Məhkəmə qərarları › İş №1(005)-516/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-516/2022

26.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-516/2022 26.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qızı və onun vəkili X1, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 83A, mənzil 28-də qeydiyyatda olmaqla, Bakı şəhəri Xətai rayonu, Babək prospekti, ev 72, mənzil 76-da yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs qızının etibarından sui-istifadə edib onu Daxili İşlər Nazirliyinin 102 xidmətinə işə düzəldəcəyinə dair yalan vəd verib aldatmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında yerləşən “Mc Donalds”da 6000 manat pulunu almış, sonra isə Daxili İşlər Nazirliyinin 102 xidmətinə işə qəbulun alınmamasını əsas gətirib “ASAN xidmət” mərkəzində düzəldəcəyini bildirib, 2021-ci ilin mart ayında Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “X5”nin yaxınlığında 1500 manat, 2021-ci ilin iyun ayında isə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Nərimanov adına İstirahət Parkı”nda hissə-hissə 200 manat almaqla ümumilikdə 7700 manat məbləğində pulu ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qızına xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs qızı ilə aralarında olan danışıq zamanı Aygün ona Daxili İşlər Nazirliyinin müsabiqə elan etdiyini və müsabiqəyə qoşulmaq üçün lazımı sənədləri toplayacağını demişdir. Bundan başqa Aygün ona müsabiqə yolu ilə qəbulun çətin olduğunu bildirib, ondan bu işi görməkdə kömək etmək üçün tanışı olub-olmamağını soruşmuşdur. O, Daxili İşlər Nazirliyinin əməkdaşı olan tanışlarının olmasını bildirmişdir. Aygün isə ondan Daxili İşlər Nazirliyinə qəbulu barədə tanışları ilə maraqlanmağını xahiş etmişdir ki, işə qəbulunda kömək etsin. O, maraqlanacağını bildirmişdir. Lakin, bu barədə heç kimə deməmişdir. Bundan təxminən 1 həftə sonra Aygün ilə görüşmüşdür. Bu zaman o, bir tanışı ilə danışıb “ASAN xidmət” mərkəzində Daxili İşlər Nazirliyinin əməkdaşı olaraq qəbulu qarşılığında 8000 manat pul ödəməli olduğunu bildirmişdir. Aygün isə ona bu barədə anası ilə məsləhətləşib cavab verə biləcəyini demişdir. 02 fevral 2021-ci il tarixdə o, Neftçilər metrostansiyasının yaxınlığında yerləşən “Mc Donalds”da Aygünlə görüşmüşdür. Aygün ona həmin şəxsi tanımadığını və bankdan kreditə pul götürdüyündən narahat olduğunu deyəndə o, narahat olmamağını və bu işə zamin olduğunu bildirmişdir. Onlar “Mc Donalds”ın sanitar qovşağına getmişlər. Sanitar qovşağda Aygün 6000 manat pulu ona vermişdir. Qalan 2000 manat pulu isə 2 ay ərzində verəcəyini bildirmişdir. Daha sonra o, yalandan pulu işi düzəldən tanışına çatdıracağı adı ilə çıxmalı olduğunu və nəticəsi barədə xəbər edəcəyini bildirib getmişdir. Bundan təxminən bir saat sonra o, Aygünə zəng edərək həmin şəxsə pulu verdiyini bildirmişdir. Bundan bir neçə gün sonra 2021-ci ilin mart ayında o, “X5”nin yaxınlığında Aygünlə görüşmüşdür. Orada Aygün 1500 manat pulu ona verib qalan hissəsini tapa bilmədiyini demişdir. O, qalan 500 manat pulu özündən verəcəyini bildirmişdir. Sonradan 2021-ci ilin iyun ayında hissə-hissə olmaqla ümumilikdə 200 manat pulu Nərimanov rayonunda yerləşən “Nərimanov adına İstirahət Parkı”nda almışdır. Beləliklə, o, Zərərçəkmiş şəxs qızından ümumilikdə 7700 manat pul almışdır. Həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Pulu alan zaman hesab etmişdir ki, öz şəxsi işlərini görüb sonradan həmin pulu düzəldib Aygünə qaytarar və bildirər ki, “ASAN xidmət” mərkəzində işə düzəlməsi məsələsi alınmamışdır. Lakin o, həmin məbləğdə pulu düzəldə bilməmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək zərərçəkmiş şəxslə barışdığını, vurulmuş ziyanın zərərçəkmiş şəxsə tam ödənildiyini, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qızı ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs ilə aralarında olan danışıq zamanı o, X6 Nazirliyinin müsabiqə elan etdiyini bildirib, müsabiqəyə qoşulmaq üçün lazımı sənədləri toplayacağını demişdir. Türkan isə müsabiqə yolu ilə qəbulun çətin olduğunu, bir nəfər tanışının Daxili İşlər Nazirliyinin əməkdaşı olmasını deyib, həmin tanışı ilə maraqlana biləcəyini bildirmişdir. O da Türkandan onun Daxili İşlər Nazirliyinin 102 xidmətinə operator vəzifəsinə qəbulu barədə maraqlanmasını xahiş etmişdir. Bundan təxminən 1 həftə sonra o, Türkanla görüşmüşdür. Bu zaman Türkan həmin tanışı ilə danışıb onun Daxili İşlər Nazirliyinin 102 xidmətinə operator vəzifəsinə qəbulu qarşılığında 6000 manat pul ödəməli olduğunu bildirmişdir. O isə Türkana bu barədə anası ilə məsləhətləşib cavab verə biləcəyini demişdir. O qədər pulları olmadığından anası kredit üçün “UniBank”a müraciət etmişdir. 01 fevral 2021-ci il tarixdə onlar bankdan 6000 manat pul götürmüşlər. 02 fevral 2021-ci il tarixdə o, pulu götürüb Neftçilər metrostansiyasının yaxınlığında yerləşən “Mc Donalds”da Türkanla görüşmüşdür. O, Türkana həmin şəxsi tanımadığını və pulu da bankdan kreditə götürdüyündən narahat olduğunu deyəndə sonuncu ona narahat olmamağını və bu işə zamin olduğunu bildirmişdir. O da Türkanı tanıdığından inanmışdır. Onlar “Mc Donalds”ın sanitar qovşağına getmişlər. Sanitar qovşağında o, 6000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Daha sonra Türkan təcili pulu işi düzəldən tanışına çatdıracağı adı ilə çıxmalı olduğunu və nəticəsi barədə ona xəbər edəcəyini bildirib getmişdir. Bundan təxminən bir saat sonra Türkan ona zəng edərək pulu verdiyini bildirmişdir. Bundan bir neçə gün sonra isə Türkan “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə ona yazaraq işlə bağlı görüşməli olduqlarını bildirmişdir. Onlar görüşmüşlər. Türkan ona Daxili İşlər Nazirliyinin 102 xidmətində operator olaraq işə qəbulu alınmadığından “ASAN xidmət” mərkəzində işə düzəlməkdə kömək edə biləcəyini bildirmişdir. Türkan bu işin düzəlməsi üçün ondan əlavə 2000 manat pul istəmişdir. O, məcbur olub Türkanla razılaşmış və borca 1500 manat pul tapıb “Heydər Əliyev” Mərkəzinin yaxınlığında Türkanla görüşmüşlər. O, orada 1500 manat pulu Türkana verib qalanını tapa bilmədiyini demişdir. Türkan da, qalan 500 manat pulu özündən verəcəyini bildirmişdir. Sonradan Türkan qalan 500 manat pulu ödəməyini tələb etdiyindən 2021-ci ilin iyun ayında hissə-hissə olmaqla ümumilikdə 2000 manat pulu “Nərimanov adına İstirahət Parkı”nda vermişdir. Pulu verməsindən uzun müddət keçdiyindən Türkandan bir xəbər çıxmadığı üçün onu aldatdığını görüb, həmçinin bankdan götürmüş olduğu krediti ödəyə bilmədiyindən 2021-ci ilin oktyabr ayında pulunu geri tələb elmişdir. Türkan da, bildirmişdir ki, işi düzəldəcək olan tanışı ilə danışaraq pulu qaytaracaqdır. 2021-ci ilin oktyabr ayında o, yenidən Türkanla görüşmüş, Türkan pulun yarı hissəsini yaxın günlərdə qaytaracağına söz vermişdir. Daha sonra Türkan ona müxtəlif bəhanələr gətirərək yenə aldatmağa davam etmişdir. Qeyd etmişdir ki, o, Türkana işə düzəlmək məqsədi ilə ümumilikdə 7700 manat pul vermişdir. Sonda Zərərçəkmiş şəxs qızı hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 39-cu vərəqində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 41-ci vərəqində olan “Diskə baxış keçirilməsi barədə” 05 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X3 icraatında olan Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 85-ci maddəsini rəhbər tutaraq həmin məcəllənin 51 və 236-cı maddələrinə əsasən və göstərilən maddələrin tələblərinə riayət etməklə iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qızı tərəfindən qeydə alınmış Təqsirləndirilən şəxs ilə danışığının olduğu 01 ədəd DVD-R formatlı diskə Nərimanov RPİ-nin inzibati binasının 36 nömrəli xidməti otağında «HP 201 lx» markalı kompyuter vasitəsilə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi: Diskin üzərində əlyazma ilə «Təqsirləndirilən şəxs» sözləri yazılmışdır. «HP 2011x» kompyuter vasitəsilə diskdə olan səs yazısını dinləyərkən müəyyən olundu ki, danışıq yalnız Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qızı arasında olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qızına müxtəlif bəhanələr gətirməklə vaxt qazanmışdır. Təqsirləndirilən şəxs bildirir ki, nə üçün barəmdə polisə şikayət etdin?. Zərərçəkmiş şəxs qızı deyir pulu sənə vermişəm də, demişdin ki, zamin dayanmışam, narahat olma. Zərərçəkmiş şəxs qızının dedikləri ilə Təqsirləndirilən şəxs razılaşır və qeyd edir ki, bilsəydim heç belə bir iş görməzdim, birinci və axırıncı dəfə olsun. Gəl görüşək məsələni həll eliyəcəm. Diskə baxışı gündüz vaxtı, otaq şəraitində «HP 201 lx» markalı kompyuter vasitəsilə aparılmaqla saat 15:35-da başa çatmışdır. Cinayət işinin 51-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulmasına dair” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılaraq Nərimanov RPİ 18-ci PŞ-nə gətirilmiş və zəruri istintaq hərəkətlərinin davam etdirilməsi üçün Nərimanov RPİ-nin İŞ-nə təhvil verilmişdir. Cinayət işinin 65-67-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 10 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 101-102-ci vərəqələrində olan “Şəxsin saxlanıldığı müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 12 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs dərhal saxlanıldığı MSY-dən azad edilərək barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirin seçilməsi qərara alınmışdır. Cinayət işinin 105-106-cı vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 12 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 117-127-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 20 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qızı tərəfindən qeydə alınmış Təqsirləndirilən şəxs ilə danışığının olduğu 01 ədəd DVD-R formatlı diskin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və həmin diskin saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs qızı tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Dəymiş ziyan tam ödənilmişdir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 7073 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cəmi 1928,00 (bir min doqquz yüz iyirmi səkkiz) manat məbləğində vəsait dövlət büdcəsinə köçürülmüşdür. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 178.2.4-cü maddəsinə əsasən eyni əməllər təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qızı ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur; Azərbaycan Respublikası CPM-nin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; Azərbaycan Respublikası CPM-nin 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qızı ilə barışmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 17 (on yeddi) iş saatına görə 102 (yüz iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 17 (on yeddi) iş saatına görə 102 (yüz iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar