Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-496/2024 25.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 01 yanvar 1966-cı ildə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də SƏTƏM üzrə mütəxəssis işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan tikinti işlərinin planlaşdırılması və ona rəhbərlik edilməsi zamanı işlərin aparılmasının təhlükəsizliyi qaydalarını pozmuşdur. Belə ki, o, 18 oktyabr 2023-cü il tarixdən etibarən "xxxx" məhdud məsuliyyətli cəmiyyətində Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) üzrə mütəxəssis vəzifəsində işləyərkən 6 mart 2024-cü il tarixdə saat 11 radələrində ünvan 2 ünvanında, "xxxx" MMC tərəfindən “Azərbaycan Beynəlxalq Maarif Məktəbləri” məhdud məsuliyyətli cəmiyyəti ilə aralarında imzalanmış 5 oktyabr 2023-cü il tarixli, EP ******* saylı müqavilə əsasında aparılan “X3 Azərbaycan Beynəlxalq Maarif Məktəbi” adlı obyektin tikintisi işlərinin icrası zamanı məsul şəxs kimi təhlükəsiz əmək şəraitinin yaradılmasını təmin etməli, iş prosesində texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına əməl olunmasına nəzarət etməli olduğu halda, Vəzifə təlimatının 2.2-ci bəndində göstərilən “iş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etmək”, 2.6-cı bəndində göstərilən “binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etmək”, 2.14-cü bəndində göstərilən “sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına nəzarət etmək” barədə üzərinə düşən vəzifələri lazımınca icra etməyib «Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 2.26, 4.2 bəndlərinin, «İşlərin təhlükəsiz görülməsini təmin edən vasitələr. Ümumi tələbləri.» 12.2.012-75 DÜST-ün (dövlət standartın) 23 bəndinin və «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları»nın 5.27.3, 5.45.3. bəndlərinin tələblərini pozaraq əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməyərək cinayətkarcasına etinasızlıq göstərərək tikilinin fasad işlərinin görülməsi ilə əlaqədar quraşdırılan ayaqaltının etibarlı bərkidilməsi təmin olunmadan işçilər tərəfindən təhlükəli halda istifadə olunmasına yol verərək, "xxxx" MMC-də xx.xx.2024-cü il tarixli, xxxxxxx000600 nömrəli əmək müqaviləsi əsasında işləyən usta Zərərçəkmiş şəxs həmin ayaqaltı konstruksiyasının üzərində yerinə yetirdiyi iş zamanı ayaqaltının etibarlı bərkidilməməsi səbəbindən 3.5 metr hündürlükdən yıxılaraq bərk yer səthinə dəyməklə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid qapalı kəllə-beyin travması, baş beyin əzilməsi, baş beynin sağ gicgah payının epidural hematoması, subaraxnoidal qansızması, alın, təpə sümüklərinin xətti sınığı, 8-ci döş fəqərəsinin kompression fəsadsız sınığı xəsarətləri alması ilə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan tikinti işlərinin planlaşdırılması və ona rəhbərlik edilməsi zamanı işlərin aparılmasının təhlükəsizliyi qaydalarını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2023-cü ilin noyabr ayından etibarən hadisə olanadək "xxxx" MMC-də SƏTƏM üzrə mütəxəssis vəzifəsində işləmişdir. “Perlit“ MMC ünvan 2 ünvanında X3 Azərbaycan Beynəlxalq Maarif Məktəbinin tikintisi ilə məşğul olmuşdur. İş rejimi bazar günləri istisna olmaqla, hər gün səhər saat 09:00-dan saat 18:00dək olmuşdur. İşi "xxxx" MMC-də çalışan əməkdaşların əməyin mühafizəsi və texniki təhlükəsizlik işinin təşkili, ola biləcək hadisələrin qarşısının almaq üçün tədbirlər görmək, təlimlər keçməkdən ibarət olmuşdur. 06 mart 2024-cü il tarixdə saat 11 radələrində ünvan 2 ünvanında inşa edilmiş tikilinin girişinin sol tərəfində MMC-də usta kimi işləyən Zərərçəkmiş şəxs aqlay işlərini görmüşdür. Aqlay işlərini görmək üçün tikilinin ətrafında ayaqaltı konstruksiyalar quraşdırılmışdır. Namiq də həmin konstruksiyanın üzərində işlərini icra etmişdir. Təxminən 3-4 metr hündürlükdə konsturksiyanın üzərindəki taxtaları götürüb başqa yerə qoyan zaman anidən yerə yıxılaraq beton örtüyə çırpılmış və orada olan rezin materialdan ibarət boruların üzərinə düşmüşdür. Bundan sonra işçilərlə birlikdə Namiqə köməklik edilmiş və X2 aparılmışdır. “Perlit“ MMC-də işə başladığı zaman onunla MMC arasında əmək müqaviləsi bağlanmışdır. İş zamanı Zərərçəkmiş şəxs kaska və remen verilmiş, lakin hadisə zamanı Namiq həmin vasitələri geyinməmişdir. "xxxx" MMC-də işə qəbul olunarkən bütün fəhlə və ustalara giriş təlimatı, işlərə buraxılan zaman hər gün təhlükəsizlik barədə təlimat keçirilərək tikinti sahəsinə buraxılır. Zərərçəkmiş şəxs da göstərdiyi təlimatlar keçirilmişdir. MMC-də işlərə ümumi nəzarəti layihə rəhbəri Şahid2 həyata keçirir. Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi 68 ünvanında inşa edilmiş 4 mərtəbəli tikilinin ətrafında fasad işlərinin görülməsi ilə əlaqədar ayaqaltı quraşdırılmışdır. Zərərçəkmiş şəxs da qeyd olunan ayaqaltı konstruksiyanın üzərində iş görən zaman yıxılıb xəsarət almışdır. Həmin ayaqaltının etibarlılığı tərəfindən yoxlanılmamışdır. Hazırda zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, uzun illərdir ki, fərdi qaydada aqlay, mərmər ustası kimi fəaliyyət göstərir. 2024cü ilin yanvar ayından etibarən "xxxx" MMC-də usta kimi işə başlamışdır. Onu “Perlit“ MMC-də işə Məhərrəm adlı şəxs götürmüşdür. “Perlit“ MMC ünvan 2 ünvanında X3 Azərbaycan Beynəlxalq Maarif Məktəbinin tikintisi ilə məşğuldur. MMC-də onun işi usta olaraq tikilinin aqlay işlərini görməkdən ibarət olmuşdur. İş rejimi hər gün səhər saat 08:00dan saat 18:00-dək olmuşdur. 06 mart 2024-cü il tarixdə həmişə olduğu kimi saat 08 radələrində işə gəlmiş və aqlay işlərini görməyə başlamışdır. Həmin gün saat 11 radələrində tikilinin girişinin sol tərəfinin aqlay işlərini görmüşdür. Həmin vaxt onunla birlikdə Ramin və Teymur adlı iş yoldaşları da aqlay işini görmüşdür. Tikilinin ətrafında quraşdırılmış ayaqaltı konstruksiyaların üzərində dayanmışdırlar. İş zamanı Ramin ondan taxta verməyini istəmişdir. O da ayaqaltı konstruksiyaların üzərindəki taxtaları yerə atıb təkrar Raminə verməli olmuşdur. O, təxminən 4-5 metr hündürlükdə konstruksiyanın üzərində dayanmışdır. Dayandığı yerin üstündə quraşdırılmış konstruksiyadan taxtaları Raminə vermək üçün götürüb yerə atan zaman anidən ayağının altındakı taxta qırıldığı üçün yerə yıxılmış və beton örtüyə çırpılmışdır. Bundan sonra onunla birlikdə işləyən oğlu və digər iş yoldaşları köməklik edib onu X2 aparmışlar. 9 gün xəstəxanada müalicə oldunduqdan sonra evə buraxılmışdır. Baş vermiş hadisə nəticəsində kəllə-beyin travması və belindən xəsarətlər almışdır. “Perlit“ MMC-də işə başladığı zaman onunla MMC arasında əmək müqaviləsi bağlanmışdır. İş zamanı hər hansı xüsusi geyim və ya təhlükəsizlik vasitəsi ilə təmin olunmamışdır. Onun işinə nəzarəti MMC-nin işçisi Azadxan adlı şəxs, təhlükəsizliyə nəzarəti Yusif adlı şəxs həyata keçirmişdir. Onu hər hansı şəxs təlimatlandırmamışdır. Ümumi təlimat jurnalı olmaqla tikinti ərazisində tabel qoyulmuş və oraya imza etmişlər. "xxxx" MMC-də texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına Yusif adlı şəxs cavabdeh olmuşdur. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Ona dəymiş zərər ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2023-cü ilin oktyabr ayından etibarən "xxxx" MMC-də layihə rəhbəri işə başlamışdır. “Perlit“ MMC ünvan 2 ünvanında X3 Azərbaycan Beynəlxalq Maarif Məktəbinin təmiri və tikintisi ilə məşğul olmuşdur. İş rejimi bazar günləri istisna olmaqla, hər gün səhər saat 09:00-dan saat 18:00-dək olmuşdur. İşi "xxxx" MMC-nin tikintisini həyata keçirdiyi Azərbaycan Beynəlxalq Maarif Məktəbi layihəsinin rəhbəri olmaqla, mövcud olan layihənin tikinti yerində düzgün uzlaşdırılmasına nəzarət etməkdən və ya layihədə olan dəyişiklikləri yerində icra etməkdən ibarətdir. 06 mart 2024-cü il tarixdə saat 11 radələrində ünvan 2 ünvanında inşa edilmiş tikilinin girişinin sol tərəfində MMC-də usta kimi işləyən Zərərçəkmiş şəxs aqlay işlərini görən zaman işlərini görmək üçün tikilinin ətrafında quraşdırılmış təxminən 2 metr hündürlükdə ayaqaltı konstruksiyaların üzərindəki taxtaları götürüb başqa yerə qoyan zaman anidən yerə yıxılaraq beton örtüyə çırpılmışdır. Bundan sonra işçilərlə birlikdə Namiqə köməklik edilərək TTYS əməkdaşlarının müşayiəti ilə X2 aparılmışdır. “Perlit“ MMC-də işə başladığı zaman onunla MMC arasında əmək müqaviləsi bağlanmışdır. İş zamanı Zərərçəkmiş şəxs kaska və kəmər verilmiş, lakin hadisə zamanı Namiq həmin vasitələri geyinməmişdir. "xxxx" MMC-də işə qəbul olunarkən bütün fəhlə və ustalara giriş təlimatı, işlərə buraxılan zaman hər gün təhlükəsizlik barədə təlimat keçirilərək tikinti sahəsinə buraxılır. Zərərçəkmiş şəxs da göstərdiyi təlimatlar keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, uzun illərdir ki, fərdi qaydada aqlay, mərmər ustası kimi fəaliyyət göstərir. 2024-cü ilin yanvar ayından etibarən "xxxx" MMC-də usta kimi işə başlamışdır. “Perlit“ MMC ünvan 2 ünvanında X3 Azərbaycan Beynəlxalq Maarif Məktəbinin tikintisi ilə məşğul olmuşdur. MMC-də işi usta olaraq tikilinin aqlay işlərini görməkdən ibarət olmuşdur. İş rejimi bazar günü istisna olmaqla, hər gün səhər saat 08:00-dan saat 18:00-dək olmuşdur. 06 mart 2024-cü il tarixdə həmişə olduğu kimi saat 08 radələrində işə gəlmiş və aqlay işlərini görməyə başlamışdır. Həmin gün saat 11 radələrində tikilinin girişinin sağ tərəfinin aqlay işlərini görmüşdür. Həmin vaxt usta işləyən Zərərçəkmiş şəxs da girişin sol tərəfində aqlay işləri görmüşdür. Tikilinin ətrafında quraşdırılmış ayaqaltı konstruksiyaların üzərində dayanmışlar. İş zamanı Namiqdən ayaqaltıya qoymaq üçün taxta verməyini xahiş etmişdir. Həmin vaxt Namiq də təxminən 4-5 metr hündürlükdə konstruksiyanın üzərində dayanmışdır. Namiq ondan bir qədər aralıda taxtaları götürən zaman anidən səs gəlmişdir. Yerə enib gedib baxdıqda, Namiqin ayaqaltı konstruksiyanın üzərindən yerə yıxıldığını və beton örtük üzərində arxasıüstə uzanıqlı vəziyyətdə qaldığını görmüşdür. İş yoldaşları ilə birlikdə köməklik edib Namiqi X2 aparmışlar. “Perlit“ MMC-də işə başladığı zaman onunla MMC arasında əmək müqaviləsi bağlanmışdır. İş zamanı kaska, jilet, kəmər və əlcək MMC tərəfindən onlara verilir, lakin, çox adam həmin vasitələri istifadə etmir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 və Şahid3 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə ünvan 3 ünvanda yerləşən torpaq sahəsində X3 Azərbaycan Beynəlxalq Maarif Məktəbi tikilməkdədir. 4 mərtəbəli tikilinin tikinti işləri başa çatmış, hazırda tikilidə təmir və fasad işləri görülür. Fasad işlərinin görülməsi əlaqədar tikilinin hər tərəfində müxtəlif hündürlükdə ayaqaltı konstruksiyalar quraşdırılmışdır. Müəyyən edilmişdir ki, qeyd olunan tikinti işlərinin görülməsində aqlay ustası olaraq işləyən Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində tikilinin sol tərəfində quraşdırılmış ayaqaltı konstruksiyaların üzərində fasad işləri görən zaman hündürlüyü təxminən 3.5 metr hündürlükdə ayaqaltı konstruksiyanın sürüşməsi nəticəsində yerə yıxılaraq xəsarət almışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs "xxxx" MMC-də fəhlə kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin Nərimanov rayon şöbəsinin canlı şəxsin ekspertizası ilə bağlı 24 aprel 2024-cü il tarixli, 346 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- qapalı kəllə-beyin travması, baş beyin əzilməsi, baş beynin sağ gicgah payının epidural hematoması, subaraxnoidal qansızması, alın, təpə sümüklərinin xətti sınığı, 8-ci döş fəqərəsinin kompression fəsadsız sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə iş yerində hündürlükdən yıxılma zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına və əmələ gəlmə mexanizminə, ilk məlumata əsasən demək olar ki, həmin xəsarətləri şəxsin özü-özünə yetirə bilməsi inandırıcı deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2024-cü il tarixli, 10/2875 nömrəli ekspert rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 2.26, 4.2 bəndlərinin, «İşlərin təhlükəsiz görülməsini təmin edən vasitələr. Ümumi tələbləri.» 12.2.012-75 DÜST-ün (dövlət standartın) 23 bəndinin, «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları»nın 5.27.3, 5.45.3 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi 68 ünvanında inşa edilmiş 4 mərtəbəli tikilinin fasad işlərinin görülməsi ilə əlaqədar quraşdırılmış ayaqaltının etibarlı bərkidilməsi təmin olunmadan təhlükəli halda istifadə olunduğuna görə, «Tikinti norma və qaydaları 111-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 2.26, 4.2 bəndlərinin, «İşlərin təhlükəsiz görülməsini təmin edən vasitələr. Ümumi tələbləri.» 12.2.012-75 DÜST-ün (dövlət standartın) 23 bəndinin və «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları»nın 5.27.3, 5.45.3. bəndlərinin tələbləri "xxxx" MMC-də texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda zərərçəkmişin özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması halı müəyyən edilmədi. Aparılmış tədqiqatın dəyəri 102 manat təşkil edir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 07 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Elektron prokurorluq informasiya sistemi məhkumluq məlumatlarına dair xx.xx.2024-cü il tarixdə tərtib edilmiş sənəddən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Ona dəymiş zərər ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.1-ci maddəsinə əsasən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda - bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsinə əsasən Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olduqda - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi əməli etiraf edib əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə dövlət, yerli özünüidarə orqanlarında və özəl sahədə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə islah işləri cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Həmçinin təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda ekspertiza tədqiqatının ümumi dəyəri 102 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 222.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 iş saatı üçün cəmi 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “De Fendo” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 02 il müddətinə dövlət, yerli özünüidarə orqanlarında və özəl sahədə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə aylıq qazancından 20 faizi dövlət nəfinə tutulmaqla 02 il müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 102 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-496/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-496/2024
25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver