Məhkəmə qərarları › İş №1(005)-496/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-496/2023

14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-496/2023 14.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Calalov Nizami Firdovsi oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 2001-ci ildə Astara rayonu, Şiyəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməyən, məhkumluğu olmayan, Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə düşünülmüş şəkildə 2022-ci ilin may ayından etibarən “Tik-tok” sosial şəbəkəsində istifadəsində olan “akilli saatlar” adlı səhifədə “apple watch” saatı paylaşımları edən müxtəlif səhifələrdən əldə etdiyi görüntüləri ona məxsus “Samsung A32” markalı mobil telefonuna yükləyib qeyd edilən görüntülərin üzərinə “30 AZN” sözü yazaraq həmin saatların görüntüsünü özünün satış mərkəzinə məxsus olması görüntüsü yaratmaq üçün istifadə edib həqiqətə uyğun olmayan məzmunlu elan yerləşdirmiş, həmin elanda göstərilən saatlardan 20 ədəd almaq istəyən Zərərçəkmiş şəxs “Tik-tok” sosial şəbəkəsində istifadəsində olan “akilli saatlar” adlı səhifənin bioqrafiyasında qeyd etdiyi “Akilli saatlar” adlı teleqram səhifəsinə yönləndirib həmin sayda “apple watch 7” saatları təşkil edəcəyi ilə bağlı ona yalan vədlər verərək Zərərçəkmiş şəxs bunun müqabilində 600 manat məbləğində pul vəsaiti istəmiş, bu adla sonuncunun Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti 830 ünvanında yerləşən Bazarstore supermarketdə quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə ona məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş 5103-0715-2403-2238 saylı bank kartı hesabına 02 noyabr 2022-ci il tarixdə saat 10:29 dəqiqədə göndərdiyi 600 manat məbləğində pul vəsaitini etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs 600 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin may aylarından etibarən “Tiktok” platforması üzərində istifadəsində olan “akilli.saatlar” hesabında “apple watch 7” adlı saatı 30 AZN qiymətinə satdığını bildirmişdir. “Akilli saatlar” səhifəsində paylaşdığı görüntüləri apple watch paylaşımları edən müxtəlif səhifələrdən özünə məxsus “Samsung A" 32 mobil telefonuna yükləyərək tiktok platforması üzərindən görüntülərin üzərinə 30 AZN yazaraq “akilli.saatlar” tiktok səhifəsində özünün satış mərkəzinə məxsus saatlar adı ilə paylaşmışdır. Paylaşımları Bakıda Yasamal rayonunda AMİU nəzdində İnşaat kolleci yaxınlığında yerləşən kirayə qaldığı ünvana çəkilmiş wifi ilə etmişdir. 29 oktyabr 2022-ci il tarixdə Elmira adlı xanım onun istifadəsində olan telegram səhifəsinə yazaraq 20 ədəd saat lazım olduğunu bildirmişdir. O da həmin xanıma saatları təşkil edəcəyini, guya mağazasının Şamaxı şəhərində yerləşdiyini və online çatdırmalarının mövcud olduğunu bildirmişdir. Normalda 1000 (min) manat olan həmin saatların ucuz olmasının səbəbinin isə Apple şirkətinin kompaniyası olması ilə əsaslandırmışdır. Həmin qadına 20 ədəd saat üçün 600 manat məbləğində pul vəsaiti ödəməli olduğunu, ödənişi istifadəsində olan və ona məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartı hesabına göndərməsini bildirmişdir. İzi itirmək üçün ödəniş edən zaman həmin xanıma adının baş hərflərini düzgün deyərək ad-soyadının qalan hissəsini isə fərqli bildirmişdir. Yəni kartın sahibinin “Ayxan Dadaşov” olduğunu həmin qadına bildirmişdir. Həmin qadın pulu onun qeyd etdiyi kart hesabına ödədikdən sonra isə kargo paketlərinin yola çıxdığını, 2 gündən sonra çatacağını bildirmişdir. 2 gün keçdikdən sonra isə həmin xanımı blok etmişdir. Həmin xanımı üzdən görməmiş, yalnız aralarında yazışma olmuşdur. Son olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək zərərçəkmiş şəxslə barışdığını, vurulmuş ziyanın zərərçəkmiş şəxsə tam ödənildiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2022-ci ilin oktyabr ayının 29-u “Tiktok” platforması üzərində adı “akilli.saatlar” olan hesab ilə qarşılaşmışdır. Həmin “Tiktok” hesabında apple watch saatlarının 30 AZN-ə satıldığını qeyd edən paylaşmalarla tanış olmuş və saat almaq üçün “Tiktok” hesabının bioqrafiya hissəsində qeyd olunan “Apple_watch_satisları” adlı teleqram istifadəçisinə yazmışdır. Qiymətin münasib olması və həmin səhifəni işlədən şəxsin dedikləri onu inandırmışdır. Həmin teleqram istifadəçisi ona saatların ucuz qiymətə olmasını Apple şirkətinin kompaniya elan etməsi adı ilə əsaslandırmışdır. O da həmin teleqram istifadəçisinin dediklərinə inanmış və həmin saatlardan 20 ədəd almaq istədiyini ona bildirmişdir. Bir qədər sonra həmin şəxs bunun qarşılığında 600 AZN məbləğində pul vəsaiti ödəməli olduğunu, işlədiyi mağazanın isə Şamaxı şəhərində yerləşdiyi üçün saatların karqo yolu ilə gələcəyini bildirmişdir. Həmin teleqram istifadəçisi “Ayxan Dadaşov” adlı şəxsə məxsus “Kapital Bank ASC tərəfindən emissiya edilmiş bank kartı hesabına 600 manat məbləğində pul vəsaiti ödəniş etməli olduğunu ona bildirmişdir. O da “emanat” terminalı vasitəsilə 600 manat məbləğində pul vəsaitini qeyd olunan kart hesabına köçürmüşdür. Daha sonra həmin şəxs ona bağlama şəkilləri ataraq saatların təhvil verildiyini və 2 gün ərzində Bakıya çatacağını qeyd etmişdir. Lakin 2 gün sonra həmin şəxs onu bloka atmış və onunla əlaqə saxlamaq mümkün olmamışdır. Sonda Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Gələcəkdə də olmayacağını qeyd etmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs ona qarşı dələduzluq cinayəti olması səbəbilə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmədə tədqiq edilən “Könüllü təqdim edilən əşyanı götürmə və baxış keçirilməsi haqqında” 21 noyabr 2022-ci il tarixli protokoldan, DVD diskdən və qəbzdən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsdən 12 ədəd apple watch saatını almaq məqsədi ilə onun göndərmiş olduğu bank hesabına 600 manat məbləğində pulu ödəmişdir. Məhkəmədə tədqiq edilən “Sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanımaq haqqında” 09 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Kapital Bank ASC tərəfindən emissiya edilən 5103-0715-2403-2238 nömrəli kartına 600 manat məbləğində pul vəsaitinin köçürülməsini təsdiq edən 02 noyabr 2022-ci il tarixli 01 ədəd ödəmə terminalı qəbzi, foto görüntülərin əks olunduğu 01 ədəd disk, “Teleqram” sosial şəbəkəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsi faktını təsdiq edən yazışmalarının əks olunduğu ekran görüntüləri, cinayət işi üzrə Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadələri, “Könüllü təqdim edilən əşyanı götürmə və baxış keçirilməsi haqqında” protokol maddi sübut hesab edilmişdir. Məhkəmədə təqdid edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o təqsirləndirilən şəxslə barışmış və ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Buna görə də ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs "xxxx" ASC tərəfindən emissiya edilən 5103-0715-2403-2238 nömrəli kartına 600 manat məbləğində pul vəsaitinin köçürülməsini təsdiq edən 02 noyabr 2022-ci il tarixli 01 ədəd ödəmə terminalı qəbz, foto görüntülərin əks olunduğu 01 ədəd disk və Teleqram” sosial şəbəkəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsi faktını təsdiq edən yazışmalarının əks olunduğu ekran görüntüləri maddi sübut hesab edilərək cinayət işi materiallarına saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs "xxxx" ASC tərəfindən emissiya edilən 5103-0715-2403-2238 nömrəli kartına 600 manat məbləğində pul vəsaitinin köçürülməsini təsdiq edən 02 noyabr 2022-ci il tarixli 01 ədəd ödəmə terminalı qəbz, foto görüntülərin əks olunduğu 01 ədəd disk və Teleqram” sosial şəbəkəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsi faktını təsdiq edən yazışmalarının əks olunduğu ekran görüntüləri maddi sübut hesab edilərək cinayət işi materiallarına saxlanılsın. Femida Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar