Məhkəmə qərarları › İş №1(005)-517/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-517/2023

28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-517/2023 28.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri «FEMİDA» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə, əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs Azərbayacan Respublikası Dövlət Vergi xidmətində ***-**** manat maaşlı işlə təmin edəcəyinə dair yalan vəd verib aldadaraq, 12 mart 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Mc Donalds” restoranının qarşısında Zərərçəkmiş şəxs 9000(doqquz min manat nağd pul alıb aldadaraq sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli hesab edərək ifadəsində göstərmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs 2021-ci ilin may ayından tanıyır. Belə ki, Təbrizin arvadı Şahid1 onun sinif yoldaşı olmuşdur. O, Şahid1 ilə 6-cı sinifdən 11-ci sinifə qədər Şirvan şəhəri 9 saylı tam orta məktəbdə təhsil almışdır. 2022-ci ilin may ayında bütün keçmiş sinif yoldaşları bir biriləri ilə əlaqə saxlayaraq görüşməyə qərar veriblər. 31 may 2021-ci il tarixdə sinif yoldaşları ilə birlikdə Şirvan şəhərində yerləşən xatırlamadığı restoranların birində görüşüblər. Görüşdə Kifayət də iştirak edib. Orda Kifayətdən əlavə Kifayətin əri Təbriz də gəlib. Təbrizlə bir az söhbət etdikdən sonra səmimi münasibətləri yaranıb. Təbriz ondan harada işlədiyini soruşan zaman o, Təbrizə Bakı şəhər Təhsil idarəsində işlədiyini hal-hazırda isə işdən çıxdığını bildirib. Təbriz də işsiz olduğunu, əvvəllər polis əməkdaşı olmasını, hal-hazırda isə polis orqanlarından təqaüdə çıxdığını bildirib. Təbrizlə səmimi münasibətləri yarandığından onlar əlaqə nömrələrini bir-birilərinə veriblər. Arada Təbriz və arvadı Kifayətlə zəngləşiblər. 2022-ci ilin fevral ayında Təbrizlə əlaqə saxlayan zaman Təbriz ona iş axtardığını bildirib. O, isə cavabında Vergilər Nazirliyində işləyən tanışlarının vasitəsilə Təbrizi Vergilər Nazirliyində hər hansı bir işlə təmin edə biləcəyini bildirib. Təbriz də onunla razılaşdıqdan sonra o, işi dəqiqləşdirib 1-2 günə Təbrizlə əlaqə saxlayacağını bildirib. Təxminən 1-2 gündən sonra o, Təbrizlə əlaqə saxlayıb və Təbrizi tanışlarının vastəsilə ***-**** manat maaşı olan işə düzəldə biləcəyini deyib. Təbriz də onunla razılaşdıqdan sonra bildirib ki, onu işə düzəlməsi üçün 9000 manat pul lazımdır. Təbriz də həmin pulu bankdan götürərək ona verəcəyini bildirib. Qeyd edib ki, 2023-cü ilin fevral avında onun şəxsi ehtiyaclarından borcları yaranıb və həmin şəxs borca görə çox sıxılıb, fikirləşib ki, Təbrizdən alacağı pulu borclarına verər və sonra pulu olduğu zaman Təbrizin pulunu qaytarar. xx.xx.2022-ci il tarixdə Təbriz və arvadı Kifayətlə əvvəlcədən danışıqlarına əsasən Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Mc Donalds" restoranının qarşısında görüşüblər. Görüş zamanı o, Təbrizi əmin edib ki, yaxın zamanlarda Təbrizin işi həllini tapacaq və Vergilər Nazirliyinin əməkdaş olacaqdır. Bundan sonra Təbriz də ona inandığından 9000 manat pulu Xaspolada verib. O, Təbrizi əmin edib ki, 2022-ci ilin iyun ayında Təbrizi Vergilər Nazirliyində işə qəbul edəcəklər. Təbrizdən 9000 manat pulu aldıqdan sonra həmin pulu adını xatırlamadığı borclu olduğu şəxsə verib 2022-ci ilin iyun ayında Təbriz onunla əlaqə saxlayaraq işin hansı mərhələdə olması barədə soruşan zaman o, Təbrizi işin yaxın zamanlarda düzələcəyini bildirib. Təbrizin pulunu qaytarmaq üçün borca pul axtarsa da borca pul tapa bilməyib və Təbriz də ona dəfələrlə zəng etdiyi üçün nə deyə biləcəyini bilmədiyindən Təbrizin telefon zənglərinə çox vaxt cavab verməyib. Danışıqların birində Təbriz ona bildirib ki, vermiş olduğu 9000 manat pulu bankdan götürmüşdür. O, Təbrizə banka olan borcu ödəyəcəyini bildirib və iki dəfə hər birində 400 manat olmaqla o ümumilikdə 800 manat Təbrizin “Bank of Baku” bankında olan borcunu ödəyib. Lakin sonradan pulu olmadığından o, Təbrizdən aldığı pulu ödəyə bilməyib. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin yay aylarında arvadı Şahid1 sinif yoldaşları ilə məclisə yığılmışlar. O da arvadı ilə birlikdə həmin məclisdə iştirak etmişdir. Məclisdə olan zaman orada Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs onun arvadının sinif yoldaşı olmuşdur. Xaspoladla münasibətləri yaranmışdır. Söhbət zamanı Xaspolad Bakı şəhər Təhsil idarəsində işlədiyini, işi isə məktəblərdə yoxlamalar aparmaqdan ibarət olduğunu bildirmişdir. O isə əvvəllər polis orqanlarında işlədiyini, hazırda isə təqaüddə olduğunu deyərək özünün iş axtardığını Xaspolada bildirmişdir. Xaspolad da onunla razılaşaraq onu Vergilər Nazirliyində olan tanışları vastəsilə orada işə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra o, Xaspoladın mobil nömrəsini götürərək əlaqə saxlamağa başlamış və Xaspoladla dostluq münasibətləri yaranmışdır. 2022-ci ilin fevral ayında Xaspoladla mobil telefon vastəsilə əlaqə saxlayan zaman Xaspolad ona hal-hazırda tanışı vastəsilə onu Vergilər Nazirliyində işə düzəldə biləcəyini və onun Vergilər Nazirliyində işə düzəlməyi üçün 9000 manat pul lazım olduğunu demişdir. O, Xaspoladla razılaşaraq görüşüb pulu vermək istədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə o, Xaspoladla Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Mc donalds” restoranının qarşısında görüşmüş və 9000 manat pulu Xaspolada vermişdir. Xaspolad 9000 manat pulu ondan aldıqdan sonra 2022-ci ilin iyun ayında onun işinin alınacağını və onu Vergilər Nazirliyində yüksək vəzifəyə təyin etdirəcəyinə söz vermişdir. O da Xaspoladla sağollaşaraq oradan uzaqlaşmışdır, iyun aynında o, Xaspoladla əlaqə saxlamışdır. O, Xaspoladdan işin nə yerdə olduğunu soruşan zaman Xaspolad işlərin qaydasında olduğunu, tez bir zamanda onun Vergilər Nazirliyindən çağırılacağını bildirmişdir. O, bir neçə ay da gözləsə də, işinin alınmadığını görmüş və Xaspoladın onu aldatdığını başa düşmüşdür. Bundan sonra Xaspoladdan verdiyi 9000 manat pulu geri tələb etsə də, o, müxətlif bəhanəlrlə onun pulunu verməmişdir. Xaspolada pulu bankdan götürdüyünü və banka pulu ödəyə bilmədiyini bildirən zaman Xaspolad Bankın pulunu özünün ödəyəcəyini ona demiş və 2022-ci ilin noyabr ayında “Bank of Baku”ya kreditdən 800 manatını ödəmişdir. Daha sonra o, Xaspoladdan qalan pulu geri tələb etsə də, Xaspoladda onun pulunu qaytarmayaraq zənglərinə cavab verməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Xaspolad onun sinif yoldaşı olmuşdur. O, Xaspoladla birlikdə Şirvan şəhər 9 saylı tam orta məktəbdə təhsil almışdır. 2021-ci ilin may aylarında sinif yoldaşları ilə əlaqə saxlayaraq görüşməyə qərar vermişlər. 31 may 2023-cü il tarixdə o, sinif yoldaşları ilə birlikdə Şirvan şəhərində restoranların birində görüşmüşdür. Görüşdə Təqsirləndirilən şəxs də iştirak etmişdir. O, sinif yoldaşları ilə görüşə əri Zərərçəkmiş şəxsla birlikdə getmişdir. Təbrizlə Xaspoladı tanış etmiş və onların səmimi münasibəti yaranmışdır. Həmin gün onlar bir neçə saat söhbət etmiş və öz mobil nömrələrini əlaqə saxlamaq üçün birbirilərinə vermişlər. Təqsirləndirilən şəxs onlara Bakı şəhər Təhsil idarəsinin işçisi olduğunu bildirmişdir. Həmin görüşdən sonra da Xaspoladla əri Təbriz əlaqə saxlamışlar. Onun əri Təbriz polis orqanlarında işləmiş və təqaüdə çıxmışdır. Təbriz bir neçə müddət iş axtarsa da, iş tapa bilməmişdir. Onlar qərar vermişdir ki, iş barəsində Xaspolada müraciət etsinlər. Xaspolad əri Təbrizi işlə təmin etmək üçün maraqlanıb məlumat verəcəyini bildirmişdir. Daha sonra Xaspolad əri Zərərçəkmiş şəxs zəng edərək onu Vergilər Nazirliyində ***-**** manatlıq maaşı olan işə düzəldəcəyini bildirmiş və bunun müqabilində onlardan 9000 manat pul istəmişdir. Onlar da 9000 manat pullarının olmadığını, həmin pulu bankdan götürüb Xaspolada verə biləcəklərini demişdir. Xaspolad da onlarla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə o, əri ilə birlikdə “Bank of Baku” bankına getmiş və özünün adına 9000 manat kredit götürmüşdür. Bundan sonra onlar Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Mc donalds” restoranın qarşısında Xaspoladla görüşmüşlər. Görüş zamanı əri Zərərçəkmiş şəxs 9000 manat pulu Xaspolada vermişdir. Təqsirləndirilən şəxs pulu götürdükdən sonra 2022-ci iyun ayının sonunadək əri Təbrizin Vergilər Nazirliyndə işlə təmin olunacağını əminliklə bildirmişdir. Onlar da Xaspolada inanaraq pulu verdikdən sonra oradan uzaqlaşmışlar. 2022-ci ilin iyun ayında əri Zərərçəkmiş şəxs Xaspoladla əlaqə saxlamış və işin nə vaxt düzələcəyini soruşmuşdur. Xaspolad da gecikmələrin olduğunu, yaxın zamanlarda əri Təbrizi Vergilər Nazirliyində işə düzəldəcəyini bildirmişdir. Onlar bir neçə ay da gözlədikdən sonra artıq Xaspolad telefonlara cavab verməmişdir. Bunda sonra onlar əmin olmuşdur ki, Xaspolad onları aldadaraq pullarını almışdır. Onlar Xaspoladdan pullarını geri istəyən zaman Xaspolad pulu yaxın zamanlarda qaytaracağına söz vermişdir. Onlar Xaspoladla mobil telefonla danışan zaman həmin pulu bankdan götürdüklərini bildirmişlər. Xaspolad bankın aylıq ödənişini özü ödəyəcəyinə söz vermiş və hər ayı 400 manat olmaqla bankın 2 aylıq ödənişini yəni 800 manat pulu banka ödəmişdir. Daha sonra Xaspolad bankın qalan ödənişlərini ödəməmiş və onların telefon zənglərinə cavab verməmişdir. Əri Zərərçəkmiş şəxs da baş vermiş hadisə ilə bağlı Nərimanov RPİ-nin 17-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cti il tarixli tələbnaməsindən və işdə olan qərardan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1216/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.4 və 32.4,312.2-ci maddələri ilə aparılan cinayət işi üzrə icraata xitam verilmişdir. “Şübhəli şəxsin barəsində axtarış elan olunması haqqında” 09 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarışı elan edilmişdir. “Axtarışda olan şəxsin tutulması barədə” 21 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 17:00-da Nərimanov RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanınaraq Nərimanov RPİ-nin MSYnə təmin edildiyindən cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə ”xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi” barədə 23 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov rayon Pİ-nin MSY-dən azad olunmuş və onun barəsində ‘'polisin nəzarəti altına vermə’’ qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, himayəsində 1 azyaşlı olmasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam ödəməsini cəzasını yüngülləşdirici hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs əməllərində cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 gün (21 sentyabr-23 sentyabr 2023-cü il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM- 69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. (CPM-132) Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:45-dən səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar