Məhkəmə qərarları › İş №1(005)-50/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-50/2021

11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-50/2021 11.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə atçılıq massivində yeni tikilidə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq tanışı X3 şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan metadon həbini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 15:30 radələrində tanışı X3 15 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan 1 ədəd metadon həbini əldə etmiş, üzərində saxlamış və daşımış, xx xxxxx 2020-ci il tarixdə saat 20:10 radələrində, Nərimanov RPİ-nin NMB-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanı yaxınlığında şübhəli şəxs qismində saxlanılıb və Nərimanov RPİ-nin xidməti binasında üstünə baxış keçirilən zaman əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 1 ədəd həbdən ibarət 0,04 qram çəkidə narkotik vasitə metadon tərkibli dərman preparatı aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə axşam tərəfi Binə qəsəbəsində olmuş, orada polis əməkdaşları yaxınlaşaraq onu Nərimanov rayon Polis İdarəsinə aparmışlar. Polis Şöbəsinə getdikdən sonra şöbədə xidməti otaqda dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş və baxış zamanı ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt onun üzərində qadağan olunmuş hər hansı əşya, o cümlədən narkotik vasitə olmamışdır. Lakin polis əməkdaşlarının təzyiqi altında o, həmin vaxt polis idarəsinə gətirilmiş X3 guya narkotik vasitə - metadon alması barədə ifadə vermişdir. Belə ki, Elnur onun Ramana qəsəbəsində olan qonşusudur. Buna görə də o, üzərindən narkotik vasitə çıxması barədə protokolu imza etmiş və etirafedici ifadəsini imzalamışdır. Əslində isə üzərində heç bir narkotik vasitə olmamışdır. Ümumiyyətlə, o, əvvəllər narkotik vasitədən istifadə etsə də, hazırda narkotik vasitələrdən uzaqdır. Lakin həmin gün, yəni xx xxxxx 2020-ci il tarixdə onun üzərində narkotik vasitə olmamışdır. Yekunda təqsirli olmadığı üçün barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 20:10 radələrində ünvan 3 ünvanı yaxınlığında o, iş yoldaşları polis kapitanı Şahid1la və polis serjantı Azər Sadıqovla birlikdə əvvəlcədən əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Göstərilən şəxsi Nərimanov RPİ-yə dəvət etmiş və ona xidməti otaqlardan birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə onun üzərində axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmişdir. Dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddə və ya əşya olduğu halda könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş 1 ədəd bükümü təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə olan metadon həbi olduğunu bildirmişdir. Həmin bükülü açıldıqda içərisində qəhvəyi rəngli həb aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd siqaret qutusunu, 1 ədəd qara rəngli alışqanı və “Sberbank” yazısı olan bank kartını və əynində olan boz rəngli şalvarı, sağ yan cibindən isə 21 manat pulu onlara təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və əməliyyat marağı kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümün içərisindəki 1 ədəd həbin narkotik vasitə olan metadon olduğunu və həmin maddəni xx.xx.2020-cı il tarixdə günorta saatlarında əvvəllər tanıdığı, Ramana qəsəbəsində qonşusu olmuş Elnur adlı şəxsdən Nərimanov rayonu, Montin qəsəbəsində 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra baxış barədə protokol tərtib olunmuş və protokol ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid1 iş üzrə digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçrilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq xx.xx.1981-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Nizami rayonunda Şirin Mirzəyev küçəsi 127 inzibati binada qeydiyyatda olan və Bakı şəhər Xəzər rayonu Binə atçılıq massivində yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazimi qabaqlayıcı tədbirlərin görülmədiyi halda X1 tərəfindən saxlanılan narkotik vasitənin qısa müddət ərzində realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa oluması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxlanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götrülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvercilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbilərinin həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yerin müəyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən aslı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarış, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilməsi, əməliyyat-axtarış tədbiləri həyata keçrilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkilə tədbirin davam etdirilməsi və qərarın müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğa təqdim edilməsi qərara alınmışdır; xx xxxxx 2020-ci il tarixli “Tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:55-də şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxxx 2020ci tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X11, Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1 və baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Nərimanov RPİ-nin CA-nın kiçik inspektoru, polis serjantı X6, “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X7 iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində Nərimanov RPİ-nin inzibati binasında, xidməti otaqda şəxsi axtarış və götürmə aparmışdır. Şəxsi axtarış və götürmə zamanı Nərimanov rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X4 tərəfindən mobil telefon vasitəsi ilə çəkiliş aparılmışdır. Şəxsi axtarış və götürmə başlamamışdan əvvəl xx.xx.2020ci il tarixdə saat 20:15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil 19/29 saylı ünvanın yaxınlığında, Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-yə gətirilmiş Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ cibində 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülünü könüllü olaraq təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, könüllü təqdim etdiyi siqaretin 01 ədəd gümüşü rəngli kağızına bükülünün içərisindəki 01 ədəd həb metadon adlı narkotik vasitədir. O, həmin narkotik vasitəni Elnur kimi tanıdığı şəxsdən təxminən saat 15:30 radələrində 15 (on beş) manat pul müqabilində öz şəxsi istifadəsi üçün almış və əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibinə qoyaraq özündə saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd B28273120 nömrəli 20 (iyirmi) manatlıq, 01 (bir) ədəd F85918058 nömrəli 1 (bir) manatlıq əskinaz, əynində olan qara rəngli gödəkçənin sol cibindən 01 ədəd “Classik imperial” yazısı olan siqaret, “Sberbank” yazısı olan 5336 6901 2750 4001 nömrəli bank kartı aşkar edildi. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi maddələr iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülərək qablaşdırıldı və DİN-nin 44 nömrəli möhürü ilə möhürləndi. Bununla da şəxsi axtarış və götürmə başa çatdı və iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmadı; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 6/547 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs...” yazısı olan zərfdəki, “gümüşü” rəngli kağız bükümdə olan zavod üsulu ilə hazırlanmış, üzərində “ddp/M40” yazısı həkk olunmuş açıq qəhvəyi rəngli dairəvi formalı həb metadon tərkibli dərman preparatıdır və 1 ədəd həbdə təsiredici maddəsi metadonun miqdarı 0,04 qr təşkil edir. 1 ədəd metadon həbdən ½ həbin hissəsi tədqiqat sərf edildi edildi, ½ hissəsi isə qalıq qaldı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir; “Vəsatətin təmin olunmasının rədd edilməsi və təqsirləndirilən şəxsin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməklə MSY-dən dərhal azad edilməsi barədə” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru vəzifəsini müvəqqəti icra edən Vüqar Əliyev tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Rəfael Cəfərovun xx.xx.2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən xx xxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-343/2020 nömrəli, xx xxxxx 2020ci il tarixli qərarından görünür ki, “Təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” Bakı şəhəri, Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi Vaqif Müslümov tərəfindən təsdiq edilmiş xx xxxxx 2020ci il tarixli qərar qanuna uyğun hesab edilmişdir; “Qətimkan tədbiri seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx xxxxxx 2020-ci il tarixli, 2334 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini və onun sintetik analoqlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və iş üzrə keçirilmiş tədqiqatlardan sonra qalıq hisəsi ½ ədəd metadon həbi maddi sübut kimi tanınmış və saxlanması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Narkotik vasitənin tam hissəsi ilə qalıq hissəsi arasındakı fərq tədqiqatlar zamanı istifadə olunması ilə izah edilmiş, narkotik vasitənin çəkisinin ilkin aşkar olunduğu 1 ədəd metadon tərkibli dərman preparatında ümumilikdə 0,04 qram oxunması qərara alınmışdır. Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd “DVD” disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir; CD diskdən görünür ki, xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs bildirir ki, könüllü təqdim etdiyi siqaretin 01 ədəd gümüşü rəngli kağızına bükülünün içərisindəki 01 ədəd həb metadon adlı narkotik vasitədir. O, həmin narkotik vasitəni Elnur kimi tanıdığı şəxsdən təxminən saat 15:30 radələrində 15 (on beş) manat pul müqabilində öz şəxsi istifadəsi üçün almış və əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibinə qoyaraq özündə saxlamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd 20 (iyirmi) manatlıq, 01 (bir) ədəd 1 (bir) manatlıq əskinaz, əynində olan qara rəngli gödəkçənin sol cibindən 01 ədəd siqaret, “Sberbank” yazısı olan 5336 6901 2750 4001 nömrəli bank kartı aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 13-cü qrafasına əsasən narkotik vasitə sayılan 0,02 qram metadon şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə metadonun təmiz çəkisi 0,04 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni şəxsi axtarış zamanı üzərindən narkotik vasitə aşkar edilməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş: - “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxxx 2020ci tarixli protokoldan və həmin əməliyyat tədbirinin videoçəkilişindən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ cibində 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülünü könüllü olaraq təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, könüllü təqdim etdiyi siqaretin 01 ədəd gümüşü rəngli bükülünün içərisindəki 01 ədəd həb metadon adlı narkotik vasitədir. O, həmin narkotik vasitəni Elnur kimi tanıdığı şəxsdən təxminən saat 15:30 radələrində 15 (on beş) manat pul müqabilində öz şəxsi istifadəsi üçün almış və əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibinə qoyaraq özündə saxlamışdır; - İstintaq zamanı Təqsirləndirilən şəxs etirafedici ifadə vermişdir. Həmin ifadədən görünür ki, xx xxxxx 2020-ci il tarixdə günorta saatalrında təxminən saat 15:30 radələrində əvvəllər onunla Ramana qəsəbəsində qonşu olan X8 ilə Nərimanov rayonu, Montin bazarı adlanan ərazidə təsadüfən görüşmüş və söhbət əsnasında o, Elnura ağrılarının olduğunu bildirmiş, Elnur isə ona təklif etmişdir ki, onda ağrı kəsici həb metadon vardır və 15 manata sata bilər. O, Elnura 15 manat verərək 1 ədəd metadon həbini şəxsi istifadəsi üçün almış və həmin dərmanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur ki, sonra ağrıyanda istifadə etsin. xx xxxxx 2020-ci il tarixdə ünvan 3 ünvanının yaxınlığında Miraj restoranının yanında olarkən ona mülki geyimdə olan üç nəfər şəxs yaxınlaşıb özlərini təqdim edib Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirib və onun narkotiklərin qanunsuz dövriyyəsində şübhəli olduğunu, onlarla Nərimanov RPİ-nə getməyini xahiş etmişlər. O, da etiraz etməmiş polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nə gəlmişdir. Daha sonra ona dəvət ediləcək müdafiəçinin iştirakı ilə onun üzərində axtarış və götürmə keçiriləcəyi bildirilmiş və buna görə də hüquqlarını müdafiə etmək üçün ona vəkil siyahısı təqdim edilmiş və o, təqdim olunmuş siyahıdan X12 adlı vəkili hüquqlarının müdafiəsi üçün seçmişdir. Polis əməkdaşları həmin vəkili Nərimanov RPİ-nə dəvət etmişlər. Axtarış və götürmə zaman polis əməkdaşları “Samsung” markalı mobil telefonun video kamerası ilə çəkiliş edərək, dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona vəzifələri izah edilmiş və təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddə və ya əşya varsa könüllü olaraq təqdim etsin. O, da könüllü olaraq əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd bükümü təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə olan metadon həbi olduğunu bildirmişdir. Bundan başqa əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd 20 manatlıq, 01 ədəd 1 manatlıq əskinazları, əynində olan qara rəngli gödəkçənin sol cibindən 01 ədəd “Classik imperial” yazısı olan siqaret, “Sberbank” yazısı olan 5336 6901 2750 4001 nömrəli bank kartını könüllü təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onun üzərinə baxış keçirmiş və əməliyyat marağı kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan 01 ədəd metadon həbini xx.xx.2020-ci il tarixdə günorta saatlarında əvvəllər tanıdığı Ramana qəsəbəsində qonşusu olmuş Elnur adlı şəxsdən Nərimanov rayonu, Montin qəsəbəsində 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşı onun üzərindən aşkar edilərək götürülmüş, siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd içərisində metadon olan maddəni zərfə qoyub qablaşdıraraq möhürləmiş və bu göstərilənlər barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün iştirakçılar və eyni zamanda onun tərəfindən imzalanmışdır; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx xxxxxx 2020-ci il tarixli, 2334 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini və onun sintetik analoqlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşıması ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir və onun ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən ifadə kimi qiymətləndirir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; himayəsində azyaşlı uşağının olmasını (əsas: iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəifndən verilmiş AZ-İİİ 508006 nömrəli doğum haqqında şəhadətnamənin surəti); yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: Bakı şəhəri, Xəzər RİHB-nin Binə qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, tutma altında saxlanıldığı 02 (iki) gün (25-xx xxxxx 2020-ci il) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, aparılmış tədqiqatdan sonra qalıq qalmış metadon həbinin ½ hissəsi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X9 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X12 tərəfindən təqdim edilmiş hesabatı iş materialları ilə qarşılıqlı surətdə nəzərdən keçirərək təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə 55 (əlli beş) iş saatının sərf edilməsi ilə razılaşmayaraq həmin müddəti ağlabatan hesab etmir və bu müddətin 10 (on) iş saatı olması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı müdafiəçi X7 iştirak etdiyi 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutma altında saxlanıldığı 02 (iki) gün (25-xx xxxxx 2020-ci il) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, aparılmış tədqiqatdan sonra qalıq qalmış metadon həbinin ½ hissəsi məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №AZ34CTRE********************, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. X12 tərəfindən ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf edilmiş hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatı üçün cəmi 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş beş) iş saatı üçün cəmi 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar