Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-479/2023 19.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri «FEMİDA» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Sumqayıt şəhərindən anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti etibardan sui istifadə etmə və aldatma yolü ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurub dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə 2022-ci il ilin dekabr ayında tanışı Zərərçəkmiş şəxs dostu Şahid1 müddətli hərbi xidmətdə olan övladı Tuncay Hüseynovu ayağında olan qüsurla bağlı təkrar tibbi müayinədən keçirərək hərbi xidmətə yararsız olması barədə rəy verilməsini və ya Tuncay Hüseynovun xidmət etdiyi Azərbaycan Sərhəd Qoşunlarının Qubadlı rayonu ərazisində yerləşən hərbi hissəsindən hərbi xidməti davam etdirmək üçün Dövlət Sərhəd Xidməti Akademiyasına keçirməyi təşkil edəcəyi barədə yalan məlumat verib, inandırmaqla və Zərərçəkmiş şəxs bu məqsədlə 2022-ci ilin dekabr ayının 1-də Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən «Beş qardaş» kafesində 1000 manat, xx.xx.2022-ci ildə ünvan 2 ünvanında yerləşən istirahət parkındakı «İstanbul» kafesində 5000 manat alaraq aldadıb, etibarından sui istifadə edərək vahid niyyətlə törədilən qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 6000 manat əmlakını ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ona verilmiş ittihamda özünü qismən təqsirli bilmişdir. 2004-2008-ci illlərdə MTN-nin Akademiyasını bitirdikdən sonra DSX-də xidmətə başlamışdır. Naxçıvan sərhəd diviziyasında zastava rəisinin müavini vəzifəsində 2010-cu ilə kimi, 2010-cu ildən 2013- cü ilədək DSX-nin Aviasiya dəstəsində şturman vəzifəsində, 2013-cü ildən 2014-cü ilədək ekipaj komandiri, 2015-ci ildən 2016-cı ilədək manqa komandiri, 2016-cı ildən 2021 -ci ilədək təlimatçı pilot böyük təyyarəsində xidmət etmişdir. 2021-ci ilin sentyabr ayında öz istəyi ilə təxlis olunmuşdur. «Vətən müharibəsinin» iştirakçısı olduğundan, medallarla təltif edilmişdir. Fizuli və Ziya ilə Sumqayıt şəhərindən tanıdığı Seymur adlı şəxs vasitəsi ilə tanış olmuşdur. 2022-ci ilin noyabr ayında, dəqiq xatırlamadığı gündə Seymur «WhatsApp» vasitəsi ilə görüş təyin etmiş və görüş zamanı dostunun oğlunun Sərhəd Qoşunlarında xidmət etsə də, ayağının altında qüsuru olmasını, həmin şəxsin hərbi hospitala göndərtdirib, oradan təxlis etmək lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin əsgərin hərbi xidmətə çağırılarkən Hərbi Həkim Komissiyasından keçdiyini, əgər ayağının altında qüsuru olsa idi, onu xidmətə yarasız hesab edilməsini bildirmişdir. Seymur isə guya həkimin onlara səhv etdiyini bildirməsini etiraf etməsinə dair məlumat verib və dostu ilə görüşməyi təklif etmişdir. Təqsirləndirilən şəxs razılaşmış, həmin gün Seymurla Günəşli qəsəbəsinə yerləşən «Beş qardaş» kafesinə getmişlər. Orada Fizuli ilə tanış olmuşdur. Görüşdə o, Fizuli və Seymur iştirak etmişlər. Görüşdə Fizuli ona Lənkəran hərbi dəstəsində xidmət edən oğlunun ayağının altında qüsuru olmasını, lakin Hərbi Həkim Komissiyasından keçərkən nəzərə alınmamasını bildirib, oğlunun təkrar Dövlət Sərhəd Xidmətinin Hospitalında Hərbi Həkim Komissiyasından keçməsinin təşkil olunmasını xahiş etmişdir. Vüsal köməklik göstərəcəyinə söz verəndə Fizuli Vüsala vermək üçün Seymura 1000 manat ötürmüşdür. Təqsirləndirilən şəxs özü ondan pul tələb etməmişdir. Sonradan bilmişdir ki, Seymur Fizulidən onun xəbəri olmadan 1000 manat verilməsini xahiş etmişdir. Bu səbəbdən Fizuli Seymura 1000 manat ödəmiş, Seymur isə həmin məbləği Vüsala vermişdir. Vüsal X2 hərbi hissənin həkiminə müraciət etməsini və onu tibbi komissiyadan keçmək üçün göndərəcəklərini məsləhət görmüşdür. Tuncay həqiqətən də SQ-nın Hərbi Hospitaına göndərilmiş, təkrar komissiyanı keçmiş, lakin yararsız olmasına rəy verilməmiş və xidmət yerinə qaytarılmışdır. Təxmiənən 2 aydan sonra Seymur Fizulinin oğlunun Qubadlı rayonunda xidmət etdiyini bildirib onun Bakı qarnizonunua köçürülməsinin mümkün olması ilə maraqlanmışır. Bununla əlaqədar yenə görüşməyi planlaşdırmış və Bakı şəhəri, Nərimanov rayonunda istirahət parkında o, Ziya, Seymur, Fizuli və bir nəfər Şiraslan adlı şəxs görüşmüşlər. Görüşdə Fizuli oğlunun DSX-nin Akademiyasına hərbi xidmət keçməsi üçün yerini dəyişdirməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs ona oğunun Akademiyada xidmət keçmək üçün köçürülməsinə söz verməmiş, çağırış vaxtı olduğundan bunu 2 aydan sonra edə biləcəyini, yəni Bakı qarnizonunun hər hansı hissəsinə köçürəcəyini, həmin müddətdə Qubadlıda qalmamağı üçün onu hospitala göndərmək lazım olduğunu söyləmişdir. Seymur ondan Fizulinin bunun müqabilində nə qədər pul verəcəyini soruşduqda Vüsal 4000 manat istəmişdir. Görüşdə iştirak edən Ziya 4000 manatı ödəmişdir. xx.xx.2022-ci ildə, 4000 manatı aldığı gün öz xətti ilə pulun alınmasına dair iltizam yazmış və iltizamda 5000 manat almasını qeyd etmişdir. Tuncay yenə müraciət etdiyindən hospitala göndərilmiş, təxminən 2 həftə qalandan sonra Fizuli Vüsalla əlaqə yaradıb hospitalda bir nəfərin ona Tuncayın hərbidən təxlis edəcəyinə söz verdiyini bildirmiş və verdiyi cəmi 5000 manatı qaytarmağı tələb etmişdir. Vüsal isə ona üzərinə götürdüklərini həll edəcəyini, razılaşmanın Fizuli tərəfindən pozulduğu üçün pulu qaytarmayacağını söyləmişdir. Bir müddət sonra Fizuli əlaqə yaratmış və görüş təyin etmişdir. Görüş zamanı ondan pul əvəzinə hər hansı köhnə aviasiya avadanlığı verilməsini xahiş etmişdir. Həmin vaxt Vüsalda helekopterlərin diaqnostika aparatının bloku olmuşdur. Həmin blok Ukraynadan Azərbaycana satılmış hərbi helikopterlərin içində daxil olmuş və siyahıda qeyd olunmamışdır. Vüsal həmin bloku və siyahıda olmayan başqa avadanlıqları xidmət etdiyi Yevlax aerodromunda aviasiya avadanlıqlarının saxlanılması üçün otaqda saxlamışdır. Hərbidən təxlis olunanda özü ilə 1 blok götürmüşdür. Həmin bloku «Beş qardaş» kafesində 2023-cü ilin aprel ayının 5-də Fizuliyə vermişdir. Blok özü-özlüyündə istifadəyə yararlı olmuşdur. Həmin blok helikopterlərin diaqnostika komplektinin bir hissəsidir. Komplektdən ayrı şəkildə onun istifadəsi mümkün deyildir. Helikopterlərin diaqnostika komplektinin blokları Ukrayna Respublikasından göndərilən helikopterlərin içində komplektdən əlavə, ayrı qoyulmuşdur. Qiyməti barədə məlumat yoxdur. Bundan sonra əlaqələri kəsilmişdir. Fizulinin verdiyi pulları öz ehtiyaclarına sərf etmişdir. Uzun müddət Sərhəd qoşunlarında xidmət etdiyindən Fizulinin oğlunun məsələsini xahişlə həll edə biləcəyini güman etmişdir.Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınmış və dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, dostu Şahid1 oğlu Tuncay Qubadlı rayonunda yerləşən hərbi hissədə xidmət edir. 2022-cilin noyabr ayında dostları Müsabir, Rafiq, Seymurla və Fizuli ilə çayxanada oturub söhbət edərkən Müsabir Fizulinin oğlunun hərbi xidmət keçməsi ilə maraqlananda, Fizuli oğlunun Qubadlı rayonunda Sərhəd qoşunlarında hərbi xidmət keçdiyini bildirmişdir. Həmin an X6 işləyən tanışı olmasını və Fizulinin oğlunu Bakı şəhərinə hərbi xidmətə keçirə biləcəyini söyləmişdir. Fizulinin oğlunun səhhətində problemlər olduğundan o oğlunun keçiriləcəyi halda yaxşı olacağını söyləmişdir. Bu söhbətdən təxminən bir ay sonra Seymur onları Yeni Günəşlidə çayxanada Vüsalla tanış etmişdir. Seymur Vüsalı bizə Sərhəd Qoşunlarında yüksək vəzifədə işləyən şəxs kimi təqdim etmişdir. Vüsal bildirmişdir ki, Fizulinin oğlunu xəsətəliyi ilə əlaqədar əvvəl Hərbi hospitala gətizdirib iki ay saxlatdıracaq və sonra X1 hərbi qulluğu davam etmək üçün köçürəcəkdir. Ona inanmışlar. Vüsal əvvəl 1000 manat istəyib, həmçinin danışıb dəqiqləşdirib məlumat verəcəyini söyləmişdir. 2022-ci ilin dekabr ayının 1-də Ziya, Fizuli və Seymur yenə «Beş qardaş» kafesində görüşmış və Fizulinin pulu olmadığı üçün 1000 manatı verməyi Ziyadan xahiş etmişdir. Zərərçəkmiş şəxs da kafedə 1000 manatı Vüsala vermişdir. Vüsal Fizulinin oğlunu həqiqətən hər hospitala müalicə üçün gətirtmişdir. Bundan sonra Vüsal yenidən onlarla görüşmüş və Fizulinin oğlunun köçürülməsinin 1000 manata əmələ gəlmədiyini, əlavə 5000 manat da vermək lazım olduğunu demişdir. Fizuli əvvəl razılaşmamış, lakin onun oğlu xəstə olduğundan razılaşmış və Ziyadan 5000 manatı Vüsala verməyi xahiş etmişdir. xx.xx.2022-ci ildə Ziya, Fizuli, dostları Şiraslan, Seymur və Vüsal Nərimanov parkında kafedə görüşmüş və mən həmin şəxslərin iştirakı ilə 5000 manatı Vüsala vermişdir. Vüsaldan pulun alınmasını təsdiq edən iltizam yazmağı tələb etmişdir. O da 5000 manatı almasına dair iltizam yazmış, həmin iltizamı onun özündən başqa Fizuli və onlarla olan şəxslər imzalamışdılar. Maddi ziyan ona dəymişdir. Şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, oğlu Tuncay Qubadlı rayonunda yerləşən hərbi hissədə xidmət edir. 2022-cilin noyabr ayında dostları Ziya, Müsabir, Rafiq və Seymurla çayxanada oturub söhbət edərkən Müsabir ondan oğlunun hərbi xidmət keçməsi ilə maraqlananda, Qubadlı rayonunda sərhəd qoşunlarında hərbi xidmətdə olduğunu söyləmişdir. Həmin an X6 işləyən tanışı olmasını və oğlunu Bakı şəhərinə hərbi xidmətə keçirə biləcəyini bildirmişdir. Oğlunun səhhətində problemlər olduğundan demişdir ki, keçirə bilsə yaxşı olar. Bu söhbətdən təxminən bir ay sonra Seymur onu Yeni Günəşlidə çayxanada Vüsalla tanış etmişdir. X8 Qoşunlarında yüksək vəzifədə işləyən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxslə ilk söhbətlərdə ona oğlunun hərbi xidmətə çağırılarkən tibbi komissiyadan keçəndə həkimlərdən birinin oğlunun ayağının altının düz olması və hərbi xidmətə yararsız olması barədə məlumat verdiyini söyləmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, onun xəstəliyindən yapışmaq, əgər həqiqətən də ayağanın altında xəstəliyi varsa hərbi xidmətə yararsız olması barədə rəy almaq olar. Ancaq Fizuli oğlunun gələcəyi üçün hərbi xidmətə yararsız olmasını istəmədiyini demişdir. Vüsal cavab vermişdir ki, əgər DSX-nin Akademiyasına köçürmək mümkün olmasa, xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız olması barədə rəy alar. Bunu qanunsuz etməməli idi. Oğlunda həqiqətən ayağanın altında xəstəlik var idi. Vüsal bildirmişdir ki, oğlunun xəsətəliyi ilə əlaqədar əvvəl Hərbi hospitala gətizdirib iki ay saxlatdıracaq və sonra X1 hərbi qulluğu davam etmək üçün köçürəcəkdir. Fizuli ona inanmışdır. Vüsal əvvəl 1000 manat istəmiş, danışıb dəqiqləşdirib məlumat verəcəyini demişdir. 2022-ci ilin dekabr ayının 1-də Fizuli, Seymur və Ziya yenə «Beş qardaş» kafesində görüşmüşlər və Fizulinin pulu olmadığı üçün 1000 manatı verməyi Ziyadan xahiş etmişdir. Ziya kafedə 1000 manatı Vüsala vermişdir. Bundan sonra Vüsal oğlunun hərbi hospitala yerləşdirmək üçün hərbi hissədə tibb məntəqəsinə müraciət etməyi məsləhət görmüşdür. Vüsal yenidən onunla görüşüb və oğlunun köçürülməsinin 1000 manata əmələ gəlmədiyini, əlavə 5000 manat da vermək lazım olduğunu demişdir. Şahid1 əvvəl razılaşmamış, lakin oğlu xəstə olduğundan razılaşmağa məcbur olmuş və Ziyadan 5000 manatı Vüsala verməyi xahiş etmişdir. xx.xx.2022-ci ildə Fizuli, Ziya, dostları Şiraslan, Seymur və Vüsal Nərimanov parkında kafedə görüşmüş və Ziya həmin şəxslərin iştirakı ilə 5000 manatı Vüsala vermişdir. Vüsaldan pulun alınmasını təsdiq edən iltizam yazmağı tələb etmişlər. O da 5000 manatı almasına dair iltizam yazmışdır həmin iltizamı onun özündən başqa Fizuli ilə olan şəxslər imzalamışdılar. 1000 manatı Ziya 2022-ci ilin dekabr ayının 1-də Yeni Günəşli qəsəbəsində «Beş qardaş» kafesində, 5000 manatı isə xx.xx.2022-ci ildə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Nərimanov» adına istirahət parkında vermişdir. Həmin gün 5000 manat verildiyi üçün iltizamda 5000 manat qeyd olunmuşdur. Oğlu hospitala öz müraciəti əsasında göndərilmiş və tibbi komissiyadan keçmiş lakin hərbi xidmətə yararsız olmasına dair rəy verilməmişdir. DSX-nin Akademiyasına hərbi xidməti davam etdirmək üçün köçürülməsi məsələsi həll olunanda da, Vüsal onu yenidən hospitala yerləşdirmək lazım olduğunu, hospitalda olduğu müddətdə məsələni həll edəcəyini vəd etmişdir. Həmin vaxt oğlunda bel ağırları olduğundan həkimə müraciət etmiş və o hospitala keçirilmişdir. Lakin hospitalda olduğu müddətdə Vüsal onun oğlunu köçürdə bilməmişdir. Bundan sonra Vüsalın onları aldatmasını başa düşmüşlər. Ziya ilə Vüsalı ilk növbədə tapmış, ondan pulu geri istəmişlər. Vüsal pulu qaytaracağını vəd etsə də qaytarmamışdır. Dəfələrlə onunla telefonda danışmış, pulu tələb etmiş, Vüsal hər dəfə müxtəlif bəhanəl gətirir, ya bankdan kredit götürəcəyini, ya kimdənsə alıb verəcəyini söyləyirdi. Hətta o Ziyaya Fizuliyə vermək üçün bir cihaz da vermişdir. Cihazın təyinatını bilmir. Cihaz aviasiyada istifadə olunduğunu satıb pulu pulu ötürə biləcəklərini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Fizuli ilə 10 ildir ki, dostluq əlaqələri var. Zərərçəkmiş şəxsla Fizuli vasitəsi ilə tanış olmuşdur. xx.xx.2022-ci il tarixdə Fizuli zəng etdərək harada olduğunu soruşub, Nərimanov rayonu ərazisindəki istirahət parkına gəlməyi təklif etmişdir. O parka gəlmiş və Fizulinin dediyi yerdə, «İstanbul» kafesində Fizuli və Ziyanın çayxanada oturduqlarını görmüşdür. Bir qədər keçmiş Fizuli və Ziyanın tanışları adı ona sonradan məlum olan Seymur gəlib kiminsə bir azdan gələcəyini bildirmişdir. Az keçmiş təxminən 40-45 yaşlarında adı sonradan məlum olan Vüsal adlı şəxs gəlmişdir. Fizuli, Ziya və Seymur onunla Fizulinin oğlunun xidməti etdiyi hərbi hissənin yerinin dəyişməsi barədə söhbət etməyə başlamışdılar. Vüsal adlı şəxs generalın tanşı olmasını, Fizulinin oğlunu əvvəl hospitala salacağını, sonra isə X1 hərbi qulluğu davam etmək üçün köçürəcəyini bildirmişdir. Onların söhbətlərindən belə başa düşmüşdür ki, Fizuli, Ziya və Seymur Vüsal adlı şəxslə bundan əvvəl bir neçə dəfə görüşmüşlər. Fizuli Vüsala xatırlatmışdır ki, əvvəl 1000 manat vermişdir. Vüsal bunu təsdiq etmişdir. Orada Ziya əlavə 5000 manat sayıb Vüsala vermişdir. Pulun alınmasını sənədləşdirmək üçün Vüsala iltizam yazmağı təklif etmişlər. O öz əli ilə 5000 manatı Şiraslanın və həmin söhbətdə iştirak edənlər Fizuli, Seymurun iştirakı ilə almasını təsdiq edən iltizam yazmışdır. Vüsal söz vermişdir ki, 2023-cü ilin yanvar ayının 15-nə kimi Fizulinin oğlu Qubadlı rayonunda yerləşən hərbi hissədən Sərhəd Xidmətinin Akademiyasına hərbi xidmətə köçürüləcəkdir. Bunu da iltizam da qeyd etmişdir. Həmin iltizamı şahid kimi Şiraslan də imzalamışdır. Pulu alandan sonra Vüsal çayxanadan getmişdir. Bir neçə dəqiqə sonra isə hamısı çayxananı tərk etmişlər. Bir müddət keçmiş Fizuli Şiraslana həmin şəxsin onu aldadıb, oğlunun köçürülməsini təşkil etmədiyini, özünü isə tapa bilmədiyini söyləmişdir. Başqa heç bir məlumatı yoxdur. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasına gəlməmişdir. Cinayət prosesi iştirakçılarının razılığı ilə onlun məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinə əlavə olunmuş Təqsirləndirilən şəxs 5000 manatı alarkən öz əli ilə yazdığı iltizamda o, X4 əsgər X3 DSX-nin Akademiyasında hərbi xidməti davam etdirmək üçün Şahid2 və Şahid3 şahidliyi ilə 5000 manat almasını qeyd etmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb. “audio yazını səsləndirməklə baxış keçirilməsi” 26 iyul 2023-cü il tarixli protokaldan görünür ki, Fizuli adlı şəxs oğlunun hərbi xidmətə yararsız olmasını həll olunmamasını görüb Vüsal adlı şəxsdən pulunu tələb etməyə başlayır. Vüsal adlı şəxs ona hansısa ayın 5-6-da pulu qaytaracağını, bankdan kredit alıb qaytaracağını vəd edir. Pulu həftənin 3-cü gününə qədər qaytara bilməyəcəyi halda, verdiyi iltizamı lazımi yerə təqdim etməsini söyləyir. Sərhəd qoşunlarının Hərbi hospitalına edilmiş 18 sentyabr 2023-cü il tarixli sorğunun cavabından görünür ki, əsgər X5 hospitala öz müraciəti əsasında göndərilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” 24 avqust 2023cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs tərəfimdən təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham verilərək qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. 24 avqust 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmişdir. “Cinayət işi üzrə sübutların təhlil, bir-biriləri ilə müqayisə edilməsi, əmələ hüquqi qiyməy verilməsi və cinayət təqibinə hissəvi xitam verilməsi barədə” 11 sentyabr 2023-cü il tarixli qərara əsasən Cinayət işinə əlavə olunmuş iltizam və 1 ədəd yaddaş kartındakı səs yazıları sübut əhəmiyyətli olduğundan, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs tərəfindən tanındığından maddi sübut kimi tanınmışdır. İşdə olan Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “İgidliyə görə” medalı ilə təltif olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özü tərəfindən etiraf edilmiş, eləcə də mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxsə məxsus əmlakı ələ keçirməsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.2.4cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən məhkəmə onun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, ilk dəfə cinayət törətməsini, törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını, 2-ci Qarabag müharibəsi iştirakçısı olmasını yüngülləşdirici hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs əməllərində cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut – 1 vərəq iltizam və 1 ədəd yaddaş kartında olan audio yazılar cinayət işinin materiallarında saxlanılmalıdır. (CPM-132) Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri Femida Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri Femida Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 2 (iki) il 9(doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut -1 vərəq iltizam və 1 ədəd yaddaş kartında olan audio yazılar cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Femida Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri Femida Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-479/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-479/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver