Məhkəmə qərarları › İş №1(005)-486/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-486/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-486/2022 21.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Zabrat küçəsi 31-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 9-cu döngədə nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, 0,440 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan olan heroin əldə edib üstündə saxlamaqla daşımış və 19 may 2022-ci il tarixdə saat 19:40-da ünvan 1 ünvanın qarşısında olarkən DİN-nin ƏÇPA-nın 1-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin 16-cı PB-nin inzibati binasına gətirilmiş, müdafiəçinin iştirakı ilə video çəkiliş aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki mavi rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 may 2022-ci il tarixdə saat 19 radələrində tanışı Şahid3 ilə birlikdə “Papanin” adlanan ərazidə olan zaman üzdən tanıdıqları anket məlumatlarım bilmədikləri şəxsdən hər biri 15 manat verərək özlərinə 01 büküm heroin almışlar. Həmin gün yəni, 19 may 2022-ci il tarixdə saat 19:40 radələrində, Nərimanov rayonu, Azadlıq prospekti 149 saylı ünvanın qarşısında olarkən 2 nəfər polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlardan kim olduqlarını, üzərlərində şəxsiyyətlərini təsdiq edən hər hansı sənədin olub-olmadıqlarını soruşmuşlar. Onlar da üzərlərində heroin olduğu üçün qorxu və həyacan hissi keçirtmişlər, bu zaman polislər onların hərəkətlərindən şübhələnmiş və onları polis şöbəsinə dəvət etmişlər. Onlar da həmin polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin 16-cı PB-nə getmişlər. Polis şöbəsinə gəldikdən sonra onu şöbənin xidməti otaqlarının birinə aparmışlar. Otaqda polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə, ona hüquq və vəzifələri izah edilmişdir. Ona üzərində şəxsi axtarış aparılacağı bildirilməklə, şəxsi axtarış və götürmə prosessininin video çəkilişi aparılacağı bildirilmişdir. Ondan narkotik vasitələrdən istifadə edib, etmədiyi soruşulduqda, o, təqribən 2 il müddətində narkotik vasitə olan heroin istifadə etdiyini bildirmişdir. Sonra ondan üstündə hər hansı bir qanunsuz olaraq əldə edilmiş əşyanın, narkotikin olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməsi təklif edilmişdir. O da əynindəki mavi rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üstünə qoyaraq, içərisində heroin olduğunu demişdir. Bundan sonra təhqiqatçı onun masasının üstünə qoyduğu 01 ədəd sellofan bükümü açdıqda içərisində olan heroin görünmüşdür. Ondan həmin heroini hardan, nə məqsədlə əldə etdiyi soruşulmuşdur. O da həmin heroini 19 may 2022-ci il tarixdə “Papanin” adlanan ərazidə üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı polis əməkdaşlarının, vəkilin və onun iştirakı ilə içərisində heroin olan həmin sellofan büküm zərfə qoyularaq möhürlənmiş, o və polis əməkdaşları həmin zərfin üzərini imzalamışlar. Bununla əlaqədar protokol tərtib olunmuş, ucadan oxunmuşdur. O və şəxsi axtarış iştirakçıları protokolu imzalamışlar. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin ƏÇPA-nın 1-ci Patrul Bölüyünün polis nəfəri Əliyev Asİf Tanrıverdi oğlu ifadəsində göstərmişdir ki, 19 may 2022ci il tarixdə, saat 19:40-da, Nərimanov rayonu, Azadlıq prospekti 149 saylı ünvanda DİNnin ƏÇPA-nın 1-ci Patrul Bölüyünün polis nəfəri Şahid2 ilə birlikdə xidməti ərazidə olan zaman, iki nəfər şəxsin hərəkətlərindən şübhələnərək onlara yaxınlaşmışlar və özlərini təqdim edərək həmin şəxslərdən şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etmələrini xahiş etmişlər. Lakin həmin şəxslər üzərlərində şəxsiyyətlərini təsdiq edən sənədlərin olmadığını bildirmişlər. Həmin şəxslərin hərəkərtlərindən, rabitəsiz danışıqlarından, narkotik vasitələrin təsirində və ya üzərlərində narkotik vasitələrin ola biləcəyindən şübhələnərək onları Nərimanov RPİ-nin 16-cı PB-nə apararaq bu barədə aidiyyəti üzrə raportla müraciət etmişlər. Həmin şəxslərin Təqsirləndirilən şəxs və Şahid3 olduğu müəyyən edilmişdir. Bundan sonra 16-cı PB-nın təhqiqatçısı Emin Səfərov tərəfindən Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilməklə, üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürülmə aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkillə təmin edilmişdir. Təhqiqatçı onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmamışdan əvvəl ona hüquqlarını izah etmiş və şəxsi axtarış prosessinin aparıldığı müddətdə video çəkilişdən istifadə ediləcəyini bildirmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə, psixotrop maddələr və ya başqa əşya, mal varsa tədim etməsini təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində “Kakos” adlanan narkotik vasitə olan heroin olduğunu bildirərək əyindəki mavi rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan büküm çıxarıb masanın üstünə qoymaqla təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 01 ədəd sellofan bükümdə “Kakos” adlanan narkotik vasitə olan heroin vardır. Həmin narkotik vasitə olan heroini, 19 may 2022-ci il tarixdə, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 15 manat qarşılığında şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 01 ədəd sellofan büküm açıldıqda spesifik iyə malik, tünd qəhvəyi rəngli aşkar edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirildikdə üzərində əməliyyat marağı kəsb edəcək digər əşya, predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində tünd qəhvəyi rəngli kütlə olan həmin 01 ədəd sellofan büküm bir ədəd zərfə qoyulmuşdur. Zərfin üzəri möhür ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin ƏÇPA-nm 1-ci Patrul Bölüyünün polis nəfəri Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid3 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 16-17-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 23-24-cü vərəqələrində olan “Şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X9 həmin protokolu ondan ötrü tərtib eir ki, Azərbaycan Respublikası CPM-nin 51-ci və 246.2.1-ci maddələrinin tələbinə əsasən ƏÇPA-nm 1-ci Patrul Bölüyünün polis nəfərləri Şahid2 Səməd oğlunun, Şahid1 Tanverdi oğlunun, Nərimanov RPİ 16-cı PB-nin CA üzrə əməliyyat müvəkkili Ramin İsmayıl oğlunun və vəkil X4 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynində olan mavi rəngli şalvarının sol yan cibindən qəhvəyi rəngli, toz şəkilli maddə olan şəffaf selofana bükülmüş 01 ədəd bükümü təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 01 ədəd bükümün içərisindəki maddə “kakos” adı ilə tanınan narkotik vasitədir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Papanin adlanan ərazidə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 15 manata alaraq bükümü əynindəki mavi rəngli şalvarının sol yan cibinə qoyaraq öz istifadəsi üçün saxlamışdır. Bu gün yəni xx.xx.2022-ci il tarixdə saat 19:40-da ünvan 2 ünvanda olduğu zaman orada xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş maddə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırıldı, 218 nömrəli möhürlə möhürlənmişdir. Bununla da, şübhəli şəxsin üzərində şəxsi axtarış başa çatmış, iştirakçılar tərəfindən heç bir şikayət, vəsatət daxil olmamış, şəxsi axtarış aparılması otaq şəraitində süni işıqlanmada aparılmış, saat 22.40-da başlamış və 23.10-da başa çatdırılmışdır. Cinayət işinin 32-34-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2022-ci il tarixli, 6/2893 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №218” dairəvi möhür əksləri, “Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs...” yazıları, soyadlar və imzalar olan zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,440 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 65-67-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİnin İstintaq Şöbəsinin müstəntiqi X1 21 may 2022-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır Cinayət işinin 68-69-cu vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 75-76-cı vərəqələrində olan “Maddi sübut kimi tanımaq haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 may 2022-ci il tarixdə aşkar olunaraq götürülmüş kustar üsulla hazırlanmış narkotik vasitə - heroinin təmiz çəkisi 0,440 qram iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və aparılmış məhkəmə kimyəvi ekspertizası nəticəsində tədqiqata sərf edilmiş 0,05 qram nəzərə alınmaqla, qalıq- 0,390 qramın saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə verilməsi qərara alınmışdır. Cinayət işinin 85-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 125-126-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin Ambulator X2 dair xx.xx.2022-ci il tarixli, 4661 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 131-137-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 23 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 19 may 2022-ci il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD-R” diskin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və cinayət işinin istintaq materiallarına əlavə edilməsinin nəzərə alınması qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd “DVD-R” formatlı diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki mavi rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,440 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,390 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 55,00 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar