Məhkəmə qərarları › İş №1(005)-519/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-519/2022

20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-519/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:25 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Mingəçevir şəhəri, Vidadi küçəsi, ev 3, mənzil 47-də qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Zavod Yolu küçəsində fərdi tikili evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Zavod Yolu küçəsində, evinin yaxınlığında yerdən taparaq 01 (bir) ədəd bükümdə, xalis çəkisi 5,95 qram olan narkotik vasitə qurudulmuş marixuananı götürüb üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 11.30 radələrində Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 1965 nömrəli ünvanda yerləşən «TOSOİL» adlanan yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş və xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd kağıza bükülmüş bükümdə, xalis çəkisi 5,95 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir, mütəmadi istifadə etmir və narkotik vasitədən asılılığı yoxdur. 23 avqust 2022-ci il tarixdə günorta vaxtlarında tək piyada yaşadığı evin yaxınlığında gəzərkən yerdə kağıza bükülmüş bükülü görmüş və həmin bükülü onun diqqətini cəlb etdiyi üçün yerdən qaldırıb açıb içərisinə baxmışdır. Həmin vaxt o, görmüşdür ki, içərisində narkotik vasitə qurudulmuş marixuanadır. Gələcəkdə istifadə etdiyi üçün üstündə saxlamışdır. 25 avqust 2022-ci il tarixdə tezdən evdən çıxarkən içərisində narkotik vasitə olan kağız bükülünü əynində olan şalvarın sol yan cibinə qoymuşdur. Həmin gün saat 11.30 radələrində ünvan 2 ünvanda yerləşən «Tosoil» adlanan yanacaq doldurma məntəqəsinin yaxınlığı ilə piyada gedən zaman bir neçə nəfər şəxs ona yaxınlaşaraq Nərimanov rayon 17-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etdikdən sonra onun ad və soyadını soruşmuşlar. Daha Sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmiş, o, da razılaşmışdır. Daha sonra polis əməkdaşları dövlət hesabına hüquqlarımı müdafiə edilməsi üçün müdafiəçi dəvət etmişlər. Üzərinə şəxsi axtarış videoçəkiliş vasitəsilə aparılmışdır. Axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ondan üzərində narkotik vasitə və ya dövriyyəsi qanunla qadağan olunmuş əşya varsa təqdim etməsini təklif etmişlər. O, onlara üstündə narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra, əynindəki qara rəngli şalvarın sağ yan cibində olan istifadə etdiyi «Samsung» markalı telefon aparatını, şalvarın sol yan cibində olan «Rothmans» markalı siqaret qutusunu və içərisində narkotik vasitə olan kağız bükülünü təqdim etmişdir. Büküm açıldıqda içərisində yaşıl rəngdə, kəskin spesifik iyə malik kütlə aşkar olunmuşdur. Bundan sonra, polis əməkdaşları ondan aşkar olunmuş həmin narkotik vasitəni zərfə qoyub möhürləmişlər, protokol tərtib etmişlər, tərtib edilmiş protokol iştirakçılarla birlikdə imzalanmışdır. Həmçinin məhkəmə iclasında üzərində olan narkotik vasitənin miqdarı ilə razılaşmadığını qeyd edərək, göstərilən miqdardan az olduğunu bildirmiş və polis əməkdaşları tərəfindən bir gün şöbədə saxlanıldıqdan sonra üzərinə baxış keçirildiyini qeyd etmişdir. Əməlindən peşman olmasını və ilk dəfə cinayət əməli törətməsinin nəzərə alınmasını barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində bildirilmişdir ki, özü Nərimanov Rayon Polis İdarəsinin post-patrul xidmətinin bölüyündə polis nəfəri vəzifəsində işləyir və polis serjantı rütbəsini daşıyır. 25 avqust 2022-ci il tarixdə PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə inzibati ərazidə, yəni Nərimanov rayonu, Ziya Bünyadov prospektində xidmət apararkən həmin tarixdə saat 11:30-da ünvan 3 ünvanda yerləşən “Tosoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında olarkən bir nəfər əvvəllər tanımadığı bir nəfər şəxsin hərəkətlərindən narkotik vasitə təsiri altında olmasından şübhələnib ondan ərazi üzrə onlarla birlikdə Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinin inzibati binasına gəlməsini xahiş etmişlər. Bundan sonra, həmin bir nəfər şəxs onlara etiraz etməyib birlikdə 17-ci Polis şöbəsinin inzibati binasına gəlməyə razılaşmışdır. Daha sonra onun şəxsiyyəti müəyyən edilərək aidiyyəti üzrə polis şöbəsinə təhvil vermişlər. Polis şöbəsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini müdafiə etmək üçün müdafiəçinin xidmətindən istifadə etmək hüququnun olması izah edilməklə onun hüquqlarını qorumaq üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o, buna etiraz etməmişdir. Polis şöbəsinin xidməti otağında tərəflərindən videoçəkilişlə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şəxsi axtarışa başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qeyri-qanuni əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, sol yan cibindən isə 01 (bir) ədəd kağız bükülüyə bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymaqla könüllü olaraq təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 01(bir) ədəd bükümün içərisində narkotik vasitə qurudulmuş marixuanadır, 23 avqust 2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi Zavod yolu küçəsində piyada gəzişərkən yerdən tapıb. Həmin narkotik vasitə olan qurudulmuş marixuananı öz istifadəsi üçün üzərində saxladığını, kiməsə satmaq və ya pay vermək niyətinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm içərisində olan kütlə ilə birlikdə zərfin içərisinə qoyularaq qablaşdırılmış və zərfin üzəri Təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt bu barədə protokol tərtib olunmuş, həmin protokol iştirakçılar tərəfindən imza ilə təsdiq edilmişdir. O, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd kağız bükümün içərisindəki narkotik vasitə qurudulmuş marixuananı satmaq niyyətində olub-olmaması barədə onlara məlumat daxil olmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs şöbəyə gətirildikdən sonra üzərinə baxış keçirilmişdir, ondan aşkar edilmiş narkotik vasitə video çəkiliş keçirilməklə üzərindən aşkar edilmiş və qablaşdırılıb möhürlənmişdir. Məhkəmədə dindirilmiş Şahid2 iş üzrə digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq olunan "Şəxsi axtarış və götürmə aparılması haqqında” 25 avqust 2022-ci il tarixli protokoldan və məhkəmə baxışı zamanı “DVD-R” diskə baxış keçirilərkən aydın olur ki, şübhəli Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona təklif olundu ki, üzərində olan əşyaları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı telefon, sol yan cibindən isə bir ədəd “Rothmans” markalı siqaret və kağıza bükülmüş vəziyyətdə, içərisində yaşımtıl rəngli, spesifik iyə malik kütlə olan bükülü aşkar edildi. Təqsirləndirilən şəxs həmin bükülüdə olan yaşımtıl rəngli spesifik iyə malik kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirdi. Təqsirləndirilən şəxs qeyd olunan həmin narkotik vasitəni yaşadığı evin yaxınlığında, küçədən tapdığını və özü istifadə etməsi üçün saxladığını qeyd etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər kütlə özünün və polis əməkdaşlarının iştirakı ilə 1 ədəd zərfə qoyularaq 219 №-li möhürlə möhürlədik. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması “Panasonic” markalı video kamera vasitəsilə qeydə alındı. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının 25 avqust 2022-ci il tarixli 7/940 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız bükülüdə təmiz çəkisi 5,95 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkmədə tədqiq olunan Azərbaycan Respublika Narkolji X3 şəxsi Ambulatr Məcburi- Narkoloji Tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 4824 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müyinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində prokilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. “Cinayət işi üzrə toplanmış sübutlarların qiymətləndirilməsi” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 5,95 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübüt kimi tanınmış, həmçinin tədqiqata sərf edildikdən sonra qalıq qalmış 5,9 qram hissəsi saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Həmçinin iş üzrə 01 ədəd DVD disk maddi sübüt kimi tanınmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 25 avqust 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 25 avqust 2022-ci il tarixdə saat 12:00-da şübhəli şəxs qismində saxlanılmışdır. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçiləsi barədə 27 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərin edildiyini, 1.0.9-cu maddəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərin edilməsini, 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərin edildiyini nəzərdə tutmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında narkotik vasitənin miqdarının göstəriləndən az olması və onun üzərində aparılan baxışın şöbəyə gətirilməsindən bir gün sonra aparılması ilə bağlı ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşıması qənaətinə gəlir. Belə ki, şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında yaranmış ziddiyyətlər araşdırılmış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahid ifadələri, "Şəxsi axtarış və götürmə aparılması haqqında” 25 avqust 2022-ci il tarixli protokoldan və məhkəmə baxışı zamanı “DVD-R” diskə baxış keçirilərkən, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, tutma altında saxlanıldığı 02 (iki) gün (25-27 avqust 2022-ci il) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72.00 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, aparılmış tədqiqatdan sonra qalıq qalmış 5,9 qram narkotik vasitə narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Cinayət işinə əlavə edilmiş bir ədəd DVD disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaq müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir kitəqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “A.İ.M” saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il, 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutma altında saxlanıldığı 02 (iki) gün (25-27 avqust 2022-ci il) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 01 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, aparılmış tədqiqatdan sonra qalıq qalmış 5,9 qram narkotik vasitə marixuana məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 72,00 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №AZ34CTRE********************, X2, KOD– 210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar