Məhkəmə qərarları › İş №1(005)-506/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-506/2022

13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-506/2022 13.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qıznın, Təqsirləndirilən şəxs Bagdad oğlunun iştirakları ilə xx.xx.1975-ci il tarixdə Ağsu rayonu, İlxıcı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkumluğu olmayan, "xxxx" MMC-də Tikinti briqadasının briqadiri vəzifəsində işləyən, Ağsu rayonu, İlxıcı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi “Bak Avtomat” yolunun üzərində yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Bagdad oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bagdad oğlu "xxxx" MMC-də Tikinti briqadasının briqadiri vəzifəsində işləməklə texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olduğu halda, bu qaydaların onun tərəfindən pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olmuşdur. Belə ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X13 qeydiyyatı İdarəsində xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatından keçmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2019-cu il tarixdən Tikinti briqadasının briqadiri vəzifəsində işləməklə, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olduğu halda, Cəmiyyətin faktiki fəaliyyət göstərdiyi Bakı şəhəri Nərimanov rayonu, Böyükşor qəsəbəsi 15 A, Dalan 2 ünvanında yerləşən boru istehsalı zavodunda yerləşən 1 №-li Plastik boru istehsalat sexinin yer səthindən 5.7 metr hündürlükdə yerləşən dam örtüyünün yenilənməsi işlərinə rəhbərlik edən zaman vəzifə təlimatının “Əmək funksiyası” başlığının 1-ci abzasının və “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.1, 3.4.5, 4.12 bəndlərinin tələblərini pozaraq xx.xx.2022-ci il tarixli “Yüksək təhlükəli işlərin icrası (aparılması) üçün Tapşırıq- İcazə” sənədinə əsasən həmin işin görülməsinə cavabdeh iş icraçısı kimi işçilərin iş sahəsində təhlükəsiz hərəkətinin təmin edilməsi üçün müvafiq təhlükəsizlik tədbirləri görülmədən (taxta inventarlar, körpülər, asma taxta konstruksiyalar və s. təmin edilmədən) işə başlamağa icazə verdiyinə görə, sexin dam örtüyünün yenilənməsi işlərinə cəlb edilmiş Tikinti briqadasının 5-ci dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsində işləyən X12 xx.xx.2022-ci il tarixdə, təxminən saat 15 radələrində sexin dam hissəsində olan zaman üzərində dayandığı dam örtüyünün ayağının altından sürüşməsi səbəbindən sexin dam hissəsindən yıxılaraq açıq kəllə beyin travması- baş beyinin ağır dərəcəli əzilməsi, baş beyin qişalarına maddəsinə və mədəciklərin qansızma, baş beyin ödemi, alın sümüyünün soldan qəlpəli kompresion sınığı, sol əng, hər iki almacığ sümüklərinin, sol mil sümüyünün tipik yerdə yerinidəyişən sınıqları, hər iki göz yuvasının yumuşaq toxumalarının qançırları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almış və qeyd olunan xəsarətlərlə əlaqədar dərhal X15 yerləşdirilərək orada cərrahiyyə əməliyyatı olunmasına baxmayaraq, xx.xx.2022-ci il tarixdə müalicəsinin davam etdirilməsi üçün yerləşdirildiyi Bakı şəhəri Nəsimi rayonu, M.Rəfili və R.Behbudov küçəsinin kəsişdiyi 389 saylı məhəllədə fəaliyyət göstərən “X18” özəl tibb müəssisəsində xx.xx.2022-ci il tarixdə, saat 04:00-da həmin xəsarətlər nəticəsində ölmüşdür. Bununla da, Təqsirləndirilən şəxs ehtiyyatsızlığından olan həmin əməllər ağır nəticələrə səbəb olaraq X7 ölümünə səbəb olmuşdur. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Bagdad oğlu ona elan edilmiş AR CM-in 162.2-ci maddəsi ilə ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2009-cu il tarixdən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsi 15 A, Dalan 2 ünvanında yerləşən "xxxx" MMC şirkətinə əmək müqaviləsi əsasında ustadülgər vəzifəsinə işə qəbul olunmuş, 2018-ci il tarixdə isə Cəmiyyətdə “Tikinti briqadasınına” briqadir vəzifəsinə keçirilmiş, Cəmiyyət kanalizasiya və su xətlərində istifadə edilən plastik boruların istehsalı ilə məşğul olmuş, briqadir kimi vəzifəsi görüləcək təmir-tikinti işlərini həyata keçirən işçilərə (qaynağçı, montajçı, fəhlə və s) nəzarət etməkdən ibarət olmuş, iş rejimi həftənin 6 günü olmaqla hər gün saat 08:00-dən - saat 17:00-a qədər olmuşdur. Gündəlik olaraq işə başlamazdan əvvəl tərəfindən nəzarəti altında işləyən işçilərə texniki-təhlükəsizlik qaydalarına riayət olunması barədə təlimat keçirilmiş və bu barədə naryad tərtib olunaraq tərəflərindən imzalanmış, həmçinin texniki-təhlükəsizlik qaydalarına dair təlimatın keçirilməsi barədə jurnalda tərəflərindən imza olunmuş, o cümlədən, “Tikinti üzrə şöbə”-nin rəisi Mübariz Laçınov işdə olduğu zaman, tərəfindən işçilərə keçirilən texniki-təhlükəsizlik qaydalarına riayət olunmasına dair təlimatda iştirak etmiş, eləcə də sonuncu tərəfindən rübdə bir dəfə olmaqla işçilərə texnikitəhlükəsizlik qaydalarına riayət olunmasına dair təlimat keçirilmişdir. Zavodun 1 №-li “PPR boru istehsalı” sexində dam örtüyünün yenilənməsi zərurəti yarandığından, təxminən iyul ayının 5 dən başlayaraq o və onun rəhbəliyi altında çalışan işçilər (qaynağçı, montajçı, fəhlə və s) sözü gedən sexdən dam örtüyünün yenilənməsi işlərini həyata keçirirmişlər. xx.xx.2022-ci il tarixdə işə başlamazdan öncə işçilərə onun tərəfindən texniki-təhlükəsizlik qaydalarına riayət olunması barədə təlimat keçirilirmiş və bununla bağlı naryad tərtib olunaraq tərəflərindən imzalanmışdır. Həmçinin işçilər hündürlükdə işləmək üçün fərdi mühafizə vasitələri ilə də təchiz edilmiş və dam örtüyünün yenilənməsi ilə bağlı görüləcək işlərin icrasına başlamışlar. xx.xx.2022-ci il tarixdə nahar fasiləsindən sonra, təxminən saat 15:00 radələrində o, zavodun digər hissəsində aparılan təmir işləri ilə əlaqədar nəzarəti altında çalışan digər işçilərə nəzarət edirmiş və həmin vaxt zavodun 1 №-li “PPR boru istehsalı” sexində çalışan işçilərin təlaşlı şəkildə hərəkət etdiklərini görmüş və dərhal ora yaxınlaşmışdır. Sexə gəldiyi zaman orada dam örtüyünün yenilənməsi ilə əlaqədar aparılan işlərdə onun nəzarəti altında çalışan qaynaqçı X1 damından yerə yıxıldığını və qan içində olduğunu görmüşdür. Bundan dərhal sonra onlar bu barədə rəhbərliyə məlumat vermişlər və Vüqar Paşayevə ilkin tibbi yardım göstərildikdən sonra, sonuncu TTYS-nin köməkliyi ilə 1 saylı KTM-ə aparılmışdır. O, ilk dəfə "xxxx" MMC-yə işə qəbul olunan zaman Cəmiyyətlə aralarında əmək müqaviləsi bağlanmış, X12 Tikinti briqadasında qaynaqçı vəzifəsində işləməklə, onun rəhbərliyi və nəzarəti altında çalışmışdır. Zavodda SƏTƏM şöbəsi fəaliyyət göstərdiyini və orada çalışan bütün işçilərə rübdə olmaqla texniki-təhlükəsizlik qaydalarına riayət edilməsi barədə təlimatlar keçirildiyini, Tikinti briqadasında çalışan işçilərə, yəni (“qaynağçı, montajçı, fəhlə və s) gündəlik olaraq işə başlamazdan öncə briqadirlər tərəfindən, onun rəhbərliyi altında çalışan işçilərə isə onun tərəfindən texniki-təhlükəsizlik qaydalarına riayət etmələri barədə təlimat keçirildiyini və bununla bağlı müvafiq naryad tərtib olunmaqla, naryad və jurnal tərəfilərindən imzalandığını, həmçinin Tikinti briqadasında çalışan işçilərin texniki təhlükəsizlik qaydalarına riayət etmələrinə briqadirlər tərəfindən nəzarət edildiyini bildirmişdir. O və nəzarəti altında çalışan işçilər hər zaman fərdi mühafizə vasitələri (dəbilqə, kəmər, əlcək və s.) ilə təmin edildiklərini, xx.xx.2022-ci il tarixdə 1 №-li “PPR boru istehsalı” sexində dam örtüyünün yenilənməsi ilə əlaqədar görüləcək işlərə başlamazdan öncə qaynaqçı Vüqar Paşayevə tərəfindən texniki-təhlükəsizlik qaydalarına riayət edilməsi ilə bağlı təlimat keçirildiyini, həmçinin sonuncunun tərtib edilmiş naryadı imzaladığını, “Tikinti üzrə şöbə”nin rəyisi X16 rayonunda ezam olduğundan və həmin tarixdə işdə olmadığından, həmin gün işçilərə keçirilən təlimatda iştirak etmədiyini, bundan əlavə Vüqar Paşayev həmin gün fərdi mühafizə vasitələrilədə təmin edildiyi, hadisə baş verən zaman sonuncunun üzrərində əlcək, qoruyucu kəmər, gün eynəyi və toxuma şlyapa olduğunu, lakin həmin vaxt üzərində qoruyucu kəmər olsa da, qoruyucu kəmərdən istifadə etmədiyini bildirmişdir. Orada çalışan işçilər gündən qorunmaları üçün dəbilqənin altından toxuma şlyapa taxdıqlarını və onun üzərindən dəbilqə taxdıqlarını, lakin qaynaqçılar qaynaq işləri gördüyü üçün dəbilqədən istifadə etmədiklərini, lazım olduqda qoruyucu maskadan, olmadıqda isə gündən qorunmaq məqsədi ilə şlyapa taxaraq qoruyucu eynəkdən istifadə etdiklərini, bu səbəbdən də, hadisə baş verən zaman Vüqar Paşayevin başında dəbilqə deyil, toxuma şlyapa olduğunu qeyd etmişdir. Bildirmişdir ki, hadisə baş verən zaman o sexin daxilində olmasa da, nəzarəti altında çalışan işçilərin və hadisə şahidlərinin dediklərinə görə görə Vüqar nahar fasiləsindən sonra, sexin damına çıxmış və həmin vaxt təhlükəsizlik kəmərini əlində saxlayaraq onu bərkitməmiş, yəni təhlükəsizlik kəmərindən istifadə etməmiş və sexin damında üzərində dayandığı dam örtüyünün sürüşməsi nəticəsində oradan yıxılmışdır. Qeyd etmişdir ki, 1 №-li “PPR boru istehsalı” sexində dam örtüyünün yenilənməsi ilə bağlı hündürlükdə aparılan işlər zamanı orada iş görən işçilərin hərəkət etməmələri üçün “hərəkət trapları” quraşdırılmamış, işçilərin təhlükəsizlik kəmərlərindən istifadə etdiyi üçün, buna zərurət olmamışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 15 rədələrində X4 damından yıxılan zaman o, orada olmamış, buna səbəb isə həmin vaxt zavodun digər ərazisində də təmir işləri aparıldığından orada iş görən işçilərə nəzarət etmiş, lakin dam örtüyünün yenilənməsi ilə bağlı iş görən işçilər onun rəhbərliyi və nəzarəti altında işlədiklərindən hər-bir halda həmin işçilərə o, nəzarət etməli idi. Tikinti briqadasında çalışan işçilərin təhlükəsizlik texnikası üzrə və peşə biliklərinin yoxlanılmasına dair MMC-də komissiyanın yaradıldığını və işçilərin təhlükəsizlik texnikası üzrə və peşə bilikləri mütəmadi olaraq komissia tərəfindən yoxlanıldığını, həmçinin X2nun qaynaqçı işlərini aparması barədə bilikləri mütəmadi olaraq MMC-də yaradılmış komissia tərəfindən yoxlanıldığını qeyd etmişdir. Sonda hadisənin ehtiyatsızlıqdan baş verdiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbin olmadığını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X6 ifadəsində göstərmişdir ki, mərhum X12 onun həyat yoldaşı idi. Belə ki, o, Vüqarla 2013-cü ildə evlənib ailə həyatı qurmuş və birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü Azər Paşazadə və xx.xx.2017-ci il təvəllüdlü Arda Paşazadə aında övladları anadan olmuşdur. Vüqar Ağdam rayonunda anadan olsa da, məcburi köçkün olduqlarından 1993-cu il tarixdən etibarən Bərdə rayonunda məskunlaşmışlar və onlar ailə qurduqdan sonra məcburi köçkünlər üçün nəzərdə tutulan ünvan 3 ünvanında yaşayırdılar. Vüqar qaynaqçı olduğundan hər zaman müxtəlif tikintilərdə qaynaqçı kimi işləyirdi. 2018-ci ilin dekabr ayından isə Vüqar rəsmi qayda da Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsi 15 A, Dalan 2 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus boru istehsalı zavoduna qaynaqçı kimi işə düzəlmiş və həmin vaxtdan orada işləmişdir. Vüqar Bakı şəhərində işlədiyindən Sabunçu rayonunda kirayə evdə qalırmış və o, iyun ayında məzuniyyətə çıxdığından uşaqları ilə birlikdə iyun ayının 15-dən sonuncunun yanına Bakı şəhərinə köçmüşdür. Vüqarın əmək haqqısının təxminən 500-700 manat olduğunu, iş günü həftəlik 6 gün olmaqla saat 08:00-da başlayıb və 17:00 radələrində bitdiyini, işlədiyi yerdə iş yoldaşları ilə münasibətlərinin çox gözəl və çox mehriban olduğunu, xətrini hamı çox istədiyini, sonuncunun təhsili orta texniki olduğunu, sonuncu vaxtikən Mingəçevir rayonunda yerləşən Mingəçevir Kadrhazırlığı və İxtisas məktəbindı “4-cü dərəcəli elek-qaz qaynaqçısı” ixtisası üzrə orta texniki təhsil aldığını, həmçinin ailəli olduqları müddət ərzində onlar daima daima mehriban olduqlarını, bir-birlərini çox istədiklərini, heç vaxt münaqişələrinin olmadığını bildirmişdir. Vüqar xasiyyətcə çox mülayim, mehriban, sakit, qayğıkeş və zəhmətkeş biri olduğunu bildirmişdir. 18 iyul 2022-ci il tarixdə oğlu Azər Paşazadənin doğum günü olduğundan onlar ailəlikcə sonuncunun ad gününü qeyd etmək istəyirmişlər və həmin gün yoldaşı Vüqarın işdən qayıtmasını gözləyirdilər. Vüqar hər gün 17:00-da işdən çıxan kimi ona zəng edirmiş, lakin xx.xx.2022-ci il tarixdə həmin saatda sonuncu ona zəng etməmişdi. Bundan bir neçə dəqiqə keçdikdən sonra, o narahat olmuş və təxminən 17:30-da Vüqarın mobil telefonuna zəng etsə də, cavab verən olmamışdır. Sonradan bir neçə dəfə təkrar zəng etsə də, Vüqar zənglərə cavab verməmişdir. Təxminən saat 18:00 Bakı şəhərində yaşayan xalası qızı Arzu Quliyeva onlara gəlmiş və o, sonuncunun davranışlarından şübhələnmişdir. Belə ki, Arzu həmin vaxt narahat durumda olmuş və nə olduğunu soruşduqda, sonuncu həyat yoldaşının avtoqəza keçirdiyini və bundan pis olduğunu ona demiş və sonradan ağlamağa başlamışdır. Lakin Vüqar həmin saata qədər ona zəng etmədiyindən, o yenə də narahat olmuş və Arzunun o cür, davranışlarından şübhələnərək, nəsə hadisə baş verdiyini və sonuncunun bunu gizlətdiyindən şübhələnmişdir. Bundan bir neçə dəqiqə sonra isə Vüqarın bacısı Aynurə Həsənova ağlayaraq onlara gəlmiş və onu bu vəziyyətdə gördüyündən artıq Vüqarın başına nəsə iş gəldiyini anlamışdır. O nə baş verdiyini soruşduqda Aynurə Vüqarın işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsi 15 A, Dalan 2 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus boru istehsalı zavodunda iş vaxtı yündürlükdən yıxılaraq xəsarət aldığını və hazırda 1 saylı KTM-də olduğunu demişdir. Bundan dərhal sonra onlar oraya getmişdir. Lakin oraya çatdıqda Vüqar artıq əməliyyat olunurmuş. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Vüqar əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilmiş və onlara orada sonuncunun komada olduğunu bildirmişdilər. xx.xx.2022-ci il tarixdə isə Vüqar müalicəsinin davam etdirilməsi üçün Bakı şəhəri Nəsimi rayonunda yerləşən “X18” özəl tibb müəssisəsisə yerləşdirilmiş və xx.xx.2022-ci il tarixdə, təxminən saat 04:00 radələrində orada vəfat etmişdir. Hadisədən sonra isə ona məlum olmuşdur ki, Vüqar xx.xx.2022-ci il tarixdə, təxminən saat 15:00 radələrində zavod ərazisində yerləşən sexdə dam örtüyünün yenilənməsi işləri aparılan sexin damından yıxılmış və baş nahiyyəsindən ağır xəsarət almışdır. Son olaraq təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini, ona qarşı şikayət və tələbinin olmadığını bildirib təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində 2012-ci il tarixdə Nərimanov rayonu, Böyükşor qəsəbəsi 15 A, Dalan 2 ünvanında yerləşən "xxxx" MMC şirkətinə əmək müqaviləsi əsasında qaynaqçı-montajçı vəzifəsinə işə qəbul edildiyini, Cəmiyyət kanalizasiya və su xətlərində istifadə edilən plastik boruların istehsalı ilə məşğul olduğunu, qaynaqçı-montajçı kimi vəzifəsi verilən tapşırıqlar və təlimatlar əsasında zavod ərazisində görüləcək təmir-tikinti işlərini briqadir Təqsirləndirilən şəxs nəzarəti altında həyata keçirməkdən ibarət olduğunu, iş rejimi həftənin 6 günü olmaqla hər gün saat 08:00-dən - saat 17:00-a qədər olduğunu, işlədiyi tikinti briqadası “Tikinti üzrə” şöbəyə tabe olmaqla, həmin şöbənin rəisi Mübariz Laçınov olduğunu, sonuncu tərəfindən tikinti briqadasının əməkdaşlarına rübdə bir dəfə olmaqla texniki-təhlükəsizlik qaydalarına riayət olunması barədə, həmçinin zavod ərazisində təmir-tikinti işinin yüksəklikdə aparılması zərurəti yarandığından həmin işə ilk dəfə başlamazdan əvvəl hündürlükdə görülən işlərdə təhlükəsizlik qaydalarına riayət edilməsi barədə təlimatlar keçirildiyini və bununla bağlı icazə vərəqəsi tərtib olunmaqla iştirakçılar tərəfindən imzalandığını və işin icrasına başlanıldığını, lakin gündəlik olaraq işə başlamazdan öncə onlara texniki-təhlükəsizlik qaydalarına riayət olunması barədə təlimat briqadir Təqsirləndirilən şəxs tərəfindən keçirildiyini və bu barədə naryad tərtib olunaraq tərəflərindən imzalandığını, həmçinin bununla bağlı cari jurnal tərəflərindən imzalandığını bildirərək göstərmişdir ki, zavodun 1 №-li “PPR boru istehsalı” sexində dam örtüyünün yenilənməsi zərurəti yarandığından, təxminən iyul ayının 5 dən başlayaraq briqadir Təqsirləndirilən şəxs göstərişləri və nəzarəti altında tərəflərindən sözü gedən sexin dam örtüyünün yenilənməsi işlərini həyata keçirilirmişdi. xx.xx.2022-ci il tarixdə işə başlamazdan öncə briqadir Təqsirləndirilən şəxs tərəfindən texniki-təhlükəsizlik qaydalarına riayət olunması barədə onlara təlimat keçirilirmiş və bununla bağlı naryad tərtib olunaraq tərəflərindən imzalanmış və dam örtüyünün yenilənməsi ilə bağlı görüləcək işlərin icrasına başlanmışdır. Hava isti olduğundan onlar nahar fasiləsindən gec qayıtmışlar və qayıdan zaman yenidən sexin damına çıxaraq orada görüləcək işləri yerinə yetirməyə başlamışlar. Həmin vaxt sexin dam hissəsində onunla montajçı Şahid4, dülgər Şahid5 və malaçı Şahid3 orada olmuş və onlar birlikdə dam örtüyünün yenilənməsi işlərini görürmüşlər. Təxminən saat 15 rədələrində onlarla birgə qaynaqçı işləyən X4 damına çıxmaq üçün yaxınlıqda olan pilləkəni divara söykəyərək dama qalxmışdır. O, Vüqarın sexin damına qalxdıqda təhlükəsizlik kəmərini əlində əlində tutduğunu və kəməri geyinmədiyini görüb, sonuncuya kəmərini taxmasını bildirmişdir. Həmin vaxt Vüqar sexin dam örtüyünün üzərində dayanmış və təhlükəsizlik kəmərini bağlamaq istəyərkən üzərində dayandığı dam örtüyü (profnastil) aşağıya doğru sürüşmüş və sonuncu damdan sexin içərisinə yerə düşmüşdür. O, dərhal aşağı düşərək Vüqara yardım etmək üçün sexə doğru getmişdir. Lakin oraya gəldikdə Vüqarın yerdə huşsuz vəziyyətdə olduğunu və sonuncunun baş nahiyəsindən çoxlu qan axdığını görmüşdür. Bununla da Vüqarın damdan yıxılan zaman baş nahiyəsindən travma aldığını anlamışdır. Bundan sonra orada Vüqara ilkin tibbi yardım göstərildiyini və sonuncu TTYS-nin köməkliyi ilə 1 Saylı KTM-ə yerləşdirildiyini bildirmişdir. O, ilk dəfə "xxxx" MMC-yə işə qəbul olunan zaman Cəmiyyətlə aralarında əmək müqaviləsi bağlanmış, X2 və o zavodun tikinti briqadasında işlməklə briqadir Təqsirləndirilən şəxs rəhbərliyi altında çalışmışlar, həmçinin zavodda SƏTƏM şöbəsi fəaliyyət göstərdiyini və zavodda çalışan bütün işçilərə mütəmadi olaraq texniki - təhlükəsizlik qaydalarına riayət edilməsi barədə təlimatlar, həmçinin iclaslar keçirildiyini, X2na və ona rübdə bir dəfə olmaqla “Tikinti üzrə şöbə”nin rəyisi Mübariz Laçınov tərəfindən, gündəlik olaraq isə işlərə başlamazdan öncə briqdir Təqsirləndirilən şəxs tərəfindən texniki-təhlükəsizlik qaydalarına riayət etməsi barədə təlimat keçirildiyini və bununla bağlı müvafiq naryad tərtib olunmaqla, naryad və cari jurnal tərəflərindən imzalandığını, təlimatdan sonra isə, tərəflərindən həmin qaydalara riayət olunmasına sonuncu tərətindən tərəfindən nəzarət edildiyini, o cümlədən zavodda işləyən ümumi işçilərin texniki təhlükəsizlik qaydalarına riayət etmələrinə SƏTƏM şöbəsi nəzarət etdiyini bildirmişdir. X2 və o hər zaman fərdi mühafizə vasitələri (dəbilqə, kəmər, əlcək və s.) ilə təmin edildiklərini, xx.xx.2022-ci il tarixdə 1 №-li “PPR boru istehsalı” sexində dam örtüyünün yenilənməsi ilə əlaqədar görüləcək işlərə başlamazdan öncə qaynaqçı Vüqar Paşayevə və ümumillikdə onlara briqadir Təqsirləndirilən şəxs tərəfindən texniki-təhlükəsizlik qaydalarına riayət edilməsi ilə bağlı təlimat keçirildiyini, həmçinin tərtib edilmiş naryad tərəflərindən imzalandığını, qeyd etdiyi kimi onlara təlimat keçirildikdən sonra, həmin təlimata tərəflərindən riayyət edilməsinə sonuncu tərəfindən nəzarət edildiyini, hadisə baş verən gün Vüqar Paşayev və onlar fərdi mühafizə vasitələrilə təmin edildiklərini, hadisə baş verən zaman isə sonuncunun üzərində əlcək, qoruyucu kəmər, gün eynəyi və toxuma şlyapa olduğunu, belə ki, onlar yay aylarında çöl şəraitində işlədiklərindən gündən qorunmaları üçün dəbilqənin üzərindən şlyapa taxdıqlarını, lakin qaynaqçılar qoruyucu eynəkdən və ya qoruyucu maskadan istifadə etdikləri üçün dəbildə deyil, gündən qorunmaları üçün yalnız şlyapa taxdıqlarını, bu səbəbdən də, hadisə baş verən zaman, Vüqarın üzərində dəbilqə deyil toxunma şlyapa və gün eynəyi olduğunu, həmçinin sonuncunun üzərində kəmər olsa da, sexin damında olan zaman, təhlükəsizlik kəmərini bağlamadığını qeyd etmişdir. Vüqar Paşayev sexin damına qalxdıqdan sonra, qoruyucu kəməri əlində tutduğunu və əyninə geyinib yuxarıda olan kəndirə bağlamadığını, həmin vaxt sonuncuya qoruyucu kəməri bağlaması ilə bağlı irad bildirsədə, təhlükəsizlik kəmərini bağlamadığından üzərində dayandığı dam örtüyünün (profnastilin) ayağının altından sürüşməsi nəticəsində oradan yıxıldığını bildirmişdir. 1 №-li “PPR boru istehsalı” sexində dam örtüyünün yenilənməsi ilə bağlı hündürlükdə aparılan işlər zamanı orada iş görən işçilərin hərəkət eməsi üçün “təhlükəsizlik trapları” quraşdırılmadığını, onlar təhlükəsizlik kəmərlərindən istifadə etdikləri üçün, buna zərurət olmadığını,hadisə baş verən zaman briqadir Təqsirləndirilən şəxs orada olmadığını, buna səbəb isə həmin vaxt zavodun digər ərazisində də təmir işləri aparılması və sonuncunun orada işləyən digər işçilərə nəzarət etməsi olmasını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs briqadir olduğundan onlara nəzarət hər-bir halda sonuncu tərəfindən həyata keçirilməli olduğunu qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, montajçı vəzifəsində işləyən Şahid4 və dülgər vəzifəsində işləyən Şahid5 oxşar məzmunlu ifadələr verməklə Şahid2 ifadəsində göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş oldugu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakt üzrə AR CM-nin 162.2 maddəsinə əsasən cinayət işi başlanmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında 18 iyul 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə keçirilmiş baxış zamanı hadisə vaxtı X7 əynində olmuş toxunma üsulu ilə hazırlanmış, üzərində qan izləri olan və “Manlbdro” yazıları yazılmış 01 ədəd şlyapa, bir çüt iş əlcək, sol qulpu qırıq olan, üzərində qan ləkələri olan 01 ədəd eynək, bir cüt ayaqqabı və bir çüt corab araşdırma üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli, 000100 №-li məktubla daxil olmuş bir ədəd informasiya daşıyıcısı olan (CD) disk baxış keçirilməsi barədə xx.xx.2022-ci il protokoldan görünür ki, həmin videogörüntü "xxxx" MMC-nin 1 №-li “PPR boru istehsalı” sexinin daxilini lentə alan müşahidə kamerasi vasitəsi ilə qeydə alınmışdır. Video görüntünün 00:00:34-cü saniyyəsində sexin dam hissəsindən dam örtüyü (profnastil) sexin daxilinə düşür və onun dərhal ardında X2 sexin dam hissəsindən başı aşağıya doğru istiqamətdə sexin daxilinə düşərək döşəməyə çırpılır. Video görüntüdən görünür ki, hadisə baş verən zaman qaynaqçı Vüqar Paşayevin üzərində fərdi mühafizə vasitəsiləri (dəbilqə və təhlükəsizlik kəməri yoxdur), yalnız baş nahiyyəsində toxunma şlyapa və əllərində əlcək vardır. Vüqar Paşayev sexin dam hissəsindən yıxıldıqdan sonra, ona ilk öncə həmin sexdə operator işləyən Şahid1, sonradan isə yaxınlıqda olan şəxslər yaxınlaşaraq onu köməklik edərək sexdən çölə çıxarırlar. İş üzrə keçirilmiş məhkəmə-təhlükəsizlik texnikası ekspertizası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizalar Mərkəzindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/4736 №-li rəydə göstərilmişdir ki, Nərimanov rayonu, Böyükşor qəsəbəsi 15 A, dalan 2 ünvanında yerləşən "xxxx" MMC-nin boru avadanlıqlarının istehsalı sexində yer səthindən 5.7 metr hündürlükdə yerləşən dam örtüyünün dəyişdirilməsi işi, işçilərin iş sahəsində təhlükəsiz hərəkətinin təmin edilməsi üçün müvafiq təhlükəsizlik tədbirləri görülmədən (taxta inventarlar, körpülər, asma taxta konstruksiyalar və s. təmin edilmədən) aparıldığına görə baş vermiş hadisə ilə əlaqədar “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.1, 3.4.5, 4.12 bəndlərinin və "xxxx" MMC-nin “Briqadir”inin vəzifə təlimatının “Əmək funksiyası” başlığının 1-ci abzasının tələbləri pozulmuşdur ki, bu da baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Nərimanov rayonu, Böyükşor qəsəbəsi 15 A, dalan 2 ünvanında yerləşən "xxxx" MMC-nin boru avadanlıqlarının istehsalı sexində yer səthindən 5.7 metr hündürlükdə yerləşən dam örtüyünün dəyişdirilməsi işinin aparılması zamanı işçilərin iş sahəsində təhlükəsizlik hərəkətinin təmin edilməsi üçün müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmədiyinə görə, vəzifə təlimatının “Əmək funksiyası” bağlığının 1-ci abzasının və “Hündürlüksə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.1, 3.4.5, 4.12 bəndlərinin tələbləri xx.xx.2022-ci il tarixli “Yüksək təhlükəli işlərin icrası (aparılması) üçün Tapşırıq-İcazə” sənədinə əsasən həmin işin görülməsinə cavabdeh iş icraçısı təyin edilmiş "xxxx" MMC-də tikinti briqadasının briqadiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Hadisənin müvafiq texniki tərkibli təhlükəsizlik tədbirləri görülməməsi nəticəsində baş verməsini nəzərə alaraq, zərərçəkmişin özü tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizalar Mərkəzinin aparıcı ekspertinin iştirakı ilə hadisə yerinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, hadisə baş verdiyi sexin dam hissəsində tavanda hərəkət üçün hər hansı təhlükəsizlik traplarının quraşdırılmamış, hərəkət nazik təbəqə dəmirlərin və həmin dəmirlərin birləşdirildiyi atmalar üzərində olmuşdur. İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizası ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyindən verilmiş xx.xx.2022-ci il tarixli, 476/2022-MTBŞ №-li rəydə göstərilmişdir ki, X7 AB0 sistemi üzrə qrup göstəricisi: AB (İV) şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən. Ekspertizaya təqdim olunmuş şlyapa və eynək üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda A və B antigeni alındı. Həmin qan ləkələri AB (İV) qruplu bir şəxsə, o cümlədən X8 məxsus ola bilər. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, X12 xx.xx.2018-ci il tarixdə "xxxx" MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə əsasən Cəmiyyətin Tikinti üzrə şöbəsinin tikinti briqadasına, 4-cü dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsinə qəbul edilmiş və sonuncu ilə həmin tarixdə tam maddi məsuliyyət haqqında müqavilə də bağlanmışdır. X12 xx.xx.2020-ci il tarixdə Tikinti briqadasının 5-ci dərəcəli elektrik qaz qanaqçısı vəzifəsinə, xx.xx.2022-ci il tarixdə isə Cəmiyyətin Tikinti üzrə şöbənin Tikinti briqadasının 5-ci dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsinə keçirilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli, 000158 №-li məktubla daxil olmuş xasiyyətnamədə qeyd edilmişdir ki, X12 xx.xx.2018-ci il tarixindən etibarən Cəmiyyətin Tikinti üzrə şöbənin Tikinti briqadasında işləyib və sonuncu peşəsi 5-ci dərəcəli elektrik qaz qaynaqçısı olub. İşlədiyi müddət ərzində səmimiliyi və mehriban rəftarı ilə kollektivdə böyük hörmət qazanmışdır. Həmçinin iş yoldaşları arasında nəzakətli və təvəzükar bir insan kimi özünü tanıtmışdır. Əmək fəliyyəti dövründə özünü bacarıqlı işçi kimi göstərmiş, verilən tapşırıqları vaxtında və qənaətbəxş şəkildə icra etmişdir. Bu müsbət cəhətlərinə görə rəhbərliyin rəğbətini qazanmışdır. Lakin işlədiyi müddət ərzində nöqsanlara da yol vermişdir. Belə ki, rəhbərlik tərəfindən X8 xx.xx.2022-ci il tarixində töhmət verilmişdir. Töhmət, xx.xx.2022-ci il tarixində əmək funksiyasını icra edən zaman texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını pozaraq, fərdi mühafizə vasitələrindən istifadə etmədiyi üçün verilmişdir. xx.xx.2011-ci il tarixdə "xxxx" MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə əsasən Cəmiyyətin Tikinti briqadasına fəhlə vəzifəsinə qəbul edilmişdir. xx.xx.2013-cü il tarixdə 2-ci dərəcəli dülgər vəzifəsinə keçirilmiş və xx.xx.2015-ci il tarixdə ona 3-cü dərəcə, xx.xx.2016-cı il tarixdə isə ona 4-cü dərəcə verilməklə xx.xx.2016-cı il tarixdə Cəmiyyətin Tikinti üzrə şöbə struktur bölməsinin alt quruluş bölməsi olan tikinti briqadasına keçirilmişdir. xx.xx.2019-cu il tarixdə isə Təqsirləndirilən şəxs Cəmiyyətin Tikinti briqadasının briqadırı vəzifəsinə keçirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli Tikinti briqadasının briqadirinin vəzifə təlimatından göründüyü kimi Təqsirləndirilən şəxs iş cizgilərinə, işlərin istehsalat layihəsinə, istehsalat tapşırığına və normativ sənədlərinə uyğun, briqadirə həvalə olunduğu sahədə tikintiquraşdırma işləri üzrə tapşırıqların icrasını təmin etmək, icra olunan işlərin texnoloji ardıcıllıqla aparılmasına və onların lazımı keyfiyyətinin təmin edilməsinə nəzarət etmək və sair səlahiyyətlərə malik olmuşdur. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli Yüksək təhlükəli işlərin icrası (aparılması) üçün “TAPŞİRİQ-İCAZƏ”dən göründüyü kimi hadisə baş vermiş Plastik boru istehsalat sexinin dam örtüyünün dəyişdirilməsi, montajı işlərinə xx.xx.2022-ci tarixdə başlanmış və qeyd olunan tarixdə X12 təlimatlandırılmış, o cümlədən görüləcək işlərə cavabdeh iş icraçısı briqadir Təqsirləndirilən şəxs olmuşdur. “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs Bagdad oğlu barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Məhkəmə, iş üzrə müəyyən edilmiş halları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutları, o cümlədən təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspert rəyləri və cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokolları mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən sübut növü kimi qəbul edərək hesab edir ki, Təqsirləndirilən şəxs Bagdad oğlunun əməlində cinayət tərkibi vardır və onun əməli CM-in 162.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Belə ki, CM-in 162.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şərh edilən cinayət obyektiv cəhətdən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olmasında ifadə olunur. Belə ki, şəxsin əməlinin CM-in 162.2-ci maddəsi ilə tövsif edilməsi üçün əməyin mühafizəsi qaydalarının pozulması ilə yanaşı, həmin pozuntunun nəticəsində ehtiyatsızlıqdan insan ölümünün baş verməsindən ibarət olan nəticə olmalıdır. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunvericiliyinin təhlilindən görünür ki, şəxsin CM-in 162.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun törətdiyi əməldə aşağıdakı tərkib əlamətləri olmalıdır: - texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması; - həmin qaydaların pozulması nəticəsində ehtiyatsızlıdan insan ölümünün baş verməsi; - həmin pozuntunun bu qaydalara riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən törədilməsi. Təhlil olunan cinayətin subyekti texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə olunmuş şəxslər ola bilər. Cinayət işinin materiallarından göründüyü kimi, Göründüyü kimi Cəmiyyətin Tikinti briqadasının briqadirinin vəzifə təlimatından, həmçinin xx.xx.2022-ci il tarixli Yüksək təhlükəli işlərin icrası (aparılması) üçün “TAPŞİRİQ-İCAZƏ”dən bir daha subut olunur ki, Təqsirləndirilən şəxs texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş cavabdeh iş icraçısı kimi iş cizgilərinə, işlərin istehsalat layihəsinə, istehsalat tapşırığına və normativ sənədlərinə uyğun, briqadirə həvalə olunduğu sahədə tikinti-quraşdırma işləri üzrə tapşırıların icrasını təmin etməməsi, o cümlədən Nərimanov rayonu, Böyükşor qəsəbəsi 15 A, dalan 2 ünvanında yerləşən "xxxx" MMCnin boru avadanlıqlarının istehsalı sexində yer səthindən 5.7 metr hündürlükdə yerləşən dam örtüyünün dəyişdirilməsi işinin aparılması zamanı işçilərin iş sahəsində təhlükəsizlik hərəkətinin təmin edilməsi üçün müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etməməsi Tikinti briqadasının 5-ci dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsində çalışan X7 iş zamanı xəsarət alaraq ölməsinə səbəb olmuşdur.Nərimanov rayonu, Böyükşor qəsəbəsi 15 A, dalan 2 ünvanında yerləşən "xxxx" MMC-nin boru avadanlıqlarının istehsalı sexində yer səthindən 5.7 metr hündürlükdə yerləşən dam örtüyünün dəyişdirilməsi işi, işçilərin iş sahəsində təhlükəsiz hərəkətinin təmin edilməsi üçün müvafiq təhlükəsizlik tədbirləri görülmədən (taxta inventarlar, körpülər, asma taxta konstruksiyalar və s. təmin edilmədən) aparıldığına görə baş vermiş hadisə ilə əlaqədar “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.1, 3.4.5, 4.12 bəndlərinin və "xxxx" MMC-nin “Briqadir”inin vəzifə təlimatının “Əmək funksiyası” başlığının 1-ci abzasının tələbləri pozulmuşdur ki, bu da baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Nərimanov rayonu, Böyükşor qəsəbəsi 15 A, dalan 2 ünvanında yerləşən "xxxx" MMC-nin boru avadanlıqlarının istehsalı sexində yer səthindən 5.7 metr hündürlükdə yerləşən dam örtüyünün dəyişdirilməsi işinin aparılması zamanı işçilərin iş sahəsində təhlükəsizlik hərəkətinin təmin edilməsi üçün müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmədiyinə görə, vəzifə təlimatının “Əmək funksiyası” bağlığının 1-ci abzasının və “Hündürlüksə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.1, 3.4.5, 4.12 bəndlərinin tələbləri xx.xx.2022-ci il tarixli “Yüksək təhlükəli işlərin icrası (aparılması) üçün Tapşırıq-İcazə” sənədinə əsasən həmin işin görülməsinə cavabdeh iş icraçısı təyin edilmiş "xxxx" MMC-də tikinti briqadasının briqadiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Sadalananlara əsasən məhkəmə, CPM-in 44.1-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs Bagdad oğlunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Bagdad oğluna CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar da nəzərə alınmalıdır. İşdə olan zərəçəkmiş şəxsin hüquqi varisi X3 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş maddi və mənəvi zərər tam ödənilmişdir, o Təqsirləndirilən şəxs Bagdad oğlu ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Bagdad oğlunun ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını (əsas: iş materiallarında olan doğum haqqında şəhadətnamənin surəti), yaşayış, qeydiyyat və iş yeri üzrə müsbət xarakterizə olmasını və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bagdad oğlunun əməlində cəzasını ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə, Təqsirləndirilən şəxs Bagdad oğluna təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bagdad oğluna cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş əlavə cəza dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı, Təqsirləndirilən şəxs Bagdad oğlunun törətdiyi cinayətin ehtiyatsızlıqdan törədilməsini, onun şəxsiyyətini xarakterizə edən halları - ailə vəziyyətini, törətdiyi əməli qismən etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını nəzərə alaraq, məhkəmə onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkün sayır. Bu səbəbdən, Təqsirləndirilən şəxs Bagdad oğluna təyin olunmuş cəza Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməlidir. Bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs Bagdad oğlunun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs Bagdad oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış Nərimanov Rayon Prokurorluğunda saxlanılan hadisə vaxtı X7 əynində olan toxunma üsulu ilə hazırlanmış, üzərində qan izləri olan və “Manlbdro” yazıları yazılmış 01 ədəd şlyapa, bir çüt iş əlcək, sol qulpu qırıq olan, üzərində qan ləkələri olan 01 ədəd eynək, bir cüt ayaqqabı və bir çüt corab zərərçəkmişin hüquqi varisinə təhvil verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Bagdad oğlunun CM-in 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Bagdad oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bagdad oğluna təyin olunmuş 3 (üç) il azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilsin və onun üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs Bagdad oğlunun üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs Bagdad oğlunun üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Bagdad oğlunun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Nərimanov rayon prokurorluğunda saxlanılan X7 əynində olan toxunma üsulu ilə hazırlanmış, üzərində qan izləri olan və “Manlbdro” yazıları yazılmış 01 ədəd şlyapa, bir çüt iş əlcək, sol qulpu qırıq olan, üzərində qan ləkələri olan 01 ədəd eynək, bir cüt ayaqqabı və bir çüt corab zərərçəkmişin hüquqi varisinə təhvil verilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs Bagdad oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X5, kod 210005, VÖEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********,hesab Z34CTRE********************). Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar