Məhkəmə qərarları › İş №1(005)-51/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-51/2021

09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-51/2021 09.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 21-ci küçə ö/t ünvanında yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və qanunla müvafiq qaydada götürülmədiyi halda qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə etmiş, daşımış, saxlamış və gəzdirmişdir. Belə ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 221.3 və 228.1-ci maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmasına, xx.xx.2020-ci ildə cəzası başa çatmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və qanunla müvafiq qaydada götürülmədiyi halda istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq bir ədəd keçmiş SSRİ-də 1954-cü ildə zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, yivli odlu, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, Makarov konstruksiyalı tapança hesab edilən OП-491 nömrəli silah, həmin silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, texniki cəhətdən saz, bircərgəli və 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş bir ədəd darağı, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən 05 ədəd patronu qanunsuz olaraq əldə edib, daşıyaraq, üzərində saxlamaqla gəzdirmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 21:00-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq BMCMİnin inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman qanunsuz olaraq əldə edib, əynində olan göy rəngli cins materiallı şalvarının sağ arxa tərəfində, kəmər hissəsində gizlədib saxlamaqla gəzdirdiyi bir ədəd keçmiş SSRİ-də 1954-cü ildə zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, yivli odlu, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, Makarov konstruksiyalı tapança hesab edilən OП-491 nömrəli silah, həmin silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, texniki cəhətdən saz, bircərgəli və 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş bir ədəd daraq, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən 05 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əmisi X7 təxminən 10 il bundan əvvəl vəfat etmişdir. Təxminən 10 il bundan əvvəl, yəni əmisi Hacı Qaranizadə vəfat etməmişdən qabaq ona odlu silah olan Makarov tapança və üzərində 5 ədəd patron vermişdir. Həmin vaxtdan silahı patronlarla birlikdə götürüb özündə saxlamış və yaşadığı evdə gizlətmişdir. Lakin ailə üzvlərinin silahdan və patronlardan heç bir məlumatı olmamışdır. Silaha həvəsi olduğundan tapança və patronu özündə saxlamışdır. xx xxxx 2020-ci il tarixdə Makarov tipli tapançanı patronlarla birlikdə götürüb ünvan 4 ünvanında hərəkətdə olarkən mülki geyimdə olan bir neçə şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş X1 İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Həmin əməkdaşlar ondan özünü təqdim etməyini istəmiş və o, öz anket məlumatlarını onlara demişdir. Bundan sonra polis əməkdaşları onun odlu silah və döyüş sursatını üzərində saxlamaqla gəzdirməkdə şübhəli olduğunu bildirib onu baş idarəyə dəvət etmişlər. Baş idarəyə gəldikdən sonra onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkil təqdim olunmuşdur. O, vəkillə söhbət edib ona etirazı olmadıqdan sonra onun barəsində tutma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra ona odlu silah və döyüş sursatını üzərində saxlamaqla gəzdirməkdə şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. O, etiraz etməmiş və bundan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. İlk növbədə ona üzərində qanunsuz əşya, odlu silah, döyüş sursatı və sair bu tipli əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. O, bundan sonra göy rəngli cins materiallı şalvarının ön sağ yan cibindən 01 ədəd mobil telefonu, şalvarının ön sol yan cibindən pul vəsaitini və 01 ədəd dərman preparatını, şalvarının arxa tərəfində kəmər hissədə gizlədib saxladığı bir ədəd “Makarov” tipli tapançanı masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi əşyalardan başqa onun üzərindən şəxsi axtarış zamanı başqa əşya və maddə aşkar olunmamışdır. Daha sonra ona şalvarının ciblərini tam olaraq göstərməyi və ayaqqabılarını çıxarmaq təklif edilmişdir. O deyilənləri etmiş, lakin üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Onun təqdim etdiyi pul vəsaitinin 1 manat, dərman preparatının isə “spazmalqon” adlı preparat olması müəyyən edilmiş və onlar əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Mobil telefon barədə soruşulduqda o, telefonunun “İphone11” modelli mobil telefon olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Mobil telefon araşdırma zərurəti ilə bağlı saxlanılmış, daha sonra atasına təhvil verilmişdir. Bundan sonra onun təqdim etdyi “Makarov” tipli tapançaya baxış keçirilmişdir. Tapançanın sandıqçası çıxarıldıqda isə içərisində 05 ədəd patronun olduğu, patronlara baxış zamanı arxa tərəfində 3877 rəqəmlərinin yazıldığı məlum olmuşdur. Bundan sonra tapança boş olub-olmaması məqsədi ilə yoxlanılmış və onun boş olması aşkar edilmişdir. Daha sonra onun üzərindən aşkar olunmuş “Makarov” tipli tapança və patronlar ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bütün bunlarla bağlı protokol tərtib edilmiş və o da hamı kimi protokolu imzalamışdır. Yekunda əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə “Tofiq” adlı şəxsin odlu silah və döyüş sursatı əldə edərək saxlamaqla gəzdirməsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində “Tofiq” adlı şəxsin şəxsiyyəti araşdırılaraq onun Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə raportla məruzə etmiş, icazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün 2 nəfərdən, yəni ondan və əməliyyat müvəkkili Elsəvər Abbasovdan ibarət qrup yaradılmışdır. Həmin qrupa o rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirmişlər. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində olması müəyyən edilmiş və Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 21:00-da ünvan 5 ünvanının yaxınlığında saxlanılmışdır. Həmin vaxt onlar özlərini təqdim edərək onun qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqla üzərində gəzdirməsi barədə məlumat daxil olduğunu, bu məqsədlə Baş İdarəyə gedib üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla razılaşıb Baş İdarəyə gəlmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə aparılmışdır. İlk növbədə Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, odlu silah və ya döyüş sursatı olduğu halda könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan göy rəngli cins şalvarının ön sağ yan cibindən 01 ədəd mobil telefonu, şalvarının ön sol yan cibindən pul vəsaitini, 01 ədəd dərman preparatını və şalvarının arxa tərəfində kəmər hissədə gizlədib saxladığı bir ədəd “Makarov” tipli tapançaya bənzər əşyanı masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalardan başqa onun üzərindən əşya və maddə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs şalvarının ciblərini tam olaraq göstərməsi və ayaqqabılarını çıxarması təklif edilmişdir. O, deyilənləri etmiş, onun üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Şübhəli şəxsin təqdim etdiyi pul vəsaitinin 1 manat, dərman preparatının dövriyyəsi qadağan olunmayan “spazmalqon” adlı preparat olduğu müəyyən olunmuş, onlar iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqdim olunan mobil telefon barədə soruşulduqda şübhəli şəxs telefonun “İphone11” modelli olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Mobil telefon araşdırma üçün əhəmiyyət kəsb etdiyindən saxlanılmışdır. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi “Makarov” tipli tapançaya bənzər əşyaya baxış keçirildikdə üzərində OП-491-1954 yazılarının olduğu məlum olmuşdur. Tapançaya bənzər əşyanın sandıqçası çıxarılmış və içində 05 ədəd patronun olduğu məlum olmuşdur. Patronlara baxış zamanı arxa tərəfində 3877 rəqəmlərinin yazıldığı müəyyən edilmişdir. Bundan sonra tapança boş olub-olmaması məqsədi ilə yoxlanılmış və boş olduğu aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs “Makarov" tipli tapançaya bənzər əşyanı patronları ilə birlikdə təxminən 10 il əvvəl vəfat etmiş əmisi tərəfindən ona verildiyini və odlu silah gəzdirməyə həvəsi olduğundan üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin odlu silahdan istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd “Makarov” tipli tapançaya bənzər əşya və 05 ədəd patron özünün iştirakı ilə müvafiq qaydada bir ədəd zərfdə qablaşdırılaraq DİN-nin “6 saylı” möhürü ilə möhürlənmiş və iştirakçılar həmin qablaşdırmanın üzərinə imza etmişdir. Bundan sonra şəxsi axtarış və götürmə başa çatdığı üçün videoçəkiliş dayandırılmışdır. Daha sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmənin, həmçinin şəxsi axtarış və götürmənin keçirilməsinin nəticələrinə dair protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi hər kəsə izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin baş əməliyyat müvəkkili X8 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmuş, Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında qeydiyyatda olmaqla, ünvan 7A ünvanında yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda qanunsuz olaraq üzərində saxlamaqla gəzdirdiyi odlu silahın və döyüş sursatının realizə olunacağı, gizlədiləcəyi, onunla başqa cinayət əməli törədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, odlu silahın və döyüş sursatının, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə dərhal üstünün yoxlanılması, polis orqanına gətirilməsi və üzərinə, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə və yaşayış yerinə baxış keçirilməsi, əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə tədbirin davam etdirilməsi, qərarın müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır; “Şübhəli şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin İstintaq və X6 bölməsinin baş təhqiqatçısı, polis mayoru X12, DİN-in Baş X1 İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə idarəsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X9 iştirakları ilə protokol tərtib etmişdir. DİN-in Baş X1 İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatını əldə edərək üzərində saxlamaqla gəzdirməsi bildirilmişdir. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə xx xxxx 2020-ci il tarixli qərar çıxarılmış və həmin qərarın icra edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs həmin günü saat 21:00 radələrində tədbir iştirakçıları tərəfindən ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X13 dəvət olunaraq ona təqdim olundu. Təqsirləndirilən şəxs üzərində xx.xx.2020-ci il tarixdə, saat 22:30-videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmağa başlanıldı. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edildikdən sonra ona təklif edildi ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, odlu silah və ya döyüş sursatı varsa, könüllü olaraq təqdim etsin. Şübhəli şəxs masaya doğru yaxınlaşıb əynində olan göy rəngli cins materiallı şalvarının ön sağ yan cibindən 01 ədəd mobil telefonu, şalvarının ön sol yan cibindən pul vəsaitini və 01 ədəd dərman preparatını, şalvarının arxa tərəfində kəmər hissədə gizlədib saxladığı bir ədəd “Makarov” tipli tapançaya bənzər əşyanı masanın üzərinə qoymaqla təqdim etdi. Şəxsi axtarış zamanı onun üzərindən kənar əşya və maddə aşkar olunmadı. Daha sonra şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi və ayaqqabılarını çıxarması təklif edildi. O, deyilənləri etdi, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmadı. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi “Makarov” tipli tapançaya bənzər əşyaya baxış keçirildikdə üzərində OП-491-1954 yazılarının yazıldığı məlum oldu. Tapançaya bənzər əşyanın sandıqçası çıxarıldı və içində 05 ədəd patronun olduğu məlum oldu. Patronlara baxış zamanı arxa tərəfində 3877 rəqəmlərinin yazıldığı müəyyən edildi. Bundan sonra tapança boş olubolmaması məqsədi ilə yoxlanıldı və boş olduğu aşkar edildi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs “Makarov” tipli tapançaya bənzər əşyanı patronları ilə birlikdə təxminən 10 il əvvəl dünyasını dəyişmiş əmisi tərəfindən ona verildiyini və odlu silah gəzdirməyə həvəsi olduğundan üzərində gəzdirdiyini bildirdi. Şübhəli şəxs həmçinin silahdan istifadə etmədiyini bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd “Makarov” tipli tapançaya bənzər əşya və 05 ədəd patronla özünün iştirakı ilə müvafiq qaydada bir ədəd zərfdə qablaşdırılaraq DİN-nin “6 saylı” möhürü ilə möhürləndi və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etdilər. Şübhəli şəxsin üzərinə keçirilən şəxsi axtarış və götürmə xx.xx.2020-ci il tarixdə saat 22:50 radələrində başa çatdı və videoçəkiliş dayandırıldı. Bundan sonra şəxsi axtarış və götürmənin, həmçinin şəxsi axtarış və götürmə keçirilməsinin nəticələrinə dair protokol tərtib olundu, protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol imzalarla təsdiq edildi. Baxış keçirilməsi zamanı çəkilmiş videogörüntü bir ədəd DVD disk daşıyıcısına köçürülərək protokola əlavə edildi; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxx 2020-ci il tarixli, 20/341R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, bir ədəd OП-491 nömrəli silah, zavod üsulu ilə keçmiş SSRİ-də 1954-cü ildə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 05 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Təqdim edilmiş 05 ədəd 9 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(005)- 822/2020 nömrəli qərarından görünür ki, CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; “Maddi sübut kimi tanınma haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş bir ədəd keçmiş SSRİdə 1954-cü ildə zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, yivli odlu, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, Makarov konstruksiyalı tapança hesab edilən OП-491 nömrəli silah, həmin silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, texniki cəhətdən saz, bircərgəli və 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş bir ədəd daraq, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən, tədqiqatlardan sonra 02 ədəd qalan patronlar öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün DİN-in BMCMİ-in maddi sübutları saxlama yerinə təhvil verilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 5(005)- 571/2020 nömrəli qərarından görünür ki, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx xxxx 2020-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 xx.xx.2020-ci il tarixli, 012-15321-1220 nömrəli məktubundan görünür ki, 1954-cü ildə istehsal olunmuş “Makarov” markalı, 9 kalibrli, OП-491 №-li silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə həmin idarədə məlumat yoxdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X5 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə CM-in 221.3 və 228.1-ci maddələri ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə CM-in 221.3-cü maddəsi ilə cəzası 04 ilə endirilmiş, CM-in 66.2-ci maddəsinə əsasən qəti olaraq 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə həmin tarixdə vaxtından əvvəl şərti azad edilmiş, xx xxxxx 2020-ci il tarixdə cəzası başa çatmışdır; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli, 2/3364 nömrəli məktubundan görünür ki, 9mm-lik OП491 zavod nömrəli 1954-cü ildə istehsal olunmuş “Makarov” markalı tapança xx xxxxxx 2020-ci il tarixə olan məlumata əsasən Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Silah və X11-Artilleriya Silahları xidmətində silahların nömrəli uçotunda qeydiyyatdan keçmir; Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx xxxxxx 2020-ci il tarixli, 15/2491 nömrəli məktubundan görünür ki, 1954-cü ildə keçmiş SSRİ-də zavod üsulu ilə istehsal olunmuş OП-491 nömrəli, 9 mm “Makarov” konstruksiyalı tapança Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin qeydiyyatından keçmir; Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-68/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 221.3 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona CM-in 221.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 228.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. CM-in 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq, 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan CM-in 29,120.1-ci maddəsi xaric edilmişdir; Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1347/2019 nömrəli, xx xxxxxx 2019cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs ərizəsi təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 16 (on altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur; “Sübutların qiymətləndirilməsi, əmələ hüquqi qiymət verilməsi və cinayət işi materiallarından cinayət işinin ayrılması haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman qanunsuz olaraq əldə edib, əynində olan göy rəngli cins materiallı şalvarınnın sağ arxa tərəfində, kəmər hissəsində gizlədib saxlamaqla gəzdirdiyi bir ədəd keçmiş SSRİ-də 1954-cü ildə zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, yivli odlu, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, Makarov konstruksiyalı tapança hesab edilən OП-491 nömrəli silah, həmin silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, texniki cəhətdən saz, bircərgəli və 8 ədəd 9x18 mm kalibrli patron tutumlu darağ və 05 ədəd patronların aşkar edilərək götürülməsinə dair 03 vərəqdən ibarət şəxsi axtarış və götürülmə aparılması haqqında protokol və şəxsi axtarış və götürülmənin aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk istintaq zamanı toplanmış digər sübutlarla təsdiq edildiyindən, eləcə də işin faktiki hallarına uyğun gəldiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması zamanı üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Makarov” konstruksiyalı tapançanın, tədqiqatdan sonra 02 ədəd qalmış patronların və bir ədəd darağın maddi sübut kimi tanınması haqqında xx xxxx 2020-ci il tarixli qərar iş üzrə nəzərə alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi Təqsirləndirilən şəxs etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxx 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu X3 Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfatməişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; himayəsində azyaşlı, yəni xx.xx.2018 və xx.xx.2013-cü il təvəllüdlü uşaqlarının olmasını (əsas: iş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi və 1 saylı Bakı “Asan Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surəti); yaşayış yeri və saxlanıldığı istintaq təcridxanası üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Səbail rayon İHB-nin Badamdar qəsəbə üzrə nümayəndəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xasiyyətnamə). Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə CM-in 221.3 və 228.1-ci maddələri ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə CM-in 221.3-cü maddəsi ilə cəzası 04 ilə endirilmiş, CM-in 66.2-ci maddəsinə əsasən qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə həmin tarixdə cəzadan vaxtından əvvəl şərti azad edilmiş, xx xxxxx 2020-ci il tarixdə cəzası başa çatmışdır. Beləliklə də, CM-in 83.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 illik müddətin axımı onun cəzadan vaxtından əvvəl şərti azad edildiyi gündən, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini xx xxxx 2020-ci il tarixdə törətməsi müəyyən olunmuşdur. Yəni, həmin əməli törədərkən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə, CM-in 56.1.3-cü maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(005)-822/2020 nömrəli qərarı ilə 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxx 2020ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxx 2020-ci il tarixindən hesablanmalıdır (CPM-in 158.2.1-ci maddəsi). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM- 158.2.1, 158.6, CM-69.3), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş 01 ədəd “Makarov” konstruksiyalı odlu silah, tədqiqatdan sonra 02 ədəd qalmış patron və bir ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir (CPM-132.1.4). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X10 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı müdafiəçi X9 iştirak etdiyi 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına və Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş 01 ədəd “Makarov” konstruksiyalı odlu silah, tədqiqatdan sonra 02 ədəd qalmış patron və bir ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. X13 tərəfindən ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatı üçün cəmi 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar