Məhkəmə qərarları › İş №1(005)-516/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-516/2023

27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-516/2023 27.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Ermənistanın Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayının 4-də, saat 13:30 radələrində ünvan 1 ünvandakı evin girişindəki otaqda arvadı Zərərçəkmiş şəxs ilə şəxsi ailə münasibətləri zəminində münaqişə zamanı qəsdlə yumruqla və sillə ilə sonuncunun baş, ayaq və bədəninin digər nahiyyələrinə bir neçə dəfə vuraraq ona sol göz yuvasının yumuşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşaiyət olunan- fluktasiya edən hematoması, sol gözün ağlı qişası altında geniş sahəli qansızma, sağ bazu nahiyəsinin qançırı ilə müşaiyət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2013-cü il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur və xx.xx.2014-cü il təvəllüdlü Ayan adlı bir azyaşlı qız övladı vardır. Son günlər ailədə mübahisələri baş vermişdir. Mübahisənin səbəbi onun sipirtli içki qəbul etməsi olmuşdur. Sonuncu dəfə 04 noyabr 2023-cü il tarixdə təxminən saat 13:30 radələrində dostları ilə kafedə yeyib-içdikdən sonra sərxoş vəziyyətdə evə gəldiyi üçün yenə arvadı Nuranə ilə aralarında mübahisə düşmüşdür. Nuranə onu saymadığı üçün və onunla mübahisə etdiyi üçün əsəbləşərək yumruq və sillə zərbələri ilə onun başına, bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurmuş və boğazından əlləri ilə sıxıb onu yatağın üzərinə itələmişdir. Bu zaman azyaşlı qızı Ayan qışqırmış və o kənara çəkilmişdir. Hadisə təxminən 05-07 dəqiqə davam etmişdir. Bundan sonra Nuranə onun mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Həmin vaxt orada azyaşlı qızı Ayandan başqa heç kim olmamışdır. Daha sonra polis əməkdaşları yaşadığı ünvana gələrək onu 18-ci Polis Şöbəsinə dəvət etmişlər. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmasını qeyd edərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2013-cü il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur və xx.xx.2014-cü il təvəllüdlü Məmmədova Ayan adlı 1 (bir) azyaşlı qız övladları vardır. Son günlər ailəsində mübahisələri baş vermişdir. Mübahisənin səbəbi Xəlilin sipirtli içki qəbul etməsi olmuşdur. Sonuncu dəfə 04 noyabr 2023-cü il tarixdə təxminən saat 13:30 radələrində Xəlil yenə də haradasa kafelərin birində yeyib-içdikdən sonra sərxoş vəziyyətdə evə gəlmişdir. Xəlil içəri daxil olduqdan sonra otaqdakı yatağın üzərinə əyləşmiş və sonra onu nalayiq sözlərlə söyməyə başlamışdır. O, Xəlilə baş qoşmaq iştəməmiş, lakin Xəlil ilə aralarında mübahisə düşmüşdür. Xəlil onu durmadan təhqir etdiyi üçün ona demiş ki, “sakit ol ayıbdır, qonşular səsini eşidir”. O isə bundan daha da əsəbləşərək üstünə gəlib, yumruq və sillə zərbələri ilə başına, bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurmuşdur. Sonra boğazından əlləri ilə sıxıb onu yatağın üzərinə itələmiş və boğmağa başlamışdır. Bu zaman azyaşlı qızı Ayan qışqırmış və Xəlil kənara çəkilmişdir. Bundan sonra onun telefonunda konturu olmadığı üçün Xəlilin mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 11-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 2/43435 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, xx.xx.2023-cü il tarixində Təqsirləndirilən şəxs orta dərəcədə sərxoş olmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 12-13-cü vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı X2 hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Hadisə yeri ünvan 1 ünvanında yerləşən mənzildir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 15-16-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya X1 canlı şəxsin ekspertizasına dair 05 noyabr 2023-cü il tarixli, 1446 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər — sol göz yuvasının yumuşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan- fluktasiya edən hematoması, sol gözün ağlı qişası altında geniş sahəli qansızına, sağ bazu nahiyəsinin qançırı - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 04 noyabr 2023-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 52-53-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış və imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur və ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-476/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd edilən cinayətin törədilməsi özünün etirafımdan başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Presedent” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən “Presedent” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar