Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-485/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “De Fendo” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 11 iyun 2023-cü il tarixdə saat 14 radələrində ünvan 3 ünvanın qarşısında tanışı Zərərçəkmiş şəxs ilə sonuncunun ona verməli olduğu 100 manat pulu bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə yumruqla Zərərçəkmiş şəxs sifətinin sol nahiyəsinə bir dəfə zərbə vurub, ona sifətin sol yarısının yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan sol gözaltı nahiyənin hematoması və çənənin sol oynaq çıxığının və sol əng-almacıq kompleksinin yerdəyişmiş sınıqları ilə müşayət olunan ümumilikdə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan lakin, sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən 5-6 il öncə rəqqas kimi tanıyıb. O, özü də rəqqas kimi fəaliyyət göstərib və rəqs qrupu vardır. Belə ki, Bəhruz bir neçə Bakı şəhərində yerləşən şadlıq saraylarında təşkil olunmuş toy şənliklərində onun da öz rəqs qrupu ilə birlikdə iştirak etmələrini təşkil etmiş, bunun qarşılığında şadlıq saraylarından müəyyən məbləğdə pul almışdır. Sonuncu dəfə 2023-cü ilin iyun ayının əvvəllərində Bəhruz onunla əlaqə saxlayaraq Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən şadlıq saraylarından birində toy şənliyi olduğunu, həmin toy şənliyində onların rəqs qrupunun iştirak etməsini istəyib və həmin toy şənliyindəki iştiraklarına görə 600 manat pul verəcəyini bildirib. O, da Bəhruzla razılaşıb öz rəqs qrupu ilə birlikdə Bəhruzun dediyi toy şənliyində iştirak edib. Toy şənliyi olan gün Bəhruz ona 500 manat pul verib, qalan 100 manatı da günün sonuna kimi verəcəyini bildirmişdir. O, isə buna etiraz etməmişdir. Həmin gün və növbəti günlərdə o, Bəhruzla əlaqə saxlayıb ona olan borcunu istəsə də Bəhruz hər dəfəsində müxtəlif bəhanələr gətirərək pulunu verməkdən yayınıb. Bir neçə gündən sonra o, Bəhruzun bəhanələrindən bezib, pul qaytarmayacağına əmin olduğundan Bəhruza mesaj yazaraq pulu bağışladığını, həmin pulla hansısa problemini həll etməsini bildirmişdir. Bundan sonra, Bəhruz ona mesaj yazaraq onunla aqressiv danışıb, hədə qorxu gəlməyə başlayıb, onunla görüşüb söhbət edərək məsələyə aydınlıq gətirəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində o, dostları olan Kamran və Seyranla Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki kafelərdən birində oturub söhbət edirdi həmin vaxt, Bəhruzun hərəkətləri barədə Kamran və Seyrana danışıb Bəhruzun onu söhbətə çağırdığını bildirmiş, Kamran və Seyran Bəhruzla ortaq tanışlarıdır. Bundan sonra Kamran Bəhruza zəng edərək hal-əhval tutub və aralarında olan anlaşılmazlıq barədə soruşmuş, Bəhruz isə Kamrandan harada oturduqlarını soruşub, Kamran oturduqları yeri dedikdə Bəhruz həmin yerə gələcəyini bildirmişdir. Bundan bir müddət, yəni təxminən yarım saat sonra Bəhruz, zəng edərək Kamranın yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 116 ünvanında yerləşən məhləyə gələcəyini bildirdiyindən Kamran və Seyranla birlikdə həmin məhləyə gəlmişlər. Bir neçə dəqiqə sonra Bəhruzda onların yanına gəlmiş, Bəhruz gəldikdən sonra aqressiv formada onu kənara çəkərək söhbət etmək istədiyini bildirib və bir qədər kənara çəkilib söhbət etməyə başlamışlar. Söhbət əsnasında Bəhruz onun ünvanına nalayiq ifadələr işlədərək onun sifət nahiyəsindən yumruqla vurmuş, o, isə özünü müdafiə etmək üçün sağ əli ilə yarı bükülmüş vəziyyətdə Bəhruzun sifətinin sol tərəfindən vurmuş, həmin vaxt Bəhruz yerə yıxılmışdır. Bundan sonra Kamran onu yerdən qaldırıb, əl-üzünə su vurub və yenidən sakitcə söhbət etməyə başlayıblar. Bir neçə dəqiqə söhbət etdikdən sonra Bəhruz yenidən onun üzərinə hücum çəkmış, lakin, Kamranla Seyran onları aralaşdıraraq sakitləşdiriblər. Bundan sonra onlar birlikdə onun idarə etmiş olduğu “Toyota Prius” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gəlmişlər. Avtomobilin yanına gəldikdə Bəhruz onun avtomobilinə zərər yetirmək istəsə də buna mane olublar. Bundna sonra Kamran Bəhruzu onların yanından uzaqlaşdıraraq evlərinə yola salıb. Hazırda əməlindən peşmandır, zərərçəkmişlə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, əvvəllər, yəni 2011-ci ilə kimi rəqqas olmuş, sonradan ixtisası üzrə işə başladığından rəqqaslıq sənətindən uzaqlaşmışdır. Buna baxmayaraq, əvvəllər şadlıq saraylarında rəqqas kimi fəaliyyət göstərdiyindən Bakı şəhəri ərazisində yerləşən şadlıq saraylarının inzibatçıları ilə tanışlığı olub və həmin tanışlıq əsasında sifariş olduqca toy şənliklərinə rəqs qruplarının və bu kimi digər işlərin təşkilatçılığı ilə məşğul olub. Təqsirləndirilən şəxs da rəqqas kimi fəaliyyət göstərdiyi vaxtlardan tanıyıb. Belə ki, Məcid də rəqqaslıqla məşğul olub. Məcid onun şadlıq sarayları ilə əlaqələrinin yaxşı olduğunu bildiyindən ondan xahiş etmişdir ki, rəqs qrupları sifariş edildikdə ona desin. O, da şadlıq saraylarından rəqs qrupları sifariş edildikdə iştirak üçün Məcidində iştirak etdiyi rəqs qrupunu göndərib. Razılaşmalarına əsasən o, şadlıq sarayından 700 manat pul alıb, 600 manatını Məcidə verib, 100 manatını isə təşkilatçı olaraq özünə götürürdü. Adətən, şadlıq sarayından pulu toy şənliyinin növbəti günü verdiklərindən o, da pulu Məcidə verirmiş. Sonuncu dəfə 08 iyun 2023-cü il tarixdə də toy şifarişi olduğundan Məcidgilin rəqs qrupunu həmin toy şənliyinə göndərib. Toy şənliyinin keçirildiyi şadlıq sarayı pulu növbəti gün verəcəyini dediklərindən o, Məcidə bu barədə deyib. Buna baxmayaraq o, həmin gün üzərində olan 500 manat pulu Məcidə əlbəəl verib, qalan 100 manatı isə şadlıq sarayından aldıqdan sonra verəcəyini bildirmişdir. Buna baxmayaraq, Məcid növbəti gün bir neçə dələ ona zəng edərək qalan 100 manat pulunu istəyib. Məcidin özünün bir ilə yaxın müddət idi ona 100 manat borcu olduğu halda ondan bir neçə dəfə zəng edib pul istəməsi qıcıq yaradıb və ona borclu olduğu halda dəfələrlə zəng edib ondan pulunu istəməsinə əsəbləşərək Məcidə bildirmişdir ki, ona 100 manat borcu var, bununla da ödəşmiş olublar. Əslində isə o, Məcidə həmin 100 manatı vermək niyyətində olub. Lakin, Məcidin ona dəfələrlə zəng edib pul istəməsinə əsəbləşib pul verməyi bir qədər gecikdirib. Beləliklə, xx.xx.2023-cü il tarixdə günorta vaxtlarında Məcid ona mesaj yazaraq “Nərimanov” metrosunun yanına söhbət etməyə çağırmışdır. O, əvvəlcə etiraz etsə də sonradan söhbət etmək üçün Məcidlə görüşməyə razılıq vermişdir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Məcidlə görüşmək üçün “Nərimanov” metrosunun yaxınlığında yerləşən “Metro park” ticarət mərkəzinin yanına gəlmişdir. Həmin vaxt Məcidin yanında onun da tanıdığı Seyran və Kamran adlı iki nəfər tanışı da olub. O, həmin şəxslərlə salamlaşdıqdan sonra, Seyran ona Məcidə olan borcunu niyə vermədiyini aqressiv formada soruşmuş, o, isə Məcidlə arasında olan məsələnin Seyrana aidiyyəti olmadığını bildirmişdir. Bundan sonra Məcidlə birlikdə “Metro park” ticarət mərkəzinin yaxınlığındakı yaşayış binasının həyətindəki qarajın arxasına keçib ki, həmin yerdə ikisi söhbət etsinlər. Həmin vaxt, Seyranla Kamran da onların yanına gəlmişlər. Onunla Məcid deyil Seyran söhbət etməyə başladıqda, o, etiraz edib Məcidi kənara çəkmişdir ki, Məcidlə söhbət etsin. Məcidlə söhbət zamanı Məcid onun düzgün hərəkət etmədiyini, ona olan borcunu verməli olduğunu bildirmiş, o, isə yenidən Məcidə özünün 1 ilə yaxındır borcu olduğu halda qaytarmadığını xatırlatmışdır. Həmin vaxt o, Məciddən uzaqlaşmaq üçün üzünü çevirib getdikdə, Məcid yan tərəfdən onun sifətinin sol tərəfinə yumruqla vurmuş, Məcidin əlində hansısa əşyanın olmasını görməmişdir. O, zərbənin təsirindən yerə yıxılmış, yerə yıxılan zaman sağ əlində saxladığı özünə məxsus 1200 manat dəyərində “Mi 9” markalı mobil telefonu asfalta dəyərək sınıb yararsız hala düşmüşdür. O, birtəhər ayağa qalxıb Məcidə bu məsələni belə qoymayacağını, əlavə olaraq görüşüb söhbət edəcəyini bildirmişdir. Məcid yenidən onun üzərinə gəlmiş, o, həmin vaxt çənəsində ağrı hiss etdiyindən, həmçinin də dişləri laxladığından çənəsinin sındığını anlayıb və mübahisəni davam etdirmək istəmədiyindən başını aşağa salaraq əlləri ilə başını tutmuşdur. Bundan sonra Məcid yanındakılarla birlikdə gəldikləri avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. O, isə həmin yerdən yaşadığı evə getmiş, evdə olan zaman çənəsində möhkəm ağrı hiss etdiyindən növbəti gün müayinə üçün 1 saylı KTM-ə müraciət etmişdir. Orada məlum olmuşdur ki, Məcidin vurması nəticəsində çənəsi sol tərəfdən iki yerdən sınıb. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı iddia və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs uzun müddətdir ki, rəqqas kimi tanımışdır. O, özü də əvvəllər rəqqas kimi fəaliyyət göstərib. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində o, dostları olan Kamran və Məcidlə Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki kafelərdən birində oturub söhbət edən zaman Məcid bildirmişdir ki, Bəhruz onunla 600 manata toy danışıb, toyda iştirak etdikdən sonra Bəhruz Məcidin pulunu 100 manat əksik verərək qalan pulu verəcəyinə dair vəd vermiş, lakin sonradan Məcidin pulunu qaytarmamışdır. Məcid pulunu istədikdə isə aqressiv cavablar verib, söhbətə çağırmışdır. Həmin vaxt Kamran Bəhruza zəng edərək hal-əhval tutub və Bəhruzla Məcid arasında olan anlaşılmazlıq barədə soruşmuşdur. Bəhruz isə Kamrandan harada oturduqlarını soruşub, Kamran oturduqları yeri dedikdə Bəhruz həmin yerə gələcəyini bildirmişdir. Bundan bir müddət, yəni təxminən yarım saat sonra Bəhruz zəng edərək Kamranın yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 116 ünvanında yerləşən məhləyə gələcəyini bildirdiyindən Kamran və Məcidlə birlikdə həmin məhləyə gəlmişlər. Bir neçə dəqiqə sonra Bəhruz da onların yanına gəldikdən sonra aqressiv formada, onlara salam vermədən Məcidi kənara çəkərək söhbət etmək istədiyini bildirib və Bəhruzla Məcid bir qədər kənara çəkilib söhbət etməyə başlayıblar. O, isə Kamranla birlikdə kənarda dayanıb söhbət ediblər. Bəhruzla Məcid isə söhbət etmək üçün onların görmədiyi yerə keçiblər. Bir neçə dəqiqə sonra Məcid onların yanına gəlib. Bundan sonra onlar Bəhruza tərəf getdikdə Bəhruzun üst-başını təmizlədiyini görüblər və Bəhruzla Məcidin dava etdiklərini başa düşüblər. Bundan sonra Kamran Bəhruzun əl-üzünə su vurub və yenidən sakitcə söhbəl etməyə başlayıblar. Bir neçə dəqiqə söhbət etdikdən sonra Bəhruz yenidən Məcidin üzərinə hücum çəkmiş, lakin, Kamranla birlikdə onlara mane olaraq sakitləşdirmişlər. Bundan sonra birlikdə Məcidin idarə etmiş olduğu “Toyota Prius” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gəlmişlər. Avtomobilin yanına gəldikdə Bəhruz avtomobilə zərər yetirmək istəsə də buna mane olublar. Bundan sonra Kamran Bəhruzu onların yanından uzaqlaşdıraraq evlərinə yola salıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi faktları və halları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nərimanov RPİ-nin 17-ci PŞ-nin rəisi Azər Məmmədova ünvanlanan HK-1 №1689 saylı raportdan görünür ki, X1 DİN-nin 102 xidmətinə zəng edərək, Metro Park m/st. arxasında xx.xx.2023-cü il tarixdə oğlu Zərərçəkmiş şəxs naməlum şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 21 sentyabr 2023-cü il tarixli qərara əsasən cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 21 sentyabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 730 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - sifətin sol yarısının yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan sol gözaltı nahiyənin hematoması və çənənin sol oynaq çıxığının və sol əng-almacıq kompleksinin yerdəyişmiş sınıqları(ostiosintez cərrahi əməliyyatından sonrakı vəziyyət) küt əşyanın(əşyaların) təsirindən törənmişdir. Qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixlərdə və şəriatdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın pozulmasına səbəb olmuş, sağlamlığa az ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasma görə şəxsin özü-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyil. Azərbaycan Respublikası DİN-nin BƏSlİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 127.2.3 maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. CM-in: 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən ilk dəfə cinayət törətməsini, zərərçəkmişlə barışması və ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 127.2.3 maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələnin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün 180 (yüz səksən ) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 30 iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-485/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-485/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver