Məhkəmə qərarları › İş №1(005)-484/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-484/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-484/2024 11.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, Bərdə rayonu Qaradağlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15 dekabr 2023-cü il tarixdə saat 14:47 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 89 ünvanında yerləşən “Laliga” adlı oyun salonuna müştəri qismində daxil olub, otaqda enerji yığmaq üçün elektrik cəryanına qoşulmuş vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus üzərində 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə və arxa hissəsində 10 manat dəyərində 01 ədəd qoruyucu örtük olan 1.500 manat dəyərində 01 ədəd “Samsung” markalı “S22+” modelli mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1520 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, cəzaçəkmə müəssisəsindən zadlığa çıxdıqdan sonra yaşadığı Bərdə rayonunda iş tapa bilmədiyi üçün işləmək məqsədilə Bakı şəhərinə gəlmiş və müxtəlif hostellərdə gündəlik 5 manat müqabilində qalmışdır. 15 dekabr 2023-cü il tarixdə saat 15 radələrində Nərimanov rayonunun ərazisində yerləşən “Laliga” adlı playstation oyun salonuna girmiş, orada otaqların birində balaca oturacağın üzərində şarja taxılı vəziyyətdə bir ədəd mobil telefon olduğunu, həmin otaqda olan iki nəfər şəxslərin isə playstation oynadıqlarını, başlarının qarışıq olduğunu, arxalarının ona tərəf olduğunu görmüşdür. Həmin telefonu oğurlamaq qərarına gəlmiş, oradan keçib digər otağa girmişdir. Sonra təkrar həmin otağa geri qayıtmış və ətrafda onu görən hər hansı bir şəxsin olmadığını görüb həmin otaqda balaca oturacağın üzərində olan mobil telefonu oğurlamışdır. Bundan sonra Neftçilər metrostansiyasının yaxınlığına getmiş, orada bir mobil telefon mağazasına yaxınlaşıb həmin mobil telefonu 150 manata satmışdır. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslə barışıq əldə etdiyini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını qeyd edib barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına zərərçəkmiş şəxs qismində çağırılmış Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində dostu Fuadla birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi ev 89 ünvanında yerləşən “Laliga” adlı playstation oyun salonuna getmişlər. Həmin vaxt özünə məxsus “Samsung” markalı “S22+” modelli mobil telefonunu şarj olunması üçün əyləşdikləri divanın arxa hissəsində yerləşən cərəyana qoşmuş və daha sonra dostu ilə birlikdə playstation oynamağa başlamışdır. Telefonu səsli rejimə qoymuşdur ki, zəng gələndə eşidə bilsin. Oyunu qurtardıqdan sonra saat 16 radələri olardı, mobil telefonunu götürmək istədikdə şarj üçün kabel yerində olsa da, mobil telefonunun orada olmadığını aşkar etmişdir. Dərhal obyektdə işləyən adminstratora yaxınlaşaraq, bu barədə məlumat vermiş və müşahidə kameralarına baxdıqdan sonra məlum olmuşdur ki, ona məxsus “Samsung” markalı “S22+” modelli mobil telefonum 40-45 yaşlı naməlum şəxs tərəfindən oğurlanmışdır. Daha sonra 102 xidməti-zəng mərkəzinə zəng vurub hadisə barədə məlumat vermişdir. **********42130 İMEİ kodlu mobil telefonunu xx.xx.2023-cü il tarixdə “İrşad” elektronika mağazasından 6 aylıq kredit şərti ilə 2299 manat 98 qəpiyə almışdır. Hazırda həmin telefonun satış dəyəri təxminən 1500 manat təşkil edir. Mobil telefonunun dəyəri 1500 manat olmaqla, oğurlanmış mobil telefonunun üzərində 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə, telefonun arxa hissəsində 10 manat dəyərində bir ədəd qoruyucu kabura olmuşdur. Hadisə nəticəsində ona ümumilikdə 1520 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayından Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən mobil telefonların və telefon aksesuarlarının satışı mağazasında satıcı işləyir. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Həmzə hərdən onun işlədiyi mağazaya gəlib-gedir, iş yoldaşı hazırda həbsdə olan X3 bir neçə dəfə telefon satmışdır. Lakin, heç bir vaxt Təqsirləndirilən şəxs mobil telefon almamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 25 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. CD diskə baxış keçirilməsi haqqında 25 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 89 ünvanında yerləşən “Laliga” adlı playstation oyun salonunda Zərərçəkmiş şəxs dostu ilə birlikdə playstation oynadıqları otağa daxil olur, həmin otaqda balaca oturacağın üzərində şarja taxılı vəziyyətdə bir ədəd mobil telefon olduğunu görüb digər otağa keçir, sonra həmin otağa geri qayıdıb balaca oturacağın üzərində şarja taxılı vəziyyətdə olan bir ədəd mobil telefonu götürüb əynindəki cins şalvarının sağ yan cibinə qoyub salondan çıxır. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 27 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Fuad Babyev tərəfindən verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilməsi və onun barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi, həmçinin saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. “Qətimkan tədbirinin seçilməsi haqqında” 27 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə Milli Məclisin xx.xx.2013-cü il tarixli Amnistiya qərarının 1.7-ci bəndinə əsasən təyin olunmuş cərimə cəzasından azad edilmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 10 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 67.1-ci maddələri ilə təqsirli bilinərək, 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarın 4-cü bəndinə əsasən çəkilməmiş qalan cəzası 06 ay azaldılmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan tam olaraq ödənilmiş və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, hadisə yerinə baxış protokolu, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini və onunla barışıq əldə etməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarı ilə cəzası 06 ay azaldılmış, cəzasının sonu ilə azad edilmişdir. O, hazırkı iş üzrə cinayət əməlini yuxarıda göstərilən hökm üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törədib. Buna baxmayaraq, təqsirləndirilən şəxsin əməlində residiv mövcud deyil. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 177.1-ci maddəsində nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən cinayət sayılır. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbinə əsasən isə böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər talama cinayəti törədərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətmiş şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu, cəmi 02 gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar