Məhkəmə qərarları › İş №1(005)-494/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-494/2023

16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-494/2023 16.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akid qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “FEMİDA” vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Abşeron rayonu, Məmmədli kəndi, Ə.Əliyev küçəsi, ev 31, mənzil 37də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb, binaya daxil olmaqla zərərçəkmiş şəxsə maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 iyun 2023-cü il tarixdə saat 09:56-da Bakı şəhəri, Nərimanov rayonu Xətai prospekti 29 ünvanında yerləşən «Qorqud» otelin 5-ci mərtəbəsindəki, qapısının üzərində «depo» yazılmış xidməti otağa qapının açıq vəziyyətdə olmasından istifadə edib qanunsuz daxil olub otaqdan Zərərçəkmiş şəxs məxsus əl çantasından 10 manat dəyərində 01 ədəd qırmızı rəngli pul qabını içərisindəki 537 manat nağd pulla birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 547 (beş yüz qırx yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023- cü ilin iyun ayının əvvələrində dostu Raminlə söhbət əsnasında görüşüb cinsi əlaqədə olmaq üçün tanıdığı qızlardan birinin nömrəsini istədikdə Ramin ona Şahid mobil telefon nömrəsini vermişdir. Şahid ilə telefon vasitəsi ilə yazışdıqdan sonra növbəti gün görüşüb birlikdə otelə gedib istirahət etməyə razılaşmışlar. 09 iyun 2023-cü il tarixdə axşam saatlarında tanışı Cahangirlə birlikdə taksiyə əyləşib metronun “Neftçilər” stansiyasının yaxınlığına gedərək Şahid ilə görüşmüş və taksiyə əyləşib cinsi əlaqədə olmaq məqsədilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Qorqud” otelə getmişlər. Otelin qarşısına çatıb taksidən düşdükdən sonra şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün Şahid oteldə qalmaq istədikləri otağın onun adına rəsmiləşdirilməsini xahiş etmiş, Şahid razılaşmış və otelə daxil olduqda qəbul şöbəsinə şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Onlara otelin 5- ci mərtəbəsində yerləşən, qapı nömrəsini xatırlamadığı otaq ayrılmış və üçü birlikdə həmin otağa qalxmışlar. Otağa ilk olaraq Mehinlə özü daxil olub cinsi əlaqədə olmuş və həmin müddət ərzində tanışı Cahangir isə dəhlizdə gəzişmişdir. Otaqdan çıxdıqdan sonra Cahangir Şahid ilə cinsi əlaqədə olmaq üçün otağa daxil olmuşdur. Həmin gün hər üçü birlikdə həmin oteldə qalmışlar. Növbəti gün yəni 10 iyun 2023cü il tarixdə səhər saat 9-10 radələrində tanışı Cahangirlə Mehin yatarkən özü oyanıb otaqdan çıxmış və otelin 5-ci mərtəbəsinin dəhlizində gəzərkən üzərində “depo” yazılmış qapının açıq olduğunu görmüş və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra həmin otağa daxil olmuşdur. Otaqda olan əl çantası nəzərini cəlb etdiyindən əl çantasını açıb içərisində olan qırmızı rəngli pul qapını götürüb cibinə qoyaraq otaqdan çıxıb qaldıqları otağa qayıtmış, otağa daxil olanda Cahangir və Mehinin oyandıqlarını görmüşdür. Həmin gün saat 11 radələrində onlar birlikdə oteldən çıxıb taksi ilə oteldən getmişlər. O, Cahangir və Şahid ayrıldıqdan sonra təklikdə qırmızı rəngli pul qabını açaraq orada 10 (on) manat nağd pul, ‘'Kapital Bank”-a məxsus 01 ədəd bank kartı, Zərərçəkmiş şəxs adına olan 01 ədəd şəxsiyyət vəsiqəsi və X1 adına olan 01 ədəd şəxsiyyət vəsiqəsi və 01 ədəd sürücülük vəsiqəsinin olduğunu müşahidə etmişdir. Həmin gün günorta saat təxminən 14-15 radələrində Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən “Zamin market”ə gedərək oğurladığı “Kapital bank"a məxsus kartı satıcı qıza təqdim edərək həmin kartla 3 manat 70 qəpik ödəniş edib “Winston” markalı siqaret almışdır. Daha sonra həmin gün saat təxminən 16 radələrində Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən “3 qardaş market”ə gedib həmin kartla 2 manat 10 qəpik ödəniş edərək enerji içkisi alıb içmişdir. Sonradan həmin kart bolklandığından kartdan istifadə edə bilmədiyi üçün kartı, eləcə də pul qabında olan 02 ədəd şəxsiyyət vəsiqəsi və 01 ədəd sürücülük vəsiqəsi ona lazım olmadığından pul qabı ilə birlikdə yaşadığı Abşeron rayonu, Məmmədli kəndi, Ə.Əliyev küçəsi ev 31, mənzil 37-nin yaxınlığındakı boş əraziyə atmış, pul qabında olan 10 manat pulu isə öz ehtiyacı üçün xərcləmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, etdiyi oğurluq barəsində heç kimə məlumat verməmiş, bu barədə heç kimin xəbəri olmamışdır. Təqsirləndirilən şəxs, oğurladığı pul qabında 537 manat pul olması barədə Zərərçəkmiş şəxs ifadəsi ilə razılaşmayaraq pul qabında cəmi 10 manat nağd pul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs, Cahangir adlı şəxslə təsadüf nəticəsində qısa müddət ərzində tanış olduğunu, oğurluq hadisəsi barədə Cahangir adlı tanışının öncədən və sonradan məlumatı olmadığını, Zərərçəkmiş şəxs əl çantasından 02 ədəd şəxsiyyət vəsiqəsi və 01 ədəd sürücülük vəsiqəsini oğurlamaqda hər hansı bir məqsədi olmadığını, əl çantasının içərisindən götürdüyü pul qabının içərisində öncədən nə olduğunu görmədiyini, həmin sənədlər ona lazım olmadığından tulladığını, “Qorqud” otelin 5-ci mərtəbəsindəki xidməti otağa daxil olub oğurluq edərkən ətrafda heç kəsin olmadığına əmin olmuş, eləcə də orada müşahidə kamerasının olduğunu görməmişdir.Əməlindən peşmandır, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəmişdir. Yekunda məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayından Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 29 ünvanında yerləşən «Qorqud» oteldə menecer vəzifəsində işləyir. Bir qayda olaraq hər gün saat 09:00-da işə başlayır, 19:00-da iş saatı bitdikdə isə evə gedir. Hər gün işə getdikdə digər işçilər kimi otelin 5-ci mərtəbəsində yerləşən, üzərində «depo» yazılmış otaqda xidməti paltarını geyinib şəxsi əşyalarını həmin otağa qoyur və işə başlayır. Həmin otağın qapısı daim açıq olsa da ora yalnız işçilərin giriş - çıxışı üçün nəzərdə tutulub və müştərilərin həmin otağa daxil olması qadağandır. 10 iyun 2023-cü il tarixdə növbəti dəfə saat 09:00-da iş yerinə gəlib 5-ci mərtəbədəki xidməti otaqda paltarını dəyişdikdən sonra öz paltarlarını, eləcə də əl çantasını həmin otağa qoymuşdur. Əl çantasında digər şəxsi əşyaları ilə yanaşı içərisində özünə məxsus 537 manat nağd pul, balansında 6,92 manat pul olan, «Kapital bank» tərəfindən verilmiş 4169****3396 seriyalı bank kartı, özünə məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsi, əri X2 məxsus AA4715660 seriyalı şəxsiyyət vəsiqəsi və BB117502 seriyalı sürücülük vəsiqəsi olan 01 ədəd qırmızı rəngli pul qabı olmuşdur. Həmin gün saat 14:25-də nahar fasiləsində olarkən mobil telefonuna gəlmiş qısa mesajla ona məlum olmuşdur ki, bank kartından “Zamin market”də 3 manat 70 qəpik ödəniş edilmişdir. Dərhal xidməti otağa keçib bank kartının çantada olub olmadığını yoxlamaq istədikdə məlum olmuşdur ki, çantadakı pul qabı içərisində olan 537 manat nağd pul, balansında 6,92 manat pul olan, «Kapital bank» tərəfindən verilmiş 4169****3396 seriyalı bank kartı, özünə məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsi, əri X2 məxsus AA4715660 seriyalı şəxsiyyət vəsiqəsi və BB 117502 seriyalı sürücülük vəsiqəsi ilə birlikdə oğurlanmışdır. İşlədiyi otelin mühafizə xidmətinə və rəhbərliyinə baş vermiş hadisə barədə məlumat verdikdən sonra əməkdaşlar müşahidə kameraları ilə qeydə alınmış görüntülərə baxış keçirmiş və məlum olmuşdur ki, həmin gün saat 09:56-da oteldəki müştəri oğlanlardan biri 5-ci mərtəbədəki xidməti otağa daxil olub pul qabını oğurlamışdır. Bundan sonra ərazinin sahə müvəkkilinə zəng edib bu barədə məlumat vermişdir. Həmin gün bank kartının hesabından əlavə olaraq saat 15:45də də “3 qardaş markef’də 2 manat 10 qəpik ödəniş edilmişdir. Həmin gün axşam saatlarında oğlu Yasin Şahniyarov DİN-in 102 Xidmətinə zəng vurub məlumat vermiş, bundan sonra özü 18-ci Polis şöbəsinə gedib ərizə və izahat yazmışdır. Zərərçəkmiş şəxs ifadəsində göstərmşidir ki, oğurlanmış pul qabını 10 manata almışdır və elə həmin məbləğə qiymətləndirir, beləliklə ona ümumilikdə 552,8 (beş yüz əlli iki manat səksən qəpik) manat məbləğində maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəyən zərər ödənildiyini, onunla barışdığını Təqsirləndirilən şəxs qarşı iddia və şikayəti olmadığını bildirmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş oldugu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 29 ünvanında yerləşən «Qorqud» otelin 5-ci mərtəbəsində yerləşən müşahidə kamerası ilə qeydə alınmış və Nərimanov RPİ-nin 18-ci PŞ-dən daxil olmuş 05 avqust 2023-cü il tarixli məktuba əlavə edilmiş 1 ədəd DVD diskdə olan görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, 09 iyun 2023-cü il saat 09:56-da təxminən 170 sm hündürlüyündə, əynində ağ rəngli uzunqol köynək, boz rəngli jilet, ağ rəngli qısa şalvar, ağ rəngli idman ayaqqabısı, başında günlüklü papaq olan bir nəfər oğlan qapısı açıq vəziyyətdə olan otağın qarşısından keçdikdən sonra geri qayıdaraq ətrafı müşahidə edib həmin otağa daxil olur, təxminən 30 saniyə sonra otağın çıxışına gəlir və orada 2 saniyə dayandıqdan sonra yenidən otağa daxil olur və çıxıb dəhlizi müşahidə edib yenidən otağa qayıdır və 40 saniyə sonra otağı tərk edib dəhlizlə hərəkətə davam edir. Həmin şəxs otaqdan çıxarkən cibinə yad cism qoymağa çalışdığı görünür, lakin otaqdan çıxdıqdan sonra müşahidə kamerasının quraşdırıldığı yerdən əks istiqamətdə hərəkət etdiyindən həmin cismin nədən ibarət olduğunu müəyyən etmək mümkün olmur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 24 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:35-də şübhəli şəxs qismində tutulmuşdur; “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında” 26 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbs qətimkan tədbinin seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 26 avqust 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan Məmmədli kənr İƏDÜİN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oglu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” publik hüquqi şəxsinin 28 avqust 2023-cü il tarixli 2443 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal - hazırda da öz hərəkətlərini ölçüb - biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. «Götürülmə aparılması» haqqında 08 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs «Kapital bank» tərəfindən verilmiş 4169 7385 2548 3396 nömrəli bank kartı, Zərərçəkmiş şəxs məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsi, X2 məxsus AA4715660 seriyalı şəxsiyyət vəsiqəsi və E.Şahniyarova məxsus, DİN BDYPİ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş BB117502 seriyalı sürücülük vəsiqəsini istintaq orqanına təqdim edərək həmin əşyaları tulladığı yerdən, yəni Abşeron rayonu, Məmmədli kəndi, Ə.Əliyev küçəsi ev 31, mənzil 37-nin yaxınlığındakı boş ərazidən tapdığını, pul qabının isə həmin yerdə tapa bilmədiyini bildirmiş, həmin əşyalar ondan protokollaşdırılmaqla götürülmüşdür. “Maddi sübutların təhvil verilməsi” barədə 21 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, “Kapital bank” tərəfindən verilmiş 4169 7385 2548 3396 nömrəli bank kartı, Zərərçəkmiş şəxs məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsi və X2 məxsus AA4715660 seriyalı şəxsiyyət vəsiqəsi və E.Şahniyarova məxsus, DİN BDYPİ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş BB117502 seriyalı sürücülük vəsiqəsi 21 sentyabr 2023-cü il tarixli qərarla maddi sübut hesab edilmiş və məhkəmənin yekun hökmünə qədər saxlınlması üçün həmin tarixdə Zərərçəkmiş şəxs qaytarılmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, «Qorqud» oteldə quraşdırılmış müşahidə kameraları ilə qeydə alınmış və oğurluq prosesini əks etdirən videogörüntünün olduğu bir ədəd DVD disk 21 sentyabr 2023- cü il tarixli qərarla maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin, şahid, zərərçəkmiş şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. CM-in 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib əməlindən peşman olmasını; zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 02 gün (xx.xx.2023-25 avqust 2023-cü il) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, “Kapital bank” tərəfindən verilmiş 4169 7385 2548 3396 nömrəli bank kartı, Zərərçəkmiş şəxs məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsi və X2 məxsus AA4715660 seriyalı şəxsiyyət vəsiqəsi və E.Şahniyarova məxsus, DİN BDYPİ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş BB117502 seriyalı sürücülük vəsiqəsi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır.(CPM-132). Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “FEMİDA” vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “FEMİDA” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq ona 1 (bir) il, 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış-“Kapital bank” tərəfindən verilmiş 4169 7385 2548 3396 nömrəli bank kartı, Zərərçəkmiş şəxs məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsi və X2 məxsus AA4715660 seriyalı şəxsiyyət vəsiqəsi və E.Şahniyarova məxsus, DİN BDYPİ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş BB117502 seriyalı sürücülük vəsiqəsinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlansın. Müdafiəçi tərəfindən ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “FEMİDA” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar