Məhkəmə qərarları › İş №1(005)-494/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-494/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-494/2024 18.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - «Arbitrium» Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-nin təsisçi-direktoru işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, məktəbli 4 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq xidmət edən Zərərçəkmiş şəxs müqavilə müddətini artıracağına dair yalan vəd verib aldadaraq, 2023-cü ilin sentyabr ayının ortalarında kart hesabına köçürmə yolu ilə 5.050 manat, 28 oktyabr 2023-cü il tarixdə isə ünvan 3 ünvanında yerləşən “Prime” hospitalın qarşısında 1.000 manat olmaqla, ümumilikdə 6.050 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs Oktay Abbasov vasitəsilə tanımış və 2023-cü ilin əvvəllərində onunla ünsiyyətə başlamışdır. Lamiyə N saylı hərbi hissədə müddətdən artıq xidmət edən МАХЕ kimi işləyirdi. Təxminən 2023-cü ilin sentyabr ayında Lamiyə ona bildirmişdir ki, МАХЕ kimi müqaviləsinin son ilidir, müddətini artırmaqda köməklik göstərməyini xahiş etmişdir. Həmin vaxt ona bildirmişdir ki, müqaviləsinin artırılmasına köməklik göstərə bilər, bunun üçün 5.000 manat pul lazımdır. Lamiyə də, onunla razılaşmışdır. Lakin, Lamiyəyə 5.000 manat pul lazım olmasını özündən demişdir. Bundan sonra bu barədə tanışı Akifə demişdir. Belə ki, Akif əvvəllər hərbidə işləyib çıxmışdı, ehtiyyatda olan hərbiçi idi. Akif ona Lamiyə ilə birlikdə Hərbi Hospitala gedib bu barədə maraqlanıb bir söz deyəcəyini demişdir. Lakin, Akifə bu iş üçün Lamiyədən 5.000 manat pul istədiyini deməmişdir. Sonra Lamiyə ilə əlaqə saxlamış və ona bildirmişdir ki, Akif adlı tanışı həmin məsələdə köməklik göstərəcəkdir. Bundan sonra Akifə Lamiyənin nömrəsini vermiş, Akif də, Lamiyə ilə danışıb Hərbi Hospitalın qarşısında görüşmüşlər. Sonradan Akif ona Lamiyə ilə Hərbi Hospitala girib orada tanımadığı şəxslərdən Lamiyənin müqavilə müddətinin uzadılması ilə bağlı maraqlandığını, lakin həmin məsələ ilə bağlı hər hansı bir köməklik göstərə bilməyəcəyini demişdir. Təxminən bir həftə sonra pula ehtiyacı olduğu üçün Lamiyəyə zəng vurub müqavilə müddətinin uzadılmasına köməklik göstərmək üçün 5.000 manat pulu verməsini demiş, məqsədi isə həmin pulu şəxsi ehtiyaclarına xərcləmək olmuşdur. Lamiyə həmin vaxt yaşadığı Salyan rayonunda olduğu üçün ondan pulu göndərmək üçün kart hesabını istədikdə ona Kapital bank kartının fotoşəklini göndərmişdir. 2023-cü ilin sentyabr ayının ortalarında Lamiyə onun Kapital bank kartına 5.050 manat pul göndərmişdir. Bir müddət sonra Lamiyə ona zəng vurub təxris əmrinin gəldiyini bildirdikdə ona narahat olmamasını, onu Salyan rayonunda yerləşən N saylı hərbi hissəyə МАХЕ kimi işə bərpa etdirəcəyini demişdir. Bundan sonra ondan əlavə olaraq 3.000 manat pul istəmiş, Lamiyə isə həmin məbləğdə pulu olmadığını dedikdə ona bir hissəsini özündən qoyacağını demişdir. xx.xx.2023-cü il tarixdə Lamiyə ilə Nərimanov rayon ərazisində yerləşən 7 saylı Asan Xidmətin yaxınlığında görüşmüşlər, həmin vaxt Lamiyədən həmin iş üçün əlavə olaraq 1000 manat pul almışdır. Lamiyədən aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş zərəri tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur, onunla barışmışlar. Yekunda barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasına zərərçəkmiş şəxs qismində çağırılmış Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci ildən 2023-cü ilin oktyabr ayınadək N saylı hərbi hissədə müddətdən artıq xidmət edən kimi, yəni “МАХЕ” kimi həqiqi hərbi xidmətdə kimyaçı-laborant işləmişdir. Hazırda heç bir yerdə işləmir. N saylı hərbi hissədə “МАХЕ” kimi işlədiyi müddət müqavilə əsasında 3 il idi. 2023-cü ilin oktyabr ayında müqaviləsi bitdiyi üçün müqaviləni “МАХЕ” kimi artırmaq məqsədi ilə Oktay Abbasova yaxınlaşmışdıt. Oktay Abbasov da ona əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Təqsirləndirilən şəxs adım vermiş və müqavilənin uzadılması məsələsi ilə bağlı Samirin ona köməklik göstərə biləcəyini bildirmişdir. Bundan sonra Oktaydan Samirin mobil nömrəsini götürüb onunla əlaqə saxlamışdır. Samirlə telefonla danışanda ona özünün də, hərbi hissədə müxtəlif vəzifələrdə işlədiyini demişdir. Samir ona “МАХЕ” kimi müqaviləsinin uzadılmasına köməklik göstərə biləcəyini, bunun üçün 5.000 manat pul lazım olduğunu dedikdə onunla razılaşmışdır. Daha sonra Samirlə danışanda sonuncu ona demişdir ki, işini düzüb qoşmaqda Akif adlı tanışı da ona köməklik göstərəcəkdir. Sonra onunla əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Akif adlı şəxs əlaqə saxlamış, Samirin tanışı olduğunu bildirmişdir. Akif Hərbi Hospitalın qarşısında görüşməyi təklif etdikdə tək həmin yerə getmişdir. Akif gəldikdən sonra birlikdə Hərbi Hospitala girmişlər. Orada Akif bir nəfər şəxslə görüşmüş, sonra Akif ona bildirmişdir ki, çalışacaqdır ki, köməklik etsin. Bundan sonra Akiflə ayrılmışlar. Təxminən bir həftə keçdikdən sonra Samir onunla əlaqə saxlayıb “МАХЕ” kimi müqaviləsinin uzadılmasına köməklik göstərmək üçün 5.000 manat pulu verməyini istəmişdir. 2023-cü ilin sentyabr ayının ortalarında Salyan rayonu, Xıdırlı kəndində “Rafiq” marketin daxilində yerləşən “MilliÖn” ödəmə terminalından Samirin ona göndərdiyi hazırda yadında qalmayan Kapital bank hesabına 5.050 manat pul göndərmişdir. Samir ona bildirmişdir ki, yaxın müddət ərzində işini düzüb qoşacaqdır. 2023- cü ilin oktyabr ayında N saylı hərbi hissəyə təxris əmri gəldikdə Samirlə əlaqə saxlamış. Samir ona narahat olmamağını, Salyan rayonunda yerləşən N saylı hərbi hissəyə onu МАХЕ kimi bərpa etdirəcəyini bildirmişdir. Daha sonra Samir ona gizir hazırlıq kursuna getməyini və Salyan rayonunda yerləşən N saylı hərbi hissəyə bərpa etdirmək üçün əlavə olaraq 3.000 manat pul lazım olduğunu demişdir. Samirə həmin məbləğdə pulu olmadığını demiş, bundan sonra Samir pulun bir hissəsini özünün onun yerinə qoyacağını demişdir. Tanışından 1000 manat borc pul alıb xx.xx.2023-cü il tarixdə Samirlə Nərimanov rayonunda yerləşən 7 saylı Asan Xidmətin yaxınlığında görüşüb ona 1000 manat pul vermişdir. Həmin vaxt yanlarında heç kəs olmamışdır. Bir neçə gün keçdikdən sonra Samirlə əlaqə saxlayıb işi ilə bağlı maraqlananda Samir hər dəfə müxtəlif bəhanələr gətirib vaxtı uzatmağa başlamışdır. Artıq təxminən 3 ay müddət keçdikdən sonra Samirin onu aldatdığını başa düşmüş və ondan pulunu geri qaytarmasını istəmişdir. Samir də, hissəhissə olmaqla, onun M10 hesabına ümumilikdə 4.300 manat pul göndərmişdir. Lakin, geri qalan pulunu qaytarmadığı üçün məcbur olub onun barəsində şikayət etmişdir. Samirin barəsində cinayət işi başlanılmış və istintaq zamanı Samir ona 500 manat bir və 250 manat da bir pul qaytarmışdır. Samirin ona 1050 manat verəcəyi qalmışdır, həmin pulu da, onun kart hesabına göndərməklə tam şəkildə ödəmişdir. Hazırda Samirin ona heç bir məbləğdə verəcəyi qalmayıbdır. Təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 15 ildir ki, tanıyır. Əvvəllər aralarında heç bir qərəzli münasibət olmamışdır. 2023-cü ilin sentyabr ayında Samir ona müraciət edərək Salyan rayonunda N saylı hərbi hissədə müddətdən artıq xidmət edən Lamiyə adlı qadının müqavilə müddətinin başa çatdığını demiş və həmin müddətin uzadılmasında ona köməklik etməyini xahiş etmişdir. Ona tanışları vasitəsi ilə maraqlanıb xəbər edəcəyini demişdir. Həmin ərəfədə Samirin vasitəsi ilə Lamiyə adlı xanımla telefonda danışmış, daha sonra onunla Müdafiə Nazirliyinin Hərbi Hospitalının qarşısında görüşmüşlər. Lamiyədən işin təfsilatını öyrənib həmin Hospitalda işləyən Namiq adlı tanışı ilə görüşdürmüş, Namiq isə bir neçə gün ərzində məsələni aydınlaşdırıb ona xəbər edəcəyini demişdir. Lakin, bir neçə gündən sonra Namiq bildirmişdir ki, Lamiyə xanımın xidmət müddətini uzatmaq mümkün deyil. Bu barədə Samirə məlumat vermiş, lakin həmin vaxt Lamiyə adlı xanımın bu iş üçün Samirə hər hansı məbləğdə pul verməsini bilməmişdir. Nə Lamiyə xanım, nə də ki, Samir bu barədə ona heç bir məlumat verməmişdirb. Təxminən 3- 4 ay sonra Lamiyə adlı xanım ona zəng edib onu söyməyə başlamış, ondan nə üçün onu söydüyünü, ona qarğış etdiyini soruşduqda, məlum olmuşdur ki, Samir Lamiyəni aldadaraq onun xidmət müddətinin uzadılması adı ilə ondan 6.000 manat pul alıb ələ keçirmişdir. Lamiyə xanıma izah etmişdir ki, Samir ona hər hansı məbləğdə pul varməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 27 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli şübhəli şəxs qismində tutulmuşdur. Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş zərəri tam olaraq ödəmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi barədə” 28 avqust 2024-cü il tarixli qərardan görünür ki, vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal MSY-dən azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam haqqında qətimkan tədbirinin seçilməsi haqqında” 28 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə AR CM-nin 341.2.1-ci maddəsi ilə təqsirli bilinərək 600 manat cərimə cəzasına məhkum edilmişdir. Gəncə Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 178.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti təyin edilməklə şərti tətbiq edilmişdir. xx.xx.2019-cu ildə qeydiyyatdan çıxarılmışdır. "xxxx" ASC-nin vasitəsi ilə ödənilmiş ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1513 manat dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidin və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın zərərçəkmiş şəxsə tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin barışmasını, həmçinin təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs hazırda Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham olunan əmələ görə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in: 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6 - 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Arbitrium» Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Arbitrium» Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Arbitrium» Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Arbitrium» Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar