Məhkəmə qərarları › İş №1(005)-52/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-52/2022

15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-52/2022 15.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi- 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2nda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 27 iyul 2021-ci il tarixdə axşam saatlarında ünvan 3 ünvanın yaxınlığında yerdən tapdığı satış məqsədi olmadan özünün istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda üç ədəd bükümdə olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq ünvan 4 ünvanın qarşısına daşımış, 28 iyul 2021-ci il tarixdə saat 00:30-da piyada olaraq ünvan 5 ünvanın qarşısında halsız vəziyyətdə hərəkətdə olduğundan Nərimanov RPİ-nin əməkdaşları ona yaxınlaşmış, o, danışan zaman polis əməkdaşlarının suallarından yayınmış, rabitəsiz danışmış və öz hərəkətləri ilə polis əməkdaşlarında şübhə yaratdığından saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sol yan cibindən üç ədəd bükümdə şəffaf rəngli sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,438 qram, 0,435 qram və 0,323 qram olmaqla ümumi çəkisi 1,196 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, 27.07.2021-ci il tarixdə axşam saatlarında yaşadığı ünvan 3 ünvanın yaxınlığından keçərkən yerdə şəffaf sellofana bükülmüş 3 ədəd büküm görmüşdür. Bükümlər onun diqqətini çəkmiş və o, həmin bükümləri yerdən götürərək açdıqda, hər birinin içərisində narkotik vasitə hesab olunan heroin olduğunu görmüşdür. O, narkotik vasitə istifadəçisi olduğundan həmin bükümlərdə olan heroini öz istifadəsi üçün üzərində saxlamışdır. 28.07.2021 -ci il tarixdə ünvan 5 ünvanın qarşısında olarkən 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib onu Nərimanov RPİ-nə dəvət etmişlər. O, həmin polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nə gəlmişdir. İdarəyə gəldikdən sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı o, başqa çıxış yolunun olmadığını üzərində gəzdirdiyi narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. Son olaraq əməlindən səmimi peşmanlıq çəkdiyini qeyd edib, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin NMBnin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 28 iyul 2021-ci il tarixdə saat 00:30 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-in CA üzrə kiçik inspektoru, polis serjantı Şahid2lə xidməti zərurətlə əlaqədar olaraq ünvan 5 ünvanın qarşısında olduqları zaman, bir nəfər şəxsin halsız vəziyyətdə hərəkətdə olduğunu görüb həmin şəxsə yaxınlaşmışlar. Onlar həmin şəxsə özlərini təqdim edərək Nərimanov RPl-nin əməkdaşları olduqlarını bildirib nə üçün halsız vəziyyətdə olduğunu soruşmuşlar. Lakin, həmin şəxsin hərəkətlərində özünü şübhəli apardığını görmüşlər və həmin şəxsə özünü təqdim etməsini təklif edən zaman həmin şəxs danışarkən suallardan yayınmağa, həmçinin rabitəsiz danışığından narkotik vasitələrin təsiri altında olduğundan və üzərində narkotik vasitə olmasından şübhələnib Nərimanov RPİ-nə dəvət etmişlər. Daha sonra həmin şəxsi Nərimanov RPl-nin 17-ci PŞ-in CA üzrə kiçik inspektoru, polis serjantı Şahid2 və o, xidməti avtomobillə ərazi aidiyyəti üzrə Nərimanov RPİ-nə gətirmişlər və həmin şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Bu barədə raportla rəhbərliyə məruzə etdikdən sonra, raportun icrası Nərimanov RPl-nin TŞ-in təhqiqatçısı, polis kapitanı Orxan Məmmədova həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili İlham Məmmədov dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zaman ona təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa onları könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 3 ədəd bükümdə narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. Daha sonra Nərimanov RPl-nin TŞ- in təhqiqatçısı. polis kapitanı Orxan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Eyni zamanda şəxsi axtarış və götürmə protokolu ilə müdafiəçi tanış olmuş və tanış olduqdan sonra müdafiəçi protokolu imzalamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tutma haqqında 28 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 28 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı ona təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa onları könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 3 ədəd bükümdə narkotik vasitə olan heroini könüllü olaraq təqdim etdi. Bundan başqa o, şalvarının sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, istifadəsində olan 01 ədəd LG markalı mobil telefonu və 20 manat pulu təqdim etdi. Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi maddə narkotik vasitə hesab olunan “kakos” adı ilə tanınan heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni 27 iyul 2021-ci il tarixdə axşam saatlarında ünvan 3 ünvanın yaxınlığında yerdən taparaq öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitələr iştirakçılar və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılaraq, 44 nömrəli möhürlə möhürlənmişdir. Axtarış aparılan zaman “Honor” markalı mobil telefon vasitəsilə çəkiliş aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin «Məhkəmə-kimyəvi» ekspertizasının 28 iyul 2021-ci il tarixli 6/3142 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdə, içərisində üç büküm, təmiz çəkiləri 0,438 qram, 0,435 qram və 0,323 qram olmaqla ümumi çəkisi 1,196 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi - 1,196 qram, tədqiqata sərf edildi - 0.090 qram, qalıq 1,106 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81.82 manat təşkil edir. Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi barədə 29 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun dərhal saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Qətimkan tədbirinin seçilməsi haqqında 29 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Maddi sübut kimi tanıma haqqında 04 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.106 qram narkotik vasitə heroin saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. «Ambulator-məhkəmə narkoloji» ekspertizasının 20 avqust 2021-ci il tarixli 2989 saylı rəyi ilə müəyyən edilmişdir ki. müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfelaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Sübutların qiymətləndirilməsi haqqında 10 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, 01 ədəd diskin maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilməsi və s. qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28.10.2021-ci il tarixli 1(005)- 389/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Axtarışda olan şəxsin tutulması haqqında 04 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04.01.2022-ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən 0.15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 28.07.2021-ci il tarixdən 29.07.2021-ci il tarixədək və 04.01.2022-ci il tarixdən 15.03.2022-ci il tarixədək həbsdə olduğu 02 ay 12 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, onun 28.07.2021-ci il tarixdən 29.07.2021-ci il tarixədək və 04.01.2022ci il tarixdən 15.03.2022-ci il tarixədək həbsdə olduğu cəmi 02 ay 12 gün müddət nəzərə alınmalı (CM-69.3), Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), Təqsirləndirilən şəxs oğlunun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Ekspertiza tədqiqatının dəyəri 81.82 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan narkotik vasitənin qalığı – 1.106 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Eyni zamanda 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28.07.2021-ci il tarixdən 29.07.2021-ci il tarixədək və 04.01.2022-ci il tarixdən 15.03.2022-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 02 ay 12 gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 04 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 07 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut –Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitənin qalığı 1.106 qram çəkidə heroin məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri 81.82 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar