Məhkəmə qərarları › İş №1(005)-479/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-479/2022

16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-479/2022 16.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Qazax rayonunda anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirməklə qaçırmışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən 2-ci keçidin yanındakı avtomobil yolunun kənarında parklanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi "VAZ 21011" minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində kirayə ev tutub fəhləliklə məşğul olub çörəkpulu qazanır. Zərərçəkmiş şəxs ilə uzaq qohumluq əlaqələri var və bir-birlərini çoxdan tanıyırlar. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Mahirlə birlikdə ona məxsus idarə etdiyi "VAZ 21011" markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mahirin yaşadığı ünvan 2 ünvana qonaq gəlmiş, təxminən saat 12 radələrində Mahirin yaşadığı evdən çıxaraq Z.Bünyadov prospekti 2-ci keçiddə nəqliyyat yolunun kənarında gəzdiyi zaman Mahirə məxsus avtomobilin sahibsiz yolun kənarında dayandığını görmüş və dərhal avtomobilə yaxınlaşmışdır. O, avtomobilə yaxınlaşdıqda görmüşdür ki, avtomobilin qapıları açıq, açarları da üzərindədir. O, qərara gəlmişdir ki, həmin avtomobilin yerini dəyişib bir az irəlidə saxlasın, lakin həmin vaxtı Mahirə heç bir məlumat vermədən avtomobili icazəsiz götürüb sürmüşdür. Belə ki, həmin avtomobili yəni Mahirə məxsus avtomobili oradan sürərək uzaqlaşıb çıxıb getmiş, digər qohumları yaşayan Binəqədi rayonu, Xocəsən qəsəbəsində yeni yaşayış massivinə avtomobili orada saxlamışdır. Bundan sonra Mahir avtomobilinin naməlum şəxs tərəfindən qaçırıldığına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə məlumat vermiş və Nərimanov RPİ-nin 16-cı PB-nə ərizə ilə müraciət etmişdir. O, Zərərçəkmiş şəxs məxsus qaçırdığı avtomobili Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşlarına təqdim etmiş və Zərərçəkmiş şəxs məxsus avtomobili qanunsuz qaçırıb idarə etdiyinə görə izahat yazmışdır. Son olaraq əməlindən səmimi peşmanlıq çəkməsini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vermiş olduğu ifadədən aydın olur ki, o, xx.xx.1986-cı il tarixdə Yevlax rayonunda anadan olmuşdur, orta məktəbi bitirdikdən sonra hərbi xidmətə getmiş, hərbi xidmətdən tərxis olunduqdan sonra yaşadığı Yevlax rayonunda bir qədər fəhləliklə məşğul olmuş, dolanışıqları yaxşı olmadığına görə Bakı şəhərinə gəlmiş və fəhləliklə məşğul olmuşdur. Eyni zamanda köhnə dəmir yığıb aparıb sataraq ailəsinə çörəkpulu qazanmışdır. Mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində özünə məxsus baş etibarnamə əsasında idarə etdiyi "VAZ 21011" markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı ünvan 2 ünvanın yaxınlığına gəlmiş, idarə etdiyi avtomobilini Z.Bünyadov prospekti 2-ci keçiddə nəqliyyat yolunun kənarında saxlayıb uşaqlarını götürmək üçün evə getmişdir. Həmin vaxtı avtomobilin qapıları açıq açarlarını isə üzərində qoymuş, təxminən 10 dəqiqədən sonra geri qayıdanda ona məxsus “VAZ 21011" markalı, 57-BP- 926 dövlət qeydiyyat nişanlı avtomobilin saxladığı yerdə olmadığını görmüş və nə qədər axtarsa da avtomobilini tapa bilməmişdir. Bundan sonra o, baş etibarnamə əsasında idarə etdiyi avtomobilinin naməlum şəxs tərəfindən qaçırılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə zəng edərək məlumat verib Nərimanov RPİ-nin 16-cı PB-yə ərizə ilə müraciət etmişdir. Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları gəlib hadisə yerinə baxış keçirib protokol yazmışlar, bır neçə saatdan sonra Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları ona məxsus baş etibarnamə əsasında idarə etdiyi “VAZ 21011" markalı, **- BP-*** dövlət qeydiyyat nişanlı avtomobili normal vəziyyətdə tapıb ona təqdim etmişlər. Bundan başqa o, özünə məxsus olan baş etibarnamə əsasında idarə etdiyi "VAZ 21011" markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili hər hansı bır şəxs tərəfindən idarə olunmasına icazə vermədiyini, özünə məxsus avtomobilin Təqsirləndirilən şəxs tərəfindən qaçırıldığını, Təqsirləndirilən şəxs tanıdığını bildirmişdir. Təqsirləndirilən şəxs ilə aralarında nə dostluq əlaqələri, nə də ədavət və düşmənçilik olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona məxsus avtomobili qaçırıb ələ keçirən zaman avtomobilin hissələrinə yəni detallarına hər hansı bir xəsarət ziyan yetirilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 20 fevral 2022-ci il tarixli protokoldan görünür ki, DİN-in 102 xidmətindən daxil olmuş məlumat əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2-ci keçidin qarşısıdır. Vətəndaş Zərərçəkmiş şəxs idarə etdiyi "VAZ 21011" markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili qeyd edilən ünvanda bir tərəfli nəqliyyat yolunun kənarında saxlamışdır. Həmçinin qeyd olunan ünvanın yaxınlığında piyada keçidi, avtobus dayanacağı da vardır. Hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli, 001556 nömrəli protokoldan görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs qaçırdığı "VAZ 21011" markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili təhqiqata təqdim etmişdir. Həmin "VAZ 21011" markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil şikayətçi Zərərçəkmiş şəxs təhvil verilmişdir. "VAZ 21011" markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin fotoşəkilləri çəkilərək tərtib olunmuş protokola əlavə olunmuşdur. AB seriyalı, 416985 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "VAZ 21011" markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 13381 reyestr nömrəli etibarnamədən görünür ki, X1 Mahir Zakir oğluna "VAZ 21011" markalı, **- BP-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüquqi olduqda idarə etməyi, bağışlamağı, ipoteka qoymağı, sərəncam verməyi və digər hərəkətlər etməyi etibar etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs - 1. Lənkəran Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə AR CM-nin 241-ci maddəsinin “V” bəndinə, 42-1-ci maddəsinə əsasən 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş. 02 il hökmün icrası təxirə salınıb. 2. Ağstafa rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə AR CM-nin 29, 318.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 3. Qazax rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 4. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 02 ay 28 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(101)-447/2012 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.2-ci maddəsi ilə təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 7(002)- 762/2016 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 02 ay 28 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 17 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-479/2022 nömrəli, 16 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilməsi və tutularaq dərhal həbs edilməsi, həbsetmənin əvvəli tutulduğu tarixdən hesablanması və Təqsirləndirilən şəxs tutulduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına etap olunaraq yerləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli, xx/xx-4838 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq şöbəyə gətirilmiş və xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış protokolu, habelə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)-min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllərdə mülkiyyət əleyhinə dəfələrlə cinayət törədərək məhkum olunmasını, təyin olunmuş cəzalara baxmayaraq Təqsirləndirilən şəxs islah yoluna qədəm qoymaması onun şəxsiyyətini mənfi səciyyələndirlən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəzasını yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı, 01 ay 09 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, onun 07 oktyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı, cəmi 01 ay 09 gün müddət nəzərə alınmalı (CM-69.3), Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs üzərinə Ağstafa rayonunun ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağstafa rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), cinayət işi üzrə maddi sübut – “Vaz 21011” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 oktyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 01 ay 09 gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 02 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağstafa rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağstafa rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut – “Vaz 21011” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar