Məhkəmə qərarları › İş №1(005)-513/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-513/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-513/2022 12.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, X2 tərəfindən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 xüsusi ittiham qaydasında şikayətlə Goranboy Rayon Məhkəməsinə müraciət edərək X3 CM-in 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 1(045)-78/2022 saylı qərarından görünür ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi, xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Goranboy rayon İcra Hakimiyyəti başçısı aparatında ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyir. Goranboy rayonunun Xoylu kənd sakinidir. O, Şaiq Qənbərlini işlə əlaqədar Goranboy rayon icra Hakimiyyətinə müraciət etdikdə tanımışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Şaiq Qənbərli “Qafqazinfo.az” və “Redaktor.az” kütləvi informasiya saytlarında (oxunma sayı 10486) müsahibə verərək onun narkotik aludəçisi olduğunu deməklə, onun şərəf və ləyaqətini ləkələyən, şər və böhtan olan yalan məlumatlar yaymışdır. Hesab edir ki, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs X4 yalan olduğunu bilə-bilə, barəsində qəsdən “Qafqazinfo.az” və “Redaktor az” saytları vasitəsi ilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar yaymış və CM-in 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X2 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, üzrlü səbəb olmadan təkrarən məhkəmənin hazırlıq iclasına gəlməmişdir Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə, CPM-in 302.1.8-ci maddəsinin tələblərini, yəni şikayət vermiş şəxsin məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyini nəzərə alaraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8, 302.2.3 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar