Məhkəmə qərarları › İş №1(005)-484/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-484/2022

28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-484/2022 28.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi , Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Yasamal rayonu, X3 küçəsi ev 119 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 04 fevral 2022-ci il tarixdə saat 17 radələrində ünvan 3 ünvanda yerləşən yaşayış binasının liftində Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə aralarında yaranmış mübahisə nəticəsində, yəni Zərərçəkmiş şəxs onunla birlikdə lift ilə yuxarı mərtəbəyə qalxmaq istəməməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təstiq etmək niyyəti ilə, özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq, ətrafda olan vətəndaşların gözü qarşısında, eləcə də uzun müddət ərzində cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının pozulmasına səbəb olan qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs sağ əlinin barmaqlarından tutub sıxaraq ona sağ əlin İV barmağının proksimal falanqasının qəlpəli, yerdəyişmiş sınığı, yəni sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarət yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, o, hal-hazırda Nərimanov rayonu, X5 küçəsində fəaliyyət göstərən “Urfa Sofrası" adlı restoranda icarəyə götürdüyü moped vasitəsilə kuryerlik edir. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs tanımır və onunla hər hansı bir ədavəti və düşmənçiliyi olmamışıdr. xx.xx.2022- ci il tarixdə saat təxminən 16 radələrində ona həmin vaxt işlədiyi “Bolt Food" şirkətindən dəqiq yadında qalmayan restorandan Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi 21 saylı binanın yadında qalmayan mənzilinə sifariş daxil olmuşdur. Restoran sifarişi hazırladıqdan sonra o, həmin sifarişi götürüb, qeyd olunan ünvana çatdırmaq üçün ünvan 4 Müştəri ilə danışdıqda o, xəstə olduğundan sifarişi mənzilə qaldırmağını xahiş etmişdir. O da buna görə binanın dəhlizinə girmək üçün qapıda olan zəngə basmışdır. Sifariş sahibi dəhlizin qapısını açdıqdan sonra o, içəri daxil olmuşdur. İçəri girdikdən sonra o, liftin kart vasitəsilə işlədiyini görmüşdür. Həmin vaxt dəhlizdə olan binanın işçisi çölə çıxmışdır. O da həmin şəxsdən necə yuxarı qalxa biləcəyini soruşduqda, həmin şəxs ona liftin kartla işlədiyini və kiminləsə birlikdə qalxa biləcəyini bildirmişdir. O da gözləmişdir ki, kimsə liftən istifadə etsə onunla birlikdə yuxarı qalxıb sifarişi sahibinə çatdırar. Bundan təxminən 2-3 dəqiqə sonra dəhlizə adını sonradan bildiyi Emil daxil olmuşdur. Emil dəhlizə daxil olub onu gördükdən sonra çölə çıxmışdır. Bir neçə dəqiqə çöldə gözlədikdən sonra Emil yenidən içəri daxil olmuşdur. O, Emildən lift kartının olub-olmadığını soruşmuşdur. Emil də cavabında kartının olduğunu, amma liftlə tək yuxarı çıxacağını bildirmişdir. O da Emilə başa düşmədiyini və niyə tək çıxacağını demişdir. Daha sonra isə Emildən müştərinin xəstə olduğunu və sifarişi mənzilə qaldırmaq istdiyini bildirərək onunla birlikdə qalxmağına imkan verməsini xahiş etmişdir. Lakin Emil başqa söhbətə ehtiyac olmadığını və tək qalxacağını bildirmişdir. Həmin vaxt liftin qapısı bağlanana yaxın o, Emilə etdiyi hərəkətin insanlıq məsələsi olduğunu və insanlığına qaldığını demişdir. Emil də həmin vaxt onun atasını söymüşdür. O da liftin qapısı bağlanmamış içəri daxil olub Emilin sifətindən yumruq vurmuşdur. Bundan sonra onlar liftdən çölə çıxmışlar. Blokda onlar bir-birlərinin yaxasından tutub itələşmişlər. Həmin vaxtı Emil onu, o da Emili söyüb təhqir etmişdir. Kameradan onları görən komendant yaxınlaşaraq onları aralaşdırmışdır. Bundan sonra çölə çıxıb Emili çölə dəvət edib mübahisə etmək istəmişdir. Çünki, Emil onu söydüyü üçün o, əsəbləşmişdir. Lakin binanın komendantı onların mübahisə etməyinin qarşısını almışdır. Bundan sonra o, mopedinə minib oradan uzaqlaşmaq istəmişdir. Həmin vaxt Emil öz mobil telefonu ilə şəklini çəkəndə ona “mopedin nömrəsinin olmadığını və nə qədər şəkil çəkmək istəyirsən çəkə bilərsən” demişdir. Sonra ordan uzaqlaşıb getmişdir. Əsəbi olduğu üçün sifarişi müştəriyə hansı formada verdiyi yadında qalmamışdır. Hadisənin səhərisi gün onu polis bölməsindən zəng edib, bölməyə dəvət etsələr də o, qorxduğu üçün getməmişdir. Bundan sonra anası Aygün Əliyeva da ona zəng edərək, Nərimanov rayon polis əməkdaşları tərəfindən axtarıldığını desə də, o, həm qorxduğu üçün, həm də işin unudulub yaddan çıxacağını düşünüb polis bölməsinə getməkdən boyun qaçırtmışdır. Bir neçə dəfə zərər çəkmiş şəxsdən üzr istəmiş və onunla barışmaq istəmişdir. Lakin zərər çəkmiş şəxs onunla barışmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində yaşadığı binanın yəni Nərimanov rayonu, X.Şuşinski küçəsi 21 saylı evin dəhlizinə girdiyi zaman liftin qarşısında "xxxx" Şirkətinin kuriyeri dayandığını və lifti gözlədiyini görmüşdür. O, bir neçə dəqiqə dəhlizin çölündə həmin şəxsin getməsini gözləmişdir. Binada liftdən istifadə etmək üçün xüsusi kartdan istifadə olunur. Həmin kartlar bina sakinlərinə verilmişdir. O, başa düşmüşdür ki, "xxxx" Şirkətinin kuriyerində lift kartı olmadığı üçün liftdən istifadə edə bilmir. Bundan sonra o, dəhlizə daxil olmuşdur. Həmin vaxt kuryer ondan lift kartının olubolmadığını soruşmuşdur. O, həmin şəxsə kartının olduğunu, lakin onunla birlikdə liftə daxil olmaq istəmədiyini və sifarişi apardığı ünvanın sahibinin onu gəlib qarşılamasını bildirmişdir. Belə olan halda həmin kuryer onunla sözlü mübahisə etməyə başlamışdır. Liftin qapıları açıldıqdan sonra o, liftə daxil olmuşdur. Həmin şəxs də onunla sözlü mübahisə etməyə davam etmişdir. Qəfildən həmin şəxs liftə daxil olaraq onun başından yumruq zərbəsi vurmuşdur. O da bundan sonra liftdən çölə çıxaraq onunla yaxalaşmışlar. Onlar bir-birlərini itələyərək çölə çıxmışlar. Həmin an onun sağ əlinin barmaqlarından tutub sıxaraq ona xəsarət yetirmişdir. Daha sonra binanın həyətində olan Xalid adlı komendat onları aralaşdırmışdır. Bundan sonra həmin şəxs onu kənara çağırıb mübahisələrinə davam etmək istəmişdir. O, isə həmin şəxsin sözlərinə məhəl qoymamışdır. Bundan sonra həmin şəxs mopedinə minib getmək istəyərkən onu polis əməkdaşları tapa bilsinlər deyə şəkillərini çəkməyə başlamışdır. Bu vaxt həmin şəxs “mopedin nömrəsinin olmadığını və nə qədər istəyirsən çək” demiş və oradan uzaqlaşıb getmişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək, kuryer tərəfindən döyülməyi barədə məlumat vermişdir. Hadisə vaxt o, Cəlalı söyməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, "xxxx" MTK-ya məxsus Nərimanov rayonu, Xan Şuşinski küçəsi 21 saylı binada təxminən 10 aya yaxındır ki, binanın komendatı vəzifəsində işləyir. Zərərçəkmiş şəxs komendant işlədiyi binanın sakinidir. xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində binanın komendant otağında oturub bloklara quraşdırılmış müşahidə kameralarına baxdıqda, 3-cü blokda liftin qarşısında duran tanımadığı 25-30 yaşlarında belində "xxxx" yazısı olan çanta olan kişinin liftin içərisinə əl-qol atdığını görmüşdür. Diqqətlə baxdıqdan sonra liftin içərisindən Emilin çıxdığını və blokun dəhlizində yaxalaşdıqlarını görmüşdür. Bundan sonra dərhal otaqdan çıxıb bloka yaxınlaşmışdır. O, bloka tərəf getdikdə, artıq onlar küçədə mübahisə edirdilər. O, yaxınlaşdıqda, "xxxx" şirkətinin kuryeri ilə Emil yaxalaşıb, sözlü mübahisə etmişlər. O, onları sakitləşdirməyə çalışmışdır. Lakin adını bilmədiyi kuryer ilə Emil mübahisə etmək istəmişlər. Təxminən 5-10 dəqiqə onlar mübahisə etsələr də, o, dava dalaş olmasının qarşısını almışdır. Bundan sonra kuryer öz idarə etdiyi mopedə oturaraq çıxıb oradan uzaqlaşmışdır. Lakin mopedin üzərində qeydiyyat nişanı olduğunu görməmişdir. Hadisədən bir neçə gün sonra isə Emilin əlinin gipsdə olduğunu görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 verdiyi xx.xx.2022-ci il tarixli 84/MEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ əlin İV barmağının proksimal falanqasının qəlpəli, yerdəyişmiş sınığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, onun tibbi yardım üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 iyun 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Şahbazov X1 Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.2, 62, 335.1, 62, 66.2-ci maddələri ilə təqsirli bilinərək 300 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı ildə AR Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya haqqında qərara əsasən təyin olunmuş cəzadan azad edilib. Tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2022-ci il tarixdə saat 22:00 radələrində tutulmuşdur. “Qətimkan tədbirinin seçilməsi haqqında” 02 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. MSY-dən azad etmə haqqında 02 avqust 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi ilə əlaqədar saxlandığı Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir. Təkrar məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 822 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədən üzərində aşkar edilmiş xəsarətlər-sağ əlin 4-cü barmağının əsas falanqasının yerdəyişmiş qapalı sınığı (repozisiyadan sonrakı vəziyyət) küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətin xarakterinə və yerləşdiyi nahiyyəyə əsaslanaraq demək olar ki, həmin xəsarəti şəxsin özü-özünə yetirə bilməsi və yıxılma nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilən xəsarət Azərbaycan Respublikası Səhiyyə “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 Nəsimi rayon şöbəsinin verdiyi xx.xx.2022-ci il tarixli 84/MEŞ nömrəli rəyində qeyd olunan xəsarətlə eynilik təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma (CM-in 127.2.3-cü maddəsi) təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına xəsarət yetirmədə ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi şəxsə xəsarət yetirmək üçün bəhanə etməklə törədilir. Xuliqanlıq niyyətilə sağlamlığa az ağır zərər vurma çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərçəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Əməlin xuliqanlıq niyyəti ilə adam öldürmə kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Beləliklə də, CPM-in 44.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı qanuni və əsaslı hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşmanlıq çəkməsini - ailədə yeganə qazanc gətirən şəxs olmasını. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutma altında saxlanıldığı müddət (2 gün) bir günə iki gün hesabı ilə cəza müddətinə daxil olunmalı (CM-69.3), Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri ilə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar