Məhkəmə qərarları › İş №1(005)-504/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-504/2023

13.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-504/2023 13.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Calalov Nizami Firdovsi oğlunun katibliyi ilə, Barəsində xüsusi ittiahm qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun Vəkili X3 iştirakları ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X12 və X18 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X12 və X18 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, onlar Bakı şəhərində və Sumqayıt şəhərində “LBC” adı altında estetik kosmetoloji Klinikaları idarə edir, ölkə daxili və ölkə hüdudlarından kənarda çox saylı peşəkar həkimlər kimi tanınırıq. 2017-ci ildən özünü güya həkim-kosmetoloq kimi təqdim edən, heç bir tibbi təhsili olmayan, heç bir xüsusi icazəsi (lisenziyası) olmayan X13 müxtəlif sosial şəbəkələrdə onlara məxsus uğurlu estetik nəticələri əks etdirən foto- şəkilləri mənimsəmiş və öz “instaqram" sosial platformasındaki durumdan (profildən) paylaşmağa başlamışdır. Buna cavab olaraq ona bu hərəkətləri dayandırılmasına və gələcəkdə də təkrarlanmaması barədə şifahi məlumat vermişdilər. Lakin həmin şəxs tərəfindən etikadan kənar, təhqiramiz sözləri onların ünvanlarına yağdırmış , hətta açıq şəkildə sosial şəbəkələrdə canlı yayım açaraq orda da davam etdirmişdir. Nizami rayon məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin qətnaməsi ilə (sədrlik edən hakimi cənab Elnur Nuriyev) 2(007)-279/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, X7 üzərinə X8, X5 ünvanına işlədilmiş təhqiramiz söz və ifadələrə və onların “Laser Beauty” adı altında fəaliyyət göstərən gözəllik salonları şəbəkəsi barəsində yaydığı həqiqətə uyğun olmayan, yalan məlumatlara görə X6 və X4 üzr istəməsi vəzifəsi qoyulmuş, həmçinin eyni davranışlar X9 qadağan edilməsi və vurulmuş mənəvi ziyan kimi X8 və X5 xeyrinə 10000 (on min) manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir. Məlum qətnamə qanuni qüvvəsin almış və icra olunmuşdur. Yuxarıda qeyd olunan və qüvvədə olan qətnaməyə baxmayaraq, X13 yenidən xx.xx.2023-cü il tarixdə özünə məxsus və instaqram sosial şəbəkəsi tərəfindən tanınmış (göy rəngdə tanınma nişanı) “_dr.elnara_” profili adı altında yenidən onların və Klinikanın ünvanına təhqiramiz post paylaşmışdır və şərh hissəsində onaları təhqir etmək üçün şərait yaratmışdır. Məlum paylaşım məhkəməyə CD disk vasitəsi ilə təqdim edilir. Həmin profildə qeyd edilmişdir ki: “Fikirlərinizi əsirgəlməyin, Bumeranq, Hərkəs bilməlidik! bütün etdiklərini yaşatdıqlarını yaşamadan ölməyəcək insan, bəlkə çoxunuzun xəbəri yox, amma vaxt var idi bu iki bacı ən öndə gedən həkimlərimizin torbasını tikirdi, onlardan biri də o idi, etmədikləri pislik qalmamışdır, heç vaxt qisasını almamış bunların səviyyəsinə düşməmişdir, sadəcə illər öncə Allaha tapşırdım, buda sonuç, əminəm ki, pulunan hamını həmişəki kimi satın ala bilməyəcəklər bu dəfə ən azı”, həmçinin xeşteklər “ııeoldupaşinyan, xeber, sonxeber, kosmetoloq, cerrah, fesadları, saxta” . Məlum paylaşımda isə X8 foto-şəkili, Klinikanın “Neapol” filialının həkimi Natavan xanım Əmirovanm şəklini, həmçinin Klinikaya məxsus olan “X22” loqosunu paylaşmışdır. Yuxarıda paylaşımda qeyd olunan sözlər, böhtandır, yeni yalan olduğunu bilə-bilə onların şərəf və ləyaqətilərini ləkələyən, nüfuzdan salan paylaşımları kütləvi informasiya vasitəsində yaymışdır, həmçinin ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan etmişdır. Belə ki, onları rüşvət vermədə və ya hansısa yollar ilə kimlərisə susdurmaqda ağır ittiham etməklə böhtan etmişdir. Habelə həmin sözlərdə təhqirdə mövcuddur, yəni kütləvi informasiya vasitələrində onu və bacısının şəxsiyyətini şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. E.Rzayevanın bu əməllərində sonra dərhal X12 və bacısı X2 rayon Polis İdarəsinə müraciət etmiş və həmin İdarənin İstintaq şöbəsinin müstəntiqi polis polkovnik-leytenantı X1 icraatına verilmişdir. Həmin müstəntiq tərəfindən araşdırma aparmış və xx.xx.2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul etmişdir. Son olaraq X8 və X14 huquq və azadlıqları nəzərə alınaraq şərəf və ləyaqətlərimi və Respublika üzrə həkim estetik kosmetoloq kimi tanınmaqlarının müdafiəsinin təmini kimi “İnstaqram sosial şəbəkəsində bilə-bilə yalan məlumat verməklə bizi ağır ittihamda günahlandırmaqla, böhtan və təhqir edən Rusiya Federasiyası vətəndaşı olan xx.xx.1986ci il təvəllüdlü X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1. 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdirlər. Xüsusi ittiham qaydasında şikayətdə, barəsində şikayət verilən şəxs kimi göstərilmiş X13, xüsusi ittihamçılar X12 və X18 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan məhkəmənin hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiahm qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun Vəkili X11 şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, X12 və X18 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbinə görə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ilkin olaraq aşağıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun deyildir, həmçinin şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə Məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bununla da, X12 və X18 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun deyil. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği göstərilməmiş, şikayətə əlavə edilmiş CD diskdə bir sıra məlumatlar əks olunsa da onların Elnarə Rzayeva tərəfindən yayılması və həmçinin həmin məlumatların hansı kütləvi informasiya vasitəsində yayılması qeyd olunmamışdır. Şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi şikayətdə əks olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə belə hesab edir ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X12 və X18 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi Azərbaycan Respublikasının CPM-si ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X12 və X18 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar