanda yerləşən peraşki sexini işlədir. Həmçinin bişirdiyi peraşkidən satış üçün sexin yaxınlığında olan «Arzu» adlanan ərzaq məhsullarının satışı mağazasına verir, qeyd olunan sexdə tək işləyir. Bir müddət əvvəl şəxsi işi ilə əlaqədar 1500 manat məbləğində pulu borc pul götürmüş və təxminən 1 ilə yaxındır həmin məbləğdə pulu qaytarmaq üçün hissə-hissə toplamışdır. 2023-cü ilin may ayında 1500 manat pulu toplayıb qərara gəlmişdir ki, həmin pulu borc götürdüyü şəxsə verərək borcunu bağlasın. 30 may 2023-cü il tarixdə borclu olduğu pulu qaytarmaq məqsədilə tezdən evdən çıxarkən 1500 manat pulu çantasının içərisinə qoymuşdur. İşlədiyi sexə gəldikdən sonra əl çantasını sexin içərisində olan masanın üzərinə qoymuş və gözə çarpmamaq üçün üstünə gödəkçəsini atmışdır. Həmin gün saat təxminən 17:20 radələrində «Arzu» adlanan mağazaya satış üçün peraşki aparmışdır. Peraşkiləri mağazaya verib təxminən 20 dəqiqə sonra sexə qayıtmış və açarla giriş qapısını açmaq istəyərkən görmüşdür ki, qapı açıq vəziyyətdədir. Bundan sonra diqqət yetirmişdir ki, qapının qıfılı kimsə tərəfindən kənar müdaxilə nəticəsində əyilmişdir. Bundan sonra sexin içərisinə girib əşyaların yerində olubolmamasına diqqət yetirmiş və yoxladıqda məlum olmuşdur ki, çantanın içərisindəki pul kisəsində olan 1500 manat pul, həmin çantada olan «Nokia» markalı mobil telefon, həmçinin sexin içərisində daimi qalan digər pul kisəsinin içərisində olan 25 manat pul yerində yoxdur. Həmin ərazidə işlədiyi sexi göstərən müşahidə kamerasına baxdıqda orta yaşlı tanımadığı kişinin əlində telefonla danışaraq işlədiyi sexə yaxınlaşdığını, sonra sexin pəncərələrindən içərisinə boylandığını və sonra yerdən taxta parçasını götürüb giriş qapısına yaxınlaşaraq həmin taxta ilə qapının qıfılını qırıb açaraq içəri daxil olduğunu görmüşdür. Bundan sonra həmin şəxs pulları və mobil telefonu oğurlayıb sexdən çıxaraq aralaşmışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 30 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən Zərərçəkmiş şəxs icarə əsasında idarə etdiyi obyektdir. Obyektin yanında müxtəlif təyinatlı qeyri-yaşayış sahələri vardır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 14 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 16 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Hüseyn Nuriyev tərəfindən verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə” 16 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “DVD diskinə baxış keçirilməsi haqqında” 10 iyul 2023-cü il tarixli protokoldan görünür ki, həmin qovluqlarda oğurluq hadisəsi faktının fiksə edildiyi 2 videogörüntü öz əksini tapmışdır. Sıra ilə birinci xx.xx.2023-cü il tarixdə saat 17.40.35-dən 17.43.24-dək olan müddətdə davam edən görüntüyə baxış keçirən zaman 1 nəfər orta yaşlı üzü tüklü əynində ağ qısaqol önündə yazıları olan köynəkdə, boz rəngli şalvarda və başında qara rəngli papağı və əlində qara rəngli əl sumkası olan kişi mobil telefonu sağ qulağına yaxınlaşdırıb danışaraq peraşki sexinin giriş qapısına yaxınlaşıb qapının tutacağını aşağı əyərək bağlı olub olmamasını yoxlayır. Bundan sonra həmin şəxs əvvəl giriş qapısının şüşəsindən içəri baxır, sonra çönüb ətrafa baxır və sonra yenidən sexin giriş qapısının qıfılının tutacağını əli ilə aşağı əyərək yoxlayır. Bundan sonra həmin şəxs saat 17.41.29da peraşki sexindən aralaşır və sonra əyninə uzunqol qara köynək geyinərək saat 17.41.43-də peraşki sexinin qarşısına qayıdır. Həmin vaxt yaxınlıqda yerdə olan taxta parçasını yerdən götürüb həmin taxta parçasını peraşki sexinin bağlı olan giriş qapısının alt hissəsinə salıb əyərək qapını açır və sonra taxta parçasını qapının kənarına yerə qoyur və həmin yerdən aralaşır. DVD diskinə baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, həmin görüntüdə əks təsvir olunan şəxs onun özüdür. Qeyd olunan yerə o, tək 30 may 2023-cü il tarixdə qeyd olunan saatda gələrək peraşki sexinin giriş qapısını əli ilə yoxlayıb bağlı olduğunu və qapının şüşəsindən içəri baxaraq içəridə kimsənin olmadığını görüb həmin yerdən oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra sexin qapısının açmaq üçün yerdən taxta parçasını götürüb giriş qapısının aşağı hissəsinə salaraq əyib güc verərək qapını açdıqdan sonra kənardan kimsənin onu görüb-görmədiyini dəqiq etmək üçün taxta parçasını kənara qoyub həmin kənara çəkilir. Bundan sonra sıra ilə ikinci saat 17.46.02-dən 17.49.50-dək davam edən görüntüyə baxış keçirən zaman həmin şəxs 17.47.11-də yenidən sexin giriş qapısına yaxınlaşır və qapının açıb içəri daxil olur. Sexin içərisindən saat 17.48.44-də çıxıb sexin qapısını bağlayıb həmin yerdən aralaşır. Həmin vaxt saat 17.49.17-də bir nəfər qadın sexin giriş hissəsinə yaxınlaşıb qapını açaraq içəri daxil olur və sonra sexdən çıxıb yanındakı digər obyektə girir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, görüntüdə əks olunan şəxs onun özüdür. Həmin vaxt o, sexə yaxınlaşıb bir əz əvvəl taxta parçası ilə açdığı qapını açıb içəri daxil olaraq sexin içərisində olan 700 manat pulu oğurlayıb sonra sexdən çıxıb qapını bağlayaraq həmin yerdən aralaşır. Qeyd olunan oğurluq hadisəsini o, tək törətmişdir və oğurluq zamanı sexin içərisindən cəmi 700 manat pul oğurlamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 24 iyul 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə onun cəzadan azad edilməsi barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-3/1316 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi və 3, 5, 6 saylı daktilolentlərin səthindəki əlbarmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. Təqdim edilmiş 1, 2, 3, 4, 5, 6, 7, 8, saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1 saylı daktilolentlərin səthindəki ovuc izi Təqsirləndirilən şəxs sağ ovucunun hipotenar hissəsindən qalmışdır. Təqdim edilmiş 3, 5, 6 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri Təqsirləndirilən şəxs əl-barmaqlarından qalmamışdır. Aparılmış tədqiqatın dəyəri 65,29 manat təşkil edir. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 17 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-477/2023 saylı, 20 oktyabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməsi, barəsində həbs qismində qətimkan tədbiri seçilməsi və tutularaq dərhal həbs edilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması və qərarın icrasının Bakı şəhəri Nərimanov Polis İdarəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənədək cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin 20 noyabr 2023-cü il tarixli, 2/2-13668 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü il tarixdə saxlanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasına etap olunması üçün Nərimanov RPİ-nin MSY-yə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasının 20 noyabr 2023-cü il tarixli, 3-16-17/40/2-6389/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış protokolu, habelə cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və himayəsində iki azyaşlı uşağının olmasını (əsas: portaldan çıxarış) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə onun cəzadan azad edilməsi barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. O, hazırkı iş üzrə cinayət əməlini isə cəzadan azad edildikdən sonra iki il müddət keçmədən törətmişdir. Buna baxmayaraq, təqsirləndirilən şəxsin əməlində residiv mövcud deyil. Belə ki, “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzadan azad edildiyindən həmin tarixdə də onun məhkumluğu götürülmüşdür. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlanmanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırılma növündə cəzanın müddətinə bir gününə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu, cəmi 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün – ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 18 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının ümumi dəyəri 65,29 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdikləri hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu cəmi 02 gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 18 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65,29 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar