Məhkəmə qərarları › İş №1(005)-51/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-51/2023

24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-51/2023 24.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını tamah məqsədi ilə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin arxasında yerləşən “Effekt MTK”-ya məxsus yeni tikilmiş binadan ev satacağına dair yalan vəd verib aldadaraq vahid niyyətlə xx.xx.2022-ci il tarixdə beh olaraq Əhmədli metro stansiyasının qarşısında 1000 manat, həmin gündən təxminən 4-5 gün sonra ünvan 2 ünvanında yerləşən binanın qarşısında 1000 manat, həmin gündən təxminən 4-5 gün sonra həmin ünvanda 3000 manat, 3-4 gün sonra 2000 manat, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə həmin ünvanda 13000 manat pulunu ələ keçirməklə, ümumilikdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 20000 manat maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, o, təxminən 25 ildir ki, beton alıb bina tikintisi ilə məşğul olan şirkətlərə satır, əvəzində də həmin binadan ona ucuz qiymətə mənzil və ya pul verirlər. O da əldə etdiyi mənzili başqa şəxslərə qanuni formada sataraq gəlir əldə edir. 2022-ci ilin mart ayının əvvəllərində ona məxsus nömrəyə tanımadığı şəxs zəng edərək Təhsil Nazirliyinin arxasında olan "Effekt MTK"-ya məxsus yeni tikilmiş binadan ev almaq istədiyini bildirmişdir. O da sonradan adının Zərərçəkmiş şəxs adlı şəxs olduğunu bildiyi şəxslə görüşmüşdür. Həsən 94 kvadrat sahəsi olan iki otaqlı mənzil almaq istədiyini bildirmişdir. Onlar danışdıqdan sonra 1 kvadratı 1050 manat olmaqla ümumilikdə 100.000 manata razılaşmışlar. O bildirmişdir ki, “Effekt MTK” şirkətinə beton verib əvəzində 4-cü mərtəbədə olan tikiləcək mənzili onlara satacaqdır. Zərərçəkmiş şəxs da onunla razılaşmışdır. Bundan sonra ilkin olaraq xx.xx.2022-ci il tarixdə beh olaraq Həsən yaşadığı ünvan 3 ünvanında yerləşən binanın qarşısında ona 1000 manat pul vermişdir. Həmin gündən təxminən 4-5 gün sonra həmin ünvanda Həsən ona 1000 manat, həmin gündən təxminən 4-5 gün sonra həmin ünvanda 3000 manat, 3-4 gün sonra 2000 manat, sonuncu dəfə isə xx.xx.2022-ci tarixdə isə 13000 manat pul vermişdir. Razılaşmalarına görə qalan 80000 manatı isə evin sənədləşməsi olduqdan sonra verəcəkdir. Qeyd etmişdir ki, o "xxxx" MTK-ya beton verib əvəzində ev almaq istəmişdir. Lakin o, həmin şirkətə, beton verib ev almaqla bağlı danışığı baş tutmamış və buna görə də evi götürməyi alınmamışdır. Onun zərərçəkmiş şəxsi aldatmaq niyyəti olmamışdır. Həsəndən aldığı 20000 manat pula isə beton üçün lazım olan materiallar alıb başqa bir biznesdən gəlir əldə etmək üçün yatırım etmiş və düşünmüşdür ki, oradan gələn gəlirlə Həsənin pulunu qaytarar, lakin həmin biznesi də alınmamışdır. Həsəndən aldığı puldan 6500 manatını qaytarmışdır. Tez bir zamanda Həsəndən aldığı pulu tam olaraq geri qaytaracaqdır. Sonda məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, 2022-ci ilin mart ayının əvvəllərində Nərimanov rayonu, Təhsil Nazirliyinin arxasında yerləşən "xxxx" MTKdan mənzil almaq istəmişdir. Orada ofisin qarşısında Emin adlı şəxs ona yaxınlaşıb ev alqı-satqısı ilə məşğul olduğunu bildirmiş və ona ofisə girib qiyməti maraqlanmağı, əgər qiymət baha olsa ucuz qiymətə ev təşkil edəcəyini təklif etmişdir. O da həmin ofisə getmiş və evin hər kvadratına görə 1300 manat istəmişlər. Bu qiymət ona sərf etmədiyindən o, ofisdən çıxıb Emin adlı şəxsə yaxınlaşmışdır. Emin Vüqar adlı tanışının olduğunu, ona köməklik edə biləcəyini demişdir. O da Vüqar ilə əlaqə saxlamış, Vüqar bir neçə yeni tikilidən ona ev göstərmiş, lakin qiyməti baha olduğundan razılaşmamışdır. O, Emin adlı şəxsin birinci göstərdiyi binadan mənzil istəmişdir. Vüqar da Elçin adlı bir şəxsin ona köməklik edə biləcəyini demişdir. O, Elçin ilə əlaqə saxladıqda Elçin qeyd olunan yeni tikiliyə beton verərək əvəzində həmin binadan ona mənzil verildiyini, o da həmin mənzili ucuz qiymətə başqa şəxslərə satdığını demişdir. Bildirmişdir ki, onun tanışlığı olduğu üçün həmin binadan kvadratı 1050 manata ev təşkil edə bilər. O da Elçin ilə razılaşmış və görüşmüşlər. Onlar Elçin ilə danışdıqdan sonra Elçin həmin binada 94 kv/m-lik mənzili ona ümumilikdə 100000 manata satacağını bildirmişdir. O da Elçin ilə razılaşaraq ilkin olaraq xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı ünvan 4 ünvanında yerləşən binanın qarşısında Elçinə 1000 manat vermişdir. Həmin gündən təxminən 4-5 gün sonra 1000 manat, 3-4 gün sonra 3000 manat, 2-3 gün sonra isə 2000 manat və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 13.000 manat pulu, ümumilikdə 20.000 manat pulu yaşadığı evin qarşısında Elçinə vermişdir. Sonuncu 13000 manat pulu xx.xx.2022-ci il tarixdə yaşadığı evin qarşısında verən zaman Elçin özü əl yazma ilə yazaraq ona 20000 manat borcu olduğunu qeyd etmişdir. Qalan 80000 manat pulu isə sənədləşmədən sonra verəcəyini bildirmişdir. Bundan sonra Elçin müxtəlif bəhanələrlə onu aldatmağa başlamışdır. Dəfələrlə zəng vurub əlaqə saxlasa da, lakin Elçin vaxtı uzadaraq nə evi nə də ki, pulunu geri qaytarmamışdır. O da Elçinin pulunu ələ keçirdiyinə əmin olduğuna görə DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir və barəsində ən ağır cəzanın təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, uzun müddətdir ki, o, əlavə iş kimi ev alqı-satqısı ilə məşğul olur. 2022-ci ilin mart ayının əvvəllərində bir nəfər ona zəng edərək Təhsil Nazirliyinin yanında yerləşən "Effekt” MTKya məxsus yeni tikilidə olan elanda yerləşdirilmiş mənzilə baxmaq istədiyini bildirmişdir. O da həmin şəxslə razılaşmış və həmin şəxs qeyd olunan tikiliyə gələrək mənzilə baxmışdır. Sonradan adının Həsən olduğunu bildiyi şəxs mənzilə baxdıqdan sonra qiymətinin münasib olmadığını və baha olduğunu bildirmişdir. O, bundan başqa Həsən adlı şəxsə bir neçə mənzillər göstərmiş, lakin qiyməti baha olduğundan razılaşmamışdır. Daha sonra o, Həsən adlı şəxsi ev alqı-satqısı ilə məşğul olan Vüqar ilə tanış etmişdir ki, Vüqar ona köməklik etsin. Bundan sonra onun həmin şəxslə əlaqəsi olmamışdır. Sonradan ona məlum olmuşdur ki, Həsən adlı şəxs Vüqar ilə də razılığa gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, 2004-cü ildən “Effekt" MTK-da mühasib vəzifəsində çalışır. MTK tərəfindən ona verilmiş etibarnamə əsasında o, MTK-nın səlahiyyətli nümayəndəsidir. Mahiyyəti üzrə bildirmişdir ki. Təqsirləndirilən şəxs adlı şəxsi tanımır, həmin şəxs “Effekt" MTK-ya beton verməmiş və ona MTK tərəfindən heç bir mənzil verilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxsla “Effekt" MTK arasında beton alınması və yaxud ona mənzil verilməsi ilə bağlı hər hansı bir müqavilə olmamışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, əlavə iş kimi ev alqı-satqısı ilə məşğul olur. 2022-ci ilin mart ayının əvvəllərində ev alqı-satqısı ilə məşğul olan Emin Həsən adlı şəxslə onu tanış edərək ona ev tapmaqda köməklik etməsini demişdir. O da Həsən adlı şəxs ilə görüşüb ona Nərimanov rayonu ərazisində bir neçə yeni tikilidən mənzillər göstərmişdir. Lakin Həsən adlı şəxs mənzillərin qiyməti baha olduğunu və pulunun çatmadığını bildirərək razılaşmamışdır. Həmçinin qeyd etmişdir ki. Elçin adlı şəxsin yeni tikilərə beton verib əvəzində həmin binadan mənzillər barter etdiyini bilmişdir. O, bildiyi qədəri ilə səhv etmirsə Elçinin “Effekt" MTK-da mənzili olmuşdur. O, Elçin adlı şəxsin mobil nömrəsini tapıb Həsən adlı şəxsə vermişdir ki, onunla əlaqə saxlasın. Bundan sonra onun baş verən hadisələrdən xəbəri və məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Təqsirləndirilən şəxs tərəfindən yazılmış və imzalanmış 28 mart 2022-ci il tarixli qəbzdən görünür ki, o, Zərərçəkmiş şəxs 28 mart 2022-ci il tarixdə 20000 manat məbləğinə pul almışdır. “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanıdır. Ətrafda ictimai iaşə obyektləri var. Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs qeyd olunan ünvanda bir neçə dəfə pul vermiş, sonuncu dəfə xx.xx.2022 il tarixdə həmin ünvanda Təqsirləndirilən şəxs 13000 manat pul vermişdir. Baxış gündüz vaxtı keçirilmişdir. Hadisə yerinin yaxınlığında video müşahidə kameralarının olmadığı müəyən olunmuşdur. Həmçinin baxış zamanı foto şəkillər çəkilmiş və protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 1997-ci ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.1997ci ildə amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. Quba Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə 02 il 03 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə 02 il dövlət və yerli özünü idarə orqanında rəhbər və məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.2-ci maddəsi ilə 03 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə onun əməli AR CM-nin 213.2.2-ci maddəsindən həmin Məcəllənin 213.1-ci maddəsinə tövsif olunub və 317-2.1-ci maddəsinə birləşdirilməklə üzərində 02 il 10 ay azadlıqdan məhrumetmə cəzası saxlanılıb. xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. 22 iyun 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin MYS-dən azad etmə və qətimkan tədbirinin seçilməsi barədə” 24 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs MYS-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilməsi barədə qərar verilmişdir. 24 iyun 2022-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən imzalanmış ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs aldığı 20000 manat puldan 6500 manatını qaytarmış, qalan 13500 manatını da tezliklə qaytaracaqdır. “Sübutların qiymətləndirilməsi haqqında” 07 iyul 2022-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxsin ifadəsi, təqdirləndirilən şəxsin ifadəsi, şahid ifadələri və hadisə yerinə baxış protokolu sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınmış, X1 aldığı 20000 manatın 6500 manatını Zərərçəkmiş şəxs qaytarması nəzərə alınmış, həmçinin Təqsirləndirilən şəxsn tərəfindən əl yazma ilə yazılmış xx.xx.2022-ci il tarixli qəbz iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-442/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməsi və barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi və tutularaq dərhal həbs edilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması, tutulduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına etap olunması və yerləşdirilməsi, qərarın icrasının Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə həvalə edilməsi və onun icrasına nəzarətin həyata keçirilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənədək cinayət işi üzrə icraat dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının 24 noyabr 2022-ci il tarixli, xx/xx-5682 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün qismən etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1 -ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29- cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə cinayət törətdiyinə görə məhkum olunmasını, buna baxmayaraq onun islah yoluna qədəm qoymaması onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət cəza müddətinə hesablanmalı, cəza çəkmə müddətinin əvvəli – 22 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Həmçinin cinayət işi üzrə maddi sübut - Təqsirləndirilən şəxs tərəfindən əl yazısı ilə yazılmış qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 saata görə 210 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 il 03 ay müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 22 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - Təqsirləndirilən şəxs tərəfindən əl yazısı ilə yazılmış qəbz cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 saata görə 210 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar