Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-499/2024 12.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X5 nümayəndəsi “Naxçıvan Asan” Vəkil Bürosunun vəkili Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 və onun müdafiəçisi “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X8 iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X2 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X5 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini və ona vurulmuş maddi mənəvi zərərə görə 50.000 manat ödənilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X9 şikayətini onunla əsaslandırmışdır ki, o, “Sumqayıt” Futbol Klubunun Prezidenti olaraq, iddia edir ki, Anar Şabanoğlu tərəfindən rəhbərlik edilən sports.az internet saytında və İxtiyar Əsgərovun baş redaktoru və təsisçisi olduğu matç.az internet saytında şəxsən onun haqqında və “Sumqayıt Futbol Klubu" barəsində mütəmadi olaraq əsassız, təhrif olunmuş və həqiqətə uyğun olmayan məlumatlar paylaşılır. Bu məlumatlar onun işgüzar nüfuzunu qəsdən aşağı salmağa yönəlmiş, eyni zamanda “Sumqayıt Futbol Klubu”nun və onun cəmiyyətdə mənfi rəy qazanmağına hədəflənmişdir. Matç.az saytının baş redaktoru və təsisçisi İxtiyar Əsgərovla Klub olaraq rəsmi əməkdaşlıqları olmuş, müqavilə müddəti başa çatdıqdan sonra isə Klub tərəfindən əməkdaşlığın uzadılmasına gərək görülməmişdir. Maraqlısı bundan ibarətdir ki, İxtiyar Əsgərovun rəhbərlik etdiyi matç.az sayt ilə əməkdaşlıq müqavilələri bitdikdən sonra klub haqqında İxtiyar Əsgərov tərəfindən sayt vasitəsilə bənzər məzmunlu təhrif olunmuş məlumatlar davamlı olaraq paylaşılır. Haqlarında şər və böhtan xarakterli məlumatları davamlı olaraq yaymış Anar Şabanoğlu ötən mövsüm klubun mətbuat katibinə müraciət etmiş, onun tərəfindən klubla əməkdaşlıq etmə barəsində təklif irəli sürülmüşdür. Klubun mətbuat katibi isə təklifə cavab olaraq sports.az saytının starategiyasının “Sumqayıt Futbol Klubu”na uyğun olmadığını, buna görə də təklifi qəbul etməyəcəni bildirmişdir. Bundan sonra şəxs tərəfindən sayt vasitəsilə onun şəxsinə və “Sumqayıt Futbol Klubu” barəsində şər və böhtan xarakterli, şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuza xələl yetirən məlumatlar mütəmadi olaraq paylaşırlar. Təqdim edilən sübutlardan açıq şəkildə görünür ki, adıçəkilən internet resursları "Riad Rəfiyev həbs edilib", "Sumqayıt Futbol Klubunda qara pullar yuyulur", "Riad Rəfiyevin “daydayısı” təkcə Elxan Məmmədov deyil, həm də Elşad Nəsirovdu?" və digər oxşar böhtan xarakterli başlıqlar altında xəbərlər paylaşmışdır. İxtiyar Əsgərov və Anar Şabanoğlu məlumatların doğruluğunun yoxlanılması məqsədilə onunla əlaqə saxlamağın mümkün olduğunu və bunun hüquqi olaraq vacib olduğunu bilmələrinə baxmayaraq, məqsədli şəkildə bu kimi böhtan xarakterli məlumatları qərəzli şəkildə yazmağa və yaymağa davam edirlər. Əlavə olaraq İxtiyar Əsəgrovun onun barəsində “Riadı məhv edəcəm” kimi ifadələrin istifadə olunduğu və son günlərdə mediada edilən paylaşımların “sifarişli” olduğunu əks etdirən yazışmaları məhkəməyə təqdim etmişdir. Həmin yazışmalarda həmçinin qeyd edilmişdir ki, “Riad onun təklifi ilə razılaşsa o, qarşı tərəfə yönələcəm. Razılaşmırsa Riadı məhv edəcəm”. Bu iki jurnalist tərəfindən başladılmış “qara piyar” kompaniyası “reket” jurnalistikası üslubunda həyata keçirilir və bu aparılan “kompaniyanın” sifarişli olaraq edildiyini düşünür. Nifrət çıxışları ilə öz şəxsi sosial şəbəkələrində karikaturalar, müxtəlif növ aşağılayıcı məlumatlar, şərhlər paylaşaraq insanlar arasında onun və klubun imicini zədələməyə çalışırlar. Onun mübarizəsi jurnalistika peşəsi ilə deyil, bu peşənin adından istifadə edərək bu cür heç bir əxlaq və insani dəyərlərə sığmayan paylaşım edən və sifarişli fəaliyyət göstərən iki şəxslədir. Bildirir ki, onun rəhbərlik etdiyi dövr ərzində ilk dəfə “Sumqayıt Futbol Klubu” “Çempionlar Liqası” və “Avropa Liqası”nadək yüksəlmişdir. Demək olar ki, bütün həyatını və fəaliyyətini Sumqayıt şəhərinin, Sumqayıt Futbol Klubunun inkişafı və gələcəyinə yönəltmişdir. Bu iki jurnalistin paylaşımları nəticəsində onun bütün əziyyətlərinə kölgə salmağa çalışılır. Bu kimi vacib məsələləri göz ardı edən jurnalistlər dişlərilə, dırnaqları ilə bu səviyyəyə gətirdikləri “Sumqayıt Futbol Klubu” nu nüfuzdan salmağa, vətənimizi təmsil edən komandamızı həvəsdən salmağa çalışır. Azarkeşlərini xəyal qırıqlığına məruz qoyurlar. Tənqidə hər zaman açıqdılar, lakin “sağlam” tənqidə. Sağlam tənqiddən özlərinə hər zaman nəticələr çıxarırlar. Lakin, bu 2 şəxsin etdiyi tənqid deyil. Açıq aşkar cinayət əməlidir. Heç bir sübut olmadan şər və böhtan məlumatlar paylaşırlar. Bu şərəf və ləyaqətin alçalmasıdır. Paylaşımların birində Anar Şabanoğlu onu “qənddandan qənd oğurlamaqla kifayətlənməyən uşaq indi pullar oğurlayır” qeyd edir. Oğurluq əməli törədilməsinə dair, qara pullar yuyulmasına dair, həbsə dair sübutlarını məhkəməyə təqdim etməsini xahiş və tələb edirik. Qeyd edir ki, Riad Rəfiyevin uşaqları məktəblidir və bu paylaşımlar ucbatından uşaqlardan sinif yoldaşları və məktəbdə olan digər şəxslər davamlı olaraq onun həbs olunub-olunmadığını soruşurlar. Riad Rəfiyevin böyük oğlu professional futbolçudur. Azərbaycan üçün professional futbolçu yetişdirilir və Azərbaycan yığmasındadır. Paylaşımlar səbəbilə uşaq ona qarşı ətrafındakı dostları və komanda yoldaşları tərəfindən suallara məruz qaldığı üçün idman məşqlərinə getmir. Bu paylaşımların nəticəsində bir uşağın idman gələcəyi zərər görür, uşaqlar psixoloji olaraq təsirə məruz qalaraq məktəbə də getmək istəmirlər. Bu da onların təhsilinə böyük maneə törədir. Azərbaycan futbolunun inkişaf etməsində Riad Rəfiyevin atası-Razim Rəfiyevin əvəzsiz xidmətləri olmuşdur. Onun adını bu 2 şəxs qaralama kompaniyalarında istifadə edirlər. Həmçinin bildirir ki, Riad Rəfiyevin anası yüksək təzyiq xəstəsidir. Bu paylaşımları gördükdən sonra dəfələrlə və tez-tez onun səhhətində problemlər yaranmağa başlayıb. Danışıqlar yolu ilə yuxarıda adları qeyd olunan, kütləvi informasiya vasilələrini təmsil edən şəxslərə, haqlarında əsassız və həqiqətə zidd şayiələrin yayılmasının qarşısını almağa təsir göstərmək mümkün olmadığından, hüquq-mühafizə orqanlarına müraciət etməyi qərara almışlar. Lakin, bu şəxslər savadsızcasına etdikləri cinayət əməlini davam etdirirlər, hər gün Riad Rəfiyev barəsində müxtəlif məzmunlu həqiqəti əks etdirməyən yazılar nifrət çıxışlarına davam edirlər. Xüsusi ittiham qaydasında şikayət vermiş X5 nümayəndəsi “Naxçıvan Asan” Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmə iclasında çıxış edərək şikayəti tam müdafiə edib, şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 və müdafiəçisi X4 məhkəmə iclasında çıxış edərək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X12 məhkəmə iclasında çıxış edərək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə X5 məhkəməyə müraciət etdiyi xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 49.1-ci maddəsinə əsasən yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən müxtəlif cinayətlər törətmiş şəxslərin hər hansı cinayəti birgə və ya mütəşəkkil dəstənin tərkibində törətməsi halları istisna olunmaqla, həmin şəxslərə qarşı ittihamın bir cinayət işində birləşdirilməsi yolverilməzdir. Məhkəmə iclasında sənədlərin araşdırması zamanı müəyyən edilir ki, X9 xüsusi ittiham qaydasında şikayəti əsasında X6 və X8 hər birinin ayrı-ayrılıqda onun barəsində həqiqətə uyğun olmayan məlumatları yaymasına görə onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş edir. Lakin onların bu əməli birgə törətməsinə istinad etmir. Belə ki, şikayət ərizəsində həmin şəxslərin hər birinin ayrı-ayrılıqda ona böhtan atmasını və ona qarşı cinayət törətmələrini bildirir. Qanunvericiliyin tələbindən də görünür ki, müxtəlif cinayətləri törətmiş şəxslərin həmin cinayətləri birgə və ya mütəşəkkil dəstənin tərtkibində törətməsi halları istinta olmaqla həmin şəxslərə qarşı ittihamın bir cinayət işinin icraatında birləşdirilməsi yolverilməzdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, hazırkı halda iki nəfər şəxsin ayrı-ayrılıqda X7 qarşı Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə nəzərdə tutulan cinayəti törətməsinə dair irəli sürülmüş ittihamların bir cinayət işində birləşdirilməsi mümkünsüzdür və bu səbəbdən də xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət verən şəxs tərəfindən deyil, onun nümayəndəsi tərəfindən imzalanmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 37.2-ci maddəsin əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayət cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında başlana bilər. Hazırkı halda isə qanunvericiliyin tələblərinə zidd olaraq məhkəməyə xüsusi ittiham qaydasında şikayət cinayət təqibinə ümumiyyətlə hüququ olmayan şəxs tərəfindən, yəni həmin şəxsin nümayəndəsi (vəkil) tərəfindən verilmişdir. Həmçinin «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Məhkəmə eyni zamanda xüsusi ittiham qaydasında verilmiş şikayətin AR CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması qənaətinə gəlir. Belə ki, şikayət ərizəsində onun tərtib edildiyi tarix, tərtib edildiyi yer göstərilməli olduğu halda göstərilməmişdir. Halbuki, AR CPM-nin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Həmçinin, AR CPM-nin 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilir. Lakin hazırkı şikayətdə barəsində şikayət verilən şəxs (İxtiyar Əsgərov) barəsində bu məlumatlar qeyd edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 302.1.2 və 302.1.3-cü maddəsinə əsasən şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə və şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina olunmaqla həmin şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-499/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-499/2024
12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver