Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-49/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:00 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – «A.İ.M» Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan 30 noyabr 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 2022-ci ilin may ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində ADA universitetinin giriş hissəsinin qarşı tərəfində əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan tanışı Zərərçəkmiş şəxs pul verəcəyi təqdirdə Zərərçəkmiş şəxs qarşı əvvəllər dələduzluq edən Bəhruz Səfərovu taparaq pulları geri qaytaracağına dair yalan vəd verib aldatmaqla 4000 (dörd min) manat pulunu alıb ələ keçirməklə zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2022-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində ADA universitetinin qarşı tərəfində əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan tanışı Zərərçəkmiş şəxs pul verəcəyi təqdirdə özünün "xxxx" ASC-də pambıq toxumu çiyidlərini sataraq qazanc əldə edəcəyinə dair yalan vəd verib aldatmaqla 7800 (yeddi min səkkiz yüz) manat pulunu alıb ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxsla aralarında yaxın dostluq münasibətləri olmuşdur. İttihamda göstərilən məbləğləri həqiqətən də almışdır. Lakin onu aldatmaq niyyəti olmamışdır. Onları 2022-ci ildən ortaq tanışları olan Səbinə xanım tanış etmişdir. Tanışlıq zamanı Zərərçəkmiş şəxs 60000 (altmış min) ABŞ dolları məbləğində pulunun dostu tərəfindən dələduzluq yolu ilə ələ keçirildiyini dedikdə, ona bu işi yalnız bir qurumun həll edə biləcəyini demişdir. Həmin məqsədlə pul almamışdır. Aldığı 4000 (dörd min) manat pulu və 7800 (yeddi min səkkiz yüz) manat pulu pambıqçılıq siferasında işləmək üçün almışdır. Özünün pambıqçılıq sferasında "xxxx" ASC-də rəsmi olaraq işlədiyini bildirmiş, Zərərçəkmiş şəxs tərəfindən söhbət əsnasında pambıqçılıq sahəsində gəlir əldə etmək üçün işləmək barədə maraqlanmışdır. Özünün bu barədə müqavilələr hazırladığını və Zərərçəkmiş şəxs göndərdiyini, daha sonra isə yalnız pul verməsini digər işlərə qarışmayacağını və gəlir əldə etmək istədiyini bildirmişdir. Həmin məbləğlər bu məqsədlə alınmışdır. Daha sonra işləri alınmamışdır və polisə şikayət etmişlər. Məhkəmənin sualına cavab olaraq o, qeyd etmişdir ki, hazırda zərərçəkmiş şəxslərlə barışmış və dəymiş ziyanı tamamilə ödəmişdir. Cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Bütün bu halları nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstəmişdir ki, 2016cı ildə onunla bir yerdə təhsil alan və bir kabinetdə həkim stomatoloq işləyən X1 qardaşı Səfərov Rüstəmin təklifi ilə Rusiya Federasiyasının Moskva şəhərində aptek açaraq dərman vasitələrinin satışını həyata keçirmək üçün ona 60000 (altmış min) ABŞ dolları vermiş, lakin sonuncu verdiyi vədə əməl etməmiş və pulunu qaytarmamışdır. X2 ortaq tanışı Səbinə adlı qadının vasitəsi ilə Təqsirləndirilən şəxs tanımış, Fərid özünü əvvəllər hüquq mühafizə orqanlarında çalışmış şəxs kimi təqdim etmiş, atasının əvvəllər hüquq mühafizə orqanlarında çalışdığını, dostlarının, tələbə yoldaşlarının hamısının hüquq mühafizə orqanlarında çalışmasını demiş, özünü əlaqəli şəxs kimi göstərmişdir. Fəridə 60000 ABŞ dolları barədə dedikdə, Fərid ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ilə sıx əlaqəsi olduğunu, bu işi həll edə bilməsi üçün pul lazım olunduğunu, pulun guya BMCMİ-də işləyən şəxslərə müvafiq qonaqlıqlar, hədiyyələr alıb verməsi üçün lazım olmasını, demişdir. İşinin alınmasını istədiyinə görə pulunu harada kimə verəcəyi ona maraqlı olmadığı üçün, 2022-ci ilin may ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi "ADA” universiteti ilə üzbə-üz Tofiq Bəhrəmov adına futbol meydançasının yan qapısı çayxana tərəfdə əlbə-əl Fəridə 4000 (dörd min) manat verdiyini, bildirmişdir. Aralarındakı razılaşmaya əsasən Fərid 2022-ci ilin avqust ayına qədər olan müddət ərzində BMCMİ-nin əməkdaşlarının həmin Rüstəmin olduğu yeri müəyyən edərək onun 60000 (altmış min) ABŞ dolları pulunu ona qaytarılacağına söz vermişdir. Elə həmin ərəfədə Fərid işlədiyi "xxxx" ASC-də pambıq çiyidlərinin alışı-satışına pul yatıracağı təqdirdə, 7800 manat verəsi olduqda ona verdiyi 7800 manatın üzərində 2000 (iki min) manat verəcəyinə söz vermişdir. Fəridin bu təklifinə razılığını, ona görə 2022-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi “ADA” universiteti ilə üzbə-üz Tofiq Bəhrəmov adına futbol meydançasının yan qapısı çayxana tərəfdə əlbə-əl Fəridə 7800 (yeddi min səkkiz yüz) manat vermişdir. Məhkəmənin sualına cavab olaraq o, qeyd etmişdir ki, hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir. Barışmışdır. Ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs ünvan 2 ünvanda yerləşən direktor müavini işlədiyi ‘‘Sədəf Dent” klinikasından tanıyır, işçisi olmuşdur. Arzu ilə danışıq zamanı tələbə yoldaşı Mahmud Səfərovun qardaşı Rüstəm Səfərovun dələduzluq edərək 60000 (altmış min) ABŞ dollar pulunun ələ keçirilməsini ona demişdir. Bu barədə rəfiqəsinə demiş o da Təqsirləndirilən şəxs onlara bu işdə kömək ecdə biləcəyini məsləhət görmüşdür. Fərid görüş zamanı özünü onlara hüquqşünas kimi, ətrafındakıların vəzifələrdə olmasını demişdir. Arzu nə qədər pul lazım olmasını Fəriddən soruşduqda, 4000 (dörd min) manat lazım olduğunu dedikdə, Arzu onun təklifi ilə razılaşdığını bildirmişdir. Bundan sonra onun yanında xatırlamadığı tarixdə Arzu Bakı şəhəri, Nərimanov rayonu, “ADA” universiteti ilə üzbə-üz Tofiq Bəhrəmov adına futbol meydançası yaxınlığındakı restoranda əlbə-əl Fəridə pul vermişdir. Fərid, Arzuya uzağı bir aya onun məsələsinin hazır olacağına söz vermişdir. Bundan sonra yenə birlikdə görüşdükləri vaxt Fərid "xxxx" ASC-də işlədiyini, pambıq alveri edib gəlir əldə etmək olacağını dedikdə Arzu, Fəriddən bu işə nə qədər pul lazım olmasını soruşduqda, Fərid ona 7800 manat pul verəsi olsa, ona verilən 7800 manatın üzərində 2000 (iki min) manat verəcəyinə söz vermişdi. Bu barədə aralarında olan razılığa əsasən Arzu 2022-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi “ADA” universiteti ilə üzbə-üz Tofiq Bəhrəmov adına futbol meydançasının yan qapısı çayxana tərəfdə əlbə-əl Fəridə 7800 (yeddi min səkkiz yüz) manat pul vermişdir. Lakin, Fərid pulu Arzuya qaytarmamışdır. Məhkəmədə tədqiq edilmiş “Şübhəli olan şəxsin tutulması haqqında” 28.11 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş 3 Nömrəli Mənzil-İstismar sahəsinin rəisi tərəfindən təsdiqlənmiş xx.xx.2024-cü il tarixli Xasiyyətnamdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir, onunla barışmışdır və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışında tədqiq edilmiş "xxxx" ASC-yə məxsus xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, 27.012.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 2950 (iki min doqquz yüz əlli) manat dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ittihamda qeyd edilən əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsi, Zərərçəkmiş şəxs qarşı dələduzluq edən şəxslərin tapılması üçün 4000 (dörd min) manat almaması, həmin məbləğin də pambıqçılıq üçün alınmasına dair ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Beləliklə məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189- 1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Bu səbəbdən məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 4000 (dörd min) manat məbləğində pulunu ələ keçirdiyi birinci epizod üzrə əməli ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkibini yaradır. Həmçinin, məhkəmə, ittiham aktında qeyd olunan birinci epizod üzrə cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, həmin epizod üzrə cinayət əməlinin 2022-ci ilin may ayında baş verməsini, həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin 02 (iki) il olması nəzərə alınaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs həmin epizod üzrə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona birinci epizod üzrə cəza təyin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan birinci epizod üzrə başlanmış cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 2022-ci ilin iyun ayında 7800 (yeddi min səkkiz yüz) manat pul vəsaitini alıb verdiyi vədə əməl etmədən öz şəxsi ehtiyacları üçün xərcləyərək Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib təkrar dələduzluq etməsi ilə bağlı ikinci epizod üzrə verilmiş ittihamdan “təkrarən” və “təkrar” sözləri xaric edilməlidir. Bundan əlavə “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 37-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan tam olaraq ödəməsi və barışıq əldə etməsi, bundan başqa vurulmuş ziyan üzrə dövlət büdcəsinə edilmiş ödəniş nəzərə alınmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət işi üzrə icraata xitam verilməli və cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 73-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 73-1.2 maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 73-1.3 maddəsinə əsasən bu Məcəllənin 178.3, 178.4, 179.3 və 179.4-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs birinci epizod üzrə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona birinci epizod üzrə cəza təyin olunmamalıdır. Təkrar dələduzluq etməsi ilə bağlı ikinci epizod üzrə verilmiş ittihamdan “təkrarən”sözü çıxarılmalı, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və dövlət büdcəsinə cinayət nəticəsində vurulmuş ziyanının iyirmi beş faizi miqdarında ödəniş etməsini və qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübut hesab edilmiş 01 ədəd “DVD” formatlı disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi Nəmli oğlunun sərf etdiyi hər iş saatına görə 6 (altı) manat və bu sahədə qanunvericiliyə edilmiş dəyişikliyin qüvvəyə mindiyi tarixdən sonrakı müddət üzrə 11 (manat) hesab edilməklə, ümumilikdə 115 (yüz on beş) iş saatına görə 715 (yeddi yüz on beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2 maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi Nəmli oğlunun sərf etdiyi hər iş saatına görə 6 (altı) manat və bu sahədə qanunvericiliyə edilmiş dəyişikliyin qüvvəyə mindiyi tarixdən sonrakı müddət üzrə 11 (manat) hesab edilməklə, ümumilikdə 115 (yüz on beş) iş saatına görə 715 (yeddi yüz on beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-49/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-49/2025
01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver