Məhkəmə qərarları › İş №1(005)-477/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-477/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-477/2024 11.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Tovuz rayonunun Bayramlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də elektrik mühəndisi işləyən, Tovuz rayonunun Bayramlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, R.Rzayev küçəsi ev 89-da yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə saxlanc yerinə qanunsuz daxil olaraq, xeyli miqdarda ziyan vurmaqla, oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 10 avqust 2024-ci il tarixdə saat 16:55 radələrində elektrik mühəndisi vəzifəsində işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 121 ünvanında yerləşən “Socar Tower” adlı ofis binasında elektrik avadanlıqlarının sazlığına nəzarət etmək üçün ofislərə baxış keçirən zaman özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qeyd olunan binanın 13-cü mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs iş masasının saxlanc yeri hesab olunan bağlı vəziyyətdəki dolabını açar seçmə yolu ilə açıb qanunsuz daxil olaraq, dolabda olan qəhvəyi rəngli əl çantasının içərisindən 30.000 manat nağd pulu və yaşıl rəngli əl çantasının içərisindən ümumi dəyəri 10.000 manat olan 01 ədəd gül formalı qızıl sepi, 01 cüt gül formalı qızıl sırğanı, 01 ədəd gül formalı qızıl klonu, 01 ədəd uşaq üçün nəzərdə tutulan qızıl qolbağı, 01 cüt brilliant qaşlı qızıl sırğanı, 01 ədəd halqa formalı qızıl sırğanı, 01 ədəd qızıl üzüyü, 01 ədəd qızıl sepi, 01 ədəd brilliant qaşlı ağ qızıl qolbağı, 01 ədəd brilliant qaşlı ağ qızıl sepi, 01 cüt brilliant qaşlı ağ qızıl sırğanı və 01 ədəd brilliant qaşlı ağ qızıl üzüyü gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 40.000 manat, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdən həbs olunanadək "xxxx" MMC-də elektrik mühəndisi vəzifəsində çalışmışdır. İş yeri H.Əliyev prospekti 121 ünvanında olan Socar neft şirkətinə məxsus “Socar Tower” adlı binada yerləşmişdir. İşi binanın enerji təminatının davamlılığını təmin etməkdən, elektrik avadanlıqlarının sazlığına nəzarət etməkdən ibarət olmuşdur. İşlədiyi binada yenidənqurma işləri görülməli idi və bəzi açıq ofislər arakəsmələrlə bölünüb bağlı otaqlara çevirilməli idi. Buna görə də layihə rəhbəri tapşırmışdı ki, açıq ofislərə baxıb yanğın söndürmə cihazlarının yerləşməsini, elektrik xətlərinin çəkiliş vəziyyətini nəzərdən keçirsinlər ki, arakəsmələr düzələrkən problem çıxmasın. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə işdə olarkən binanın 4-cü mərtəbəsindən 15-ci mərtəbəsinədək bütün ofisləri yoxlamış, ofisləri yoxlayan zaman pula ehtiyacı olduğu üçün fikirləşmişdir ki, ofislərdə haradasa pul və ya qiymətli əşya tapsa götürsün. Saat 16:55də 13-cü mərtəbədə yerləşən ofisə daxil olub baxış keçirməyə başlamış, həmin ofisdəki iş masalarının ara kəsmələri bir az hündür idi. Fikirləşmişdir ki, liftin qarşısında olan müşahidə kamerası həmin ara kəsmənin arxa tərəfini çəkə bilməz. Bundan sonra işıqları keçirmiş və həmin ofisdəki iş masalarında olan dolabları yoxlamağa başlamışdır. İş masalarının birində masaya bitişik dolabın qapısının bağlı olduğunu görmüş, həmin dolabla üzbəüz dolabı açanda bir açar tapmış, həmin açarla həmin dolabın qapısının kilidini açmışdır. Dolabda iki ədəd çanta görmüş, çantaları açdıqda qəhvəyi rəngli çantanın içərisindən sellofan paketdə pulları, yaşıl rəngli çantadan isə qızıl qabının içərisindən müxtəlif növ qızıl-zinət əşyalarını götürmüşdür. Oğurladığı pulu və qızılları köynəyini qaldırıb qarın hissəsilə əynində olan şalvarının kəmər hissəsinin arasına qoymuşdur ki, kameralarda cibində nə isə olması görünüb bilinməsin. Bundan sonra 14 və 15-ci mərtəbələrdə yerləşən ofisləri yoxlamış və iş vaxtı başa çatdığı üçün digər mərtəbələri yoxlamadan şirkətin binasını tərk etmişdir. Daha sonra oğurladığı qızıllardan bir qismini 4000 ABŞ dollarına satmış, “01” ədəd qızıl qolbağdan xoşu gəldiyi üçün özünə götürmüşdür. Hazırda zərərçəkmiş şəxsə vurulmuş ziyan tam olaraq ödənilmişdir, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən iki il yarımdır ki, Socarın baş ofisində biznesin inkişafı şöbəsində aparıcı iqtisadçı vəzifəsində işləyir. İşlədiyi yer Bakı şəhəri, H.Əliyev prospekti 121 ünvanında “Socar Tower” binasında yerləşir. İş ofisi isə qeyd olunan binanın 13-cü mərtəbəsində yerləşir. Təxminən 29 iyun 2024-cü il tarixdən ailəsi ilə birlikdə Bakı şəhəri, Buzovna qəsəbəsində Musa Nağıyev küçəsində yerləşən bağ evində qalmışlar. Ona görə də, yuxarıda qeyd etdiyi Xətai rayonundakı yaşadığı mənzildən özünə məxsus 30.000 manat pulu, eyni zamanda qızıl-zinət əşyalarını bağ evinə aparmışdır. xx.xx.2024-cü il tarixdə bağ evində təmizlik işləri ilə bağlı təmizlik işçiləri çağırmış, evdən oğurluq ola biləcəyi ehtimalını fikirləşib özünə məxsus 30.000 manat pulu və qızıl-zinət əşyalarını paketə qoyub iş yerinə aparmışdır. İş yerində işlədiyi masanın dolab yerində olan istifadə etmədiyi qəhvəyi rəngli çantanın içərisinə sellofana paketə bükülmüş vəziyyətdə pulları, yaşıl rəngli çantaya isə qızıl qabının içərisində qızıl-zinət əşyalarını qoymuşdur. Həmin dolabın qapısını isə açarla bağlayıb özü ilə götürmüşdür. xx.xx.2024-cü il tarixdə iş yerində olarkən, dolabı açıb çantalarına baxanda görmüşdür ki, qəhvəyi rəngli çantanın içərisində olan 30.000 manat pulu və yaşıl rəngli çantanın içərisində olan qızıl-zinət əşyaları oğurlanıbdır. Bir neçə gün gözləmişdir ki, bəlkə pulunu və qızıllarını götürən şəxs geri qaytarar. Lakin, məcbur olub xx.xx.2024-cü il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-nə gedib ərizə ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 10 avqust 2024-cü il tarixdə təxminən saat 18:15 radələrində işlədiyi X1rkən Təqsirləndirilən şəxs ona yaxınlaşıb bildirmişdir ki, pula ehtiyacı olduğu üçün özünə məxsus qızıl-zinət əşylarını satmaq istəyir. Həmin zaman Şahinə qızıl-zinət əşyalarına baxmaq istədiyini demiş, Şahin satmaq istədiyi qızılları ona təqdim etmişdir. Həmin qızıllar 01 ədəd gül formalı qızıl sep, 01 cüt gül formalı qızıl sırğa, 01 ədəd gül formalı qızıl klon, dəst formada 01 ədəd brilliant qaşlı ağ qızıl sep, 01 cüt brilliant qaşlı ağ qızıl sırğa, 01 ədəd brilliant qaşlı ağ qızıl üzük, 01 ədəd brilliant qaşlı ağ qızıl qolbaq, 02 ədəd uşaq üçün qızıl qolbaq, 01 cüt brilliant qaşlı qızıl sırğa, 01 ədəd halqa formalı qızıl sırğa, 01 ədəd halqa formalı sadə qızıl üzük, 01 ədəd sadə qızıl sep idi. Həmin qızıllara baxmış, qeyd olunan qızılların əyyarlarına, həmin formada satışa uyğun olub- olmamasma görə qiymətləndirmişdir. Belə ki, satışa uyğun olanları başqa qiymətdən, satışa uyğun olmayıb əridiləcək qızılları isə başqa qiymətdən hesablamışdır. Həmin qızılların ümumi çəkisi 71.18 qram olmuşdur. Qeyd etdiyi xüsusatlara uyğun olaraq Şahin adlı şəxsə təqdim etdiyi qızıllar üçün ümumilikdə 6.800 manat pul təklif etmişdir. Şahin adlı şəxs də, onunla razılaşmış, manatla pul olmadığı üçün ona 4.000 ABŞ dolları pul vermişdir. Həmçinin onun təqdim etdiyi yuxarıda qeyd olunan qızılları öz kitabçasında qeyd etmişdir, Şahin özü də imza etmişdir. Sonradan polis əməkdaşları ona yaxınlaşanda məlum olmuşdur ki, Şahinin ona satdığı qızıllar əslində onun özünə məxsus olmayıbdır, oğurluq yolu ilə əldə etmişdir. Lakin, qeyd etdiyi kimi özünün əvvəlcədən bu barədə heç bir məlumatı olmayıbdır. Şahin ona həmin qızılların özünə məxsus olduğunu demişdir. Şahindən aldığı həmin qızıllardan brilliant qaşlı dəst formada olan ağ qızıl komplektini tanımadığı şəxsə satmışdır. Digər sadə qızılları isə əritmişdir. Özündə qalan 01 ədəd gül formalı qızıl sepi, 01 cüt gül formalı qızıl sırğanı və 01 ədəd gül formalı qızıl klonu polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Götürmə aparılması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, R.Rzayev 89 ünvanından ümumilikdə 26200 manat, 4000 ABŞ dolları və 01 ədəd qızıl qolbaq götürülmüşdür. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 17 avqust 2024-cü il tarixli protokoldan görünür ki, 17 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 4(005)- 1045/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 avqust 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Təqdim edilmiş qızıl-zinət əşyalarına və sənədlərə baxış keçirilib götürülməsi barədə 20 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Şahid xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona satdığı qızıl-zinət əşyalarından 01 ədəd gül formalı qızıl sepi, 01 ədəd gül formalı qızıl klonu və 01 cüt gül formalı qızıl sırğanı, həmçinin Təqsirləndirilən şəxs ona hansı qızılları satması ilə bağlı qeydlər etdiyi 01 vərəqədən ibarət vərəqləri təqdim etmişdir. Əşyanın tanınmaya təqdim edilməsi barədə 20 avqust 2024-cü il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs təqdim edilmiş 01 ədəd gül formalı qızıl qolbağı, 01 cüt gül formalı qızıl sırğanı, 01 ədəd gül formalı qızıl boyunbağını və 01 ədəd gül formalı qızıl klonu əlamətlərindən tanıyaraq ona məxsus olduğunu bildirmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 4(005)- 1060/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 6/4454-9/7352 nömrəli 13 sentyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən aşağıdakı məmulatların 10 avqust 2024-cü il tarixə olan orta bazar qiyməti; 01 ədəd 750 əyar, 5.78 qram çəkidə sarı rəngli qızıl boyunbağı 636 manat, 01 ədəd 750 əyar, 17.23 qram çəkidə sarı rəngli, üzərində “750” damğası olan qızıl qolbaq 1895 manat, 01 ədəd 750 əyar, 4.34 qram çəkidə sarı rəngli, üzərində “750” damğası olan qızıl kulon 477 manat, 750 əyar, 11.38 qram çəkidə sarı rəngli, üzərində “750” damğası olan 01 cüt qızıl sırğa 1252 manat, cəmi 4260 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 manatdır. Sübutların qiymətləndirilməsi barədə 21 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı təqdim edilmiş 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl kulon, 01 cüt qızıl sırğa, 01 ədəd qızıl qolbağı, 26 200 manat və 4000 ABŞ dolları pul Zərərçəkmiş şəxs qaytarılmışdır. Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur və ona dəymiş ziyan ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında qeyd olunur: «CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir.» Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir tələbinin olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 163.4-cü maddəsinə əsasən ev dustaqlığı, onun müddətinin müəyyən edilməsi və uzadılması, ev dustaqlığından azad etmə barədə qərarların qəbul edilməsi əsasları və qaydası bu Məcəllənin həbs qətimkan tədbirinə aid olan müddəaları ilə tənzimlənir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 17 avqust 2024-cü il tarixdən 11 dekabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 03 ay 24 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 07 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 128 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qızıl boyunbağının, 01 ədəd qızıl kulonun, 01 cüt qızıl sırğanın, 01 ədəd qızıl qolbağın, 26 200 manat və 4000 ABŞ dolları pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 avqust 2024-cü il tarixdən 11 dekabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 03 ay 24 gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 07 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 01 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 00:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri 128 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Maddi sübut 01 ədəd qızıl boyunbağının, 01 ədəd qızıl kulonun, 01 cüt qızıl sırğanın, 01 ədəd qızıl qolbağın, 26 200 manat və 4000 ABŞ dolları pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar