Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-51/2022 28.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Şəki rayonu Suçma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəki rayonu, Suçma kəndində qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə zərərçəkmiş şəxsə həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 27 may 2021-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri ünvan 2 yerləşən avtotəmir sexində tanışı Zərərçəkmiş şəxs ona yemək gətirməməsini cuzi bəhanə gətirərək aralarında yaranmış mübahisə zamanı xuliqanlıq niyyətilə sonuncunun sifət nahiyəsindən bir dəfə baş nahiyəsi və bir dəfə yumruqla burun nahiyəsinə qəsdən vuraraq ona burun sümüyünün açıq yerdəyişən sınığı və hər iki göz ətrafının şişkinli hematoması ilə nəticələnən, həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, o, Nərimanov rayonunun ərazisində yerləşən avtomobil sexində fəhlə işləmişdir. İşlədiyi müddət ərzində çox vaxt iş yerinə yaxın yerdə yerləşən “Lalə” kafesində yemək yeyirdi. Həmin kafedə ofisiant işləyən Zərərçəkmiş şəxs ilə münasibəti normal olmuşdur. 27 may 2021-ci il tarixdə saat 19 radələrində işdə olarkən “Lalə” kafesinə gedib özünə yemək üçün “ət çığırtması” sifariş vermişdir. Lakin, kafenin administratoru Vüqar adlı şəxs ona bildirmişdir ki, sexə getsin, yeməyi özü iş yerinə göndərəcək. O, da Vüqara etiraz etməyib sexə getmişdir. Həmin gün saat 19:30 radələrində Zərərçəkmiş şəxs işlədiyi avtotəmir sexinə gələrək ona demişdir ki, “müdir sənə yemək vermir”. O, bundan əsəbləşərək söyüşlər söymüş, daha sonra isə Zərərçəkmiş şəxs sinə nahiyəsindən, yəni əynində olan köynəkdən tutmuş və onu hər iki əli ilə kənara itələmişdir ki, o, sexdən çıxıb getsin. Lakin, Zərərçəkmiş şəxs sexdən çıxıb getməmiş, o, da buna daha da əsəbləşib hər iki əli ilə onun köynəyinin sinə nahiyəsindən tutmuş və bir dəfə baş zərbəsi ilə onun sifətindən vurmuşdur. Həmçinin, öz hərəkətlərini davam etdirib bir dəfə də yumruqla onun sifət nahiyəsindən zərbə endirmişdir. Sonradan ona məlum olmuşdur ki, Cəfər onun barəsində polisə müraciət emişdir. Baş vermiş hadisə zamanı sexdə ikisindən başqa heç kəs olmayıb, hadisəni heç kəs görməmişdir. Baş vermiş hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Sonda əməlindən peşiman olmasını və zərərçəkmiş şəxslə barışdığını bildirərək məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən “Lalə” kafesində ofisiant işləmişdir. Məftunu işlədiyi müddətdə tanımışdır. Məftun onun işlədiyi kafeyə gəlib nahar edirdi. Onunla münasibəti normal olmuşdur. 27 may 2021-ci il tarixdə saat 19:00 radələrində işlədiyi kafedə olarkən Məftun kafeyə gəlib müdiriyyətə yemək sifariş verib getmişdir. Məftun getdikdən son kafeni idarə edən Vüqar adlı şəxs ona Məftunun borclu olduğunu və bu səbəbdən ona yemək verə bilməyəcəyini bildirmişdir. Həmçinin, Vüqar ona demişdir ki, Məftunun işlədiyi avtotəmir sexinə gedib ona bu barədə məlumat versin. O, da Vüqara etiraz etməyib Məftunun işlədiyi avtotəmir sexinə getmiş, sexə daxil olub Vüqarın dediklərini, yəni onun kafeyə borcunun olduğundan yemək verə bilməyəcəklərini və borcunu ödəməsini Məftuna bildirmişdir. Həmin vaxt Məftun əsəbləşib ona yaxınlaşaraq söyüş söymüş, daha sonra isə bir dəfə baş nahiyəsi ilə onun sifət nahiyəsindən, həmçinin bir dəfə yumruqla da burnundan zərbə endirmişdir. Bunun nəticəsində o, yerə yıxılmış və burnundan qan gəlmişdir. Bundan sonra, o, sexdən çıxmış və hadisə barədə polisə məlumat vermişdir. Sonda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Şahid məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı Şahid vermiş olduğu ifadədən aydın olur ki, o, təxminən bir aya yaxın Nərimanov rayonu Montin qəsəbəsində yerləşən "Lalə” kafesini işlətmiş və halhazırda həmin kafedə işləmir. Təqsirləndirilən şəxs tanıyır, belə ki, o, kafenin yanında avtomobil təmiri sexində işləmiş və arada işlətdiyi kafedə yemək yemişdir. 27.05.2021-ci il tarixdə günorta saatlarında orada olmadığı müddətdə Məftun kafeyə gələrək yemək sifariş verib və kafedə işləyən Cəfər Məftuna yeməyi işlədiyi sexə aparıb. Lakin Məftun həmin yeməyin pulunu verməmişdir. Həmin gün axşam saatlarında özü kafedə olan zaman Cəfər bildirmişdir ki, Məftun yemək sifariş vermişdir. O, Cəfərə bildirmişdir ki, Məftun günorta yediyi yeməyin pulunu vermədiyi üçün ona yemək verməsin və günorta yediyi yeməyin pulunu almasını Cəfərdən tələb etmişdir. Cəfər pulu Məftundan almaq üçün onun işlədiyi sexə getmiş, təxminən 5 dəqiqə sonra geri qayıtdıqda onun burnundan qan gəldiyini görmüşdür. Cəfərdən nə baş verdiyini soruşduqda o, bildirmişdir ki, yeməyin pulunu istədiyinə görə Məftun onunla mübahisə edərək onu sexin içərisində başı ilə vuraraq xəsarət yetirmişdir. Bundan sonra 18-ci PŞ-nin əməkdaşları hadisə yerinə gələrək Cəfəri və Məftunu şöbəyə aparmışlar. Sonradan hadisənin hansı şəbədən baş verdiyini soruşduqda Məftun bildirmişdir ki, Cəfər onu söydüyü üçün o da başı ilə Cəfərin burun nahiyəsinə vurmuşdur. Həmin hadisənin şahidi olmamış və görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 27 may 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş təhqiqatçısı X3, Zərərçəkmiş şəxs şikayəti əsasında hadisə yerinə baxış keçirmişdir. Baxış ünvan 2 ünvanında yerləşən avtotəmir sexində keçirilmişdir. Qeyd edilən avtotəmir sexinin qarşı tərəfi avtomaşınların hərəkəti üçün yol, arxa tərəfi yaşayış binası, sağ tərəfə digər avtotəmir sexləri, sol tərəfi isə yaşayış binasının zirzəmisində yerləşən “Lalə” kafesidir. Avtotəmir sexi ilə “Lalə” kafesinin məsafəsində yalnız yaşayış sahələrinə keçən yol var. Şikayətçi Zərərçəkmiş şəxs qeyd etdiklərinə əsasən, 27.05.2021-ci il tarixdə saat 19:30 radələrində həmin avtotəmir sexində olarkən, aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs tərəfindən döyülmüşdür. Azərbaycan Respumlikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və pataloji Anatomiya Publik hüquqi şəxsin sağlamlığa zərər vurmanın təyini barədə məhkəmə-tibbi ekspertizasının 02.06.2021-ci il tarixli 337 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər burun sümüyünün açıq yerdəyişən sınığı, hər iki göz ətrafının şişkinli hematoması küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən 27.05.2021-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 07 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 09 iyun 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Ceyhun Hüseynovun 09 iyun 2021-ci il tarixli vəsatətinini müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 09 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 avqust 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. AZ-İİİ №623592 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 13.08.2015-ci il təvəllüdlü X1 olmaqla bir azyaşlı uşağı var. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma (CM-in 127.2.3-cü maddəsi) təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına xəsarət yetirmədə ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi şəxsə xəsarət yetirmək üçün bəhanə etməklə törədilir. Xuliqanlıq niyyətilə sağlamlığa az ağır zərər vurma çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərçəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Əməlin xuliqanlıq niyyəti ilə adam öldürmə kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə; bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Beləliklə də, CPM-in 44.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı qanuni və əsaslı hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşmanlıq çəkməsini - zərərçəkmiş şəxslə barışmasını, ona dəyən ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını -qeydiyyatda olduğu ünvan üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Şəki Şəhər İcra Hakimiyyəti Başçının Suçma kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəsinini verdiyi 09.09.2021-ci il tarixli xasiyyətnamə) - himayəsində 13.08.2015-ci il təvəllüdlü azyaşlı uşağının olmasını (əsas: Şəki rayon Qeydiyyat Şöbəsinin verdiyi AZ-İİİ 623592 nömrəli doğum haqqında şəhadətnamənin surəti) Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 07.06.2021-ci il tarixdən 09.06.2021-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, onun 07.06.2021-ci il tarixdən 09.06.2021-ci il tarixədək tutma altında saxlanıldığı müddət (2 gün) bir günə iki gün hesabı ilə cəza müddətinə daxil olunmalı (CM-69.3), Təqsirləndirilən şəxs üzərinə Şəki rayonunun ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası yaşayış yeri üzrə Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51- 2.1.), təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yük əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07.06.2021-ci il tarixdən 09.06.2021-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri ilə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yük əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-51/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-51/2022
28.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver